"Əsrin müqaviləsi" Azərbaycanın qarşısında yeni üfüqlər açmışdır

 

Xəbər verdiyimiz kimi, sentyabrın 15-də "Buta" sarayında "Əsrin müqaviləsi"nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

On beş il əvvəl - 1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın inkişaf etmiş ölkələrinin tanınmış neft şirkətləri arasında müqavilə imzalanmışdır. Müstəqil ölkəmizin bu günü və gələcəyi üçün böyük əhəmiyyəti olan, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış bu sənəd beynəlxalq aləmdə yüksək qiymətləndirilərək "Əsrin müqaviləsi" adını almışdır. Bu müqavilə müstəqil respublikamızın salnaməsinə qızıl hərflərlə həkk olunmuş və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin neft strategiyasının şanlı səhifəsini açmışdır. "Əsrin müqaviləsi"ndə dünyanın səkkiz ölkəsinin 13 ən məşhur neft şirkəti iştirak etmişdir. "Əsrin müqaviləsi" sonrakı illərdə dünyanın 19 ölkəsinin 40-dan çox neft şirkəti ilə 30-dək sazişin imzalanmasına imkan yaratdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının həcminə, həm də qoyulan sərmayələrin məbləğinə görə dünyada bağlanan ən böyük sazişlər siyahısına daxil olmuşdur.

"Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yaranmış və böyük işlərə başlanmışdır. Birinci növbədə, 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində "Çıraq-1" özülü Qərb standartlarına uyğun olaraq bərpa edilmişdir. 1997-ci ildə "Çıraq" yatağından ilk neftin hasilatına başlanmışdır. Mənfəət neftinin satışından əldə edilən valyuta ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olur və xalqımıza böyük fayda verir.

1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft ixrac kəmərinin çəkilməsi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuş və tikintisinə başlanmışdır.

Ulu öndər bu hadisəni belə xarakterizə etmişdi: "Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır".

Yeddi il sonra - 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir.

Prezident İlham Əliyev XVI Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransındakı nitqində demişdir: "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanda yeni neft strategiyasının başlanması demək idi. Bu gün uğurla icra edilən neft siyasətimiz həm Azərbaycanın enerji təhlükəsizliyini təmin etdi, Azərbaycanı dünya birliyinə çox etibarlı ölkə və etibarlı tərəfdaş kimi təqdim etdi və eyni zamanda, bu gün bizim ölkəmiz və neft-qaz imkanlarımız geniş mənada qitənin enerji təhlükəsizliyi üçün əvəzolunmaz funksiyalar daşıyır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Əsrin müqaviləsi"nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişlər.

Salona toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

                      

 

Azərbaycan.- 2009.- 17 sentyabr.- S. 1.