Ərzaq bolluğuna etibarlı
zəmin yaradılır
Ümummilli lider Heydər
Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirmək
üçün kiçik və orta sahibkarlığın
inkişafına xüsusi diqqət göstərirdi. Məhz o
böyük şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində
Azərbaycanda torpaq islahatı uğurla həyata keçdi,
kiçik və orta sahibkarlığın, özəl
sektorun, fermer təsərrüfatlarının, ümumilikdə
kənd təsərrüfatının inkişafı
üçün münbit şərait yaradıldı.
Bu məsələni
daim diqqət mərkəzində saxlayan ölkə
başçısı cənab İlham Əliyev də
kiçik və orta sahibkarlığa, aqrar sahənin
inkişafına, əhalinin ərzaq məhsullarına tələbatının
yerli istehsal hesabına ödənilməsinə böyük
önəm verir. Xalqın milli maraqlarına əsaslanan məqsədyönlü
islahatların ardıcıl həyata keçirilməsi
ölkəmizin qüdrətini və imicini daha da
artırmış, əhalinin maddi rifahının
yaxşılaşdırılmasına əlverişli şərait
yaratmışdır. Kiçik sahibkarlıqla məşğul
olan müəssisələrin sayı 10 mindən
yuxarıdır. Aqrar sahənin inkişafına yönəldilmiş
dövlət proqramlarının müvəffəqiyyətlə
həyata keçirilməsi sayəsində torpaq istifadəçilərinə
mexanikləşdirilmiş istehsalat xidmətlərinin həcmi
və növü genişləndirilmiş, kənd təsərrüfatı
məhsulları istehsalçılarının traktor, kombayn,
digər kənd təsərrüfatı maşın və
avadanlıqları, habelə toxum və gübrə ilə təminatı
xeyli yaxşılaşdırılmışdır. Mütəxəssislər
və təsərrüfat adamları bunu çox yüksək
qiymətləndirirlər. Məhz ulu öndərin
özülünü qoyduğu siyasi kursun ugurlu
davamının nəticəsidir ki, ölkəmiz neçə
vaxtdır regionda iqtisadi inkişaf tempinə görə lider
dövlətə çevrilib. Dövlətin dəstəyi nəticəsində
ölkə iqtisadiyyatı ildən-ilə özünün
yeni inkişaf mərhələsini yaşayır.
Nazirlər Kabinetinin
2009-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
iclasında Prezident İlham Əliyev bu məsələdən
bəhs edərkən demişdir ki, Azərbaycan hökuməti
aqrar sahənin hərtərəfli inkişafını təmin
etmək üçün fermer təsərrüfatlarına və
özəl sektora daim dəstək verməyə
çalışır... Cari ilin altı ayı ərzində
dövlət büdcəsindən kənd təsərrüfatı
texnikasının və aqrokimyəvi maddələrin
alınması üçün "Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyətinə 33 milyon manat, kənd
təsərrüfatı məhsulları
istehsalçılarına kreditlərin verilməsi
üçün Kənd Təsərrüfatı Nazirliyi
yanında Kənd Təsərrüfatı Kreditləri üzrə
Dövlət Agentliyinə 10 milyon manat həcmində vəsait
ayrılmışdır. Dövlət dəstəyinə əsasən
indi bir tərəfdə fermerlərə və sahibkarlara təsərrüfatlarını
inkişaf etdirmək üçün kreditlər verilir, digər
tərəfdə isə kənd təsərrüfatı məhsullarının
istehsalında işlədilən yanacaq və sürtkü
yağlarına görə subsidiyalar paylanır. Ölkəmizin
28 rayonunda 166 min fermerə çatası 25 milyon manat avqust
ayının əvvəllərindən onların hesabına
köçürülüb. Fermerlərə pul
yardımı da gündəmdədir. Subsidiyalar əkilən
hər hektara görə 40 manat olmaqla plastik kartlar vasitəsilə
ödənilir. Bu il bütövlükdə 59 rayonda 1 milyon
493 min hektar sahəyə görə 59 milyon manat həcmində
subsidiyanın verilməsi nəzərdə tutulub. Bu səbəbdən
yeni mövsümdə təxminən 25 minə yaxın yeni
plastik kartın verilməsi gözlənilir. Avqust
ayının sonu, sentyabrın əvvəllərinədək
bütün rayonlarda subsidiya almaq hüququ olan fermerlərin
hamısı həmin yardımlardan bəhrələnə biləcəklər.
Xatırladaq ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar ölkə Prezidentinin 2007-ci il sərəncamına uyğun olaraq ildə bir dəfə verilir. Bunun üçün hər il dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılır. Bu il 1 milyon 493 min hektar sahədə əkin aparacaq fermerlər subsidiyalardan yararlana biləcəklər.
Bir sözlə, aqrar sahəyə göstərilən qayğı, müəyyənləşdirilən iqtisadi siyasət öz bəhrəsini verməkdədir. Bu gün dünyanı bürüyən maliyyə böhranı bir çox dövlətlərin iqtisadiyyatına güclü ziyan vursa da, Azərbaycan bu problemdən maksimum sığortalana bildi. Qlobal maliyyə-iqtisadi böhranın Azərbaycan sahibkarlığına təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, sahibkarların rəqabət qabiliyyətinin qorunması, onların birbaşa vergi yükünün azaldılması istiqamətində hökumət tərəfindən təsirli tədbirlər görülmüşdür. 2010-cu ildən fərdi sahibkarların gəlirinin vergiyə cəlbedilmə dərəcəsi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilmişdir. Əhalinin vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən etibarən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmişdir. Ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad edilmişdir. Cari ilin altı ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 41 şəhər və rayonda 770 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilmişdir ki, bu da regionlarda 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaqdır.
Ölkə Prezidentinin sərəncamı ilə yaradılmış "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin daha da genişləndirilməsi və aqrar sahənin müasir texnikalarla müntəzəm təchizatı da kənd təsərrüfatında ciddi dönüş yaradılmasında mühüm rol oynamışdır. Torpaq mülkiyyətçilərinə məxsus maşın-traktor parkında "Aqrolizinq" ASC-nin 55 aqroservis filialı və 105 mexanikləşdirilmiş dəstəsi tərəfindən texniki xidmət, təmir və nizamlama işləri görülür, onlardan səmərəli istifadə üsulları öyrədilir, lazımi tövsiyələr verilir. Ölkəmizdə fermer təsərrüfatının və özəl sektorun inkişafına yaradılan şərait, sahibkarlığa dövlət dəstəyi Azərbaycanın büdcə gəlirlərinə daxil olan mədaxillərin rəngarəngliyini artırıb. Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasında ölkə Prezidenti İlham Əliyev bu nailiyyətə son illərdə Azərbaycanda aqrar sahədə aparılan islahatlar sayəsində nail olunduğunu bildirib: "Azərbaycan iqtisadiyyatı uzun illər uğurla inkişaf edir, iqtisadiyyatımız çoxşaxəlidir və bu, əsas amildir ki, bizi bu çətin sınaqda qoruya bilmişdir. Təxminən bir ilə yaxındır ki, dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə iqtisadiyyat ugurlu inkişafında davam edir. Bu ilin birinci yarısında ümumi daxili məhsul 3,6 faiz artmışdır. Sevindirici haldır ki, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil etmişdir. Bu, çox gözəl göstəricidir və onu göstərir ki, bizim iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin gələcəyi neft amilindən daha az asılıdır. Bu il inflyasiyanın səviyyəsi çox aşağıdır. Altı ayda inflyasiya 3,7 faiz təşkil etmişdir. Ərzaq malları üzrə inflyasiyanın 2,1 faiz olduğunu nəzərə alsaq görərik ki, inflyasiya insanların sosial vəziyyətinə təsir etməmişdir... Bu rəqəmlər onu göstərir ki, Azərbaycan iqtisadiyyatı möhkəm iqtisadiyyatdır, aparılan iqtisadi islahatlar davam etdirilməlidir".
Azərbaycan Prezidenti tərəfindən iqtisadiyyatın bu vacib sahəsinin inkişafına göstərilən qayğı əhalinin maddi-rifah halının yaxşılaşmasına xidmət etməklə yanaşı, xalqımızın ərzaq təhlükəsizliyinə etibarlı zəmin yaradır.
Rəhman SALMANLI
Azərbaycan.- 2009.- 13 sentyabr.-
S. 1.