Çar heykəlləri

 

Şumer heykəltəraşları tanrılardan sonra öz çarlarının adlarını əbədiləşdirmək üçün onlara heykəl qoymuşlar. Şumerdə heykəlləşib yaddaşlara köçmək isə hər çara qismət olmamışdır. Bu gün gəlib bizə çatmış, daha doğrusu, arxeoloji qazıntılar zamanı tapılmış heykəllər o qədər azdır ki, onları saymağa da ehtiyac yoxdur. Yüzlərlə Şumer çarlarından yalnız bir neçəsinin heykəli olmuşdur.

Heykəli qoyulmuş çarlardan biri Qudeyadır. Onun adı Qud+Eya sözlərindən yaranıb "Eya-Enkinin buğası" deməkdir. Qudeya II Şirpurlu sülaləsinin yeddinci çarı olmuşdur. Eramızdan əvvəl 2145-2125-ci illərdə taxtda olmuşdu. Şirpurlunu 20 il idarə etmişdi.

Qudeya haqqında zəngin yazılı materiallar və maddi mədəniyyət abidələri tapılmışdır. Bunların arasında Qudeyanın heykəlləri xüsusi yer tutur. Onlardan biri ayaq üstündədir, boyu 4,8 metrə yaxındır. Mütəxəssislər onu eramızdan əvvəl III minilliyin axırlarına - Qudeyanın yaşadığı dövrə aid edirlər. Bu heykəlin ən böyük dəyəri onun yaşıl rəngli bütöv daşdan yonulmasıdır.
Qudeyanın ikinci heykəli oturmuş vəziyyətdədir. Bu heykəl də eramızdan əvvəl III minilliyin sonlarında hazırlanmışdı. Tədqiqatçılar hər iki heykəlin Qudeyanın sağlığında qoyulduğu fikrindədirlər. Hazırda Parisin Luvr Muzeyində saxlanılır.

Qudeyanın hər iki heykəlinin çoxlu oxşarlıqları var. Hər iki heykəldə başındakı papaq və əynindəki paltar eynidir. Hər iki heykəldə əllərini sinəsində çarpazlamışdır. Hər iki heykəlin bir-birinə çox yaxın vaxt kəsiyində hazırlandığı aydın görünür. Onların eyni heykəltəraş tərəfindən hazırlandığı şübhə doğurmur.

Tapılmış heykəllərdən biri də III ur sülaləsinin əsasını qoymuş Ur-Nammuya aiddir. Ur-Nammu eramızdan əvvəl 2110-cu ildə taxta çıxmış, Şumeri, Akkadı, Babil və Anşanı birləşdirib 15 il çarlığı əlində saxlamışdı. Heykəl tuncdan tökülmüşdür. Ur-Nammu ayaq üstündədir.

Başında böyük bir qab görünür. Onun mənası hələlik açılmamışdır. Heykəl Bağdad muzeyində saxlanılır.

Mari şəhərində aparılmış arxeoloji qazıntılar zamanı çar Ebix-İlin bir heykəli tapılmışdır.

Heykəl gipsdən hazırlanmışdı. Ebix-İl oturmuş vəziyyətdədir, əllərini sinəsində çarpazlamışdır. Başı təmiz qırxılmışdır və papaqsızdır. Görünür, heykəllərdə əllərin sinədə çarpazlaşdırılması Tanrı qarşısında ibadətin rəmzidir. Bu heykəl hazırda Luvr Muzeyində saxlanılır və mütəxəssislər onun eramızdan əvvəl 2500-cü illərdə hazırlandığını müəyyənləşdirmişlər.

Bir maraqlı heykəl də Qudeyanın oğluna aiddir. Heykəlin başı yoxdur, sınmış və tapılmamışdır. Onun Qudeyanın oğluna aid olduğu yalnız üstündəki yazıdan bəlli olmuşdur.

Heykəlin arxa böyründə Urningirsunun adı yazılmışdır. Urningirsu atası Qudeyadan sonra Şirpurlunun çarı olmuşdur. Onun çarlığı eramızdan əvvəl 2125-2120-ci illərə düşür. Cəmi 5 il taxtda oturmuşdu. Heykəl ayaq üstündədir. Urningirsunun paltarı da Qudeyanın paltarına oxşayır. O da əllərini sinəsində çarpazlamışdır. Hətta ayaq barmaqları aydın görünür. Heykəl hazırda Luvr Muzeyində saxlanılır.

Maraqlı heykəllərdən biri də Şirpurlunun baş kahini Duduya aiddir. Dudu çar olmasa da, onun xalq arasında böyük hörmət qazanması heykəltəraşların bu heykəli hazırlamağına səbəb olmuşdu. Heykəldə Dudu oturmuş vəziyyətdədir. Başı qırxılmışdır və papağı yoxdur. O da əllərini sinəsində çarpazlamışdır. Dudunun heykəli Maridən tapılmış Ebix-İlin heykəlinə çox oxşayır. Onların postamentləri də bir-birinin eynidir. Yalnız oturuş formalarında azacıq fərq var.

Dudunun heykəli 1949-cu ildə onu qara bazarda satmaq istəyən bir nəfərin əlindən alınmışdır. Hazırda Bağdad muzeyində saxlanılır. Mütəxəssislər onun ən azı 4500 il yaşı olduğunu müəyyən etmişlər.

Haqqında danışdığımız heykəllərin hamısı realist üslubda işlənmişdir. Əsasən daşdan, mərmərdən, gipsdən, gildən və s. istifadə edilmişdir. Bu heykəllərin heç birini həvəskar işi adlandırmaq olmaz. Onların əksəriyyətində heykəltəraşın işindəki zərgər dəqiqliyi, ən xırda naxışlardakı zəriflik, cizgilərin orijinallığı və təbiiliyi, proporsiyaların simmetrikliyi və s. aydın nəzərə çarpır. Onların hər biri monumental və gözəl heykəltəraşlıq əsəridir. Bu gün dünyanın ən böyük muzeylərində Şumer mədəniyyətinin bənzərsiz abidələri kimi saxlanılır. Bütün bunlara əsasən demək olar ki, Şumerdə gözəl heykəltəraşlıq məktəbi olmuş, sonralar Şərq və Qərb heykəltəraşları bu məktəbin zəngin təcrübəsindən, ənənəsindən yaradıcılıqla bəhrələnmişlər.

 

 

İslam SADIQ,

filologiya elmləri namizədi

 

Azərbaycan.- 2009.- 13 sentyabr.- S. 5.