Prezident İlham Əliyev Yerevanda keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatında iştirak edən Azərbaycan komandasının üzvlərini qəbul etmişdir

 

Dövlətimizin başçısı İlham ƏLİYEV böyük qələbə münasibətilə idmançılarımızı təbrik edərək dedi:

- Əziz dostlar, əziz idmançılar!

Vətənə xoş gəlmisiniz! Mən sizi ürəkdən salamlayıram və böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Siz bütün Azərbaycan xalqını bu qələbə ilə sevindirmisiniz. Bu qələbənin çox böyük mənası vardır. Birinci növbədə bu qələbə onu göstərir ki, Azərbaycanda çox güclü gənc nəsil, gənc idmançılar yetişir. O idmançılar ki, gənc yaşlarından doğma Vətənimizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Bu qələbə onu göstərir ki, gənclərimiz vətənpərvərlik ruhunda böyüyürlər, tərbiyə alırlar, dəyərli vətəndaşlar kimi Azərbaycanın şöhrətini ucaldırlar. Bu qələbənin böyük mənası ondan ibarətdir ki, yarışda beş idmançı iştirak edib, beşi də Vətənə medalla qayıdıbdır.

Şübhəsiz ki, bu qələbənin Azərbaycanın idman tarixində xüsusi yeri vardır. Ona görə ki, bu qələbə Ermənistanda, İrəvanda keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatında qazanılmışdır. Bu, böyük, qələbədir. İrəvanda beş dəfə Azərbaycanın dövlət bayrağı qaldırılmışdır, bir dəfə Azərbaycanın dövlət himni səsləndirilmişdir. Ona görə bu qələbənin çox böyük mənası vardır və şübhə etmirəm ki, bu qələbə Azərbaycanın idman tarixində əbədi yaşayacaqdır. İlk dəfədir ki, idmançılarımız Ermənistanda keçirilən beynəlxalq yarışlarda iştirak ediblər və Vətənə üzüağ qayıdıblar. Azərbaycanı təmsil ediblər, ölkəmizin gücünü, müasir Azərbaycanın nəyə qadir olduğunu göstəriblər. Sizin qələbəniz bütün Azərbaycan xalqının qəlbində yaşayır, hər bir Azərbaycan vətəndaşı üçün əzizdir. Bu, sizin qələbənizdir, eyni zamanda, bu qələbə Azərbaycan gəncliyinin, Azərbaycan xalqının qələbəsidir.

Yarışlar ərəfəsində müxtəlif fikirlər mövcud idi. Çünki bu, bizim üçün ilk təcrübə idi. Azərbaycan idmançıları bu vaxta qədər heç vaxt Ermənistanda keçirilən beynəlxalq yarışlarda iştirak etmirdi. Yəqin ona görə ki, Ermənistanda, ümumiyyətlə, beynəlxalq yarışlar çox nadir hallarda keçirilirdi. Biz öyrəşmişik ki, Azərbaycanda, Bakıda müxtəlif beynəlxalq yarışlar - dünya, Avropa çempionatları, Olimpiya oyunlarının təsnifat turnirləri mütəmadi qaydada keçirilir. Ancaq Ermənistanda bu, çox nadir hallarda müşahidə olunur. Bununla bərabər, onu da deyə bilərəm ki, bu qərarın qəbul olunması da asan məsələ deyildi. Çünki birinci təcrübə idi. İlk növbədə, bizi idmançılarımızın təhlükəsizliyi düşündürürdü, narahat edirdi və məhz bu məqsədlə mənim göstərişimlə yarışdan qabaq Ermənistana nümayəndə heyəti göndərilmişdi. Bütün təhlükəsizlik tədbirləri təmin edilmişdi. Avropa Olimpiya Komitəsinin, Avropa Cüdo Federasiyasının üzvlərinin iştirakı ilə bütün lazımi sənədlər, müqavilələr bağlanmışdı və nəinki Ermənistan tərəfi, beynəlxalq idman qurumları bizə zəmanət vermişdilər ki, idmançılarımızın təhlükəsizliyi tam şəkildə təmin olunacaqdır.

Düzdür, yarışlar ərəfəsində bəzi etirazlar da səsləndi. Mənə demişdilər ki, bəzi qruplar, bəzi şəxslər etiraz ediblər, özlərini daha çox vətənpərvər kimi göstərmək istəyirdilər. Ancaq əsl vətənpərvərlik ondan ibarət deyil. Əsl vətənpərvərliyi siz nümayiş etdirmisiniz, orada Azərbaycan bayrağını qaldırmısınız. Bundan yüksək vətənpərvərlik, bəlkə də bundan yuxarı xidmət ola bilməz. Ona görə sizin qələbəniz bir daha onu göstərdi ki, bizim tərəfimizdən qəbul edilmiş qərar yeganə düzgün qərar idi. İdmançılar da çox ağır psixoloji şəraitdə öz məharətini göstərərək, böyük qələbə qazanaraq Vətənə qayıtdılar. Getdilər, Azərbaycan bayrağını qaldırdılar, himnimizi səsləndirdilər və qəhrəmanlar kimi Vətənə qayıtdılar. Ona görə mən sizi bu gün ürəkdən təbrik edirəm.

Siz indicə təyyarədən düşərək birbaşa bura, mənim yanıma gəlmisiniz. Sizin gəlişinizi Azərbaycan xalqı səbirsizliklə gözləyirdi. Bu qələbə hələ bundan sonra bir neçə gün ərzində, bəlkə aylar ərzində qeyd olunacaqdır. Bu qələbə böyük nailiyyətdir, eyni zamanda, böyük məsuliyyətdir. Artıq sizin adlarınız gənc yaşlarınızdan Azərbaycan tarixinə yazılıb. Həm Azərbaycanın idman tarixində, həm də ümumiyyətlə, müstəqil Azərbaycanın tarixində sizin qələbəniz yaşayacaqdır. Sizin qələbəniz gənc nəsil üçün, uşaqlar üçün, yeniyetmələr üçün örnək olmalıdır.

Mən bu gözəl hadisə, bu gözəl qələbə münasibətilə Cüdo Federasiyasını təbrik etmək istəyirəm, məşqçiləri təbrik etmək istəyirəm. Azərbaycanda cüdonun inkişafı göz qabağındadır və Olimpiya oyunlarında Elnur Məmmədlinin gözəl qələbəsi - bütün yarışları, bütün döyüşləri təmiz qələbə ilə başa vurdu. Elmar Qasımovun qələbəsi - bütün döyüşlərdə təmiz qələbə çaldı.

Digər idmançılarımızın medalları. Bütün bunlar məqsədyönlü, düşünülmüş işin nəticəsidir. Mən Cüdo Federasiyasını ürəkdən təbrik edirəm. Federasiyanın işçilərinə, məşqçilərə, bütün idmançılara öz minnətdarlığımı bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, həmişə olduğu kimi, gələcəkdə də beynəlxalq yarışlarda siz Azərbaycanın bayrağını yüksəklərdə saxlayacaqsınız.

Komanda hesabında kişilər arasında bizim komandamız ikinci yeri tutdu. Bu da böyük bir nailiyyətdir, böyük qələbədir. Düzdür, yarışın Ermənistanda keçirilməsi bütün başqa tərəfləri bir qədər kölgədə qoydu. Amma biz unutmamalıyıq ki, Avropa qitəsində kişilər arasında bizim gənc cüdoçularımız ikinci yerdədir. Birinci yerdə də ola bilərdilər. Ancaq o da həqiqətdir, yəqin ki, ən az tərkibdə təmsil olunan komandalardan biri də Azərbaycan komandasıdır. Cəmi beş idmançı və beş medal, beş gözəl qələbə və bütün Azərbaycan xalqının sevinci.

Vaxt gələcək və Azərbaycan əsgəri işğal olunmuş torpaqlarda, Dağlıq Qarabağda, Şuşada, Xankəndidə Azərbaycan bayrağını qaldıracaqdır. O vaxt gələcək. Azərbaycanın hərtərəfli inkişafı, bizim iqtisadi, hərbi qüdrətimiz bu günü yaxınlaşdırır.

Sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Bütün idman qurumlarını - federasiyanı, idman cəmiyyətlərini, Gənclər və İdman Nazirliyini, Milli Olimpiya Komitəsini və ilk növbədə, idmançıları bu gözəl qələbə münasibətilə bir daha təbrik etmək istəyirəm. Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqının sizə olan məhəbbətini ifadə etmək istəyirəm və sizə yeni uğurlar, yeni qələbələr arzulayıram.

 

* * *

 

Cüdo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Ağayar AXUNDZADƏ idmançılarımızın çempionatdakı çıxışları barədə dövlətimizin başçısına məlumat verərək dedi:

- Avropa çempionatında 38 ölkədən 250 idmançı iştirak edirdi. Əlbəttə ki, biz bu yarışlara Sizin xeyir-duanızla yola düşdük. Bundan əvvəl biz fikirləşirdik ki, çətin olacaq. Amma Sizin qarantınızla biz bu yarışlarda sərbəst iştirak etdik, heç bir sıxıntımız olmadı. Çünki idmançıların təhlükəsizliyi haqqında saziş imzalanmışdı. Doğrudan da, idmançıların hər biri istəyirdi ki, orada həm himnimiz səslənsin, həm də bayrağımız qaldırılsın.

Mənim fikrimcə, hər bir idmançı, necə deyərlər, var gücü ilə çalışdı. Düzdür, idmançılarımızın bəzi çıxışlarında sıxıntıları oldu. Amma hər biri səylə çalışırdı. Doğrudan da, axırıncı gün Elmarın qələbəsi mənə Pekin Olimpiya Oyunlarında Elnurun parlaq qələbəsini xatırlatdı. O, görüşlərinin beşini də təmiz qələbə - ipponla başa vurdu. Özü də başqa-başqa fəndlərlə. Doğrudan da, orada sensasiya oldu.

Avropa Cüdo Federasiyasının prezidenti Sergey Soloveyçik - açılışda 6 min tamaşaçı var idi - çıxış eləyərək dedi ki, Azərbaycana təşəkkür edirəm ki, bu yarışda iştirak edir. Sonra medalların təqdim olunması mərasiminə də özü gəldi. Medalı şəxsən özü təqdim etdi, təşəkkürünü bildirdi.

Biz idmançılar, məşqçilər Sizin idmana qayğınızı hər zaman hiss edirik. Nümayəndə heyətinin üzvləri - həm məşqçi, həm idmançılar, həm həkim, həm komandanın rəhbərliyi orada sıxıntı hiss etmədik. Çünki arxamızda Siz var idiniz, Azərbaycan var idi. İdmançılar döşək üzərində sanki Qarabağ uğrunda vuruşurdular. Ona görə Sizə təşəkkürümüzü bildiririk, çox sağ olun.

Yerevanda keçirilən cüdo üzrə Avropa çempionatının qalibi Elmar QASIMOV Prezident İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək dedi:

- Neçə gün idi ki, biz bu yarışı gözləyirdik. İstəyirdik ki, Ermənistana gedək. Ramin Qurbanovla məşqlər edirdik, danışırdıq ki, qələbə qazanandan sonra biz neynəyəcəyik?! Təəssüf ki, Raminin güləşi bir az alınmadı. Ona da ümidimiz var idi ki, çempion olacaq, bayrağımız qaldırılacaq, himnimiz səsləndiriləcəkdir. Amma son günlər ümid mənə idi. Mən ümidi doğrultdum, bayrağımız qalxdı və himnimiz səsləndi. Çox sağ olun.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli ƏLƏKBƏROV da Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevə bütün idmançılar adından təşəkkür edərək dedi:

- Cənab Prezident, Cüdo Federasiyası da, idmançılar da daim Sizin qayğı və diqqətinizi hiss etmişdir. Biz daim demişik ki, Azərbaycan cüdosunun gələcəyinə ən çox inanan Siz olmusunuz. Biz, hətta Pekində əldə etdiyimiz nəticələrə röya kimi baxırdıq. Amma Siz daim deyirdiniz ki, cüdoçulardan qələbə gözləyirəm. Bu gün bizim sevincimiz ikiqatdır. Biz Ermənistanda böyük bir qələbəyə imza atmışıq. Bizim nümayəndə heyəti Ermənistana gedəndə gördü ki, oradakı vəziyyətlə Azərbaycanı müqayisə etmək mümkün deyildir. Biz Azərbaycan vətəndaşı olmağımızla çox böyük qürur hissi keçiririk. Ora demək olar ki, sükuta qərq olmuş bir yer idi. Ermənistan əhalisi gördü ki, Azərbaycan gələcəyinə nə qədər investisiya qoyub, nə qədər istedadlı gənclərimiz, idmançılarımız vardır. Biz Sizin ümidlərinizi daim doğruldacağıq. Siz London Olimpiadasında da bizim qarşımıza konkret vəzifələr qoymusunuz və idmançılarımız gələcəkdə də sayıqlığı itirməməlidirlər. Biz indidən London Olimpiadasına hazırlaşırıq. Mən Sizə təşəkkürümü bildirmək istəyirəm.

Prezident İlham ƏLİYEV idmançıları bir daha təbrik edərək dedi: - Bir daha sizi təbrik edirəm. Doğrudan da, bizim üçün böyük hadisədir. Bu barədə danışmaq çox xoşdur və mən bir daha demək istəyirəm ki, yarışın gedişatı da sanki, əvvəlcədən planlaşdırılmış ssenari əsasında baş verdi. Birinci gün gümüş medal, ondan sonra üç medal və son nöqtə olaraq, yarışların axırıncı günündə Azərbaycanın dövlət himninin səslənməsi, yəni, qazanılmış qələbələrin - 2-ci, 3-cü yerlərin elə bil ki, zirvəsi idi. Yəni, elə bil ki, kimsə bu ssenarini belə yazıbdır. Amma bu, bir daha deyirəm ki, ədalətin təntənəsidir. Azərbaycan komandasının qələbəsi ədalətin təntənəsidir. Azərbaycanda idman sahəsində və bütün başqa sahələrdə görülən işlərin nəticəsidir.

Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman potensialı çox güclüdür. Bütün bu qələbələri qazanan idmançılar gənc idmançılardır və bu onu göstərir ki, çox güclü, fiziki cəhətdən, mənəvi cəhətdən sağlam, vətənpərvər, hazırlıqlı gənc nəsil yetişir. Budur Azərbaycanın gələcəyi. Mən çox şadam, çox sevinirəm və əminəm ki, hər bir Azərbaycan vətəndaşı bu hissləri mənimlə bölüşür. Bir daha sizi qələbə münasibətilə təbrik etmək istəyirəm. Sizə cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Sonda cüdo üzrə Avropa çempionatında iştirak edən komandamızın üzvləri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 sentyabr.- S.1.