- Əli müəllim,
ölkəmiz yeni siyasi mövsümün astanasındadır.
Oktyabrda parlamentin payız sessiyası başlayacaq, dekabrda bələdiyyə
seçkiləri keçiriləcək. Bunlara keçməzdən
öncə istərdik 2009-cu ilin geridə qoyduğumuz
dövrünün siyasi-iqtisadi yekunları barədə qənaətlərinizi
bölüşəsiniz...
- 2009-cu ilin arxada qalan dövrünü
dəyərləndirmək istəsək, kifayət qədər
ürəkaçan mənzərənin olduğunu görərik.
İlk növbədə qeyd edilməlidir ki, bu dövr
respublikamızın siyasi həyatı üçün xeyli
uğurlu olub. Amma bu uğurlardan danışarkən öncə
2008-ci ilin oktyabrında keçirilmiş prezident seçkilərinə
nəzər yetirməliyik. Çünki məhz ötənilki
prezident seçkilərinin yaratdığı xoş ovqat
2009-cu ilin uğurlu siyasi həyatının başlaması
üçün etibarlı təməl oldu. Bu mənada Azərbaycan
vətəndaşlarının seçkilərdəki
yüksək fəallığı və prezidentliyə namizəd
cənab İlham Əliyevin seçicilər tərəfindən
çox ciddi şəkildə dəstəklənməsi
2009-cu ilin siyasi ab-havasını şərtləndirən
başlıca amildir.
Azərbaycan vətəndaşlarının
növbəti dəfə də İlham Əliyevə inam ifadə
etməsi çox ciddi əsaslara söykənirdi. Bu əsaslar
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
iqtisadiyyatının sürətli inkişafı və bu
yüksəliş əsasında həyatımızın
köklü surətdə dəyişməsi ilə bilavasitə
əlaqədardır. Cənab İlham Əliyevin birinci
prezidentlik müddəti ölkəmizin tarixinə Azərbaycan
iqtisadiyyatının dinamik və sürətli inkişaf
dövrü kimi daxil oldu. İllik 25, 32, 34 faiz iqtisadi
artımlar dünya iqtisadiyyatında çox nadir hallarda rast gəlinən
inkişaf göstəriciləridir. Dinamik artımla
müşahidə olunan bu iqtisadi göstəricilər Prezident
İlham Əliyevin ilk beş il ərzində Azərbaycana
layiqli rəhbərliyi sayəsində
qazandığımız nailiyyətlərin yalnız bir qismi
idi.
2008-ci il prezident
seçkilərinin taleyini məhz bu uğurlar, xalqın
Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi qiymət
həll etdi. Eyni zamanda, vətəndaşlarımız
qarşıdan gələn 5 il ərzində də Azərbaycanın
inkişafına təminat olacağına inanaraq cənab
İlham Əliyevi növbəti dəfə dəstəklədilər.
Belə bir əhvali-ruhiyyə
və ovqatla Azərbaycan xalqı 2009-cu ilə qədəm
qoydu. 2009-cu ildə ölkəmiz üçün siyasi fəallıq
baxımından kifayət qədər yaddaqalandır. Bildiyiniz
kimi, Azərbaycan Respublikasının Milli Məclisi
Konstitusiyaya bir sıra dəyişikliklər edilməsi ilə
əlaqədar referendum keçirilməsi üçün
2008-ci ilin sonuna yaxın qərar qəbul etmişdi. Həmin qərara
əsasən, 2009-cu il mart ayının 18-də ölkəmizdə
ümumxalq səsverməsi keçirildi,
Konstitusiyamızın təkmilləşdirilməsini və
xalqımızın maraqlarını özündə ehtiva edən
əlavə və dəyişikliklər təsbit olundu. Referendumun
uğurla başa çatması Azərbaycan vətəndaşlarının
Prezident İlham Əliyevə dərin inamının,
etimadının bilavasitə ifadəsi idi. Referendum bir yandan Azərbaycan
qanunvericilik bazasının, Konstitusiyanın təkmilləşdirilməsi
yönümündə atılan addım, digər tərəfdən
isə, etiraf etmək lazımdır ki, iqtidarın həyata
keçirdiyi siyasətə vətəndaşların
inamını və etibarını özündə təcəssüm
etdirən siyasi aksiya kimi müasir tariximizə həkk olundu.
Fərəhlə qeyd
etməliyik ki, başlıca siyasi hadisələr sayılan
bütün bu uğurlar dünya iqtisadiyyatının qədəm
qoyduğu tənəzzül və böhran dövründə
Azərbaycan iqtisadiyyatının
davamlılığının və bu
dayanıqlılığının bilavasitə, qəti
şəkildə özünü ifadə etməsi fonunda
baş verdi. Bütövlükdə dünya üçün
2008-ci ilin ikinci yarısı və 2009-cu il kifayət qədər
ciddi iqtisadi təlatümlərlə yadda qalıb. Beynəlxalq
maliyyə və iqtisadi tənəzzülün dünyanın
bir çox dövlətlərini lərzəyə
salmasına baxmayaraq, Azərbaycan - artıq bunu qəti şəkildə
ifadə etmək mümkündür - böhranın təsirlərinə
və təzyiqlərinə nə qədər dayanıqlı
olduğunu bu müddət ərzində təsdiqləyə
bildi. Azərbaycan iqtisadiyyatı digər ölkələrdə
müşahidə olunan sıxıntıları
yaşamadı. Əksinə, bu il də davamlı olaraq
inkişaf göstəricilərini nümayiş etdirdi. İndi
dünyada çox az ölkəni nümunə gətirmək
mümkündür ki, 2008-2009-cu illərin dərin maliyyə-iqtisadi
böhranı dövründə yüksəliş nəticələrini
göstərə bilib. Bu azsaylı ölkələrdən
biri də Azərbaycandır.
Bunun özü Azərbaycanda
həyata keçirilən iqtisadi siyasətin nə qədər
ciddi və etibarlı dayaqlar üzərində qərar
tutduğunu təsdiqləyir.
Təbii ki, Azərbaycanın
ictimai-siyasi həyatını Qarabağ problemi ilə əlaqədar
danışıqlar prosesindən və bu prosesin
yaratdığı atmosferdən kənarda təsəvvür
etmək mümkün deyil.
Güman edirəm ki, bu
istiqamətdə də arxada qoyduğumuz dövr
insanlarımızı bəzən həyəcanlandıran,
amma bütövlükdə prosesin ümidverici istiqamətdə
getdiyini təsdiqləyən hallarla yadda qalıb.
- Qarşıdan bələdiyyə
seçkiləri gəlir. YAP-ın seçkilərlə
bağlı hazırlıq işləri nə yerdədir və
partiyanın şansını necə dəyərləndirirsiniz
?
- Siyasi hadisələr
baxımından 2009-cu il zəngin və uğurlu illərdən
biri kimi yadda qalacaq.
Əvvəldə, qeyd
etdiyim kimi, 2009-cu ildə referendum uğurla keçirildi. Bu
ilin sonunda isə ölkəmizdə yerli özünüidarəetmə
orqanlarına növbəti seçkilər keçiriləcək.
Yeni Azərbaycan Partiyası həmişə seçkilərə
ciddi yanaşıb. Çünki demokratik cəmiyyətdə
siyasi partiyanın qarşısında duran başlıca vəzifə
və missiya seçkilərin keçirilməsində
iştirak etmək və əgər imkanı çatarsa,
seçkilərdən qalib çıxmaqdır. Buna görə
istənilən seçkilərdə YAP yaxından iştirak
edir, o cümlədən də bələdiyyə seçkilərində.
Bələdiyyə seçkiləri özünün
miqyası və kütləviliyi ilə digər seçkilərdən
bir qədər fərqlənir. Buna görə də, həmişə
olduğu kimi, YAP yenə də seçki kampaniyasına start
verilməzdən xeyli qabaq hazırlıq işlərinə
başlayıb. Partiyamızın bələdiyyə
seçkiləri ilə bağlı konsepsiyası da
hazırdır. Əsas
çağırışlarımızı, seçki ilə
bağlı mühüm fəaliyyət istiqamətlərimizi
və hədəflərimizi müəyyənləşdirmişik.
Biz mütləq şəkildə
belə bir mövqedən çıxış edirik ki, bələdiyyə
seçkiləri yerli özünüidarə orqanlarına
keçirilən seçki olduğu üçün
seçki kampaniyasının bütün
ağırlığı yerlərə düşür. Ona
görə bu kampaniyanın bütün
ağırlığını YAP-ın yerli strukturları
öz üzərlərinə götürməli olacaqlar. Artıq
YAP-ın bütün strukturları konsepsiyamızın həyata
keçirilməsi işinə səfərbər ediliblər.
Bir neçə rayon təşkilatında seçki qərargahları
yaradılıb və bu proses davam etməkdədir.
Bu mənada, deyə bilərəm
ki, YAP-ın yerli təşkilatları seçkilərlə
bağlı konkret addımların atılması ilə əlaqədar
hazırlıq yox, bilavasitə praktik işlərin
keçirilməsi mərhələsindədir.
Bələdiyyələrə
namizədliklərin irəli sürülməsi də əsas
etibarilə yerlərdə olmalıdır. İrəli
sürülən namizədlərin təşviqatı bələdiyyələrin
yerləşdiyi ərazini və seçici kontingentini əhatə
etməlidir. Namizədlərin təşviqat
kampaniyasının da bütün ağırlığı
yerli strukturların üzərinə düşür. Nəticə
etibarilə bütün bunlar YAP-ın yerli
strukturlarının üzərinə böyük məsuliyyət
qoyur.
Görülən
işlər YAP-ın bələdiyyə seçkiləri ilə
əlaqədar hazırlığının yüksək səviyyədə
olmasından xəbər verir. Malik olduğu təcrübə,
təşkilati və insani resurslar YAP-ın bu seçkini də
yüksək səviyyədə başa vurmasına imkan verəcək.
Bir məsələni də
xüsusilə qeyd etmək lazımdır ki, hər bir
seçkinin taleyini vətəndaşların seçkilərdə
yaxından iştirak edən partiyaya və onun rəhbərliyinə
münasibəti həll edir. YAP Prezident İlham Əliyevin rəhbərlik
etdiyi siyasi təşkilatdır. Təbii ki, Azərbaycan vətəndaşlarının
Prezident İlham Əliyevə olan etimadı və onun həyata
keçirdiyi siyasətə göstərdiyi dəstək
dövlət başçısının rəhbərlik
etdiyi partiyanın da ictimai nüfuzuna transfer etmiş olur. Prezident
İlham Əliyevə etimad göstərən insanlar, təbii
olaraq, YAP-ı dəstəkləyirlər. Bütün
seçkilərdə biz bu dəstəyi açıq şəkildə
müşahidə etmişik. İnanırıq ki,
qarşıdan gələn bələdiyyə seçkilərində
də Prezident İlham Əliyevin siyasətini dəstəkləyən
Azərbaycan vətəndaşları və seçiciləri
onun rəhbərlik etdiyi partiyanı və onun seçki
konsepsiyasını da dəstəkləyəcəklər. Prezident
İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə
həyata keçirilən regionların sosial-iqtisadi
inkişafı proqramının reallaşması nəticəsində
əldə edilən yüksək göstəricilər,
regionların inkişafı və simasının köklü
surətdə dəyişməsi bələdiyyə
seçkilərində YAP-ın irəli sürdüyü
namizədlərin dəstəklənməsi üçün
etibarlı zəmin yaradır. Çox vacib bir məqamı da
unutmayaq: xalqın Prezident İlham Əliyevə bəslədiyi
misilsiz etimad YAP-ın nüfuzunu daha da möhkəmləndirən
əsas amildir.
- YAP-ın irəli
sürəcəyi namizədlər hansı kriteriyalar üzrə
müəyyənləşəcək?
- Bələdiyyə
seçkilərində namizədlərin irəli
sürülməsi zamanı biz vacib meyarları nəzərə
almalı və həmin mövqedən çıxış
etməliyik. Bələdiyyələr kifayət qədər
kütləvi idarəetmə orqanıdır. Bu il 1700-dən
yuxarı bələdiyyəyə seçkilər keçiriləcək.
İrəli sürülən namizədlərin sayı isə
təxminən 20 min nəfər civarında olacaq. Azərbaycan
miqyasında bu, kifayət qədər kütləvi
seçkidir. Bu mənada qarşımızda duran ən
başlıca vəzifələrdən biri ondan ibarətdir
ki, 20 min bələdiyyə üzvlüyünə Azərbaycanın
bütün regionlarında ən layiqli insanların namizədliyini
irəli sürək. Bu namizədlər özlərini həmin
bələdiyyələrin əhatə etdiyi ərazilərdə
müsbət imicləri ilə tanıtmış insanlar
olmalıdır. Ona görə biz
çalışırıq ki, gərək vətəndaşların
etibar etdiyi, inandığı partiya üzvlərinin namizədliyi
irəli sürülsün.
Azərbaycanda artıq
onuncu ildir ki, bələdiyyələr fəaliyyət göstərir.
Bu müddətdə Azərbaycan vətəndaşlarının
bələdiyyələrə olan münasibəti də tələbkarlığın
artması baxımından dəyişibdir. Bu günə qədər
biz bələdiyyələrin təcrübə toplaması və
özünü ifadə etməsi mərhələsini
yaşadığını qeyd edirdik. Artıq on yaşı
keçəndən sonra bələdiyyələr
özünü tanıtmaq və yaxud ifadə etmək mərhələsində
olan yerli özünüidarəetmə orqanı kimi dəyərləndirilə
bilməz. Onlar artıq insanların məişətinin
yaxşılaşmasına, bölgələrdə problemlərin
səmərəli şəkildə həllinin
tapılmasına xidmət edən konkret layihələr irəli
sürüb həyata keçirməlidirlər. Bu prizmadan
yanaşdıqda indiki mərhələdə bələdiyyələrin
qarşısında daha məsuliyyətli vəzifələr
durur. Çünki, qeyd etdiyim kimi, vətəndaşlar bələdiyyələrə
daha böyük tələbkarlıqla yanaşmağa
başlayıblar. Demək, biz bələdiyyələrə
namizədlər irəli sürərkən bu meyar mütləq
şəkildə nəzərə alınmalıdır ki,
onlar vətəndaşların bələdiyyələrə
olan tələbkarlığına uyğun şəkildə
fəaliyyət göstərə bilməlidirlər.
Bu gün ölkədə
bələdiyyələrin fəaliyyət əmsalının
yüksəldilməsi ilə əlaqədar ictimai
düşüncədə çox ciddi müzakirələr
getməkdədir. Bələdiyyələrin daha səmərəli
fəaliyyət göstərə bilmələri, qarşılarında
duran vəzifələri daha yaxşı və keyfiyyətli
yerinə yetirmələri üçün qanunvericilik
bazası daim təkmilləşdirilir. Ona görə bələdiyyələrə
namizədlikləri irəli sürülən insanlar həm də
bu vəzifələrin yerinə yetirilməsinə
hazırlıqlı adamlar olmalıdır. Onlar bələdiyyə
üzvü seçildikdən sonra təcrübə
qazanmalı yox, artıq bu təcrübəyə yiyələnmiş
insanlar olmalıdır. Bələdiyyələr beş il ərzində
fəaliyyət göstərir və bu müddəti bələdiyyə
üzvü özünün təcrübə toplaması
üçün seçilən vaxt kimi dəyərləndirə
bilməz. Bələdiyyələrə seçilən
insanlar ilk gündən səmərəli fəaliyyət
göstərməyə hazır olmalıdırlar. Çox
vacib meyarlardan biri də bundan ibarətdir.
Bələdiyyələrə etimadın artırılması
da seçiləcək bələdiyyə üzvlərinin
qarşısında duran əsas vəzifələrdən
biridir. Elə vətəndaşların namizədliyini irəli
sürməliyik ki, onlara seçicilər tərəfindən
yüksək etimad göstərilsin, inanılmış
insanlar olsunlar.
Digər tərəfdən,
bələdiyyələrə namizədliklər irəli
sürülərkən gənclərə və qadınlara
daha cəsarətlə üstünlük verməyə
çalışmaq lazımdır. Bu gün bələdiyyə
üzvlərinin cəmi 3,8 faizini qadınlar, 5,5 faizini isə
gənclər təşkil edir. Azərbaycan gəncləri və
qadınları öz potensiallarına uyğun olaraq bələdiyyələrdə
təmsil olunmağa layiqdirlər. Konkret olaraq, YAP-ın
üzvü olan qadınların və gənclərin say
etibarilə və vətəndaş fəallığı
baxımından bələdiyyələrdə daha çox
sayda təmsil olunmağa imkanları var. Biz daha cəsarətlə
həm qadınların, həm gənclərin bələdiyyələrdə
təmsil olunmaq üçün namizədliklərini irəli
sürəcəyik.
- Bəs müxalifətin
şansı? Amma deyəsən, bəzi müxalifət
partiyaları seçkilərə qatılmaq istəmirlər?
- 2004-cü ildə
keçirilən bələdiyyə seçkilərində
partiya olaraq yalnız YAP iştirak etdi. O zaman bəzi
müxalifət partiyalarının seçkidə iştirak
etməməsi məsələsi müzakirə olunurdu.
Həmin partiyalar bu
müzakirələrdə iştirak etsələr də,
seçkilərə qatılmadılar. Əgər siyasi
partiya özünə hörmət edirsə, gücünə
inanırsa, istənilən seçkidə, o cümlədən
kütləviliyi ilə fərqlənən bələdiyyə
seçkilərində mütləq şəkildə
iştirak etməlidir. Çünki bələdiyyə
seçkilərinə qatılmayan partiya ən azı bölgələrdə
hansı nüfuza və ictimai çəkiyə malik
olmasını müəyyənləşdirə bilməz. Özünə
hörmət edən partiya qarşıdan gələn bələdiyyə
seçkilərində iştirak edib, nə dərəcədə
siyasi səhnədə yer tutmağa iddialı olduğunu və
buna nə qədər hüququnun
çatdığını sübut etməyə cəhd
göstərməlidir.
Amma bu o qədər də
asan məsələ deyil. Çünki ən azı
çoxlu sayda bələdiyyə üzvlüyünə namizəd
irəli sürmək lazımdır. Görəsən,
seçkilərdə iştirak etmək istəməyən həmin
partiyaların sosial bazası buna imkan verirmi? Üstəlik, irəli
sürülən namizədlərin seçki
kampaniyasını da təşkil etmək lazımdır. Həmin
partiyaların namizədlərinin seçki
kampaniyalarının həyata keçirilməsində
iştirak edə biləcək insanları varmı? Bunlar
müxalifət partiyalarının qarşısında duran əsas
vəzifələrdir. Seçki kampaniyası ərəfəsində
olduğumuza görə, ayrı-ayrı siyasi partiyaların nəyə,
hansı gücə və resursa malik olduqları barədə
fikirlər söyləmək istəməzdim.
Amma yenə də
özünə hörmət edən bütün siyasi
partiyaları bələdiyyə seçkilərində
iştirak etməyə səsləyirəm. Bu, ən azı
partiyaların nə dərəcədə Azərbaycan
ictimaiyyəti tərəfindən dəstəkləndiyini
müəyyənləşdirən bir barometrdir ki, bundan da
istifadə etmək lazımdır.
- "Siyasi partiyalar
haqqında" qanunun təkmilləşdirilməsi və ya
yeni qanunun qəbulu ilə bağlı müzakirələr
getdikcə qızışmaqdadır. Bu barədə fikirlərinizi
bilmək maraqlı olardı.
- Bu gün Azərbaycanın
siyasi mühiti kifayət qədər fəaldır. Bu fəallığın
kökündə Azərbaycanda siyasi fəaliyyət
üçün yaradılmış demokratik, insan hüquq və
azadlıqlarının bütün parametrlərinin təmin
edilməsi əsasında formalaşmış mühit
dayanır. Təbii ki, Azərbaycanın siyasi həyatında
partiyalar əhəmiyyətli rol oynayırlar: həm bilavasitə
seçkilərdə iştirak edərək, həm
ictimai-siyasi həyatımızda gündəmdə duran məsələlərlə
əlaqədar mövqelərini ifadə edərək, həm
də özlərinin mövcudluqlarını təsdiq etmək
üçün müxtəlif addımlar ataraq. Belə bir
mühitdə siyasi partiyalar özlərinə layiq yer
tutmağa çalışırlar.
"Siyasi partiyalar
haqqında" qanunun qəbul olunmasından uzun bir zaman
keçib. Bu mənada müəyyən qədər
"Siyasi partiyalar haqqında" qanunun dəyişdirilməsini
istəyən insanların haqlı olduğunu
düşünmək mümkündür. Mənim mövqeyim
isə bundan ibarətdir ki, heç bir halda sadəcə qanunu
dəyişdirmək və yaxud təzələmək xatirinə
addım atmaq düzgün olmazdı. Həyat daim dəyişir.
Bu gün qəbul olunan qanunın bir müddətdən sonra dəyişilməsinə
ehtiyac yaranır.
Heç bir qanun həyatdan
qabaq gedə bilməz. İstənilən halda qanun həyatın
müəyyənləşdirdiyi, irəli sürdüyü tələblərə
uyğun şəkildə olur. Uyğun olmadıqda, bu istiqamətdə
hansısa addımlar atılır. Bu gün reallıq,
gerçəklik bundan ibarətdir ki, "Siyasi partiyalar
haqqında" qanunun qəbul olunmasından sonra Azərbaycanda
siyasi partiyalarla bağlı həm təsəvvürlər əhəmiyyətli
dərəcədə dəyişib, həm də
partiyaların mövqelərində çox ciddi dəyişikliklər
baş veribdir. Bütün bunlar "Siyasi partiyalar
haqqında" qanuna yeni baxışları meydana gətirib.
Biz siyasi partiyalar
haqqında qanunda hansı dəyişiklikləri etməliyik? Bu
dəyişikliklər hansı meyarlar əsasında
olmalıdır? Bu dəyişiklikləri edərkən Azərbaycanın
siyasi mühitində siyasi partiyaların rolunu necə müəyyənləşdirmək
niyyətindəyik? "Siyasi partiyalar haqqında" qanunu həyatımızın
həm bugünkü, həm də perspektiv tələbləri
baxımından dəyişdirməyə və bu dəyişikliklərin
çox etibarlı kriteriyalarını müəyyənləşdirməyə
hazırıqmı? Bu suala cavab verə bilərikmi ki,
"Siyasi partiyalar haqqında" qanunu dəyişdirdikdən
bir il ötdükdən sonra ona yeni dəyişikliklərin
edilməsinə zərurət yaranmayacaq? Hazırda bu məsələlər
Azərbaycanın siyasi mühitində aktiv müzakirə
olunmaqdadır və son qənaətlər hələ müəyyənləşdirilməyib.
Ona görə "Siyasi partiyalar haqqında" qanunu bu
gün dəyişdirməliyik, yoxsa bu diskussiyalar davam etməlidir
və bu addımı hamını qane edə biləcək
yekun rəy və qənaət formalaşandan sonra
atmalıyıq" sualına cavabı hələ tam
tapmamışıq. "Siyasi partiyalar haqqında" qanunun
təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd etməklə
yanaşı, bu istiqamətdə diskussiyaların
aparılmasının davam etdirilməsinin tərəfdarıyam.
- Milli Məclisdə
Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar hər
zaman maraqlı təşəbbüslər, vacib təkliflərlə
çıxış edirlər. Bəs payız sessiyasında
hakim partiyanın deputatları hansı təşəbbüslərlə
çıxış etməyi planlaşdırırlar?
- Partiya olaraq bizim
bütün diqqətimiz hazırda dekabr ayında keçiriləcək
seçkilərə yönəlib. Gələn ay bələdiyyə
seçkilərinə start veriləcək. Azərbaycanın
qanunvericiliyinə uyğun olaraq seçkinin keçirilməsindən
iki ay yarım əvvəl ona rəsmi şəkildə start
verilir. Ona görə də bu payız sessiyası müddəti
bizim üçün daha çox diqqətin bələdiyyə
seçkilərinin keçirilməsinə yönəldilməsi
ilə səciyyəvi olacaq.
Oktyabrda həm də
Milli Məclisin payız sessiyası öz işinə
başlayacaq. Milli Məclisin 2009-cu il yaz sessiyası kifayət
qədər məzmunlu oldu. Uzun müddət idi ki, müzakirə
olunan və ictimaiyyəti düşündürən "Təhsil
haqqında" qanun ötən sessiya qəbul olundu və
artıq qüvvəyə minib. Yaz sessiyasında Mənzil Məcəlləsi
və digər çox əhəmiyyətli qanunvericilik aktları
təsdiq olundu.
Güman edirəm ki,
2009-cu ilin payız sessiyası da məzmunlu olacaq. Bir neçə
çox vacib qanun layihəsi müzakirəyə
çıxarılacaq. Bütün bunlarla yanaşı, bir
daha qeyd etmək istəyirəm ki, 2009-cu ilin payızında
diqqətimiz daha çox bələdiyyə seçkilərinə
yönələcək. Yerdə qalan digər məsələlər
isə iş prosesində məlum olacaq.
- Türkiyə-Ermənistan
əlaqələrinin qurulması ilə bağlı
müzakirələr yenə gündəmdədir. Bu
müzakirələr Azərbaycana nə vəd edə bilər?
- Hər halda hadisələr
və kütləvi informasiya vasitələri ilə
sızdırılan məlumatlar ondan xəbər verir ki,
Qafqazda mövqelərin möhkəmləndirilməsi
yönümündə ayrı-ayrı böyük güclərin
səyləri yeni mərhələyə daxil olub. Vaxtilə
Qafqazda mövqelərin möhkəmləndirilməsi burada
münaqişələrin yaradılması vasitəsilə
öz həllini tapırdı. Məsələn, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi
ayrı-ayrı beynəlxalq güclərin Qafqazda mövqelərini
möhkəmləndirmək yönündə həyata
keçirdikləri siyasətin nəticəsidir. İndi
mövqelərin möhkəmləndirilməsində başqa
vasitədən istifadə olunur. Bu gün Dağlıq
Qarabağ münaqişəsinin həlli vasitəsilə
ayrı-ayrı beynəlxalq güclər Qafqazda mövqelərini
möhkəmləndirməyə çalışırlar.
Yenə də obyekt
qismində Dağlıq Qarabağ münaqişəsi
dayanıb. Bu baxımdan əgər beynəlxalq güclər
Qafqazda mövqelərini möhkəmləndirməyi
Dağlıq Qarabağ probleminin nizama salınması vasitəsilə
reallaşdırmağa çalışırlarsa, hesab edirəm
ki, Azərbaycan bundan faydalanmağa
çalışmalıdır. Belə ki, vaxtilə
böyük güclərin siyasətlərindən Ermənistan
Azərbaycan torpaqlarını işğal etmək
üçün faydalana bilib. İndi isə Azərbaycan
üçün bu imkandan faydalanmağa unikal şans
yaranıb.
O ki qaldı Türkiyə
ilə Ermənistan arasında diplomatik əlaqələrin
qurulması yönündə başlanan müzakirələrin
perspektivlərinə, təbii ki, biz bunu Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması ilə bilavasitə əlaqələndiririk. Əgər
Türkiyə ilə Ermənistan arasında münasibətlərin
normallaşması və bunun ardınca sərhədlərin
açılması Dağlıq Qarabağ münaqişəsinin
nizama salınması ilə paralel gedəcəksə və bu
iki məsələ bir-biri ilə bağlı olacaqsa, biz buna
pozitiv yanaşırıq. Bizim buna ümidlər bəsləməyimizə
də ciddi əsaslar var. Bu əsasların ən birincisi
Türkiyə ilə Azərbaycanın
qardaşlığıdır. Digəri isə, Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıda, Azərbaycan
parlamentində çıxışı zamanı
"Dağlıq Qarabağ münaqişəsi həll
olunmadan sərhədlər açılmayacaq", - deyə
verdiyi bəyanatdır. Biz bu bəyanata hörmətlə
yanaşırıq. Güman edirəm ki, bu bəyanatın
sahibləri də onun nə dərəcədə yüksək
tribunadan səsləndirildiyini və nə dərəcədə
dəyərə malik olduğunu dərk edir və sadəcə
bəyanat xatirinə verilmədiyinin fərqindədirlər. Əgər
bu iki proses paralel gedəcəksə, bir-biri ilə əlaqəli,
bağlı şəkildə çözümlənməyə
çalışılacaqsa, Azərbaycan bunu normal hesab edir. Əks
halda bu, Azərbaycanın milli maraqlarına böyük zərbə
vurulmasına yönəldilmiş hərəkət
olacaqdır. Əlbəttə, biz bunu qəbul etmək istəmirik.
Digər tərəfdən,
beynəlxalq güclərin Cənubi Qafqazla əlaqədar,
bütövlükdə buradakı siyasi güclərin
konstruksiyasının dəyişdirilməsi ilə əlaqədar
böyük layihələr üzərində
düşündükləri barədə informasiyalar
yayılmaqdadır. Amma istənilən halda Azərbaycan
özünün milli maraqlarını qoruması
üçün kifayət qədər ciddi və təsirli
rıçaqlara malikdir. Azərbaycanın həm regional
müstəvidə, həm Avropa müstəvisində kifayət
qədər möhkəmlənmiş mövqeyi var.
Azərbaycan həm də
öz əhəmiyyətini əsaslı şəkildə
artırmış və bunu sübut etmiş bir dövlətdir.
Bütün bunların hamısı nəzərə
alınmadan, Dağlıq Qarabağ münaqişəsi
çözülmədən Qafqazda əhəmiyyətli bir dəyişiklik,
o cümlədən bu regionda beynəlxalq
iştirakçıların mövqelərinin
konstruksiyasında dəyişikliklərin edilməsinə
imkan verəcək addımın atılmasını qeyri-real
hesab edirəm. Qafqazda sülh də, sabitlik də, əməkdaşlıq
da yalnız və yalnız Dağlıq Qarabağ
münaqişəsinin çözülməsindən
asılıdır. Qafqazda sülhün yaranmasına, sabitliyin
təmin olunmasına, əməkdaşlığın
qurulmasına yönələn layihələr o zaman həyata
keçirilə biləcək ki, Dağlıq Qarabağ
münaqişəsi ədalətli şəkildə həllini
tapsın: Azərbaycanın pozulmuş hüquqları bərpa
edilsin, işğal olunmuş torpaqları geri
qaytarılsın. Bundan sonra o layihələrin həyata
keçirilməsi üçün zəmin
yaradılmış olacaq.
- Bu gün YAP
qarşısında duran vəzifələri necə yerinə
yetirir, partiyanın yerli təşkilatlarının durumu nə
yerdədir?
- YAP vəzifələrinin
öhdəsindən uğurla gəlir. İstər seçkilərin
keçirilməsi, istər partiyanın nüfuzunun gücləndirilməsi,
həyata keçirilən siyasətin insanlar tərəfindən
daha yaxşı qəbul olunması və təşviq edilməsi
istiqamətində YAP bütün vəzifələrini
ardıcıl şəkildə uğurla yerinə yetirir.
Hazırda ən
böyük göstəricilərimizdən biri YAP-ın
sıralarının gündən-günə genişlənməsidir.
İndi YAP-ın sıralarında cəmləşən
insanların sayı 490 minə yaxınlaşıb. Bu il ərzindəki
dinamika belə bir fikri söyləməyə ciddi əsas
verir ki, bir neçə aydan sonra, ola bilsin, ilin sonuna və
yaxud, 2010-cu ilin əvvəllərinə YAP üzvlərinin
sayı yarım milyona çatacaq. Güman edirəm ki, bu, sadəcə
statistika deyil. Bu, Azərbaycan vətəndaşlarının
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə
münasibətidir. Prezident İlham Əliyevin siyasətini dəyərləndirərək
dəstəkləyən insanların bir qismi, siyasətlə
daha çox maraqlananlar, siyasətə qoşulmaq istəyənlərsə
məhz YAP-ın sıralarına üzv yazılırlar. Öz
siyasi baxışlarını və siyasi perspektivlərini
YAP-la əlaqələndirirlər. Bu, YAP-ın həm ictimai
nüfuzunu, həm ictimaiyyət tərəfindən dəstəklənməsini,
həm də öz qarşısında duran vəzifələrin
yerinə yetirilməsinə nə dərəcədə nail
olmasını çox açıq şəkildə göstərir.
YAP-ın Azərbaycanın bütün regionlarında təşkilatları
var. Bu təşkilatlar səmərəli şəkildə fəaliyyət
göstərirlər. Partiyanın qarşıya qoyduğu vəzifələrin
yerlərdə həyata keçirilməsi istiqamətində
çox əhəmiyyətli praktik addımlar atırlar.
YAP-da daxili demokratiya və
nizam-intizam üzvi surətdə bir-biri ilə
bağlıdır. YAP Azərbaycanda mövcud olan
partiyaların ən demokratikidir. Öz daxili
demokratiyasının qayğısına YAP qədər qalan
başqa partiya yoxdur. İkinci tərəfdən, YAP-da daxili
partiya nizam-intizamı da digər təşkilatlarda
müşahidə olunmayan formada yaradılıb. Bu iki vacib
elementin YAP-da üzvi surətdə qovuşması
partiyamızın bütövlükdə və
ayrı-ayrılıqda hər bir regionda uğurlarını təmin
edən şərtlərdən biridir.
Yerli təşkilatlarla
mərkəzi icra katibliyi arasında müntəzəm,
demokratik və nizam-intizama əsaslanan əlaqələr var. Operativlik
kifayət qədər yüksək səviyyədədir. YAP
İdarə Heyətinin istənilən qərarı yerli təşkilatlar
tərəfindən operativ şəkildə həyata
keçirilir. Digər tərəfdən, yerli təşkilatların
üzləşdiyi istənilən problemin vaxtında icra
katibliyi və idarə heyəti qarşısında
qaldırılması və həll edilməsi ilə əlaqədar
praktiki addımların atılması sahəsində də
kifayət qədər yüksək operativlik mövcuddur. Partiya
nizamnaməsinin müəyyənləşdirdiyi tələblərin
yerinə yetirilməsi ilə bağlı problemimiz yoxdur.
Partiya intizamını
daha da yüksəltmək və yerli strukturların nizamnamənin
tələblərinə uyğun şəkildə fəaliyyət
göstərdiyinə bir daha əmin olmaq məqsədilə
YAP-ın mərkəzi nəzarət-təftiş qrupu bir
neçə ay bundan əvvəl on rayon təşkilatında
təftiş aparıb. Həmin təftişin nəticələri
də bütövlükdə yuxarıda söylədiyimiz
fikirləri irəli sürməyə əsas verir. Təbii
ki, iş olan yerdə nöqsan da olur. Ortaya çıxan
nöqsanlar barədə vaxtında konkret tədbirlər
görülür. Amma həmişə olduğu kimi, bu
gün də belə bir mövqedə dayanmışıq ki, əldə
olunan nailiyyətlər, uğurlar, qələbələr
heç bir halda arxayınlıq üçün əsas verməməlidir.
Siyasət arxayınlığı sevmədiyindən YAP-da da
arxayınlıq əhvali-ruhiyyəsi yoxdur. Həyat daim
yeni-yeni vəzifələr irəli sürür və həmin
vəzifələri yerinə yetirmək üçün YAP
daim mübariz əhvali-ruhiyyədədir. O cümlədən,
2009-cu ilin də ovqatı və əhvali-ruhiyyəsi bundan ibarətdir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2009.- 15
sentyabr.- S. 4.