Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
15-də Avropa İttifaqının enerji məsələləri
üzrə komissarı Andris Piebalqsı qəbul etmişdir.
Andris Piebalqs "Əsrin
müqaviləsi"nin 15-ci ildönümü münasibətilə
dövlət başçısını təbrik etdi və
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun
salamlarını Prezident İlham Əliyevə
çatdırdı.
Bu gün Azərbaycan
Prezidentinin Bakıda məktəb binasının
açılışı ilə bağlı tədbirdə
iştirakından məlumatlı olduğunu bildirən qonaq
ölkədə məktəblərin tikintisinə qoyulan vəsaitin
gələcək üçün ən yaxşı investisiya
olduğunu dedi. Avropa komissarı Avropa İttifaqının Azərbaycan
ilə əməkdaşlığının yüksək səviyyədə
olduğunu bildirərək təmsil etdiyi qurumun bu münasibətlərin
genişlənməsində maraqlı olduğunu qeyd etdi.
"Əsrin müqaviləsi"nin
əhəmiyyətinə toxunan dövlət
başçısı ötən 15 il ərzində ölkəmizin
böyük inkişaf yolu keçdiyini və energetika sahəsindəki
nailiyyətlərin bu uğurların əldə edilməsində
önəmli rol oynadığını vurğuladı. Avropa
Komissiyasına sonuncu səfərini xatırlayan dövlət
başçısı bu səfərin uğurlu və
faydalı olduğunu dedi. Prezident İlham Əliyev əməkdaşlıq
çərçivəsində gələcəkdə də
birgə işlərin həyata keçiriləcəyinə
ümidvar olduğunu bildirdi. Dövlət
başçısı qeyd etdi ki, Avropa qonşuluq siyasəti
və Avropa İttifaqının Şərq tərəfdaşlığı
proqramı, eləcə də enerji dialoqu bir-biri ilə
sıx bağlı olan məsələlərdir və
bütün bu istiqamətlərdə yaxşı nəticələr
əldə olunmuşdur. Prezident İlham Əliyev əminliklə
bildirdi ki, Avropa İttifaqı ilə əlaqələrimiz
daha da möhkəmlənəcək və yeni sahələri əhatə
edəcəkdir.
Dövlət
başçısı Avropa Komissiyasının sədri Joze
Manuel Barrozunun salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Avropa Komissiyasının sədrinə
çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 16 sentyabr.- S. 1.