Sentyabrın 15-də
Avropa Şurası baş katibinin ölkəmizdəki
xüsusi nümayəndəsi Veronika Kotek Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun rəhbərliyi ilə
görüşmüşdür.
Fondun mətbuat xidmətindən
bildirmişlər ki, V.Kotek qurumun məqsədi və fəaliyyəti
ilə maraqlanmışdır.
KİV-lərin
İnkişafına Dövlət Dəstəyi Fondunun
icraçı direktoru Vüqar Səfərli qonağa qurumun fəaliyyəti
barədə məlumat vermiş, onu maraqlandıran sualları
cavablandırmışdır.
Fondun keçirdiyi layihə
müsabiqəsindən danışan V.Səfərli bildirmişdir
ki, müsabiqədə iştirak etmək üçün 112
layihə təklifi təqdim olunmuşdur. İlkin
araşdırmalar nəticəsində məlum olmuşdur ki,
25 layihə sənədi lazımi qaydada tərtib etməmişdir.
Ekspertlərə qiymətləndirmə üçün 87
layihə təqdim olunmuşdur. Qiymətləndirməni media
və layihələrlə iş sahəsində təcrübəsi
olan, respublikada tanınmış 12 ekspert
aparmışdır. Hər layihəni 3 ekspert qiymətləndirmiş,
qiymətlər ümumiləşdirildikdən sonra məlum
olmuşdur ki, 15 layihə zəruri keçid balını
toplaya bilməmişdir. 17 layihə isə ümumilikdə zəruri
keçid balını toplasa da, öz istiqamətində digər
layihələrdən az bal topladığı
üçün qalib gəlməmişdir. Təqdim
olunmuş 55 layihə müsabiqənin qalibi olmuşdur.
V.Səfərli fondun
ilin sonunadək görəcəyi işlər barədə də
qonağı məlumatlandırmışdır.
V.Kotek görüşdən
məmnun qaldığını qeyd edərək, belə
görüşlərin davam etdirilməsinin vacibliyini
vurğulamışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 16 sentyabr.- S. 5.