Moskvada MDB ölkələri maliyyə nazirlərinin müşavirəsi keçirilmişdir

 

Azərbaycanın maliyyə naziri Samir Şərifov MDB ölkələri maliyyə nazirlərinin daimi müşavirəsinin iclasında iştirak etmişdir. Bu, MDB məkanında dünya iqtisadi böhranı ilə mübarizə, həmin istiqamətdə görülən tədbirlər, habelə böhrandan sonrakı dövrdə maliyyə nazirlərinin fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı məsələlərə həsr olunmuş üçüncü görüşdür.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev görüşü açaraq MDB ölkələri iqtisadiyyatlarının vəziyyətini səciyyələndirən statistik məlumatları diqqətə çatdırmışdır. O bildirmişdir ki, Birlik ölkələri maliyyə nazirlərinin dünya iqtisadi böhranı şəraitində maliyyə-iqtisadi sahə ilə bağlı aktual məsələlərin müzakirəsinin nəticələri Rusiya hökuməti sədrinin müavini, maliyyə naziri Aleksey Kudrinin MDB ölkələri Dövlət Başçıları Şurasının növbəti iclasında təqdim edəcəyi məruzənin əsasını təşkil edəcəkdir.

Sonra müşavirəyə sədrlik edən Rusiyanın maliyyə naziri Aleksey Kudrin çıxış edərək iqtisadi böhranın nəticələrinin aradan qaldırılması sahəsində MDB ölkələrinin qarşılıqlı fəaliyyətinə qiymət vermişdir. Rusiyanın maliyyə naziri vurğulamışdır ki, MDB ölkələrinin ümumiləşdirilmiş mövqeyi və onların maliyyə böhranından çıxış yollarına baxışı "böyük iyirmiliyin" maliyyə nazirlərinin ABŞ-da keçiriləcək zirvə görüşündə Rusiya tərəfindən bütün MDB ölkələri adından təqdim olunacaqdır.

Azərbaycanın maliyyə naziri Samir Şərifov müşavirənin yekunlarını şərh edərək bildirmişdir ki, MDB ölkələri maliyyə nazirlikləri başçılarının bu cür görüşləri artıq ənənəyə çevrilmişdir. Müşavirədə əsasən davam edən maliyyə böhranı şəraitində Birlik dövlətlərində maliyyə-iqtisadi vəziyyət və böhranla mübarizə tədbirlərinə dair məsələlər müzakirə olunmuşdur. S.Şərifov əlavə etmişdir ki, gündəliyə daxil edilən məsələlərdən biri də "böyük iyirmiliyin" maliyyə nazirlərinin zirvə görüşü ərəfəsində Rusiya hökumətinin Birlik iştirakçılarının bu problemə baxışını ümumiləşdirən sənədin hazırlanması olmuşdur.

S.Şərifov müşavirənin əhəmiyyətini yüksək qiymətləndirərək vurğulamışdır ki, tədbir konstruktiv xarakter daşıyırdı. Müşavirədə bildirilmişdir ki, ayrı-ayrı ölkələrdə böhranla müxtəlif cür mübarizə aparılır. Bir çox ölkələrdə iqtisadi tənəzzüldən çıxış imkanları xeyli genişlənmişdir, bu sahədə dirçəliş nəzərə çarpır. Nazir demişdir: "Müşavirədə xüsusi vurğulanmışdır ki, böhran vəziyyətinə baxmayaraq, Azərbaycan ÜDM-nın artım göstəricisinə görə müsbət nəticələr nümayiş etdirir. Azərbaycanda ÜDM-nin artımı davam edir, söhbət cari ilin 8 ayı ərzində 5 faiz artımdan gedir".

Azərbaycanın maliyyə naziri bildirmişdir ki, tədbirdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur. Böhranla mübarizə tədbirləri planı üzərində işləri davam etdirmək qərara alınmışdır. Bu işlərin nəticəsi MDB Dövlət Başçıları Şurasının iclasında təqdim olunacaqdır. Samir Şərifov demişdir: "Bununla əlaqədar bir sıra təkliflər nəzərdən keçirilmiş, onların bəziləri Azərbaycan tərəfindən qəbul olunmuşdur. Bu istiqamətdə işlər davam etdirilir".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2009.- 16 sentyabr.- S. 5.