İrəvanda ucaldılan Azərbaycan bayrağı

 

...Hamı xoş xəbər gözləyirdi. Bütün Azərbaycanın qəlbi sanki qədim torpağı olan İrəvanda vururdu. Qazanılacaq uğur qələbə yanğısı ilə hər gün daha çox alışıb-yanan qəlblər üçün bir məlhəm olacaqdır.

Bu qələbə şəhid anaları, Vətən uğrunda sağlamlıqlarını itirən insanlar və Qarabağ savaşının veteranları üçün böyük bir təskinlik olacaqdır.

Bu qələbə daha böyük zəfərə gedən yolda yeni bir inam işığı olacaqdır.

Bu qələbə Azərbaycan gəncinin qəlbində zəfər tonqalını daha gur alovlandıracaqdır.

Bu qələbə doğma yerlərindən didərgin düşənləri az da olsa, ovunduracaqdı, həmin didərginləri həsrətlə gözləyən torpağın iniltisini bir qədər azaldacaqdır.

Bu qələbə şəhidlərin ruhunu sakitləşdirəcəkdir.

Qələbəyə susayanlar bu qələbəni böyük bir həsrətlə gözləyirdi!

Azərbaycanın qazanacağı qələbə bir idman yarışının qızıl medalı miqyasında deyildi. Elə buna görə də hamı, hətta cüdo sözünü ömründə birinci dəfə eşidənlər belə İrəvana diqqət kəsilmişdi. Axı, bir vaxtlar Mir Mehdi xan Qacarın hökmranlıq etdiyi Azərbaycanın qədim İrəvan torpaqlarında yenidən bayrağımız dalğalanacaq, himnimiz səslənəcəkdir. Bunun üçün İrəvana yollanan beş cüdoçumuza Vətəndə ümid böyük idi. Məhz onlar Azərbaycan bayrağını İrəvanda yüksəltməklə düşmənin bağrına xəncər vuracaqdılar.

Ümidlər doğruldu, İrəvandan Azərbaycana beş medal gətirildi. Elmar Qasımovun qazandığı qızıl medal Azərbaycan bayrağını tarixi torpağımızda - bu gün isə yağı ərazisinə çevrilən məkanın ən yüksək zirvəsində dalğalandırdı.

 

"Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən! Şanlı Vətən!

Azərbaycan! Azərbaycan!"

 

- himnimizin sədalarını düşmən öz yerində eşitdi, Azərbaycan övladının qisas yanğısı ilə alışıb yandığının bir daha şahidi oldu.

Qələbəsini Qarabağ şəhidlərinin ruhuna həsr edən Elmarın, eləcə də İlqarın, Fəqanın, Raminin, Rasimin timsalında Azərbaycan gənclərinin Vətən uğrunda can verməyə hazır olduqlarını gördü.

 

"Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!"

 

- himn sədaları elə buna görə düşmənin canına qədim İrəvan torpaqlarında daha böyük lərzə saldı. Çünki bu sözlər həm də bir intiqam yanğısıydı.

İrəvanda ucaldılan Azərbaycan bayrağının tezliklə Qarabağda dalğalanacağı gün də uzaqda deyil. Çünki bayrağını İrəvanda, ermənilərin gözü qarşısında ən uca zirvəyə qaldıran Azərbaycan işğal olunmuş torpaqlarında da üçrəngli rəmzini yüksəltmək iqtidarında olduğunu bir daha dünyaya göstərmiş oldu.

Azərbaycan gənci isə Azərbaycan Prezidentinin, Ali Baş Komandanın etimadını doğrultmağa layiq olduğunu növbəti dəfə sübuta yetirdi. Başqa cür ola da bilməzdi!

Çünki Prezident Azərbaycan idmanına xüsusi diqqət və qayğı göstərir.

Prezident Azərbaycanı beynəlxalq idman yarışlarının, tədbirlərinin keçirildiyi əsas məkanlardan birinə çevirib.

Prezident Azərbaycan oğlunun Qafqazın ən güclü əsgəri olmasını təmin edib.

Prezident Azərbaycan ərazilərini tam işğaldan azad etməyə qadir olan ordu yaradıb.

Prezident Azərbaycanı regionda ən qüdrətli dövlətə çevirib.

Prezident Azərbaycanı ən sürətli tərəqqi yoluna çıxarıb.

Prezident Azərbaycanın dünya birliyi sırasında layiqli və daha möhkəm yer tutmasına nail olub.

Ona görə də qətiyyətlə demək olar:

Cənab Prezident, bu Sizin qələbənizdir!

Cənab Prezident, Azərbaycan gənci, Azərbaycan əsgəri Sizin - Ali Baş Komandanımızın əmrinə müntəzirdir!

Cənab Prezident, Azərbaycan gənci, Azərbaycan əsgəri bu qələbəni Qarabağda da təmin etməyə, Sizin - Ali Baş Komandanımızın "Zəfərə doğru irəli" əmrinizi ləyaqətlə yerinə yetirməyə tam hazırdır!

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 15 sentyabr.- S. 5.