İsmayıl Serageldinə AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim edilmişdir
Sentyabrın 15-də
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Misir Ərəb
Respublikasının İsgəndəriyyə
kitabxanasının direktoru İsmayıl Serageldinə bu elmi
qurumun fəxri doktoru diplomu təqdim olunmuşdur.
İnstitut Elmi
Şurasının bu münasibətlə keçirilən
iclasında Azərbaycan-Misir Parlament Dostluq Qrupunun rəhbəri,
Milli Məclisin deputatı Miri Qənbərov, qrupun
üzvü deputat Qənirə Paşayeva, AMEA-nın
vitse-prezidenti akademik Nailə Vəlixanlı, Misirin Azərbaycandakı
səfiri Sabir Əbdülqədir Mənsur iştirak
etmişlər.
İnstitutun direktoru,
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı
Yaqub Mahmudov doktor İsmayıl Serageldini səmimi
salamlamış, Azərbaycan-Misir münasibətlərinin
yüksələn xətlə inkişaf etdiyini
xatırlatmış, əlaqələrin möhkəmlənməsində
dövlət başçılarının rolunu
vurğulamışdır. Qonağın bioqrafiyasından
söz açan Y.Mahmudov demişdir ki, o, Qahirə Universitetində
bakalavr, Harvard Universitetində magistr diplomları almış,
sonuncu təhsil ocağında doktorluq müdafiə
etmişdir. Hazırda İsgəndəriyyə
kitabxanasının direktoru, Misir Prezidentinin bu kitabxana üzrə
xüsusi nümayəndəsi, müvafiq 7 elmi araşdırma
institutunun və 3 muzeyin rəhbəri, Misir Milli Məclisinin
senatoru, Afrika Biotexnologiya Panelinin həmsədri, BMT baş
katibinin Sivilizasiyalar Alyansı Ali Qrupunun üzvü, Dünya
Bankının xüsusi məsləhətçisi (1992-2000-ci
illərdə birinci vitse-prezidenti), XXI əsr Dünya Su
Komissiyasının rəhbəri, Misir Mədəniyyət
Şurasının xüsusi nümayəndəsidir. Dünyanın
müxtəlif ölkələrinin 21 universitetinin fəxri
doktoru, İnkişaf Etməkdə Olan Ölkələrin Elmlər
Akademiyasının (İtaliya) vitse-prezidenti, 10-dan artıq
akademiyanın üzvü, 60-a yaxın kitabın, 200-dən
çox məqalənin müəllifidir.
Yaqub Mahmudov institut Elmi
Şurasının 2009-cu il 11 sentyabr tarixli qərarını
səsləndirmiş və fəxri doktor diplomunu
İsmayıl Serageldinə təqdim etmişdir. Qonağa rəhbərlik
etdiyi kitabxanada saxlanmaq üçün Qarabağın tarixinə
dair 6 dildə çap edilmiş monoqrafiya, Azərbaycan və
ingilis dillərində Naxçıvan tarixi, Azərbaycana aid
Britaniya arxivindən götürülmüş sənədlər,
Ermənistan ərazisində hökumətin qərarı ilə
dəyişdirilmiş Azərbaycan yer adları kitabları da
verilmişdir.
Doktor İ.Serageldin qeyd
etmişdir ki, Azərbaycan qısa müddətdə demokratik
dövlət qurmuş, lakin işğala məruz
qalmışdır. Belə bir şəraitdə tarixini
yaradır. AMEA-nın Tarix İnstitutu həqiqətin
bağçasıdır. Əminəm ki, mənə verilən
kitablarda həqiqət əks olunmuşdur. Mən bu həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması
üçün internetin və rəhbərlik etdiyim
kitabxananın imkanlarından səmərəli istifadə edəcəyəm.
Qonaq öz ölkəsi
ilə Azərbaycan arasındakı əlaqələrin əhəmiyyətini
vurğulamış, yüksək ad üçün təşəkkür
etmişdir.
Yaqub Mahmudov məlumat
vermişdir ki, AMEA-nın A.A.Bakıxanov adına Tarix
İnstitutu ilə Misir Ərəb Respublikası İskəndəriyyə
kitabxanası arasında elmi əməkdaşlıq
haqqında müqavilə imzalanması nəzərdə
tutulur.
İsgəndəriyyə
kitabxanası dünyanın 100-dən artıq ölkəsinin,
o cümlədən Azərbaycanın tanınmış
kitabxanaları ilə əməkdaşlıq edir.
Azərbaycan.- 2009.- 16 sentyabr.- S. 5.