"Atatürkdən Heydər Əliyevə, Nizamidən Yunis İmrəyə tarixi-ədəbi ənənələr və müasir dövr" mövzusunda elmi simpozium olmuşdur

 

NDU-nun rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli qeyd etmişdir ki, müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Azərbaycançılıq ideologiyasının müəllifi Heydər Əliyevdir. Azərbaycan xalqı bu gün Heydər Əliyev yolu ilə gedərək, inkişaf etməyin nümunəsini bütün dünyaya göstərir. Heydər Əliyev bir ölkənin çərçivəsinə sığan şəxsiyyət deyil. Onun adı dünya siyasətçilərinin adı ilə bir sırada çəkilir.

Heydər Əliyev öz siyasi fəaliyyətində daim Türkiyə dövlətinə böyük önəm vermişdir. Sədərək-Dilucu körpüsünün açılışı təkcə Türkiyəyə yox, Azərbaycanın bütün Avropaya açılan qapısıdır. Ulu öndərin vaxtilə Türkiyə parlamentindəki çıxışında irəli sürdüyü "Bir millət, iki dövlət" ideyası əsrlər boyu yaşayacaq bir aforizmdir.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Atatürk və Heydər Əliyev: tarixi missiyalarda oxşarlıq" mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, böyük dövlət xadimlərinin hər ikisi may ayında anadan olmuş, hər ikisinin atasının adı Əlirza olmuş, hər ikisinin gözlərinin rəngi, boy ölçüləri belə oxşar olmuşdur. Hər ikisi hərbçi kimi fəaliyyətə başlamış, hər ikisi müəyyən missiyaları öz üzərinə götürmüşdür. Mustafa Kamal Atatürk çox çətin şəraitdə Türkiyə Respublikasının banisi, türk xalqının lideri səviyyəsinə yüksəlmişdir.

Heydər Əliyev də müstəqil Azərbaycan Respublikasının banisidir. Türkiyədə bir çox siyasətçilərin rəhbərlikdə olmalarına baxmayaraq, bu gün Türkiyə deyildikdə Atatürk yada düşür. Eyni ilə Heydər Əliyevin adı Azərbaycanla birlikdə çəkilir. Hər ikisi siyasi fəaliyyətə regionlardan başlamışdır. Atatürk öz siyasi fəaliyyətinə Ərzurum və Sivasdan, Heydər Əliyev isə Naxçıvandan başlamışdır.

Sonra Avrasiya Dostluq Kültür və Sənət Qurumunun sədri Bahəddin Güney çıxış edərək, Nizami və Yunis İmrənin yaradıcılıqlarından danışmışdır.

Simpozium işini bölmələr üzrə davam etdirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 sentyabr.- S. 2.