Heydər Əliyev Fondu
uğurlu layihələr
həyata keçirir
2004-cü il may
ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev
Fondu ulu öndərin zəngin dövlətçilik irsinin
bütün dünyada tanıdılması və təbliği
istiqamətində ardıcıl iş aparmaqla yanaşı, cəmiyyətin
hərtərəfli inkişafı üçün son dərəcə
əhəmiyyətli olan bir sıra xeyirxah və nəcib layihələrin
gerçəkləşməsində də yaxından
iştirak edir, milyonlarla insanın inam və etimadını qazanır.
Modernləşmə,
müasirləşmə, dünyaya inteqrasiya, Azərbaycanın
milli maraqlarının müdafiə edilməsi və digər
bu kimi məqsədyönlü işlər fondun üzərinə
düşən vəzifələrdəndir. Bu ictimai qurum təhsilin,
səhiyyənin, mədəniyyətin, incəsənətin,
idmanın inkişafına xidmət edən konkret layihələrlə
yanaşı, regional inkişaf tədbirlərinə də
yaxından dəstək verir. Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə
böyük əks-səda doğurmuşdur. Təhsilin
ölkənin gələcəyi üçün olduqca əhəmiyyətli
bir sahə olduğunu nəzərə alan fondun rəhbəri
bu istiqamətdə möhtəşəm tədbirlərə
imza atmış, gənc nəslin formalaşmasına
böyük töhfələr vermişdir. Fondun
yaradılmasının beş illik yubileyində Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, respublikada ilk məktəb
tikintisi məhz bu qurumun xətti ilə geniş vüsət
almışdır. Sonra həmin təşəbbüs
dövlət tərəfindən əsas götürülərək
bütün ölkə miqyasında həyata
keçirilmişdir.
Fondun "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində
bu illər ərzində 43770 şagird yerlik 226 yeni məktəb
binası tikilmişdir. Bütövlükdə isə
2004-2008-ci illərdə 300-ə yaxın yeni məktəb, internat
məktəbi, uşaq bağçası və körpələr
evi inşa edilmiş, təmir olunmuş və texniki
avadanlıqlarla təchiz edilərək uşaqların
ixtiyarına verilmişdir. 2009-cu ildə isə 1600 yerlik 6 məktəb
binası tikilmişdir. 40-dan çox təhsil ocağı, o
cümlədən xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün 31 internat məktəbi əsaslı
təmir olunub müasir avadanlıqlarla təchiz edilmişdir.
İlk layihələrdən
olan "Uşaq evləri və internat məktəblərinin
inkişafı" proqramı uşaq müəssisələrində
yaşayış və təhsil şəraitinin
yaxşılaşmasına, asudə vaxtın səmərəli
təşkilinə şərait yaratmışdır.
Nizami rayonundakı 1
nömrəli uşaq evinin nəzdində yaşayış
binasının, rayonlarda yataqxanaların istifadəyə verilməsi
valideyn himayəsindən məhrum olan 18 yaşına
çatmış uşaqların üzləşdiyi mənzil
probleminin həllinə kömək məqsədi
daşıyır.
Layihə çərçivəsində
Bakının Nəsimi rayonundakı 268 nömrəli, həmçinin
xüsusi yardımçı məktəb, Nərimanov
rayonundakı Psixonevroloji uşaq evi, Əzizbəyov
rayonundakı 2 nömrəli yetim və valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün internat məktəbi,
əqli və fiziki cəhətdən qüsurlu uşaqlar
üçün 3 nömrəli xüsusi məktəb,
Şüvəlan qəsəbəsindəki yetim və valideyn
himayəsindən məhrum uşaqlar üçün
respublika yardımçı internat məktəbi, beyin iflici və
polimielit keçirmiş uşaqlar üçün 16 nömrəli
internat məktəbi, Türkan qəsəbəsindəki nitqi
qüsurlu uşaqlar üçün respublika xüsusi internat
məktəbi, Şamaxı internat məktəbi və bir
sıra digər uşaq müəssisələri təmir
olunmuş və yenidən qurulmuşdur.
Fondun "Təhsilə
dəstək" layihəsi əsasında 10 uşaq
bağçasında təmir işləri
aparılmışdır.
Bu möhtəşəm
qurumun xətti ilə məktəblərin tikintisi, əsaslı
təmiri, təchizatı sahəsində tədbirlərin həyata
keçirilməsi artıq intensiv xarakter almışdır və
bu iş davam etdirilməkdədir. Dövrün tələblərinə
cavab verən yeni məktəb binaları müasir
avadanlıqlar, kompüterlər, zəngin kitabxanalar, istilik
sistemi və əyani vasitələrlə təchiz
edilmişdir. Layihə əsasında Yevlax rayonunun Hacıselli
kəndində 200, Nəmiti kəndində 100 şagird yerlik məktəb
binaları tikilib istifadəyə verilmişdir. Eyni zamanda,
Düzdağ və Qaraoğlan kəndlərində yeni məktəb
binaları ucaldılmış, şəhər 2, 4, 5 və 9
saylı, Yaldili kəndindəki və Aran qəsəbəsindəki
məktəblərdə əsaslı təmir-bərpa işləri
aparılmışdır. Layihənin ikinci mərhələsində
rayonun Bucaq kəndində 200 şagirdlik məktəb
binası tikilərək 2007-2008-ci tədris ilində məktəblilərə
təhvil verilmişdir.
Yevlax şəhər 6
saylı məktəb üçün 14 sinif otağı,
Yuxarı Qarxun kəndində 360 şagird yeri olan yeni məktəb
binası inşa edilmişdir.
Samux rayonunun Əhmədbəyli
kəndində 240 yerlik, Biləsuvar şəhərində 12
sinif otağından ibarət 200 yerlik, Goranboy şəhərində
hər biri 200 yerlik 3 yeni təhsil müəssisəsi, Zaqatala
rayonunun Qandax kəndində 240 yerlik, Tərtər rayonunun 2
nömrəli Sancalı kənd orta məktəbində əlavə
tədris korpusu, Ağsu rayonunun Novan kəndində 380, Padar və
Ərəbmehdibəy kəndlərinin hər birində 240, Gədəli
kəndində 480, Hacıqabul rayonunun Qızılburun kəndində
240 yerlik tədris binalarının tikilib istifadəyə
verilməsi Mehriban xanım Əliyevanın bu sahəyə
göstərdiyi diqqət və qayğısının təzahürüdür.
Respublikamızda
2007-2008-ci tədris ilində Heydər Əliyev Fondunun irəli
sürdüyü layihələr çərçivəsində
yeni inşa edilmiş bir sıra tədris ocaqları
şagirdləri öz qoynuna almışdır. Slavyanka kəndində
260 şagird yerlik beynəlmiləl orta məktəb
binasının, Hacıqabulda 32 sinif otağından ibarət
640, Lənkəran rayonunun Digəh kəndində 260, Liman
şəhərində 1200, İmişli rayonunun Nurulu kəndində
190 şagird yerlik tədris ocaqlarının inşası məhz
təhsilin inkişafına xidmət edir.
Fondun təşəbbüsü
ilə Lənkəran rayonunda 3 yeni məktəb binası
tikilmiş, 3 məktəbdə 15 əlavə sinif
otağı inşa edilmiş, Osman Mirzəyev adına internat
məktəbi əsaslı təmir edilərək yeni mebel və
avadanlıqlarla təchiz edilmişdir.
Ötən tədris ilində
Bakıda və ətraf qəsəbələrdə də
fondun layihələri əsasında yeni məktəb
binaları istifadəyə verilmişdir. Bakının
Pirşağı qəsəbəsindəki 112 nömrəli
məktəbin yeni korpusu təhvil verilmiş, texniki
avadanlıqlarla təchiz edilmişdir.
Fondun dəstəyi ilə
Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11
nömrəli internat məktəbində əsaslı yenidənqurma
işləri görülmüşdür. 1961-ci ildə
tikilmiş və son illərdə yararsız vəziyyətə
düşmüş bina təmir olunmuş, yataqxana, yeməkxana,
tibbi yardım kabinetləri, idman zalı və meydançaları,
üzgüçülük hovuzu, əyləncə mərkəzi,
istirahət guşələri yenidən qurulmuşdur. Məktəb
kompüter və digər texniki avadanlıqlarla təmin
edilmişdir.
Ötən il Mehriban
xanım Əliyeva Bakının Nərimanov rayonundakı
akademik Zərifə Əliyeva adına uşaq
bağçasının açılışında
iştirak etmiş, uşaqlar üçün yaradılan
şəraitdən razı qaldığını
bildirmişdir. Həmin il Badamdar qəsəbəsində 239
nömrəli orta məktəb əsaslı təmirdən
sonra şagirdlərin ixtiyarına verilmişdir.
Fondun prezidenti Mehriban
xanım Əliyeva bu günlərdə Azərbaycan ilə
Polşa arasında dostluq münasibətlərinin
inkişafındakı xidmətlərinə görə
Polşa Respublikasının "Xidmətlərə görə"
Böyük Komandor Xaçı ordeni ilə təltif
edilmişdir. Ordeni təqdimetmə mərasimində Heydər Əliyev
Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb"
layihəsi çərçivəsində Samux rayonunun
Sarıqamış kənd orta məktəbinin tikintisinə
Polşanın göstərdiyi kömək, habelə Azərbaycanda
"Şopen ili"nə Heydər Əliyev Fondunun verdiyi dəstək
yüksək dəyərləndirilmişdir.
Adilə QOCAYEVA
Azərbaycan.- 2009.- 16
sentyabr.- S. 3.