Mədəniyyətin inkişafı və mədəni irsin qorunması ilə əlaqədar yeni konsepsiya hazırlanır

 

Sentyabrin 15-də Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyaları ilk iclası keçirilmişdir. İclasda komitənin ötən yaz və növbədənkənar sessiyası dövründə gördüyü işlər və payız sessiyasında hazırlayacağı qanun layihələri müzakirə olunmuşdur.

Komitə sədri Nizami Cəfərov bildirmişdir ki, rəhbərlik etdiyi qurum payız sessiyasında bir sıra qanunlara əlavə və dəyişikliklərlə bağlı yeni qanun layihələri hazırlayacaqdır. Bunların arasında "Mədəniyyət haqqında" qanun layihəsi də vardır. Bildirilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyi hazırda mədəniyyətin inkişafı ilə bağlı Konsepsiya üzərində iş aparır. Proses tamamlama mərhələsinə çatmışdır. "Mədəniyyət haqqında" Qanunun qəbulundan on ildən çox vaxt ötür. Həmin müddətdə ölkənin sürətli inkişafı mədəniyyət sahəsinə də ciddi təsir etmişdir. Bu sahənin maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində xeyli iş gorülmüşdür. Ölkəmiz dünya mədəni proseslərində yaxından iştirak edir. Bütün bunlar isə qanunvericilik bazasının təkmilləşdirilməsi zərurətini yaratmışdır.

Komitə sədri vurğulamışdır ki, vaxtilə yaradıcı təşkilatların yaxından iştirakı ilə hazırlanan "Yaradıcı şəxslər və yaradıcılıq təşkilatları haqqında" qanun layihəsi yenidən gündəmdədir.
İclasda "Birgə film istehsalı haqqında" sazişin təsdiq edilməsi haqqında" qanun layihəsinə də baxılmışdır. Qeyd olunmuşdur ki, saziş MDB ölkələrinin film istehsalı sahəsində birgə əməkdaşlığını əks etdirəcəkdir.

Sonra "İctimai televiziya və radio yayımı haqqında" qanuna əlavə və dəyişikliklər də müzakirə olunmuşdur.

Müzakirələrin sonunda hər iki sənədin Milli Məclisin plenar iclasının gündəliyinə çıxarılması qərara alınmışdır.

 

 

Azərbaycan.- 2009.- 16 sentyabr.- S. 7.