Cəmiyyətin tərəqqisi təhsildən
keçir
"Biz maddi dəyərlərimizi,
iqtisadi potensialımızı insan kapitalına çevirməliyik.
Çünki insanın savadı, biliyi onun gələcək
həyatını müəyyən edir, ölkənin hərtərəfli
inkişafına xidmət edir".
İlham Əliyev
Təhsil insan
kapitalının formalaşmasına etibarlı zəmin yaradan
ən mühüm vasitədir və cəmiyyətin hərtərəfli
inkişafının özülünü təşkil edir. Hər
bir tarixi mərhələdə ölkənin tələbatı
təhsilin inkişafını sürətləndirən
başlıca amilə çevrilir, elmi-texniki tərəqqi isə
bu sistem qarşısında həlli vacib mürəkkəb vəzifələr
müəyyənləşdirir.
Qloballaşma şəraitində
rəqabətin gücləndiyi, habelə zaman ötdükcə
təbii resursların azaldığı və ekoloji problemlərin
kəskinləşdiyi dövrdə təhsil müstəsna əhəmiyyət
kəsb edir. ABŞ, Yaponiya, Cənubi Koreya, Finlandiya və digər
inkişaf etmiş ölkələr malik olduqları maddi
resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan
kapitalından böyük gəlir əldə edirlər.
Təsadüfi deyildir
ki, Azərbaycanda da təhsil sisteminin dünya standartları səviyyəsinə
çatdırılması dövlətin prioritet hesab etdiyi məsələlər
sırasındadır. Son beş ildə milli təhsil
sisteminin inkişafı məsələsi öz məzmununu dəyişərək
Azərbaycanın gələcək inkişaf modelinin əsasını
formalaşdıran başlıca amil kimi gündəmə gətirilmiş,
insan kapitalının formalaşmasına xidmət edən
ümumtəhsil hərəkatı güclənmişdir.
Prezident İlham Əliyev
çıxışlarında daim xüsusi vurğulayır
ki, müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin
yeganə yolu elm və təhsilin, müasir biliklərin,
intellektual əməyin inkişafından, habelə kompüter
və informasiya texnologiyalarının bütün idarəetmə
səviyyələrində geniş tətbiqindən
keçir. Elm və təhsilə qayğı, bu sahədə
özünü göstərən bir sıra problemlərin həlli
hökumətin mühüm vəzifələrindən biri
kimi müəyyənləşdirilmişdir. Ölkə rəhbəri
ötən 5 ildə milli ənənələri qorumaqla,
Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi,
inkişaf etmiş dövlətlərin bu sahədəki qabaqcıl
təcrübəsinin mənimsənilərək
yayılması, ümumtəhsil məktəblərində,
ali təhsil müəssisələrində kompüter və
informasiya texnologiyalarının geniş tətbiqi məqsədinə
xidmət edən kompleks tədbirlər həyata
keçirmişdir. Bu diqqət həm də
respublikamızın sürətli iqtisadi inkişaf yolunda
olması, geniş maliyyə imkanları qazanması ilə
şərtlənir. Belə mühüm mərhələdə
mövcud uğurların qorunub saxlanılması
üçün idarəçilikdə yüksək
elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə
vacibdir.
Artıq yeni tədris
ilinin ilk günüdür. Son bir ildə təhsilə
dövlət qayğısı yenə də diqqət mərkəzində
saxlanmış, ölkə rəhbəri tərəfindən
çoxsaylı fərmanlar, sərəncamlar
imzalanmış, bir neçə istiqamət üzrə
proqramlar təsdiq olunmuşdur. Azərbaycan Respublikası
Prezidentinin sərəncamları ilə "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı", "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı", "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı"nın təsdiq
olunması ölkənin təhsil siyasətində
ardıcıllığın və sistemliliyin təmin
olunması baxımından təqdirəlayiqdir. Ötən il
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə ilk
dəfə olaraq ölkəmizdə "Dünyada
savadlılığın dəstəklənməsi"
mövzusunda YUNESKO-nun regional konfransı keçirilmişdir. Tədbirdə
dünyanın 150-dən çox ölkəsini təmsil edən
ekspertlər iştirak etmişlər. İSESKO ilə birlikdə
təşkil olunmuş İslam ölkələri ali təhsil
və elmi-tədqiqat nazirlərinin IV konfransı, Təhsil
Nazirliyi ilə Dünya Bankı arasında imzalanmış
ikinci kredit sazişi, Azərbaycan müəllimlərinin XIII
qurultayı, Bakı şəhərində M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin filialının
açılması, ölkə Prezidenti tərəfindən
"Bakı Dövlət Universitetinin 90 illik yubileyinin
keçirilməsi haqqında", "Ən yaxşı məktəb",
"Ən yaxşı müəllim" müsabiqələri
ilə bağlı sərəncamları ilin ən
mühüm hadisələri sırasındadır. Uzun
müddət gərgin müzakirələrə səbəb
olan və ictimaiyyətin səbirsizliklə gözlədiyi
"Təhsil haqqında" qanun da qəbul olunmuşdur.
2003-cü ildən
dövlət büdcəsi vəsaitlərinin ilbəil əhəmiyyətli
dərəcədə artımı təhsil sahəsində məhz
maliyyə çatışmazlığı ilə əlaqədar
uzun illərdən bəri yığılıb qalmış
bir sıra problemlərin hazırkı mərhələdə
həlli məsələsini aktuallaşdırmış, təhsilə
dövlət investisiyalarının həcminin
çoxalmasını təmin etmişdir. Dövlət
büdcəsində təhsilə ayrılan xərclərin
2008-ci ilə nisbətən 2009-cu ildə 238 milyon manat (21
faiz) artması, investisiyaların həcminin 2007-ci illə
müqayisədə 113,4 milyon manatdan 2008-ci ildə 220 milyon
manata, təhsil işçilərinin orta aylıq əmək
haqlarının 2008-ci ildəki 220 manatdan 2009-cu ildə 257
manata çatdırılması ölkə rəhbərinin təhsil
işçilərinə diqqət və
qayğısının nəticəsidir. Büdcədə ən
böyük vəsaitin ordudan sonra məhz təhsilə
ayrılması Prezident İlham Əliyevin bu sahənin milli
inkişaf və tərəqqi prosesindəki müstəsna
rolunu adekvat dəyərləndirməsindən xəbər
verir. Ölkə başçısının sərəncamları
ilə son bir ildə 247 nəfər təhsil işçisi
dövlət təltiflərinə layiq
görülmüşdür.
Təhsilin forma və məzmunca
müasirləşdirilməsi prosesi, eyni zamanda, yeni
dövrün tələblərinə cavab verən təhsil
infrastrukturunun formalaşdırılmasını tələb
edir. Son illərdə keçmiş İttifaq dövründə
inşa edilən və müasir tələblərə cavab
verməyən məktəblərin təmiri və bərpası,
yenidənqurulması da məhz bu zərurətdən irəli
gəlmişdir. Problemin həlli - məktəblərdə əsaslı
təmir-tikinti işlərinin aparılması, müasir tipli
yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi
hələ 11 fevral 2004-cü il tarixli "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
(2004-2008-ci illər) Dövlət Proqramı"nda əksini
tapmışdır. Dövlət proqramı ayrı-ayrı
bölgələrdə təhsil infrastrukturunun yeniləşməsinə
ciddi zəmin yaratmış, orta ümumtəhsil məktəblərinin
bərpası və yenidənqurulması, habelə yeni məktəblərin
tikintisi prosesi geniş vüsət almışdır. Cənab
İlham Əliyevin bu sahəyə diqqət və
qayğısının nəticəsi kimi, son illər Azərbaycanın
təhsil müəssisələri böyük tikinti
meydanını xatırladır. Eyni zamanda, "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
avadanlıqla təmin olunmasına dair İnkişaf
Proqramı (2005-2009-cu illər)" bu sahədə təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsini təmin
etmişdir.
Dövlət
başçısı İlham Əliyevin 14 aprel 2009-cu il
tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da
regional inkişafa təkan verən fundamental əhəmiyyətli
sənəd olaraq məktəblərin tikintisinə və
yenidənqurulmasına xüsusi yer ayırır. Proqrama əsasən,
qarşıdakı beş ildə təhsil sahəsində həyata
keçiriləcək işlər onun strukturunun və məzmununun
yeniləşməsinə istiqamətlənəcəkdir. Ölkədə
bütün əhali təbəqələri üçün
müasir tələblər səviyyəsində qurulmuş təhsil
xidmətlərinin göstərilməsini təmin edə biləcək
maddi-texniki və tədris-metodiki şəraitin
yaradılması və bu zəmində təhsil sisteminin
yüksək sosial-iqtisadi səmərəliliyinə nail
olunması dövlətin sosial siyasətində əsas yer
tutur. Eyni zamanda, ölkədə rəqabətqabiliyyətli
iqtisadi sistemin formalaşdırılması və davamlı
inkişafın təmin edilməsi baxımından müasir tələblərə
cavab verən kadrlara ehtiyacın ödənilməsi, gənclərin
ümumbəşəri dəyərlər əsasında
layiqli ali təhsil almaları üçün lazımi şəraitin
yaradılması, dünyanın nüfuzlu təhsil
ocaqlarında oxumaq imkanlarının genişləndirilməsi
prosesinin mütəşəkkilliyi və səmərəliliyinin
artırılmasını təmin etmək prioritet olaraq
qalır. Bu məqsədlərə nail olmaq üçün
qarşıdakı illərdə təhsilin məzmununun
müasirləşdirilməsi, onun keyfiyyətinin
artırılması, yeni məktəblərin inşası,
onların texniki və kadr təminatının yaxşılaşdırılması,
təhsil müəssisələrinin informasiya-kommunikasiya
üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi,
kompüter avadanlığı və digər zəruri rəqəmsal
avadanlıqla təminatının
yaxşılaşdırılması, məktəb
kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi,
əhalinin bütün təbəqələri
üçün təhsil almaq imkanlarının bərabərləşdirilməsi,
xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq
imkanları məhdud) uşaqların təhsilinin
yaxşılaşdırılması və digər məsələlər
nəzərdə tutulur.
2008-2009-cu illərdə
dövlət proqramı hesabına 44176 yerlik 152 yeni məktəb
binası tikilmişdir. 36 təhsil müəssisəsində
14600 şagird yerlik əlavə korpus inşa edilmişdir. Digər
mənbələr hesabına 2009-cu ildə 8286 yerlik 27 yeni məktəb
binası, 6 məktəb üçün əlavə korpuslar
tikilmişdir. Beləliklə, son bir ildə 179 yeni məktəb
binası, 42 məktəb üçün əlavə
korpuslar inşa edilmiş, 118 məktəb binası əsaslı
təmir olunmuş, 293 təhsil ocağının istilik
sistemi təmir və bərpa edilmişdir. Son bir il ərzində
377 məktəb avadanlıqla təmin olunmuş, müstəqillik
illərində ilk dəfə olaraq 119 təhsil ocağı
ilin sonunadək ən çox ehtiyac duyulan müasir kimya və
fizika laboratoriyaları ilə təmin olunacaqdır.
Məktəblərin
infrastrukturunun yeniləşdirilməsində Heydər Əliyev
Fondunun müstəsna xidmətləri var. Mötəbər
qurumun reallaşdırdığı ən möhtəşəm
layihələrdən biri "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsidir. Son illərdə fondun təşəbbüsü
ilə 300-ə yaxın yeni məktəb, uşaq
bağçası, uşaq evi, internat məktəbi
binaları tikilib istifadəyə verilmiş, əsaslı təmir
və bərpa olunmuş, müasir avadanlıqlarla təmin
edilmişdir. 2009-cu ildə fondun təşəbbüsü ilə
1600 yerlik 6 məktəb binası inşa olunmuşdur. Heydər
Əliyev Fondu elm və təhsil sahəsinə qrantların
ayrılmasına, istedadlı şagirdlərə, tələbələrə
və alimlərə təqaüdlərin verilməsinə də
xüsusi diqqət ayırır. Bundan başqa, qurumun dəstəyi
ilə 130 adda 1,4 milyon ədəd tədris üçün əyani
vəsait hazırlanıb çap olunmuş və məktəblərə
paylanmışdır.
Respublikada həyata
keçirilən inkişaf strategiyası ölkədə
yoxsulluq səviyyəsinin azaldılmasını, əhalinin
maddi rifahının
yaxşılaşdırılmasını, işsizliyin aradan
qaldırılmasını, xüsusilə gənclərin
faydalı məşğulluğunun
artırılmasını, rayon və kənd yerlərində
sosial-məişət şəraitinin
yaxşılaşdırılmasını, o cümlədən
təhsil sahəsində aktual problemlərin həlli kimi
strateji istiqamətləri özündə əks etdirir. Azərbaycan
Prezidenti İlham Əliyevin imzaladığı fərman və
sərəncamların hər birində faktiki olaraq, pedaqoji
kadrların işlə təmin edilməsi, kadr tələbatının
ödənilməsi, ən nəhayət, pedaqoji profilli gənc
mütəxəssislərin konkret iş yerlərinə
göndərilməsi probleminin həlli aktual məsələ
kimi önə çəkilmişdir. Dövlət
başçısı bölgələrdə, ucqar kəndlərdə
müəllim çatışmazlığının həlli
üçün bütün zəruri tədbirlərin həyata
keçirilməsini, o cümlədən
stimullaşdırıcı addımların
atılmasını vacib sayır. Nazirlər Kabineti tərəfindən
təsdiq olunmuş və 2005-2009-cu illəri əhatə edən
ölkənin ümumtəhsil məktəblərinin pedaqoji
kadrlarla təminatı üzrə inkişaf proqramı
başa çatdırılmış, ümumilikdə 6179, o
cümlədən 2009-cu ildə 1308 nəfər müəllim
stimullaşdırıcı tədbirlər tətbiq edilməklə
respublikanın ehtiyacı olan ucqar kənd məktəblərinə
göndərilmişdir.
Müasir dövrdə təhsilin
səviyyəsi həm də hər bir ölkədə
kompüter və informasiya texnologiyalarının sürətli
inkişaf dinamikası ilə şərtlənir. İnformasiya-kommunikasiya
texnologiyalarının istisnasız olaraq hər bir fəaliyyət
sahəsinə nüfuz etməsi dünyanı nəhəng
informasiya məkanına çevirmişdir. Hazırda elə
bir vəziyyət yaranmışdır ki, informasiyanı
yaradanlar deyil, onlardan vaxtında və çevik istifadə edənlər
daha çox inkişaf edirlər. Tədqiqatlar göstərir
ki, İKT sahəsində savadlılığın dövlətə
verdiyi fayda istənilən sənaye yeniliyinin səmərəsindən
bir neçə dəfə çoxdur. Bu reallığı
düzgün dəyərləndirən dövlət
başçısı hələ 2003-cü ilin dekabrında
Cenevrədə keçirilən ümumdünya sammitində
çıxış edərək demişdir ki, Azərbaycanda
neftdən sonra prioritet sahə informasiya və kommunikasiya
texnologiyaları olmalıdır. Bu baxımdan ölkə
Prezidentinin sərəncamı ilə 2004-cü il avqustun 21-də
"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı (2005-2007)" xüsusi əhəmiyyət kəsb
etmişdir. Bu proqram ölkədə yeni informasiya
texnologiyalarından istifadə olunmaqla təhsilin keyfiyyətinin
yüksəldilməsinə xidmət edən, dünya təhsilinə
inteqrasiya imkanı verən vahid təhsil informasiya sistemi
yaratmaq və əhalini informasiya cəmiyyətinə
hazırlamaq məqsədi daşıyırdı. Ölkə
başçısının sərəncamı ilə ikinci
- 2008-2012-ci illəri əhatə edən "Təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" təsdiq olunmuşdur. Ötən dərs ilində
nazirliyin nəzdində Məlumat və Resurs Mərkəzi
açılmış, ictimaiyyəti təhsil sahəsindəki
yeniliklərlə operativ məlumatlandırmaq və elektron tədris
resurslarından istifadəni təmin etmək məqsədilə
Milli Təhsil Portalı yaradılmışdır. Təhsil
Nazirliyi ilə "Microsoft" və "İntel"
şirkətləri arasında bağlanmış memoranduma əsasən,
"bir şagirdə bir kompüter" konsepsiyası
reallaşdırılır. Dövlət proqramına əsasən,
inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla,
2008-ci ildə 10 min, 2009-cu ilin sonunadək 12 min nəfər
treninqlərdən keçərək İKT
bacarıqlarına yiyələnəcəklər.
Hər bir insanın
mütəxəssis kimi yetişdirilməsi,
formalaşdırılması və cəmiyyətdə rolunun
artırılması qısa vaxtda mümkün deyildir. Buna
görə də normal həyat səviyyəsinə nail olmaq
üçün gənc nəslin yüksək təhsil
almasına münbit şərait yaradılmalıdır. Bu
reallıqları nəzərə alan Prezident İlham Əliyev
hələ 2006-cı ildə test imtahanlarında yüksək
bal toplamış magistr tələbələrin xaricdə təhsil
almasına maliyyə vəsaiti ayrılması
üçün ARDNŞ rəhbərliyinə göstəriş
vermişdir. Bunda məqsəd bütün sahələrdə
sürətlə inkişaf edən Azərbaycan
üçün peşəkar kadrların
hazırlanmasıdır. Azərbaycan Prezidentinin 19 oktyabr
2006-cı il tarixli "Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsil almasına dair Dövlət
Proqramı haqqında" sərəncamı isə bu sahədə
həyata keçirilən işlərin səmərəliliyinin
artırılması, pərakəndəliyin aradan
qaldırılması məqsədilə müvafiq nazirliklərə
aidiyyəti qurumlarla birlikdə azərbaycanlı gənclərin
xarici ölkələrdə təhsil almalarına dair dövlət
proqramı hazırlamaq tapşırığı
verilmişdir. Bu sərəncam əsasında "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"
hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı
ilə təsdiq olunmuşdur. Hazırda 5 mindən çox azərbaycanlı
gənc xarici ölkələrin universitetlərində təhsil
alır. Onlardan 832 nəfəri ayrı-ayrı tərəfdaş
ölkələrlə imzalanmış müqavilələr əsasında
Azərbaycan üçün ayrılmış kvotalar
hesabına xarici ölkələrin universitetlərində
oxuyanlardır.
Dövlət
proqramına əsasən, son 3 ildə 498 nəfər təhsil
almaq üçün xarici ölkələrin aparıcı
universitetlərinə göndərilmişdir. Təhsil
alanlardan 43-ü artıq məzun olmuşdur.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı" eyni
zamanda elm sahəsində qarşıdakı 5 ildə həyata
keçiriləcək tədbirlər sistemini özündə
ehtiva edir. Proqrama əsasən, elm sahəsində mühüm
vəzifələrdən biri də aparılan tədqiqatların
praktiki əhəmiyyətinin artırılmasından, elmi-tədqiqat
və layihə institutları ilə təsərrüfat
subyektləri arasında əlaqələrin daha sıx
qurulmasının təmin edilməsindən ibarətdir.
Bu məqsədlə
qarşıdakı illərdə elmi-texniki potensialın
qorunması və inkişaf etdirilməsi, ölkənin elmi
kadr potensialının artırılması və onun sosial
müdafiəsinin gücləndirilməsi, dövlətin
informasiya ehtiyatlarının artırılması və
innovasiya proseslərinin sürətləndirilməsi, elmi
müəssisələrdə və ali məktəblərdə
aparılan elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi
və istiqamətləndirilməsi üzrə işin daha da
gücləndirilməsi, əhalinin
sağlamlığının qorunmasında və ekoloji təhlükəsizliyin
təmin edilməsində elmi potensialdan səmərəli
istifadə edilməsi, xarici ölkələrdə təhsil
almaq və təcrübə keçmək yolu ilə yüksək
ixtisaslı kadrların hazırlanması nəzərdə
tutulur.
Göründüyü
kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında bu
gün respublikada həyata keçirilən genişmiqyaslı
islahatların qayəsində məhz insan faktoru dayanır. Təhsilin
sağlam bünövrəsi isə gələcək nailiyyətlərimizin
başlanğıcı və təməli olmalıdır. Ona
görə də dövlət səviyyəsində həyata
keçirilən tədbirlər birinci növbədə Azərbaycan
təhsilində özünü göstərən problemlərin
aradan qaldırılmasına, milli təhsilimizin keyfiyyətinin
yüksəlməsinə xidmət etməlidir.
İ.ƏLİYEVA
Azərbaycan.- 2009.- 15 sentyabr.- S. 2.