O, Neft daşlarından
cəmi ikicə yaş böyükdür. Azərbaycanın Xəzər
sahilinin ən uzaq nöqtəsində - Qazax rayonunun
Xanlıqlar kəndində doğulub boya-başa çatsa da,
uşaqlıqdan xəyalında dənizlə, neftçilərin
həyatı ilə bağlı bir dünya
yaratmışdı. Mehdi Hüseynin "Abşeron"
romanını oxuyandan sonra bir neftçi ömrü
yaşamağı arzulayırdı. Orta məktəbi bitirib
Bakıya ali təhsil almağa gələndə də əslində
fikri yenə orada idi - Xəzərdə, Neft daşlarında.
- İş elə gətirdi
ki, ali məktəbə imtahan verib müsabiqədən
keçə bilmədim. Bakıda yaşayan və Neft
daşlarında işləyən qohumlarımdan biri sanki
ürəyimdəkiləri gözlərimdən oxuyaraq məni
özü ilə oraya aparmağa qərar verdi. 1965-ci ilin
noyabr ayının 2-si idi, - deyə Zaməddin Həmişəyev
"Möcüzələr adası"ndakı 25 illik həyatını
xatırlamağa başlayır.
O zaman Neft
daşlarında "Azərdənizneftinşaat" trestinin 6
saylı tikinti-quraşdırma idarəsi fəaliyyət
göstərirdi. Zaməddinin tikinti maşınlarının
çilingəri kimi çalışmağa
başladığı həmin idarə dənizdə misilsiz
işlər görürdü. Estakadaların və
estakadayanı meydançaların tikintisi geniş vüsət
almışdı.
Zaməddin Həmişəyev
həyatını neft sənayesinin inkişafına həsr
etmiş ilk rəisini - o vaxtlar 6 saylı
tikinti-quraşdırma idarəsinə rəhbərlik edən Əhməd
Zeynalovu dəniz inşaatının korifeyi adlandırır. Sonralar
ARDNŞ-nin digər strukturlarında çalışan, elə
indi də işdən-gücdən doymayan bu insanı Azərbaycan
neftçilərinin neçə-neçə nəslinin
müəllimi, ustadı hesab edir. Deyir ki, biz onların yolu ilə
getmişik.
"Onlar" deyəndə
Zaməddin Həmişəyev kimləri nəzərdə
tutur? Xoşbəxtlikdən sonra idarəyə Xanoğlan
Bayramov rəhbərlik edir. O da Neft daşlarını
qurub-yaradanlardan idi. 25 yaşında ikən Sosialist Əməyi
Qəhrəmanı adını almışdı. Xanoğlan
Bayramovun xatirəsi Zaməddin üçün çox əzizdir,
onun övladları ilə indi də əlaqə saxlayır.
Ümumiyyətlə, dəniz
neftçilərinin dostluğu çox möhkəm olur,
tufanlarda, qasırğalarda bərkiyir: "Bəlkə Neft
daşlarının cazibə qüvvəsinin
toplananlarından biri də məhz orada çalışan
gözəl insanlar idi. Xəzərdən də ayrıla
bilmirdin, oradakı dostlarından da. Qeyri-adi insanlar idi. Axı
dənizlə heç də hər kəs
"dostlaşa" bilmir. Yadımdadır ki, bu gün işə
düzəlib sabah Neft daşlarını tərk edənlər
var idi. Elələri də var idi ki, yalnız birinci
fırtınaya qədər duruş gətirirdilər -
üç gün, beş gün, bir həftə. Dalğalar
şaxə qalxıb özlərini estakadalara çırpanda
belələri sahilə qayıdır və bir də geriyə
dönmürdülər: Lakin dəniz şəhərinə həmişəlik
bağlanıb quruda təklif olunan vəzifələrdən
imtina edənlər də az deyildi", - Z.Həmişəyev
o illəri belə xatırlayır.
Neft daşları 25 il onun ikinci evi olub.
Bakı Neft Texnikumunun orada fəaliyyət göstərən axşam
şöbəsini bitirib.
Bir həftə dənizdə
- əmək növbəsində,
növbəti həftə
isə şəhərdə,
evində olub. Deyir ki, dəniz neftçisinin özü kimi ailəsi də fədakar, dözümlü-dəyanətli olmalıdır. Dənizdə işləyənin mənəvi
dayağı ailəsidir.
İndi Zaməddin
müəllim bunları gənclərə, böyüməkdə
olan nəvələrinə qürurla, bəzən də
kövrəldiyini gizlətməyə çalışaraq
danışır. Uzun illər boyu çiyin-çiyinə
çalışdığı, ictimai işlərdə birgə
iştirak etdiyi mətin insanların - Bəxtiyar Məmmədovun,
Bəhmən Hacıyevin, Mübarək Məmmədovun, Fərhad
Həmzəyevin, Neftçi Qurbanın (Q.Abbasovun), Akif Cəfərovun,
Səyyad İbrahimovun, Xoşbəxt Yusifzadənin
adlarını iftixarla çəkir. Bu korifeylərlə
yanaşı, yüzlərlə fədakar neftçini - sadə
əmək adamını ehtiramla yada salır. Söhbət əsnasında
rabitəçi Zeynəbi xatırladı. Demə, Neft
daşlarında ilk quyunun fontan vurması barədə sahilə
telefon açan bu qız olub. Sonralar da uzun illər, ahıl
yaşlarınadək orada çalışıb.
Zaməddin Həmişəyev
bir nüansı da açıqlayır:
- Dəniz neftçisi
adı altında bir çox peşə sahibləri birləşir.
Geoloqlar neft olan nöqtəni göstərirlər. Dalğıclar
relyefi öyrənir, suyun altında qumluqları,
qayalıqları, uçurumları müəyyənləşdirirlər.
İnşaatçılar desantla gedib sahədə
özül tikir, estakada qururlar. Sonra oraya qazmaçılar gəlirlər.
Onlar estafeti neftçıxaranlara, operatorlara verirlər. Burada
rabitəçilər, dənizçilər, xidmət sahəsinin
işçiləri də çalışırlar.
Z.Həmişəyev
Neft daşlarında çilingər, usta, iş
icraçısı, təchizat bazasının müdiri vəzifələrində
çalışıb. 17 il fasiləsiz olaraq idarə həmkarlar
ittifaqı komitəsinin sədri seçilib. Qiyabi yolla
Moskvadakı M.N.Şvernik adına Hüquq və Sosial
Münasibətlər Akademiyasını bitirib. Neft
daşlarında dünyanın məşhur şəxsiyyətləri
- alimlər, yazıçılar, diplomatlar, kosmonavtlar və
başqaları ilə görüşləri yaddaşında
dərin izlər buraxıb. Görüşlərdən biri
isə hər an yadında, xatirindədir.
1975-ci ilin iyun ayında
ulu öndər Heydər Əliyev Neft daşlarına gəlmişdi.
Neft daşlarının 25 illik yubileyi münasibətilə
keçirilən silsilə tədbirlər bu vaxt
yekunlaşırdı. Respublikanın rəhbəri ilə
"Möcüzələr şəhəri"nə
SSRİ-nin neft sənayesi naziri, bir sıra digər vəzifəli
şəxslər, ədəbiyyat və incəsənət
xadimləri gəlmişdilər.
Ümummilli lider Heydər
Əliyev həmişə olduğu kimi, neftçilərlə
səmimi görüşür, hal-əhval tutur, onların
işi, dolanışığı ilə maraqlanırdı. Xeyli
söhbətdən sonra ulu öndər birdən dənizə,
uzaqlara baxdı. Sonra da əlini uzadıb üfüqü
göstərdi: "İrəliyə getmək, bax, artıq o
yanlarda iş aparmaq, daha dərin sahələri fəth etmək
lazımdır".
Z.Həmişəyev
deyir ki, sonralar, Heydər Əliyevin ölkəyə rəhbərliyinin
ikinci dövründə də ona ümummilli liderlə dəfələrlə
görüşmək qismət olub. Bu zaman Zaməddin müəllim
artıq Azərbaycan Neft və Qaz Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri vəzifəsində
çalışırdı. O deyir:
- Ulu öndər Azərbaycan
neftinin sabahını dənizdə neftçıxarmanın
inkişafında görürdü.
Neft daşlarına
göstərdiyi qayğı, sonralar yeni yataqların aşkar
olunması, neft infrastrukturunun yaradılması
üçün gördüyü böyük işlər və
nəhayət, "Əsrin müqaviləsi"nin
imzalanması bunu əyani təsdiqlədi.
Z.Həmişəyev istər
dənizdə, istərsə də quruda
çalışdığı dövrdə bu işlərə
var qüvvəsi ilə dəstək verib. Yaxşı işlərin,
xeyirxah əməllərin ona bəxş etdiyi xoş
duyğuları, məmnunluq və sevinc hissləri isə
gözəl-gözəl şeirlərə çevrilib.
Şair kimi oxucular onu
Zaməddin Ziyadoğlu imzası ilə tanıyır. Elə
ilk şeiri də "Neft daşları" qəzetində dərc
edilib. Qəzetin ilk müxbirlərindən biri Zaməddin
müəllimin özü olub.
Hazırda Z.Həmişəyev
YAP Qaradağ rayon təşkilatının müşaviridir. Neft
daşlarından xeyli müddətdir ayrılsa da, orada işlədiyi
illəri bir an belə unutmur. Dəniz şəhəri onun həyatından
- qəlbindən, yaddaşından,
yaradıcılığından qırmızı xətlə
keçir:
Neft daşları -
ürəyimin parası,
"Qara
qızıl" - səltənətim, sərvətim,
"Qara daşlar" -
gözlərimin qarası,
Neft daşları -
şeiriyyətim, söhbətim.
Flora SADIQLI
Azərbaycan.- 2009.- 12 sentyabr.- S. 4.