Bülbüllə başlanan cəbr dərsi

 

...50-55 il bundan əvvəlin sözüdür. O vaxtlar bizim Muradxan kəndindən Bakıya ən çox gedib-gələn rəhmətlik Mirzəmməd əmi olardı. Hər dəfə də təzə bir xəbərlə qayıdardı: yəni, Bakıda getdiyi teatrlardan, baxdığı yeni tamaşalardan, xüsusilə də "Koroğlu"dan, Bülbülün Qıratın belində Koroğlu kimi nərə çəkib oxumasından həyəcanla danışardı. Adətən axşam çağlarında qoyun-quzu qabağına çıxan, mal-qaranın örüşdən gəlməsini gözləyən adamlar Mirzəmməd kişinin başına yığışıb onun söhbətlərinə həvəslə qulaq asar, maraqdan yaranan bir istəklə onu sorğu-suala tutardılar. O vaxtlar mən də dövrə vurub dayanan böyüklərin böyrünə qısılıb həmin söhbətlərə uşaq marağı ilə diqqət kəsilərdim. Ən çox da "Koroğlu"dan, "Leyli və Məcnun"dan, "Vaqif"dən danışılardı.

Mən Koroğlu və Bülbül sözlərini ilk dəfə həmin söhbətlərdən eşitmişdim. Çünki o vaxtlar kəndimizdə tək-tük adamın evində "daş"la işləyən radio vardı.

Sonralar kəndimizə radio xətti çəkildi və bizim də evimizdə radio oldu. Bundan sonra mən Bülbülün bənzərsiz səsini eşitməyə, "Koroğlu" operasından parçaları radio dalğalarından dinləməyə başladım. O vaxt Bülbülün səsi, xüsusi avazla oxuduğu mahnılar canıma, qanıma, duyğularıma hopdu. Mən, sözün əsl mənasında, o bənzərsiz səsin, bir-birindən gözəl mahnıların sədaları altında böyüyüb yaşa doldum. Odur ki, sənətdən söhbət düşəndə Bülbülün adını həmişə eyni hiss, istək və məhəbbətlə çəkirəm.

...Evimizdə patefon vardı. Yadımdadır, patefonda oxutmaq üçün atam ilk dəfə Bülbülün vallarını almışdı. Yəni, evimizdə gördüyüm ilk val Bülbülün valı olub. "Çoban Qara", "Neftçi Qurban", "Ölkəm", "Olmazsa, olmaz", "Bulaq üstə gedən gözəl", "Gülərəm, gülsən" mahnılarını, romansları patefonda tez-tez oxudur, Bülbülün o şirin, məlahətli səsini dinləməkdən doymurdum.

Zaman keçdi. Bülbülün sənətini daha dərindən duymağa başladım. İnsanın varlığına, qəlbinə hakim kəsilən, ən incə, ən zərif duyğuları dilə gətirən o mahnıları indi də kövrələ-kövrələ dinləyirəm. Bülbülün böyüklüyünü, sənətinin əzəmətini, onun qəlbimə, varlığıma necə hakim kəsildiyini ifadə etmək mənim üçün çətindir, çox çətin!

...Yeddinci sinifdə oxuyurdum. Zəng vuruldu. Birinci dərsimiz cəbr idi. Rza müəllim sinfə daxil oldu. Həmişə zəhmli, sərt və ciddi gördüyümüz Rza müəllim bu gün nədənsə tamam başqa cür görünürdü. O, ötəri salam verib əlindəki jurnalı stolun üstünə qoydu. İlk sözü:

- Bilmirəm eşitmisiniz, ya yox, Bülbül rəhmətə gedib... Bu gün səhər tezdən radio xəbər verdi...

O bu kədərli xəbəri bir də təkrar etdi və sözünə bir anlıq ara verib:

- Gözəl oxuyurdu, - deyə dərindən köks ötürdü, - çox gözəl səsi vardı. Həmin gün cəbr dərsi Bülbüllə başlayıb, deyərdim ki, Bülbüllə də sona yetdi. Biz Bülbül haqqında rəhmətlik Rza müəllimdən çox şey öyrəndik.

Tale elə gətirdi ki, Bakıya gəldim, universitetə daxil oldum. Amma tələbəlik illərimdə ürəyimdən gələn bir istəyin təsiri ilə Bülbülün iri xatirə lövhəsi vurulmuş evinin yanından tez-tez keçirdim. Hər dəfə də ayaq saxlayıb onun barelyefinə dönə-dönə baxırdım. Təkcə xatirə lövhəsi yox, bütövlükdə Bülbülün yaşamış olduğu bu bina, məhəllə mənə çox doğma və əziz görünürdü.

Sonralar Bülbülün ev-muzeyinin açılması isə onun sənətini sevən milyonlardan biri kimi məni də hədsiz sevindirdi.

Dahi Bülbülün həyat və yaradıcılığından bəhs edən xatirə kitabının nəşrə hazırlanması mənə də Bülbül sənəti, Bülbül şəxsiyyəti ilə daha yaxından tanış olmaq imkanı verdi. Axı, mən də dahi Bülbül haqqında söz demək arzusunda idim.

Bülbülün ev-muzeyinə getdim. Dahi sənətkarın ömür-gün yoldaşı Adilə xanımla görüşdüm. Bülbül haqqında gözəl xatirələri məhz Adilə xanımın dilindən eşitmək mənim üçün son dərəcə maraqlı idi.

Bu həzin, kövrək məqamlarda sanki mənim üçün əlçatmaz olan sehrli bir aləmə düşmüşəm. Düşünürəm: bir vaxtlar Bülbül də bax, beləcə, bu pillələrlə qalxıb-enib, qonum-qonşularla salamlaşıb, həmin bu qapını açıb evinə daxil olub. Bu evə, bu sənət ocağına Bülbülün nə qədər qonağı gəlib-gedib. Bu evdə Bülbül neçə-neçə sənət dostları ilə deyib-gülüb, duz-çörək kəsib. Ən başlıcası isə Bülbülün dünyanı heyrətə gətirən ölməz sənət əsərləri bu evdə ərsəyə gəlib, bu evdən pərvazlanıb, qol-qanad açıb...

...Muzeydəki eksponatların hər biri isə əsl sənət və həyat tarixidir. Bülbülün sənət dünyasından, uğurlarından bəhs edən çoxsaylı yazılar, fotoşəkillər, təltiflər, mükafatlar, təşəkkürnamələr, eləcə də Bülbülün bir vaxtlar çay içdiyi armudu stəkandan tutmuş müxtəlif məişət əşyaları... Bütün bunları seyr etdikcə, olub-keçənləri yada saldıqca dərin bir kədərlə köks ötürməkdən, bu fani dünyanın vəfasızlığına təəssüflə baş bulamaqdan, heyifslənməkdən savayı əlindən heç nə gəlmir...

Bəli, Bülbül sənəti, Bülbül şəxsiyyəti ilə bağlı hər bir şey var bu muzeydə. Amma təkcə Bülbülün o canlı varlığını görə bilmirsən, onun içərisindən qopub gələn o canlı səsi, nəfəsi eşidə bilmirsən...

Bütün bunlar barədə düşünərkən xəyalım yenidən kəndimizə - Bülbül haqqında ilk dəfə xoş sözlər eşitdiyim o günlərə, Bülbülün gözəl, təkrarolunmaz səsindən zövq aldığım uşaqlıq və ilk gənclik çağlarıma qayıdır. O çağlara ki, dahi Bülbülün yalnız səsini eşidirdim. Bu gün isə bir vaxtlar heç ağlıma belə gətirə bilməyəcəyim "əfsanəvi" bir məkana düşmüşəm - Bülbülün doğma evinə, ocağına gəlmişəm...

 

 

Tofiq ABDULLAYEV,

Respublika Xatirə kitabı

redaksiyasının redaktoru

 

Azərbaycan.- 2009.- 13 sentyabr.- S. 5.