"Həqiqətlə üzbəüz" kitabı Azərbaycanın haqq işinin dünya xalqlarına çatdırılmasına layiqli töhfədir

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində keçirilən Birinci Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində "Avrasiya Press" nəşriyyatı tərəfindən çap edilmiş "Həqiqətlə üzbəüz" ("Mərhəmət marşrutu") kitabının təqdimat mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şürasının "Qaçqın, köçkün problemlərinə yeni yanaşma" layihəsi çərçivəsində nəşr edilən bu topluda Füzuli, Ağdam, Tərtər və Goranboy rayonlarında məcburi köçkün və qaçqınların yaşayış tərzi, qayğı və problemləri ilə tanış olan Almaniya, Fransa, Çin, Rusiya, Türkiyə, Pakistan, İraq, Misir, Banqladeş və Nigeriyadan olan tələbələrin təəssüratları yer almışdır.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu demişdir ki, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin qədim Qarabağ yurduna 4 günlük səfərlərinin təəssüratlarını əks etdirən bu yazılar haqq işimizin dünya xalqları tərəfindən dəstəklənməsinə böyük təkan verəcəkdir.

Bildirilmişdir ki, bir sıra mühüm layihələrin icrasına imza atan Bakı Beynəlxalq Tələbə Klubu 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şürasının maliyyə yardımı və BAMF-ın təşkilati dəstəyi ilə "Geriyə-yurda doğru" devizi altında "Qaçqın, köçkün problemlərinə yeni yanaşma" layihəsinə start vermiş və 17 xarici tələbənin cəbhə bölgələrinə səfərini təşkil etmişdir.

Məqsəd Azərbaycanda təhsil alan tələbələrə və onların vasitəsilə bütün dünya Qarabağ problemlərinin mahiyyətini və münaqişənin törətdiyi fəsadları olduğu kimi çatdırmaqdan ibarətdir.

Kitab yaxın vaxtlarda bir çox xarici dillərə tərcümə ediləcəkdir.

Səfərdə iştirak etmiş və hazırda Xəzər Universitetində təhsil alan nigeriyalı tələbə Nik Nvolisa layihəni yüksək qiymətləndirərək demişdir ki, 4 günlük səfər ona Qarabağ həqiqətləri ilə bağlı çox böyük bilgilər vermişdir.

Tədbirdə belə layihələrin bundan sonra da həyata keçiriləcəyi vurğulanmışdır.

 

 

Azərbaycan.- 2009.- 12 sentyabr.- S. 3.