Mərhəmət və xeyirxahlığın
ali ünvanı
Cəmiyyətdə nəcibliyin,
mərhəmət və xeyirxahlığın ali
ünvanına çevrilən, milli mənafelər
baxımından mühüm strateji layihələri qısa
müddətdə uğurla gerçəkləşdirən
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti
xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.
2004-cü il mayın 10-da yaranan fondun ən müxtəlif sahələrdəki
fəaliyyəti milli intibah prosesinə öz dəyərli
töhfələrini verməkdədir.
Heydər Əliyev
Fondunun əsas məqsədi ulu öndərin zəngin
dövlətçilik irsinin öyrənilməsinə və
təbliğinə xidmət edən irimiqyaslı
proqramları himayə etmək, xalqın rifahının
yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri
dəstəkləmək, elm, təhsil, mədəniyyət,
incəsənət, səhiyyə və idmanın
inkişafını təmin edən layihələrə
yardımçı olmaqdır. Fond ümummilli liderin milli
ideyalarından çıxış edərək ictimai həyatın
müxtəlif sahələrində fundamental layihələr həyata
keçirir, hər bir vətəndaşın zəruri istək
və arzularının gerçəkləşməsinə,
problemlərinin həllinə maddi-mənəvi dəstək
verir.
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
xeyirxahlıq fəaliyyəti məhz yıxılanı
ayağa qaldırmaq, köməksizə əl tutmaq, çarəsizdə
ümid yaratmaq, bir sözlə, insanlara səmimi diqqət və
qayğı istəyindən qaynaqlanır. Ən müxtəlif
strukturların laqeydliyi, biganəliyi ilə üzləşən,
dərdinə əlac tapmayan köməksiz insanlar sonuncu
ümid qapısı kimi məhz bu ünvana üz tuturlar.
Genişmiqyaslı
xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər
təşəbbüslərinə görə 2004-cü ildə
YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri
adına layiq görülən, Dünya Səhiyyə Təşkilatının
İhsan Doğramacı Ailə Sağlamlığı
Fondunun mükafatı ilə təltif olunan Heydər Əliyev
Fondunun prezidenti üzərinə götürdüyü şərəfli
missiyanı uğurla davam etdirməkdədir.
ABŞ-Azərbaycan Ticarət
Palatasının 10 illiyi münasibətilə Vaşinqtonda
keçirilən toplantıda isə Azərbaycan-ABŞ
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri kimi Birləşmiş
Ştatlar ilə Azərbaycan arasında əlaqələrin tərəqqisinə,
ölkəmizdə elm, təhsil, mədəniyyət və səhiyyənin
inkişafına şəxsi dəstəyinə görə
ona "2006-cı ilin xoşməramlı səfiri"
adı verilmişdir.
Mehriban xanım
İSESKO-nun xoşməramlı səfiri adını və
ölkəmizdə, eləcə də onun hüdudlarından
kənarda apardığı xeyriyyəçilik işlərinə
görə "Əsrlərin xeyriyyəçiləri"
beynəlxalq fondunun Yaqut Xaç ordenini almış ilk
qadındır. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin
ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə
görə Mehriban xanım "Qızıl ürək"
beynəlxalq mükafatına da layiq
görülmüşdür. Prezident İlham Əliyev 2009-cu
ilin mayında ölkəmizin ictimai-siyasi və mədəni həyatında
səmərəli fəaliyyətinə görə Mehriban
xanım Əliyevanı "Heydər Əliyev
mükafatı" ilə təltif etmişdir.
Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 86-cı ildönümü və
Heydər Əliyev Fondunun fəaliyyətə
başlamasının 5 illiyi münasibətilə keçirilən
təntənəli mərasimdə dövlət
başçısı İlham Əliyev bildirmişdi: "Bu
gün çox gözəl bir gündür. Bu gün biz iki
gözəl hadisəni qeyd edirik - Heydər Əliyevin
doğum gününü və onun adını daşıyan
fondun beşillik yubileyini.
Bu son beş il ərzində
Heydər Əliyev Fondu, sözün əsl mənasında,
ümumxalq fondu olmuşdur. Bu fondun xətti ilə aparılan
işlər, görülən tədbirlər, irəli
sürülmüş təşəbbüslər göz
qabağındadır. İstər təhsil, istər səhiyyə
sahəsində, mənəvi irsimizin qorunması işində,
Azərbaycanın dünya birliyində təbliğ edilməsi
işində, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin geniş mənada dünya
birliyinə düzgün şəkildə
çatdırılması işində Heydər Əliyev
Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm.
Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər
iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən
sahədə istənilən məsələ həll oluna bilər.
Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir
sözlə xarakterizə etmək mümkündürsə, mən
"xoş niyyət" deyərdim. Çünki
bütün sahələrdə biz bunu görürük".
Təqdirəlayiq
haldır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
çoxşaxəli fəaliyyəti beynəlxalq miqyasda da təqdir
edilir və yüksək mükafatlara layiq görülür. Azərbaycan
ilə Polşa arasında dostluq münasibətlərinin
inkişafındakı xidmətlərinə görə
Mehriban xanım Əliyeva bu günlərdə Polşa
Respublikasının "Xidmətlərə görə"
Böyük Komandor Xaçı ordeni ilə də təltif
edilmişdir.
Son 5 ildə
qarşıya qoyduğu bütün layihələri uğurla
gerçəkləşdirən Heydər Əliyev Fondu vətəndaşların
hər bir müraciətinə həssas münasibəti,
milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində
əzmkar fəaliyyəti, təhsil, səhiyyə, idmanın
inkişafı sahəsində dövlətin
yürütdüyü siyasətə dəstək verməsi
ilə ən ali ideallara xidmət etdiyini təsdiqləyir. Fondun
prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti
xalqımız tərəfindən yüksək qiymətləndirilir
və görülən bütün işlər Heydər Əliyev
irsinə verilən dəyərli töhfə kimi qəbul
edilir.
E.HACIALIYEV
Azərbaycan.- 2009.- 16
sentyabr.- S. 3.