"İki sahil" qəzeti "Əsrin müqaviləsi"nin 15 illiyinə Neftçilər gününə xüsusi buraxılış həsr etmişdir

 

"İki sahil" qəzeti 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"nin 15 illiyinə və Neftçilər gününə xüsusi buraxılış həsr etmişdir.

Rəngli, illüstrativ materiallardan geniş istifadə olunmuş 56 səhifəlik xüsusi buraxılış Prezident İlham Əliyevin neft sənayesinin bir qrup işçisinə mükafatlar, fəxri adlar verilməsinə dair imzaladığı sərəncamla başlayır.

Sonrakı səhifədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin Neftçilər günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbriki dərc olunmuşdur. Təbrikdə belə bir fikir vurğulanır ki, ulu öndər Heydər Əliyevin böyük səyləri ilə 15 il əvvəl imzalanmış "Əsrin müqaviləsi", transmilli sazişlər nəticəsində ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunmuş, Azərbaycan Avropa ölkələrinə ixrac və tranzit daşımaları üzrə ilk yerlərdən birini tutmuşdur. Bütün bunlar sübut edir ki, ümummilli lider Heydər Əliyevin qalibiyyətli neft strategiyası respublikamıza böyük iqtisadi səmərə gətirməklə bərabər, həm də müstəqil dövlət kimi onun beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, dünya birliyinə daha intensiv inteqrasiyası baxımından müstəsna rol oynamışdır.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ümummilli liderin işləyib hazırladığı neft strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, məhz bunun sayəsində neft siyasətinin bəhrələrinin ölkənin ictimai-siyasi həyatının bütün sahələrində böyük canlanma yaratdığını diqqətə çatdırır, Azərbaycanın iqtisadi qüdrətinin daha da möhkəmlənməsi, xalqımızın daha firavan yaşaması üçün neftçilərin fədakar zəhmətini yüksək qiymətləndirir, onları peşə bayramları münasibətilə təbrik edir.

ARDNŞ-in prezidentinin xüsusi buraxılışda dərc olunmuş "Əsrin müqaviləsi - bütün uğurların təməli" adlı yazısında Azərbaycanın neft sənayesinin təqribən 150 illik tarixi araşdırılır, "Əsrin müqaviləsi" imzalandıqdan sonra görülmüş işlərin nəticələri barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, "Əsrin müqaviləsi"nin 15 illik uğurları Azərbaycan rəhbərliyinin və neftçilərimizin xarici tərəfdaşlarla birgə apardıqları fəaliyyətin nəticəsidir.

Ulu öndər Heydər Əliyevin yeni neft siyasətinin uğurunu dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yüksək qiymətləndirmişlər. Bununla bağlı Corc Buş, Süleyman Dəmirəl, Riçard Armitac, Madlen Olbrayt, Bill Klinton, Jak Şirak, Toni Bleyer, Zbiqnev Bzejinski kimi tanınmış siyasi xadimlərin ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevə ünvanladıqları təbrik teleqramları xüsusi buraxılışda geniş yer almışdır.

"Əsrin müqaviləsi"nin 15 illiyi və Neftçilər günü münasibətilə ARDNŞ-in rəhbər işçilərinin və şirkətin ayrı-ayrı sahələrinə rəhbərlik edən şəxslərin yazıları xüsusi buraxılışın maraqla oxunan materallarıdır. Bu mənada, ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin "Neftçilərin peşə bayramı", şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun "Maliyyə hesabatlarının beynəlxalq standartlara keçidi ARDNŞ-in uğurudur", sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun "Azərbaycanın dünya bazarında rəqabət aparmaq imkanları genişlənir", neft emalı üzrə vitse-prezident David Məmmədovun "Azərbaycan neft emalı məhsullarının ixracatçısı kimi dünya bazarlarında özünəlayiq yer tutmuşdur", vitse-prezident Mikayıl İsmayılovun "Neftçilər öz peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edirlər", sosial məsələlər üzrə vitse-prezident Qorxmaz Hüseynovun "Neft strategiyasının uğurla həyata keçirilməsi sosial inkişaf proqramlarının tətbiqini sürətləndirir", ekologiya üzrə vitse-prezident Muxtar Babayevin "Ətraf mühitə zərərli təsirlər aradan qaldırılır", kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun "ARDNŞ: daha işıqlı sabahlara doğru" sərlövhəli yazıları oxucuda neft şirkətinin fəaliyyəti barədə geniş təsəvvür yaradır.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin, "Azneft" İstehsalat Birliyinin baş direktoru Səbuhi Əhmədovun, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin, şirkətin ayrı-ayrı strukturlarına rəhbərlik edən Tofiq Qəhrəmanovun, Vaqif Əliyevin, Rövşən Həsənovun, Elman İsmayılovun, Səfixan Məmmədovun, Bədəl Bədəlovun, Rəşad Əliyevin, Azər Əliyevin, Kamal Abbasovun, İnayət Hüseynovun, Mübariz Mədətovun, Rizvan Abbasovun, İsgəndər Şirəlinin, Fəxrəddin İsmayılovun, Sadıq Sadıqovun, Həbib Yüzbaşıyevin və "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadənin yazıları da maraqlı faktlarla zəngindir.

Xüsusi buraxılış ulu öndərin bir vaxtlar dediyi "Azərbaycan xalqı uzun illər boyu ürəyində gəzdirdiyi arzusuna çatmışdır və öz təbii sərvətlərinin, o cümlədən neftinin tam sahibidir və ondan necə istifadə olunmasını özü müəyyən edir" sözləri ilə bitir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 16 sentyabr.- S. 7.