İfaçılıq sənəti onu yaşadan amillər

 

Azərbaycan musiqi mədəniyyətinin tarixi çox qədim dövrlərə təsadüf edir. XX əsr Azərbaycan milli musiqi tarixində görkəmli yer tutan dahi bəstəkar Üzeyir Hacıbəyli yazırdı:

"Qafqaz millətləri içərisində musiqiyə aid ən müstəhid olanları Azərbaycan türkləridir desək, zərrəcən mübaliğə olmaz". Musiqi mədəniyyəti tarixini araşdıran bir sıra görkəmli alimlər (Üzeyir Hacıbəyli, Ə.Bədəlbəyli, M.Seyidov, T.Bünyadov, C.Cahangirov, S.Abdullayeva) həm də Azərbaycanda alətşünaslıq elminin yaranmasında və inkişafında böyük rol oynadılar. Qədim musiqi alətlərinin xarakterizə edilməsi, təsnifatının verilməsi sadəcə texniki iş yox, həm də ifaçılıq sənətinin tarixini araşdırmaq baxımından təqdirəlayiqdir.

Bütün türk dünyasının qədim mədəniyyət abidəsi sayılan "Kitabi-Dədə Qorqud" dastanında, klassik şairlərin şeirlərində, bir sıra qayaüstü (Qobustan və Gəmiqayada) şəkillərdə Azərbaycan milli musiqi təfəkkürünü, bədii düşüncəni əks etdirən müəyyən məlumat və izlərə rast gəlinir. Bu sahədə maraqlı araşdırmalar aparan musiqişünas-tədqiqatçı Məcnun Kərimovun da böyük xidmətləri var. Məhz onun zəhməti sayəsində unudulmuş qədim musiqi alətləri tədqiqata cəlb olunaraq araşdırma obyektinə çevrildi. Məlum oldu ki, Azərbaycan ərazisində nəfəs, zərb və simli musiqi alətləri geniş yayılıb. Təkcə poeziyada şifahi xalq ədəbiyyatında, miniatür sənət nümunələrində deyil, həm də Azərbaycanda olmuş səyyahların yol qeydlərində onlarca çalğı alətinin adı çəkilir.

Tarixi mənbələrdən məlumdur ki, bir çox görkəmli şəxsiyyətlər həm də müxtəlif alətlərin mahir ifaçıları olmuşlar. Şərq klassik musiqisinin tarixini və nəzəriyyəsini ilk dəfə tədqiq etmiş Səfiyəddin Urməvi ud musiqi alətinin mahir ifaçısı olmuşdur. Eləcə də Bakı, Naxçıvan, Şamaxı, Qarabağ musiqi məclislərində xanəndəlik edən məşhur ifaçılar da sazəndəlik sənəti ilə məşğul idilər.

Qədim alətşünaslıq mədəniyyəti haqqında həm arxeoloji tədqiqatlar zamanı tapılmış əşyalar arasında nümunələrə rast gəlinib, həm də XVII, XVIII, XIX əsrlərdə Azərbaycanı dolaşmış səyyahların xatirələrində ətraflı məlumatlar var. Hətta bəzi rəssamlar Azərbaycanda olarkən iştirak etdikləri musiqi məclislərinin təsvirlərini də yaratmışlar. Məşhur rus rəssamı Q.Qaqarin XIX əsrdə Şamaxı rəqqasələrinin rəsmini çəkmişdi. Məşhur Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin Tbilisi İncəsənət Muzeyində rəqqasələrlə bağlı maraqlı rəsm əsərləri saxlanılır. Bu əsərlərdə diqqəti çəkən həm də qədim musiqi alətlərinin təsviridir.

Məcnun Kərimov söyləyir ki, qədim musiqi alətləri vaxtaşırı tədqiqatçıların araşdırma obyektinə çevrilsə də, onların bərpası və səsləndirilməsi ayrıca elmi tədqiqat sahəsi olmamışdır. Çox təqdirəlayiq haldır ki, o bu işin öhdəsindən bacarıqla gəldi. Aparılan tədqiqatlar nəticəsində orta əsrlərdə istifadə olunmuş, sonralar tədricən unudularaq dövrümüzə gəlib çatmamış cəng, bərbət, çəqanə, çoğur, səntur, tənbur, rübab, rud, qopuz, ney musiqi alətləri elmi şəkildə araşdırılaraq bərpa edilmişdir.

Musiqi sənətimizin inkişafında başlıca rol oynayan zərb çalğı alətlərinin kökləri çox qədimlərə - ibtidai yaşayış dövrünə gedib çıxır. İnsanlar müəyyən vasitələrlə ritmlər yaradırmışlar. Bu vasitələrdən ən ilkini ayaqdöymə zərb üsulu olub. Təsadüfi deyil ki, zorxana oyunlarından birinin adı da "ayaqdöymə"dir. Eləcə də ən qədim insan məskənlərindən biri sayılan Qobustandakı qaval daşı da ulu əcdadlarımızın ilk musiqi aləti olub.

Əlbəttə, Azərbaycanın bölgələrində qədimdən müxtəlif zərb alətləri mövcuddur. Məsələn, Lerik, Astara, Masallı, Lənkəran, Cəlilabad rayonlarında laqqutu adlanan zərb aləti bugünə kimi qalmaqdadır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində nümayiş etdirilən taxtadan düzəldilmiş bu dördbucaq ağac qutu ən maraqlı eksponatlardan biridir.

Nizami Gəncəvinin əsərlərində nağaranın təsvirinə rast gəlinir. Onun da müxtəlif növləri var: qoltuq nağara, cürə, böyük nağara, metal sağanaqlı, gildən hazırlanmış qoşa nağaralar və s. Eləcə də zərb alətlərinin sırasında özünəməxsus yeri olan qaval. Birüzlü zərb aləti qavalın da müxtəlif növləri var.

Milli musiqi mədəniyyətinin tarixi inkişaf mərhələsində özünəməxsus rolu olmuş zərb çalğı alətlərindən biri də dəfdir. Klassik ədəbiyyatdan, arxiv materiallarından bəllidir ki, orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi. Bu barədə Xaqani Şirvaninin əsərlərində məlumat var. Klassik şairlər öz şeirlərində musiqi alətlərini təsvir və tərənnüm edərək gələcək nəsil üçün poetik arxiv yaradıblar. Məşhur Azərbaycan rəssamı Abu Qasim Təbrizi XIX əsrdə "Qaval çalan qız" adlı çox nəfis bir əsər işləmişdir.

Milli musiqi sənətinin inkişafında ikinci yeri tutan nəfəs alətləridir. Bu alətlərin də ilk sadə nümunələri eramızdan bir neçə il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər uzanmış və bu gün də davam etdirilir. İfa tərzinə görə nəfəs alətləri də müxtəlif növlərə bölünür: zurna, balaban, ney, tütək, tulum. Bu alətlərin əksəriyyətinin Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində və şəxsi kolleksiyalarda nümunələri var. Nəfəs alətləri arasında ən qədimi tulum sayılır. Bu musiqi aləti ən çox Naxçıvanda yayılıb. İndi də bəzi tulumçular toy və el şənliklərində ondan məharətlə istifadə edirlər. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Çalğıçılar ondan istifadə edərək qeyri-adi, məlahətli musiqi yaradırlar.

Qədim musiqi alətləri xalqımızın tarix, mədəniyyət və mənəviyyat abidəsidir. Unudulmuş abidələri bərpa etmək, onları yenidən həyata qaytarmaq həm də tarixin qaranlıq səhifələrini işıqlandırmaq deməkdir.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 13 sentyabr.- S. 5.