Azərbaycan
torpağının zümrüd tacı Kəlbəcər
diş göynədən çeşmələri, yüzlərcə
bulağı olan bir diyardır. Kəlbəcərin
İstisuyu minlərlə insanı xəstəliklərdən
xilas edən bir şəfa məskəniydi.
Kəlbəcər Dəlidağ,
Murov, Keyti kimi əzəmətli dağları,
saysız-hesabsız ətirli gül-çiçəkləri,
nəhəng və əlçatmaz qayaları, 4 min növ
bitki yetişdirən bərəkətli torpağı, 5-6 min
illik bir tarixi özündə yaşadan qaya təsvirləri və
min illərdən soraq verən abidələri olan bir yurd idi. Bu
qədim diyar özü bütövlükdə bir muzeydi.
Qoynunda yaradılmış Tarix Diyarşünaslıq Muzeyinin
adı dillərə düşmüşdü. Bu, Kəlbəcərin
də, muzeyin də dünənidi. Bəs bu gün?
Müharibədə təkcə
adamlar həlak olmur. Düşmən ayağı dəyən
torpaqlarımızda nəyimiz vardısa, hamısı şəhid
getdi. Kəlbəcər tarix diyarşünaslıq muzeyi də.
Kəlbəcər muzeyi öz orijinallığına və zənginliyinə
görə başqa muzeylərdən fərqlənirdi. Mütəxəssislər
haqlı olaraq onu geologiya, arxeologiya, incəsənət və
səs muzeyi adlandırırdılar.
Bolqarıstan, Hindistan,
Çin, Amerika, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran və
Finlandiyadan gəlmiş 150-dən çox alim Kəlbəcər
muzeyində olarkən onun zənginliyinə heyran
qalmışdı. Kəlbəcərin faydalı
qazıntıları, qiymətli və üzlük
daşları, tikinti materialları ilə tanış olmaq
üçün təkcə bu muzeyin divarlarına tamaşa
etmək bəsdir.
Muzeydə olmuş xarici
ölkə jurnalistlərindən biri belə
yazmışdı: "Dünya şöhrətli Ermitajda,
Bakının, Moskvanın, Beyrutun, Dəməşqin məşhur
muzeylərində təsirlənmişdim, fikrə
dalmışdım. Lakin belə təmizlənməmişdim.
Belə başdan-başa
nurlanmamışdım".
Qonaqlarını mat
qoyan o məşhur muzey şəhid olub o dağlarda qaldı.
Muzeyin direktoru mərhum Şamil Əsgərov Bakıda onun
varisini - şahid muzeyi yaratdı. O muzeydən heç nə gətirə
bilməsə də, bura köç edən kəlbəcərlilərdən
o yerlərin keçmişini özündə yaşadan əşyaları
bir-bir topladı. İtirilən torpaqların, tökülən
qanların, kor qalan ocaqların şahidi. Bu dünyada şahid
olmaq da elə ağır dərdmiş.
Hazırda muzey
Bakının Nərimanov rayonunda yerləşən peşə
məktəbində kiçik bir otaqda sığınacaq
tapıb. Küskün köçkün ömrünü
yaşayan muzeyə indi heç gəlib-gedən də yoxdur.
Əslində, Kəlbəcər
Tarix Diyarşünaslıq Muzeyi elə o dağlara
yaraşırdı... Muzey eksponatları da sahibləri kimi o bəxtəvər
günün gələcəyini gözləyirlər.
Sədaqət YUSİFQIZI
Azərbaycan.- 2009.- 13 sentyabr.- S. 5.