Sentyabrın 15-də -
"Bilik günü"ndə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə əsaslı yenidənqurmadan sonra Bakının Əzizbəyov
rayonunun Şüvəlan və Türkan qəsəbələrində
iki məktəb binası qapılarını şagirdlərin
üzünə açmışdır.
Şüvəlan qəsəbəsindəki
237 nömrəli orta məktəb 1964-cü ildə inşa
olunmuşdur. Bu köhnə məktəb binası Heydər Əliyev
Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb"
layihəsi çərçivəsində əsaslı təmir
olunmuşdur. İlk dəfədir ki, təhsil ocağında
belə yüksək səviyyədə təmir işləri
aparılmışdır.
Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva ötən ilin mart ayında
bu məktəbdəki şəraitlə tanışlıq
zamanı təhsil ocağının yararsız vəziyyətdə
olduğunu və burada təmir işlərinə
başlanılmasının vacibliyini qeyd etmişdi. Bina Heydər
Əliyev Fondunun dəstəyi ilə qısa müddətdə
müasir tələblər səviyyəsində təmir edilərək
təzə avadanlıqla təchiz olunmuşdur.
Geniş və
işıqlı foyedə ulu öndər Heydər Əliyevin,
dövlətimizin başçısı İlham Əliyevin
uşaqlara qayğısını əks etdirən fotostendlər
zövqlə tərtib edilmiş, dövlət atributları əks
olunmuşdur. Həm şagirdlərin, həm də müəllimlərin
açılışını səbirsizliklə gözlədikləri
bu bilik ocağında keyfiyyət, müasirlik və yüksək
zövq vəhdət təşkil edir. İndi bu məktəb
maddi-texniki bazasının zənginliyinə görə
ölkəmizdə müasir təhsil komplekslərindən
birinə çevrilmişdir. Burada bütün fənn
otaqları fondun "Təhsilə dəstək" layihəsi
çərçivəsində hazırlanan əyani vəsait
və plakatlarla təmin edilmişdir. Məktəb bu təhsil
ocağının məzunu, şəhid İlqar Muradovun
adını daşıyır. Məktəbin həyətində
şəhidin büstü qoyulmuşdur. Təhsil
ocağının ətrafı abadlaşdırılaraq
gözəl görkəm almışdır. Burada stadion
yaradılmışdır.
Məktəbin müəllim
və şagird kollektivi Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanı hərarətlə
qarşıladılar. Fondun prezidentinə gül dəstəsi
təqdim edildi.
Mehriban xanım Əliyeva
məktəblə tanış oldu. Bildirildi ki, üçmərtəbəli
təhsil ocağı 1200 yerlikdir. Burada 33 sinif otağı
vardır. Məktəbin hər mərtəbəsində
müşahidə-nəzarət kameraları
quraşdırılmışdır. Təhsil
ocağının infrastrukturu yenilənmişdir. Məktəb
kompüterləşdirilmiş, internetə
çıxışı vardır.
Heydər Əliyev
Fondunun prezidenti məktəbin yeməkxanasında yaradılan
şəraitlə tanış oldu. Mehriban Əliyeva 150 yerlik
akt zalına da baxdı. Bu zal müxtəlif tədbirlərin
keçirilməsi üçün gözəl məkandır.
Gənc nəslin sağlam böyüməsi üçün
məktəbdə geniş idman zalı
yaradılmışdır. Burada şagirdlərin idmanın
bütün növləri ilə məşğul olmaları
üçün hər bir şərait
yaradılmışdır. Əmək otağında Mehriban
xanım şagirdləri yeni dərs ili münasibətilə
təbrik edərək bu təhsil ocağında onlar
üçün bütün şəraitin
yaradıldığını diqqətə
çatdırdı.
Təhsil ocağı ilə
tanışlıqdan sonra Heydər Əliyev Fondunun prezidenti məktəbin
kollektivini yeni dərs ili münasibətilə təbrik edərək
dedi:
- Sizi bir daha təbrik edirəm.
İndi bu məktəb bütün tələblərə
cavab verir. Bir daha xatırladım ki, biz 9 ay bundan əvvəl
burada olarkən, - stendlərdə fotoşəkillər də
vardır, - gördük və yəqin, sizin də
yadınızdadır, bu məktəb necə acınacaqlı
vəziyyətdə idi.
Amma indi həm
uşaqlar, həm də müəllimlər üçün
gözəl şərait yaradılmışdır.
Ümumiyyətlə, Azərbaycanda məktəb tikintisi
sürətlə gedir. Son altı ildə 1800 yeni məktəb
binası tikilib istifadəyə verilmişdir. Mən
xüsusilə şadam ki, Əzizbəyov rayonunun Şüvəlan
qəsəbəsində bütün məktəblər, -
burada üç böyük məktəb vardır, - ən
yüksək səviyyədə təmir olunub, yenidən
qurulub. Hər dəfə Əzizbəyov rayonuna, qəsəbələrə
gələndə xoş hisslər keçirirəm. Qısa
zamanda bütün qəsəbələrin siması tamamilə
dəyişmiş, rayon abadlaşmışdır.
Məktəbin müəllimləri
yaradılan şəraitə görə Mehriban xanıma minnətdarlıqlarını
bildirdilər.
Sonda xatirə şəkli
çəkdirildi.
* * *
Həmin gün
Türkan qəsəbəsindəki 262 nömrəli orta məktəb
binasının da əsaslı yenidənqurmadan sonra
açılışı olmuşdur.
Təqribən 40
yaşı olan bu məktəb binası uzun illər təmir
edilmədiyindən yararsız vəziyyətə
düşmüşdü. İndi bu məktəb Heydər Əliyev
Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb"
proqramı çərçivəsində
görülmüş işlər nəticəsində, necə
deyərlər, ikinci gənclik dövrünə qədəm
qoymuşdur.
Məktəb təkcə
əsaslı təmir edilməmişdir, onun maddi-texniki
bazası da gücləndirilmişdir.
İndi burada həm
müəllimlərin yüksək səviyyədə fəaliyyəti,
həm də şagirdlərin biliklərin əsaslarına yiyələnmələri
üçün hər cür şərait
yaradılmışdır.
Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva məktəblə tanış oldu.
Üçmərtəbəli binanın foyesində ulu öndər
Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik
fəaliyyətini əks etdirən fotostend qurulmuşdur.
Burada, həmçinin məktəbin təmirdən əvvəl
və sonrakı vəziyyətini əks etdirən fotostend də
yaradılmışdır.
Mehriban xanım Əliyevaya
məlumat verildi ki, məktəb 1176 yerlikdir. Burada 42 sinif
otağı vardır. Məktəbin yenidən qurulması
böyük şagird kontingentinin təhsil şəraitini
tamamilə müasirləşdirməyə, tədrisin səviyyəsini
yüksəltməyə imkan yaratmışdır. Məktəbdə
geniş və işıqlı kabinetlər, müasir
avadanlıqla təchiz edilmiş fizika, kimya, kompüter və
digər fənn otaqları vardır. Heydər Əliyev
Fondunun prezidenti təhsil ocağının yeməkxanası
ilə tanış oldu, şagirdlərin qidalanacağı məhsullarla
maraqlandı. Məktəbin əmək otağına gələn
Mehriban xanım şagirdlərin müxtəlif peşələrə
yiyələnmələrinin vacibliyini qeyd etdi.
Təhsil
ocağının idman zalı da ən son tələblərə
cavab verir. Qeyd edildi ki, şagirdlər burada həndbol, gimnastika
və idmanın digər növləri ilə səmərəli
məşğul olacaqlar. Fondun təşəbbüsü ilə
məktəbin həyətində müasir idman
meydançası da yaradılmışdır.
Məktəblə
tanışlıqdan məmnun qalan Heydər Əliyev Fondunun
prezidenti təhsil ocağının kollektivi ilə
görüşdü.
Müəllimlər Əzizbəyov
rayonundan Milli Məclisə deputat seçilmiş Mehriban
xanım Əliyevanın seçicilərinə tükənməz
diqqət və qayğısını yüksək qiymətləndirdilər,
ona fəaliyyətində uğurlar, cansağlığı
arzuladılar.
AzərTAc
Azərbaycan.- 2009.- 16 sentyabr.- S. 4.