Azərbaycan xalqı
tarix boyu dünyaya bir çox söz korifeyləri və
mütəfəkkirlər bəxş etmişdir. Bir-birini əvəz
edən hadisələrin baş verməsi, xalqımızın
milli mənlik şüurunun yüksəlişi və onun
intellektual potensialının daşıyıcıları olan
qeyri-adi şəxsiyyətlərin yetişməsi
baxımından isə XX yüzillik əvvəlki əsrlərlə
müqayisəedilməzdir.
Keçən əsrin
70-ci illərində Azərbaycan cəmiyyətində baş
verən dəyişikliklər, ictimai şüurda
yaranmış müstəqillik ideyası yalnız milli mədəniyyətin
və özünüdərkin yüksək sosial təzahürü
kimi deyil, Azərbaycanın varlığının əsas
şərti kimi də tarix səhnəsinə
çıxdı. Məhz
o dövrdə milli iradənin sovet siyasi arenasında meydana
çıxması utopik kommunist şüuru və beynəlmiləlçilik
ideyaları adı altında fiziki və mənəvi terrora məruz
qalan Azərbaycanda milli təfəkkürü qoruyub saxlaya
bildi. Bu illərdə milli dövlətçilik təfəkkürünün
çiçəklənməsi üçün də yeni
tarixi şərait yetişməyə başladı.
Bütün bunlar müasir Azərbaycanın görkəmli
dövlət və siyasi xadimi Heydər Əliyevin
müdrikliyi, cəsarəti və uzaqgörənliyi nəticəsində
mümkün oldu.
1969-cu ildən
respublikamıza rəhbərlik etməyə başlayan Heydər
Əliyev Azərbaycan cəmiyyətinin yenidən qurulması
sahəsində geniş miqyasda işlər həyata
keçirməyə başladı. Tezliklə Azərbaycan əsas
sosial-iqtisadi göstəricilərə görə
keçmiş ittifaqın qabaqcıl respublikaları cərgəsinə
çıxdı. Ulu öndərin təşəbbüsü
və birbaşa nəzarəti altında Azərbaycanın
iqtisadi, sosial və ən başlıca isə elmi-texniki
potensialının hazırlanması böyük uzaqgörənliklə
həyata keçirildi.
Təkzibedilməz həqiqətdir
ki, ötən əsrin 60-cı illərinin axırlarınadək
respublikamızın təbii sərvətlərindən
lazımınca istifadə edilmirdi. Əkinçilik və heyvandarlıq məhsulları
istehsalı və dövlətə satış üzrə hətta
azaldılmış planları belə ödənilmirdi. Azərbaycan
kənd təsərrüfatının bütün əsas
göstəriciləri üzrə müttəfiq respublikalar
arasında axırıncı yerlərdən birini tuturdu. Kənd
təsərrüfatı məhsullarının orta illik
artım sürəti digər respublikalardan geri qalırdı.
Belə bir ağır dövrdə Azərbycan KP MK-nın
birinci katibi seçilən Heydər Əliyevin rəhbərliyi
altında respublikanın vəziyyəti tezliklə dərindən
təhlil edildi, ölkəni böhran vəziyyətindən
çıxarmaq üçün ilk günlərdən cəsarətli
addımlar atıldı.
Kəndi böhrandan
çıxarmağın əsas yollarından birini aqrar elmin
nailiyyətlərindən istifadə edilməsində görən
Heydər Əliyev yüksək məhsuldarlığa malik, xəstəliklərə
davamlı yeni toxum sortlarının yaradılması, toxumçuluq
təsərrüfatlarının inkişaf etdirilməsi,
mal-qaranın cinsinin yaxşılaşdırılması, yeni
cins mal-qara yetişdirilməsi, taxılçılıq,
pambıqçılıq, tərəvəzçilik, meyvəçilik
sahələrində mütərəqqi texnologiyaların
işlənib hazırlanması ilə əlaqədar alimlər
qarşısında mühüm vəzifələr qoydu.
1970-ci ilin iyul
ayının 23-də Heydər Əliyevin təşəbbüsü
ilə Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin
"Azərbaycan SSR-in kənd təsərrüfatını
inkişaf etdirmək tədbirləri haqqında" adlı
xüsusi qərar qəbul olundu. Praktik olaraq həmin qərar və
sonrakı dövrlərdə respublikamızın kənd təsərrüfatının
konkret vəzifələrini müəyyən edən əməli
fəaliyyət proqramı idi. Həmin qərardan irəli gələn
vəzifələr 1970-ci ilin avqust ayının 11-də
respublika partiya təşkilatının plenumunda geniş
müzakirə edildi. Heydər Əliyev həmin qərarın
respublikanın iqtisadiyyatının inkişaf etdirilməsində,
zəhmətkeşlərin rifahının yüksəldilməsində,
kənd təsərrüfatının maddi bazasının
daha da möhkəmləndirilməsində, onun yeni texnika ilə
təmin edilməsində böyük əhəmiyyət
daşıdığını qeyd etdi.
1975-ci ildə isə
Heydər Əliyev ötən beş il ərzində əldə
edilən təcrübəni və yeni imkanları təhlil edərək
kənd təsərrüfatının sürətli
inkişafına nail olmaq vəzifəsini irəli sürdü
və ittifaq rəhbərliyinə konkret təkliflər verdi. 1975-ci
il iyul ayının 9-da Sov. İKP MK və SSRİ Nazirlər
Soveti "Azərbaycan SSR-də kənd təsərrüfatı
istehsalını daha da intensivləşdirmək tədbirləri
haqqında" qərar qəbul etdi. Qərarda deyilirdi ki,
respublikamızda kənd təsərrüfatı
istehsalının uzun sürən geriliyi qısa müddətdə
aradan qaldırılmışdır. Sənəd Azərbaycanın
kənd təsərrüfatında ixtisaslaşmanı həyata
keçirməyin və təsərrüfatlararası
kooperasiyanın inkişaf etdirilməsinin təməlini qoydu. Qarşıda
isə istehsalı intensivləşdirmək, onun
ixtisaslaşdırılmasını və təmərküzləşdirilməsini
dərinləşdirmək və elmi-texniki tərəqqini
sürətləndirməklə kənd təsərrüfatı
məhsulları istehsalının xeyli
artırılmasını təmin etmək kimi çox
çətin vəzifə dururdu.
Bu vəzifəni yerinə
yetirmək üçün ölkədə iri aqrar-sənaye
kompleksi formalaşdırıldı. Dövlət
Üzümçülük və Şərabçılıq
İstehsalat Komitəsi, Azərbaycan Tərəvəz və
Meyvə İstehsalı, Tədarükü, Emalı və
Satışı Aqrar Sənaye Birliyi, Quşçuluq Sənaye
Birliyi, Kolxozlararası Mal-Qara Kökəltmə Birliyi, yerlərdə
aqrar-sənaye birlikləri yaradıldı. Heydər Əliyev
1977-ci il fevralın 9-da respublika fəallarının
yığıncağındakı məruzəsində bu barədə
demişdir: "Kənd təsərrüfatı
istehsalının ardıcıl surətdə
ixtisaslaşdırılması və təmərküzləşdirilməsi,
kənd təsərrüfatının mərhələ-mərhələ
sənaye təməli üzərinə keçirilməsi, kənd
təsərrüfatı işlərinin getdikcə daha
artıq mexanikləşdirilməsi, meliorasiya və su təsərrüfatı
qurğuları tikintisinin ildən-ilə genişlənməsi
müvəffəqiyyətlərin qazanılmasına kömək
etmişdir".
Ulu öndərin
bilavasitə rəhbərliyi, gündəlik qayğısı
və nəzarəti altında "Təsərrüfatlararası
kooperasiya və aqrar-sənaye inteqrasiyası əsasında kənd
təsərrüfatı istehsalının
ixtisaslaşdırılmasını və təmərküzləşdirilməsini
daha da inkişaf etdirmək haqqında" SSRİ hökumətinin
qərarını yerinə yetirmək üçün xeyli
iş görüldü. 1976-cı ilin iyununda Azərbaycan
partiya təşkilatı həmin qərarın yerinə
yetirilməsi sahəsində təşkilati tədbirlər
haqqında qərar qəbul etdi. Rayon rəhbərlərinin və
mütəxəssislərin iştirakı ilə bütün
bölgələrdə hər bir kolxozun iqtisadi vəziyyəti
ətraflı təhlil edildi, konkret yerli şəraiti nəzərə
almaqla bu və ya digər sahənin
ixtisaslaşdırılmasının və təmərküzləşdirilməsinin
başlıca istiqamətləri müəyyən edildi.
Qeyd edilməlidir ki,
ötən əsrin 70-ci illərində elmlə iqtisadiyyatın
müxtəlif sahələri arasında sıx əlaqə
yaranmışdı. Elm iqtisadiyyatın inkişafı
üçün təkanverici amil kimi çıxış
edirdi. Aqrar sektorun da sürətlə irəli getməsi onun
elmi əsaslara söykənməsi ilə bağlı idi. Heydər
Əliyev kolxoz və sovxozları rəhbər kadrlarla, mütəxəssislərlə
möhkəmləndirmək, onların ixtisasını, bilik və
təcrübəsini, ideya-siyasi səviyyəsini artırmaq
sahəsində böyük təşkilatçılıq
işləri aparırdı. 1979-cu ildə bütün kolxoz sədrlərinin
69 faizi, sovxoz direktorlarının 89 faizi, kolxozların baş
mütəxəssislərinin 51 faizi, sovxozların baş
mütəxəssislərinin 62 faizi ali təhsilə malik
olmuşdur. Ali təhsilli kənd təsərrüfatı
mütəxəssisləri S.Ağamalıoğlu adına Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunda
hazırlanırdı. Bu sahədə böyük ənənələrə
malik olan institut hər il 1000 nəfərdən çox ali təhsilli
mütəxəssis buraxırdı. Heydər Əliyevin
qayğısı sayəsində ixtisaslı mütəxəssislərə
çox ehtiyacı olan Lerik, Yardımlı, Laçın, Kəlbəcər,
Astara, Quba, Daşkəsən və digər dağlıq
rayonlardan abituriyentlərin Azərbaycan Kənd Təsərrüfatı
İnstitutuna müsabiqədənkənar qəbul edilmələri
üçün şərait yaradıldı. Bundan başqa,
kolxoz və sovxoz istehsalının bütün sahələrini
yaxın illərdə yüksək ixtisaslı kadrlarla təmin
etmək üçün gənclərin kolxoz və sovxozlar
hesabına ali məktəblərə göndərilməsinin
təşkili məqsədilə tədbirlər
görüldü.
1970-1982-ci illərdə
Kənd Təsərrüfatı İnstitutunun əyani və
qiyabi şöbəsini 14600 nəfər aqronom, zootexnik,
torpaqşünas, baytar, iqtisadçı və başqa
ixtisaslı gənc bitirib mütəxəssis kimi respublikanın
rayonlarına göndərildi. Bundan başqa, Rusiyanın və
ittifaqın digər respublikalarının ali məktəblərində
müsabiqədənkənar yolla onlarla kənd təsərrüfatı
mütəxəssis hazırlanırdı.
Kolxoz sədrlərinin və
sovxoz direktorlarının hazırlanmasına, seçilib yerləşdirilməsinə
xüsusi diqqət yetirilirdi. Kolxoz və sovxoz rəhbərlərinin yüksək təşkilatçılıq
qabiliyyətinə malik olmaları ilə yanaşı,
onların kənd təsərrüfatı mütəxəssisi
olmaları da əsas şərtlərdən biri hesab edilirdi.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 13 il ərzində
kolxoz və sovxoz rəhbərlərinin tez-tez dəyişdirilməsi
kimi zərərli praktikaya son qoyuldu.
Artıq 1978-ci ildə kənd
təsərrüfatında 35 minə yaxın orta təhsilli
mütəxəssis çalışırdı ki, bu da
1965-ci ildəkindən 2 dəfə çox idi. 70-ci illərin
axırlarında bütün kolxoz sədrlərinin 84 faizinin
və sovxoz direktorlarının 93 faizinin ali və ya orta kənd
təsərrüfatı təhsili vardı.
Heydər Əliyevin
uğurlu aqrar siyasətinin nəticəsi olaraq ölkəmizdə
meliorasiya fondu da 2 dəfədən çox artdı. Məhz bu fondların
yaradılması hesabına suvarma əkinçiliyi
özünü doğrultmuş və yüksək effekt
vermişdi. Suvarılan torpaqların məhsuldarlığı
iki dəfəyə yaxın artmış, kənd təsərrüfatı
məhsullarının istehsalı bir neçə dəfə
çoxalmışdı. Kənd təsərrüfatı
bitkilərinin suvarılması və əhalinin su ilə təmin
olunması məqsədilə respublikanın su
ehtiyatlarının səmərəli istifadəsi haqqında
30 iyul 1982-ci il 394 N-li qərara əsasən Ceyrançöl
massivinin, Vayxır su anbarının suvarma zonasının
torpaqları öyrənilmiş və xəritələşdirilmişdir.
Suvarma və
meliorasiyanın kənd təsərrüfatının
dirçəldilməsində əsas rol
oynadığını yaxşı bilən Heydər Əliyev
kompleks meliorativ tədbirlərin həyata keçirilməsi
işinə xüsusi fikir verirdi. Qısa müddət ərzində
(1970-1980-ci illərdə) respublikamızda uzunluğu 18 min
kilometrdən çox olan kollektor-drenaj şəbəkəsi
tikilmiş, təxminən 200 min hektar ərazidə
torpaqların meliorativ vəziyyəti
yaxşılaşdırılmış, böyük ərazilərdə
(250 min hektar) torpaqların səthi hamarlanmışdı.
80-ci illərin ikinci yarısından Azərbaycanın
iqtisadiyyatında başlanan tənəzzül 90-cı illərin
əvvəllərində daha da dərinləşmiş,
respublikanın iqtisadiyyatının və sosial həyatının
bütün sahələrini bürümüş böhrana
çevrilmişdi.
Sovetlər birliyi
dağıldıqdan sonra Azərbaycan müstəqillik əldə
etsə də, hakimiyyət başına gəlmiş qüvvələr
onun iqtisadiyyatını, xüsusilə də kənd təsərrüfatını
inkişaf etdirmək üçün heç bir ciddi
addımlar atmamış və əməli tədbirlər həyata
keçirə bilməmişdilər. Həmin dövrdə
respublikada həm sənaye, həm də kənd təsərrüfatı
məhsulları istehsalı 1980-ci ilin birinci yarısı ilə
müqayisədə dəfələrlə azalmış, bəzi
istehsal sahələri isə tamamilə dayanmışdı. 1993-cü
ildə respublikada cəmi 283 min ton pambıq, 287 min ton
üzüm, 47 min ton tütün istehsal edilmiş, digər məhsulların
istehsalı isə bir neçə dəfə
azalmışdı. Sənayenin
də böyük bir hissəsinin kənd təsərrüfatına
bağlı olduğuna böyük əhəmiyyət verən
cənab Heydər Əliyev hakimiyyətə qayıtdıqdan
sonra aqrar sektoru böhrandan çıxarmaq üçün gərgin
əmək sərf etdi. Hələ 1994-cü ilin mart
ayının 4-də Prezident Aparatında kənd təsərrüfatındakı
problemlərin aradan qaldırılmasına həsr olunmuş
müşavirənin keçirilməsi tezliklə aqrar sahədə
ciddi islahatların həyata keçiriləcəyindən xəbər
verirdi. Həmin müşavirədə Heydər Əliyev kənd
təsərrüfatında yaranmış acınacaqlı vəziyyətin
səbəblərini açıqladı və qeyd etdi ki,
"1980-ci illərdə, xüsusən 80-ci illərin ikinci
yarısında və 1990-cı ildə aparılan təbliğat
Azərbaycanın kənd təsərrüfatını belə
acınacaqlı vəziyyətə salıb". Ulu öndər
respublikada dövlət mülkiyyətinin özəlləşdirilməsində,
mülkiyyət formalarının dəyişdirilməsində,
sahibkarlıq üçün şərait
yaradılmasında və ümumən, Azərbaycanda bazar
iqtisadiyyatı prinsiplərinin həyata keçirilməsində
aqrar bölmənin böyük əhəmiyyət
daşıdığını xüsusi qeyd etmişdir. Heydər
Əliyevin bilavasitə təşəbbüsü və fəal
iştirakı ilə islahatlar barədə layihələr
hazırlanmış və 1994-cü il noyabr ayının 5-də
bununla bağlı ilkin müzakirələr
keçirilmişdir. Ulu öndər 1994-cü il dekabrın
23-də kənd təsərrüfatında iqtisadi islahatlara həsr
olunmuş respublika müşavirəsində aqrar
islahatların vacibliyini bir daha vurğulayaraq bildirmişdi:
"...Aqrar bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət
formasını dəyişmək, torpaq islahatı keçirmək,
sərbəst iqtisadiyyata geniş yol açmaq
respublikamızın həyatında çox mühüm və
əhəmiyyətli, eyni zamanda son dərəcə məsuliyyətli
və taleyüklü məsələdir". 1996-cı il
aprelin 2-də "Aqrar bölmədə islahatlar strateji
yolumuzdur" mövzusunda keçirilən müşavirədə
isə Heydər Əliyev demişdir: "Aqrar sahədə
islahatlar aparmaq üçün biz iki çox mühüm
qanun qəbul etmişik. Bu qanunların həyata keçirilməsi
işinə başlanılıb. Ancaq bu iş biz istədiyimiz
sürətlə getmir. Bir tərəfdən ona görə
ki, bu qanunlardan irəli gələn vəzifələrin
icrası, həyata keçirilməsi üçün
müvafiq təşkilatlar, nazirliklər, yerli orqanlar
lazımi qədər fəallıq, təşəbbüskarlıq
göstərmirlər. İkinci tərəfdən, bu
qanunların həyata keçirilməsi üçün
başqa qanunlar da qəbul olunmalıdır".
Ciddi axtarışlar və
müzakirələr nəticəsində ümumi fikir
formalaşdırıldı. 16 iyun 1996-cı ildə
"Torpaq islahatı haqqında" qanun təsdiq edildi.
Artıq dövlət aqrar islahat komissiyasının həyata
keçirdiyi tədbirlər nəticəsində 1997-ci il
aprelin 1-də 396 kolxozun, 249 sovxozun, 96 təsərrüfatlararası
müəssisələrin fəaliyyəti yerli aqrar islahatlar
komissiyalarının qərarı ilə
dayandırılmış, sahibkarlığa əsaslanan 1463
müstəqil kənd təsərrüfatı istehsal
kooperativi, 2062 kiçik müəssisə, 17974 kəndli
(fermer) təsərrüfatı yaradılmışdı. 1996-cı ildə xüsusi
mülkiyyətə əsaslanan sahibkarlar kolxoz və sovxozlara
nisbətən hər hektardan 1,5-4 dəfə çox
taxıl əldə etdilər. 1995-ci ilə nisbətən
1996-cı ildə ilk dəfə olaraq kənd təsərrüfatında
ümumi daxili məhsul istehsala dəyər ifadəsi ilə
götürdükdə təqribən 3 dəfə
artmışdı.
1997-ci il aprelin 16-da
Prezident Aparatında "İqtisadi islahatları
ardıcıl həyata keçirməli, cari kənd təsərrüfatı
işlərini sürətləndirməli" probleminə həsr
olunmuş müşavirədə ulu öndər Heydər Əliyev
demişdi: "Aqrar sahədə iqtisadi islahatların
keçirilməsi üçün tam əsas, bütün
imkanlar yaranıbdır. Əməli iş gedir və bir çox sahələrdə
bu işlərin nəticələrini də
görürük. Hər halda, 1996-cı ilin yekunları ilə
əlaqədar olan, ümumiyyətlə, bütün
iqtisadiyyatda əldə etdiyimiz göstəricilər və
1997-ci ilin birinci rübündə həm büdcənin yerinə
yetirilməsi, həm vergilərin toplanması ilə əlaqədar
planların ödənilməsi, həm də başqa iqtisadi
göstəricilər onu sübut edir ki, bizim tutduğumuz yol və
həyata keçirdiyimiz tədbirlər doğrudur,
düzgündür, iqtisadi islahatlar ardıcıl surətdə
həyata keçirilir və bunlar iqtisadiyyatımızın vəziyyətində,
müəyyən mənada onun inkişafında, artmasında
öz nəticələrini göstərir".
Heydər Əliyevin
xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə
qayıdışından sonra aqrar sferada görülən
işləri aşağıdakı kimi xarakterizə etmək
olar.
1993-1994-cü illərdə
respublikanın kənd təsərrüfatında
böhranı törədən səbəblər tədqiq və
təhlil edilməyə başlanmış, normativ-hüquqi sənədlər
hazırlanmış və tənəzzüldən
çıxmaq üçün prioritet istiqamətlər təyin
olunmağa başlanmışdır.
1995-1997-ci illər. Bu dövrdə
kənd təsərrüfatının konkret sahələrində
normativ aktların qəbulu və islahatlar
aparılmışdır.
1998-1999-cu illər. Bu dövrdə
islahatlar ardıcıllıqla keçirilmiş, bazar
iqtisadiyyatı öyrənilmiş, kənd təsərrüfatında
yeni formalar tətbiq olunmuşdur. Bu dövrdə respublikada
aqrar bazarın yaradılması prosesi ilə islahatların
yeni mərhələsi başlamışdır.
1999-2003-cü illər. Bu mərhələ
aqrar islahatların dərinləşdirilməsi və
genişləndirilməsi dövrüdür. Bu mərhələdə
aqrar sektorda yeni infrastruktur, bank-maliyyə, kredit sistemi
inkişaf etdirilmiş, vergi və qiymət sistemi yeniləşdirilmiş,
kənd təsərrüfatına dövlət yardımı
artırılmışdır.
2003-cü ildən isə
ümummilli lider Heydər Əliyevin layiqli
davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin
diqqət və qayğısı sayəsində Azərbaycanın
kənd təsərrüfati dinamik inkişaf edir.
Bu dövrdə aqrar
sektorun hüquqi bazası daha da möhkəmləndirilmişdir.
Ölkə
başçısının sərəncamları ilə kənd
təsərrüfatı istehsalının
stimullaşdırılması üçün sahibkarlara verilən
kreditlərin, subsidiyaların miqdarı
artırılmışdır. "Aqrolizinq" ASC-nin
yaradılması ilə kənd təsərrüfatı
texnikasına olan tələbat yoluna qoyulmuşdur. Prezident
İlham Əliyevin yüksək diqqəti sayəsində
ölkəmiz özünün ərzaq təhlükəsizliyini
təmin etmişdir.
Xalid QURBANOV,
Azərbaycan Dövlət Aqrar
Universitetinin elm və
texnika üzrə prorektoru,
texnika elmləri doktoru,
professor
Azərbaycan.- 2009.- 13 sentyabr.- S. 2.