"Dostluq" ordeni təqdim edilmişdir
Sentyabrın 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) "bp-Azərbaycan" şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.
Görüşdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, 15 il əvvəl ümummilli lider Heydər Əliyevin səyi nəticəsində imzalanmış "Əsrin müqaviləsi" hazırda ölkəmizin lider dövlətlər arasında qərarlaşmasına səbəb olmuşdur.
Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov "bp-Azərbaycan" şirkətinin sabiq prezidenti Uilyam Corc Şrederin respublikamızın neft sənayesinin inkişafındakı xidmətlərinə görə və "Əsrin müqaviləsi"nin 15 illiyi ilə əlaqədar "Dostluq" ordeni ilə təltif edilməsi haqqında dövlət başçısının imzaladığı sərəncamı qonaqların diqqətinə çatdırmışdır.
Orden sahibinə təqdim edildikdən sonra Uilyam Corc Şreder bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bp şirkəti ölkə ilə birlikdə neft sənayesi sahəsində uğurla çalışmışdır. Dövlət Neft Şirkəti ilə birgə aparılan işlər qazanılan uğurlara səbəb olmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 16 sentyabr.- S. 2.