Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva Polşa Respublikasının
"Xidmətlərə görə" Böyük Komandor
Xaçı ordeni ilə təltif olunmuşdur.
Sentyabrın 14-də
Heydər Əliyev Fondunda ordenin təqdimetmə mərasimi
olmuşdur.
Polşanın ölkəmizdəki
səfiri Kşiştof Krayevski bildirdi ki, Prezident Lex
Kaçinski Azərbaycan ilə Polşa arasında dostluq
münasibətlərinin inkişafındakı xidmətlərinə
görə Mehriban xanımı bu ordenlə təltif
etmişdir.
Azərbaycanın birinci
xanımının fəaliyyətinin Polşada yaxşı məlum
olduğunu qeyd edən diplomat dedi ki, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın fəaliyyəti hər kəsə
nümunədir.
Kşiştof Krayevski
Heydər Əliyev Fondunun 5 illik fəaliyyətini yüksək
qiymətləndirdi.
Sonra diplomat Polşa
Respublikasının "Xidmətlərə görə"
Böyük Komandor Xaçı ordenini Mehriban xanım Əliyevaya
təqdim etdi.
Xatirə şəkli
çəkdirildi.
Fəaliyyətinə
verilən yüksək qiymətə görə Polşa
Prezidentinə minnətdarlığını bildirən
Mehriban xanım Əliyeva bu ordenə layiq görülməsinin
onun üçün böyük şərəf olduğunu
dedi.
Ölkələrimiz və
xalqlarımız arasında tarixən dostluq əlaqələrinin
mövcud olduğunu diqqətə çatdıran Heydər Əliyev
Fondunun prezidenti bildirdi ki, dövlətlərimiz müstəqilliyini
bərpa etdikdən sonra bu əlaqələr müxtəlif
sahələrdə daha da inkişaf etmişdir.
Mehriban xanım Azərbaycan-Polşa
münasibətlərinin inkişafında dövlət
başçılarının qarşılıqlı səfərlərinin
böyük rol oynadığını vurğuladı.
Heydər Əliyev
Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb"
layihəsi çərçivəsində Samux rayonunun
Sarıqamış kənd orta məktəbinin tikintisinə
Polşanın göstərdiyi kömək, habelə Azərbaycanda
"Şopen ili"nə Heydər Əliyev Fondunun verdiyi dəstək
yüksək qiymətləndirildi.
AzərTAc
Azərbaycan.- 2009.- 15 sentyabr.- S. 2.