Bakının Nəsimi rayonundakı elitar gimnaziya əsaslı bərpa yenidənqurmadan sonra istifadəyə verilmişdir

 

Sentyabrın 15-də - "Bilik günü"ndə Təhsil Nazirliyinin Bakının Nəsimi rayonundakı elitar gimnaziyası əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva elitar gimnaziyaya gəldilər. Məktəblilər Mehriban xanıma gül dəstəsi təqdim etdilər.

Dövlət başçısı və xanımı müasir standartlara uyğun şəkildə bərpa edilmiş və yenidən qurulmuş gimnaziya ilə tanış oldular.

Təhsil naziri Misir Mərdanov məlumat verdi ki, Azərbaycanda son illər ərzində məktəb binalarının tikintisi və təmiri geniş vüsət almış və təhsil sisteminin maddi-texniki bazası möhkəmlənmişdir. Prezidentin tapşırığı ilə bu il iyulun 17-dən təmirinə başlanılmış bu gimnaziyada tədris üçün hər cür şərait yaradılmışdır. Burada 70-ə yaxın sinif otağı vardır. Min şagird yeri olan gimnaziyada yeni dərs ilində 958 məktəbli təhsil alacaqdır. Onların təlim-tərbiyəsi ilə 93 müəllim məşğul olacaqdır.

Paytaxtın qabaqcıl təhsil ocaqlarından olan gimnaziyanın binası ötən əsrin 30-cu illərində klassik üslubda inşa olunmuşdur. Müstəqillik illərində bina ilk dəfədir ki, əsaslı şəkildə yenidən qurulmuşdur. "Elnur-2" universal kommersiya şirkəti tərəfindən həyata keçirilmiş yenidənqurma zamanı Türkiyə, Rusiya, Kanada və digər ölkələrdən gətirilmiş tikinti materiallarından geniş istifadə edilmiş, bu işlərə 1 milyon 12 min manat vəsait sərf olunmuşdur. Gimnaziya ən müasir avadanlıq və əyani dərs vəsaitləri ilə təchiz edilmişdir. 2007/2008-ci tədris ilinin yekunlarına görə gimnaziya "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

Məlumat verildi ki, cari ildə bu məktəbin 76 məzunu respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul imtahanlarında iştirak etmiş, onlardan 70-i tələbə adını qazanmışdır. Məktəbin 8 məzunu 600-dən çox bal toplamış, onlardan biri Prezident təqaüdünə layiq görülmüşdür.

Gimnaziya binasının birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti, Azərbaycanın dövlət rəmzləri ilə bağlı xüsusi guşələr yaradılmışdır.

Dövlət başçısı ikinci mərtəbədə ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına baxdı, tədris prosesi, dərs vəsaitləri ilə maraqlandı.

Bildirildi ki, kompüter otağı yeni kompüterlərlə təmin olunmuş və internet şəbəkəsinə qoşulmuşdur. Prezident İlham Əliyevə Azərbaycan təhsil portalında elitar gimnaziya ilə əlaqədar yaradılmış xüsusi səhifə barəsində ətraflı məlumat verildi. Həmin səhifədə gimnaziya ilə bağlı bütün məlumatlar toplanmışdır. Burada dərs keçən V sinfin 24 şagirdinə dövlət başçısı tərəfindən fərdi noutbuklar hədiyyə edildi.

Müəllimlər otağında yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev buradakı pedaqoqları yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.

İnformatika kabinetində dövlətimizin başçısına məlumat verildi ki, ilk interaktiv dərs "Əsrin müqaviləsi"nə həsr olunmuşdur. Müəllifi ümummilli lider Heydər Əliyev olan həmin müqavilənin xalqımızın rifah halının yaxşılaşmasında, dövlətimizin möhkəmlənməsindəki tarixi rolu şagirdlərə elektron dərsliklər vasitəsilə öyrədilir.

Prezident İlham Əliyev VI sinif şagirdlərinə riyaziyyat fənninin elektron lövhədə tədrisi prosesini izlədi. Şagirdlər adi lövhənin elektron lövhəyə çevrilməsi, "sehrli qələm" vasitəsilə riyazi əməliyyatların aparılması proseslərini əyani şəkildə nümayiş etdirdilər.

Gimnaziyanın kitabxanası ilə tanış olan dövlət başçısına məlumat verildi ki, burada latın qrafikası ilə çap olunmuş 16300-dən çox dərslik və müxtəlif ədəbiyyat toplanmışdır.

Kimya kabineti ilə tanışlıq zamanı əməkdar müəllim, 2007-2008-ci tədris ilində "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi, kimya elmləri namizədi Vəli Əliyev Prezident İlham Əliyevə və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ölkədə təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə göstərdikləri qayğıya, müəllim əməyinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, dünyanın heç bir yerində məktəb binaları Azərbaycanda olduğu kimi sürətlə, ən müasir tələblər səviyyəsində inşa olunmur, müasir avadanlıqla təchiz edilmir. Dövlət başçısına məlumat verildi ki, kimya laboratoriyası bu fənnin təkcə nəzəri deyil, həm də praktik baxımdan yüksək səviyyədə tədrisinə hərtərəfli imkan yaradır.

Fizika laboratoriyası da zəngin avadanlığı ilə diqqəti cəlb edir. Burada da nəzəri biliklər praktik məşğələlərlə əlaqələndiriləcəkdir. Bütün bunlar tədrisin səviyyəsinin yüksəldilməsinə, beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verəcəkdir.

Gimnaziyanın idman salonu ilə tanışlıq zamanı bildirildi ki, buradakı müasir şərait və müxtəlif avadanlıq bədən tərbiyəsi dərslərinin yüksək səviyyədə tədrisinə imkan yaradır. Burada həndbol, voleybol, mini futbol, stolüstü tennis və digər oyunlar üzrə yarışlar keçirmək mümkündür. Salonun duşxana, soyunub-geyinmə otaqları da vardır.

Məktəbin akt zalı da genişdir, lazımi avadanlıqla təchiz olunmuşdur. Burada müxtəlif tədbirlər keçiriləcək, dərnəklər və musiqi qruplarına üzv yazılanlar bilik və bacarıqlarını təkmilləşdirəcəklər.

Gimnaziyanın işıqlandırılması, istilik, havalandırma sistemi müasir səviyyədə yenidən qurulmuşdur. Yanğından mühafizə sistemi də ən son texnologiyalar əsasında təzələnmiş və fövqəladə halın qısa müddətdə aradan qaldırılmasına imkan verəcəkdir. Burada mini ATS də quraşdırılmışdır.

Gimnaziyanın həyətində yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev təhsil ocağının pedaqoji kollektivi, şagirdlər və valideynlər ilə görüşdü.

Prezident İlham Əliyev onları yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək dedi:

- Sizə uğurlar arzulamaq istəyirəm. Şagirdlərə yaxşı oxumaq, müəllimlərə yaxşı işləmək arzulayıram. Xüsusilə nəzərə alsaq ki, məktəb demək olar ki, yeniləşdi, tamamilə müasirləşdi.

Bu məktəbdə əlbəttə ki, uşaqlar gərək yaxşı oxusunlar. Bu məktəb deyə bilərəm ki, bir memarlıq abidəsidir. Şəhərimizə əlavə gözəllik verir. Həm şəraiti gözəldir, bütün imkanlar var, həm də xarici gözəldir. Bütün təmir işləri çox yüksək keyfiyyətlə aparılmışdır, özü də qısa müddət ərzində. İki-üç ay ərzində məktəb demək olar ki, tamamilə öz görkəmini dəyişdi və bu gün deyə bilərəm ki, şəhərimizin ən gözəl, ən müasir məktəblərindən biridir.

Bildiyiniz kimi, Azərbaycanda məktəb tikintisi sürətlə gedir. Son altı ildə Azərbaycanda 1800-ə qədər yeni məktəb tikilmişdir. Bununla bərabər, vaxtilə tikilmiş məktəblər əsaslı şəkildə təmir olunur. Mənə bu gün məlumat verildi ki, bu məktəb 1930-cu illərdə tikilmişdir. Ondan sonra 1970-ci illərdə yeni korpus əlavə edilmişdir. Ancaq bu gün məktəb elə səviyyədədir ki, dünyanın ən inkişaf etmiş ölkələrində olan məktəblərdən fərqlənmir və hətta onları üstələyir.

Bu gün mən gözəl hadisə münasibətilə bütün müəllimləri, şagirdləri, məktəbdə işləyən bütün insanları ürəkdən təbrik etmək istəyirəm. Bu məktəbdə ən qabaqcıl texnologiyalar tətbiq olunur. Kompüterlər, elektron lövhələr, ən qabaqcıl mütərəqqi texnologiyalar. Mən görürəm ki, tədris prosesi də yüksək səviyyədə təşkil edilib. Bu, çox vacibdir.

Məktəb tikmək olar, indi Azərbaycan dövlətinin imkanı genişdir, maddi imkanlarımız da artır və belə olmasaydı, 1800 məktəb tikilməzdi. Ancaq əsas odur ki, gözəl şəraitlə bərabər, tədris prosesi də müasir səviyyədə olsun, ən mütərəqqi texnologiyalar tətbiq edilsin, uşaqlar bilikli, savadlı olsunlar, gələcəkdə həyatda öz yerlərini tapa bilsinlər.

Bir sözlə, bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.

Elitar gimnaziyanın kollektivini bir daha təbrik edən dövlət başçısı müəllim və şagirdlərlə xatirə şəkli çəkdirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 16 sentyabr.- S. 1.