"Əsrin müqaviləsi" Azərbaycanın
qarşısında yeni
üfüqlər açmışdır
"Əsrin müqaviləsi"nin 15-ci ildönümünə
həsr olunmuş təntənəli mərasim
Azərbaycan Prezidenti İlham
Əliyevin nitqi
- Hörmətli
xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Mən sizin
hamınızı ürəkdən salamlayıram, sizi və
bütün Azərbaycan xalqını "Əsrin müqaviləsi"nin
15-ci ildönümü münasibətilə ürəkdən
təbrik etmək istəyirəm.
On beş il bundan əvvəl
müstəqil Azərbaycanın tarixində çox əlamətdar
və böyük dərəcədə həlledici hadisə
baş vermişdir. "Əsrin müqaviləsi"nin
imzalanması Azərbaycan qarşısında yeni imkanlar, yeni
üfüqlər açmışdır. Azərbaycan o vaxt
öz müstəqilliyinin üçüncü ilini
yaşayırdı. Müstəqilliyimizin ilk illəri ölkəmiz
üçün çox ağır keçirdi. Ölkə
1991-93-cü illərdə demək olar ki, total böhran
yaşayırdı. İqtisadi, siyasi, hərbi böhran Azərbaycanı
çox ağır vəziyyətə salmışdı və
daxili çəkişmələr, özbaşınalıq,
anarxiya və xaos demək olar ki, Azərbaycanın gələcəyini
də şübhə altına qoyurdu. 1993-cü ildə
xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə
qayıtmasından sonra vəziyyət sabitləşməyə
başladı, bütün xoşagəlməz halların
qarşısı alındı və Azərbaycan uğurla
inkişaf yoluna qədəm qoydu. Bu hadisə - "Əsrin
müqaviləsi"nin imzalanması Azərbaycanın
uzunmüddətli uğurlu inkişaf imkanlarını gücləndirdi.
Azərbaycan özünü dünyaya təqdim etdi. İlk dəfə
olaraq dünyada böyük transmilli konsorsium yaradıldı.
Konsorsiumun iştirakçıları - müxtəlif ölkələri
təmsil edən şirkətlər və Azərbaycan
Dövlət Neft Şirkəti uğurlu əməkdaşlığa
başlamışdır. İlk dəfə olaraq Xəzər
dənizi beynəlxalq əməkdaşlıq
üçün açıldı və bunu Azərbaycan
etdi. "Əsrin müqaviləsi"nin imzalanması imkan
verdi ki, Xəzərin neft-qaz ehtiyatları dünyada ilk dəfə
olaraq Qara dəniz və Aralıq dənizləri ilə beynəlxalq
bazarlara nəql edilsin. Yəni "Əsrin müqaviləsi"nin
çox böyük tarixi əhəmiyyəti vardır.
Azərbaycana
böyük investisiya axını başlamışdır. O
vaxt Azərbaycan böyük maliyyə imkanlarına malik
deyildi. Bizim maliyyə imkanlarımız çox məhdud idi.
Bizim imkanımız yox idi ki, "Azəri", "Çıraq"
və "Günəşli" yataqlarının dərin
hissəsini özümüz işləyək,
özümüz investisiyalar qoyaq. Ona görə xarici
kapitalın Azərbaycana gəlməsini təmin etmək
çox mühüm bir vəzifə idi. O da həqiqətdir
ki, o vaxt Azərbaycan çox riskli bir ölkə kimi
tanınırdı.
Azərbaycanda daxildə
gedən xoşagəlməz hadisələr, vətəndaş
müharibəsi, Ermənistanın Azərbaycana qarşı
işğalçı siyasəti Azərbaycanı çox
riskli bir ölkə kimi dünyaya təqdim edirdi. Bunun
qarşısını almaq, Azərbaycanı informasiya
blokadasından çıxarmaq, ölkəmizi olduğu kimi
dünya birliyinə təqdim etmək üçün "Əsrin
müqaviləsi"nin əvəzsiz rolu olmuşdur.
Mən o günləri
çox yaxşı xatırlayıram. 1994-cü ildə
danışıqların son mərhələsi gedirdi və
Azərbaycan tərəfi çalışırdı ki, Azərbaycanın
milli maraqları maksimum dərəcədə təmin olunsun və
Azərbaycana böyük investisiya axını təşkil
edilsin. Bu gün, 15 il keçəndən sonra deyə bilərəm
ki, bu 15 il ərzində Azərbaycanın milli maraqları tam
şəkildə təmin olunmuşdur. Azərbaycan bu
kontraktın icrası nəticəsində böyük və
uğurlu yol keçmişdir. Bizim uğurlu gələcəyimiz
böyük dərəcədə 15 il bundan əvvəl
imzalanmış kontrakta söykənir. Eyni zamanda, bizimlə bərabər
işləyən və o vaxt bizi yaxşı tanımayan
xarici şirkətlər də gördülər ki, Azərbaycan
etibarlı tərəfdaşdır, Azərbaycan sərmayə
qoyuluşu üçün çox gözəl bir ölkədir,
Azərbaycanla işləmək xeyir gətirir. Onlar
qoyduqları investisiyaları mənfəətlə
qaytardılar. Bu gün də əminəm ki, əməkdaşlıqdan
həm biz, həm də ki, bizim xarici tərəfdaşlar
razıdırlar. Bu, əslində beynəlxalq əməkdaşlığın
çox gözəl nümunəsidir.
Onu da qeyd etmək istəyirəm
ki, Azərbaycanda xarici investisiyalar çox güclü qorunur.
"Əsrin müqaviləsi"
və ondan sonra imzalanan bütün kontraktlar parlamentdə
ratifikasiyadan keçərək Prezident tərəfindən
qanun şəklində imzalanmışdır və nə biz,
nə xarici tərəfdaşlar kontraktın mətnində
bir cümləni belə dəyişə bilməzlər. Bu,
həm bizə rahatlıq verir, həm də xarici neft şirkətləri
özlərini Azərbaycanda tam arxayın və əmin hiss
edirlər. Kontraktın icrası nəticəsində Azərbaycan
investisiya qoyuluşu üçün çox vacib ölkəyə
çevrilmişdir. Kontrakt çərçivəsində 20
milyard dollardan çox investisiyaların qoyuluşu, eyni zamanda
qeyri-neft sektorunun inkişafına da böyük təkan verdi.
Azərbaycanda yerli şirkətlər kontraktın icrasında
fəal iştirak etməyə başlamışdır.
Kontraktın şərtlərinə
əsasən Azərbaycan kadrlarının sayı da faiz
etibarilə müəyyən edilmişdi. Azərbaycan mütəxəssislərinin
sayı tədricən artdı. Bu gün bu layihədə
iştirak edən mütəxəssislər, fəhlələr
arasında Azərbaycan mütəxəssisləri, fəhlələri
əksəriyyət təşkil edir.
Böyük investisiya
layihələri Azərbaycanı dünya birliyinə
tanıtdı. Ondan sonrakı dövrdə xarici neft şirkətləri
ilə imzalanmış digər layihələr də Azərbaycana
böyük uğurlar gətirdi.
Kontraktın müsbət
nəticələri haqqında çox danışmaq olar. Mən
qeyd etmək istəyirəm ki, bizim bugünkü
inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın
həqiqətən müstəqil ölkə kimi dünya
birliyinə qədəm qoyması böyük dərəcədə
"Əsrin müqaviləsi"nin imzalanması ilə
bağlıdır. Bu, çox cəsarətli və müdrik
addım idi. Ulu öndər Heydər Əliyev tərəfindən
atılan bu addım Azərbaycan xalqının rifah
halının yaxşılaşmasına, Azərbaycanın hərtərəfli
inkişafına xidmət edir. O çətin və
ağır şəraitdə həm ölkə daxilində
gedən çox mürəkkəb proseslər, eyni zamanda Azərbaycanın
ətrafında cərəyan edən mənfi meyillər Azərbaycanı
çox ağır bir vəziyyətə qoya bilərdi. Əgər
Heydər Əliyev cəsarət, uzaqgörənlik,
müdriklik göstərməsə idi, Azərbaycan çox
ağır vəziyyətə düşə bilərdi. Əgər
kontrakt imzalanmasaydı, indi təsəvvür etmək çətindir
ki, Azərbaycanın bugünkü vəziyyəti necə ola
bilərdi. Tam qətiyyətlə deyə bilərəm ki, bu
gün biz indiki uğurlardan danışa bilməzdik.
Kontraktın icrası nəticəsində
Azərbaycana dediyim kimi, milyardlarla, on milyardlarla xarici sərmayə
qoyulmağa başlamışdı. Bizim bütün neft-qaz
infrastrukturumuz yeniləşdi. Vaxtilə - 1970-ci illərdə
Heydər Əliyev tərəfindən göstərilən təşəbbüslər
nəticəsində yaradılmış infrastruktur
kontraktın sürətlə icra olunmasına xidmət
göstərirdi. Əgər vaxtilə dərin özüllər
zavodu tikilməsə idi, kontraktın icrası çox yubana
bilərdi. Deyə bilərəm ki, tarixdə ilk dəfə
olaraq belə böyük, nəhəng investisiya qoyuluşunu
tələb edən kontraktın imzalanmasından ilkin neftin
hasilatına qədər cəmi 3 ildən az vaxt keçdi.
Hesab edirəm ki, bu, dünya miqyasında misli görünməmiş
sürətdir. Azərbaycanın coğrafi vəziyyəti belədir
ki, bizim dünya bazarlarına birbaşa
çıxışımız yoxdur. Belə olan halda neft kəmərlərinin
tikintisi gündəlikdə birinci yeri tuturdu.
Ancaq əlbəttə
ki, neft kəmərlərinin tikintisinə investisiyaların
qoyuluşu ancaq hasilatın artırılmasından sonra ola bilərdi.
Bu iki prosesi paralel şəkildə aparmaq böyük məharət,
böyük diplomatiya və böyük siyasi təcrübə
tələb edirdi. Mən şadam ki, bu gözəl ənənələr
bu gün də davam edir. Azərbaycan Dövlət Neft Şirkətinin
və bp şirkətinin rəhbərliyi altında Beynəlxalq
Konsorsium vahid komanda şəklində fəaliyyət göstərmiş
və bütün prosesləri ardıcıllıqla və
uğurla icra etməyi bacarmışdır.
Bakı-Tbilisi-Ceyhan neft
kəmərinin işə düşməsi, istismara verilməsi
ikinci tarixi hadisədir.
Bu tarixi hadisə
artıq təkcə Azərbaycan üçün deyil, region
ölkələri üçün də böyük əhəmiyyət
daşıyır. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
əhəmiyyəti daha da artır. Çünki artıq Xəzər
dənizinin şərq hissəsindən çıxarılan neft
Bakı-Tbilisi-Ceyhan kəməri ilə Aralıq dənizinə
nəql edilir. Artıq Azərbaycan başqa ölkələr
üçün tranzit ölkəyə çevrilibdir.
Düzdür, bizim çox böyük neft-qaz
ehtiyatlarımız vardır. Biz Bakı-Tbilisi-Ceyhan kəmərini
öz neftimizlə tam şəkildə doldura bilərik və
bunu edirik. Amma bununla bərabər, gələcəkdə kəmərin
genişləndirilməsi də mümkündür və bunu
etmək üçün indidən praktiki işlər
aparılır. Artıq Azərbaycan etibarlı tranzit ölkə
kimi də dünya birliyinə özünü təqdim edə
bilibdir.
Bakı-Tbilisi-Ceyhan neft
kəməri ətrafında çoxlu spekulyasiyalar, çoxlu
söhbətlər gəzirdi.
Kəmərin çəkilməsini
istəməyən tərəflər var gücü ilə
çalışırdılar ki, biz buna nail ola bilməyək.
Müxtəlif yerlərdə, internet saytlarında kampaniyalar
aparılırdı. Xatırlayıram, "Bakı-Tbilisi-Ceyhan
kampaniyası" adlı bir hərəkat da
başlamışdı və buna ekoloji nöqteyi-nəzərdən
yanaşmaq istəyənlər də az deyildi. Biz əlbəttə
ki, bütün ekoloji məsələləri təmin edirik.
Ancaq ekologiya adı altında kəmərin tikintisinə gizli
və açıq şəkildə müxalif mövqedə
dayanan tərəflər bu amildən istifadə etmək istəyirdilər
və hətta onların səyləri müəyyən dərəcədə,
müvəqqəti olaraq nəticə də vermişdi.
Çünki Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi
böyük dərəcədə xarici maliyyə
qurumlarının resurslarından asılı idi. Bizim o qədər
imkanımız yox idi ki, bu kəməri özümüz
maliyyələşdirək. Belə olan halda müəyyən
müddətdə yubanma da olmuşdur.
Mən bunu da çox
yaxşı xatırlayıram. Amma buna baxmayaraq, Azərbaycan
dövlətinin iradəsi, xarici neft şirkətlərinin
uğurlu fəaliyyəti, beynəlxalq dəstək nəticəsində
Bakı-Tbilisi-Ceyhan neft kəməri müvəffəqiyyətlə
tikildi, istismara verildi və bu gün Azərbaycan neftinin
dünya bazarlarına çatdırılmasında
mühüm rol oynayır.
Bakı-Tbilisi-Ceyhan neft
kəmərinin tikintisinə qədər Azərbaycan nefti iki
başqa istiqamətlə beynəlxalq bazarlara nəql edilməyə
başlamışdı. Bakı-Novorossiysk neft kəmərinin
istiqamətinin dəyişdirilməsi və Bakı-Supsa neft kəmərinin
tikilməsi nəticəsində bizim neft ixracımız
çoxşaxəli şəkildə dünya bazarlarına
çıxarılır. Bu gün həm Bakı-Tbilisi-Ceyhan,
həm Bakı-Supsa, həm Bakı-Novorossiysk Azərbaycan
neftini müxtəlif istiqamətlərlə dünya
bazarlarına çıxarır. Beləliklə, Azərbaycanın
enerji təhlükəsizliyi tam şəkildə təmin
olunub, Azərbaycan öz neft resurslarını çoxşaxəli
əsaslarla dünya bazarlarına çıxarır.
Şübhə yoxdur ki, əgər "Azəri-Çıraq-Günəşli"
yataqlar bloku üzrə kontrakt imzalanmasaydı və
Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında, ümumiyyətcə,
söhbət belə gedə bilməzdi. 1996-cı ildə -
"Əsrin müqaviləsi"nin imzalanmasından iki il
sonra "Şahdəniz" qaz yatağı üzrə
kontrakt imzalanmışdır və beləliklə, Azərbaycanın
böyük qaz potensialına malik olduğu təsdiq
edilmişdir. Bizim geoloqlarımız, təcrübəli
mütəxəssislərimiz həmişə deyirdilər və
bu gün də həyat onların haqlı olduğunu bir daha
sübut edir ki, Azərbaycanın neftlə bərabər
böyük, zəngin qaz ehtiyatları vardır. "Şahdəniz"
yatağının işlənilməsi və böyük
ehtiyatların üzə çıxması onu təsdiqləyir.
"Şahdəniz" yatağının işlənilməsi
nəticəsində Bakı-Tbilisi-Ərzurum qaz kəməri
tikildi. Azərbaycan öz qazını bu kəmər vasitəsilə
dünya bazarlarına ixrac edir. Onu da qeyd etməliyəm ki,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə bərabər,
bizim əlavə üç qaz kəmərimiz vardır. Biri
Rusiya istiqamətinə, biri Gürcüstan istiqamətinə,
biri isə İran istiqamətinə. Bütün bu kəmərlərdən
biz səmərəli şəkildə istifadə edə bilərik
və beləliklə, qaz ixracatımızı çoxşaxəli
şəkildə, Azərbaycanın milli maraqlarına
uyğun olan formada dünya bazarına nəql edə bilərik.
Beləliklə, bizim
artıq yeddi neft-qaz kəmərimiz vardır. Bizim neft-qaz hasilatımız artır. Bu il neft hasilatı 45 milyon tondan çox
olacaq, qaz hasilatı 30 milyard kubmetrə yaxın olacaqdır. Nəzərə alsaq ki, Azərbaycan artıq özünü tranzit ölkə kimi də təsdiqləyib, bu vaxta qədər
bizim qarşımızda
duran bütün vəzifələr uğurla
icra edilib, gələcək illərdə
bu rəqəmlər artacaqdır. Elə məsələ
yoxdur ki, biz onu etmək istəyirdik, edə bilmədik. Bu gün Azərbaycanın enerji siyasəti artıq regional müstəvidən
çıxıb qlobal
müstəviyə daxil
olubdur.
Azərbaycan neft-qaz ixrac
edən etibarlı ölkə kimi dünya birliyi
üçün daha önəmli olubdur. Biz bu gün enerji təhlükəsizliyi
məsələlərində çox fəal iştirak
edirik. Ötən əsrin 90-cı illərində, hətta
2000-ci ilin birinci yarısında enerji təhlükəsizliyi məsələləri
haqqında o qədər də söz-söhbət yox idi. Son
illər ərzində bütün dünya və Avropa
gördü ki, bu məsələlər nə dərəcədə
böyük əhəmiyyət kəsb edir. Azərbaycan
öz tərəfindən bütün lazımi tədbirləri
gördü, bütün neft-qaz infrastrukturunu xarici tərəfdaşlarla
bərabər yaratdı və bu gün aparılan əlavə
qazma işləri bizə böyük ümidlər verir.
Müqavilənin icrası nəticəsində Azərbaycan
Dövlət Neft Şirkəti beynəlxalq şirkətə
çevrildi. Şirkətin çox böyük imkanları
vardır. Artıq Azərbaycan Dövlət Neft Şirkəti
özü dənizin dərin laylarında qazma işləri
aparır və əminəm ki, növbəti kəşfiyyat
işini də biz görəcəyik.
Xarici şirkətlərlə
uğurlu əməkdaşlığımız bu gün də
davam edir və çox əlamətdar haldır ki, bu
yaxınlarda üç yeni yataq üzrə yeni kontraktlar
imzalanmışdır. "Abşeron", "Asiman",
"Şəfəq" yataqları artıq işə
salınır və xarici şirkətlər Azərbaycanın
neft-qaz potensialına öz diqqətini əsirgəmir. Azərbaycan
dövləti isə öz növbəsində, xarici şirkətlərlə
hər iki tərəf üçün səmərəli əməkdaşlığı
davam etdirir. Azərbaycan Dövlət Neft Şirkəti öz
imkanlarını ortaya qoyur və beləliklə, mən əminəm
ki, növbəti illərdə Azərbaycanın neft-qaz
potensialı haqqında yeni ümidverici rəqəmlər də
səslənəcəkdir.
Qeyd etmək istəyirəm
ki, bizim neft-qaz siyasətimiz 1994-cü ildə
başlamışdır. Heydər Əliyevin neft
strategiyası bu gün də davam edir. Dediyim kimi, biz artıq
bu gün regional müstəvidən çıxıb qlobal məsələlərlə
məşğuluq. Bununla bərabər, Azərbaycan öz
islahatlarını bütün başqa sahələrdə
davam etdirir. Əlbəttə ki, bizim maliyyə
resurslarımız və təbii ehtiyatlarımız
islahatların aparılması üçün daha da əlverişli
şərait yaradır.
1994-cü ildə Azərbaycan
kasıb bir ölkə idi. Bizim valyuta ehtiyatlarımız
sıfır dərəcəsində idi. Bu gün Azərbaycanın
valyuta ehtiyatları 18 milyard dollardan çoxdur. Son beş il ərzində
Azərbaycanın dövlət büdcəsi 10 dəfədən
çox artıbdır. 2003-2008-ci illərdə Azərbaycanda
iqtisadiyyat, ümumi daxili məhsul 2,6 dəfə
artıbdır. Bu, dünyada misli görünməmiş bir nəticədir.
Son beş il ərzində
Azərbaycanda 800 minə qədər yeni iş yeri
açılmışdır ki, onların tam əksəriyyəti
qeyri-neft sektorundadır. Yoxsulluq şəraitində
yaşayanların sayı beş il ərzində 49 faizdən
13 faizə düşmüşdür. Bu da onu göstərir
ki, Azərbaycanda neftdən əldə olunan gəlirlər ədalətli
şəkildə bölünür. Azərbaycanda tam şəkildə
şəffaflıq təmin edilibdir. 1999-cu ilin sonunda
yaradılmış Azərbaycan Dövlət Neft Fondu
çox müasir qurumdur, çox şəffaf təşkilatdır.
Təsadüfi deyildir ki, Azərbaycan Dövlət Neft Fondu
BMT-nin şəffaflıq üzrə mükafatı ilə təltif
edilmişdir və Hasilat Sənayelərində Şəffaflıq
Təşəbbüsünün fəal üzvüdür. Azərbaycan
Dövlət Neft Fondunun təcrübəsi bir çox hallarda
başqa yerlərdə də öyrənilir.
Azərbaycanda
aparılan köklü islahatlar, eyni zamanda beynəlxalq qurumların
hesabatlarında da öz əksini tapır. 2008-ci ildə
Dünya Bankı Azərbaycanı dünyada bir nömrəli
islahatçı ölkə kimi tanıdı. Bu il Dünya
İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə
Azərbaycanı 51-ci yerə layiq gördü. Bu da çox
böyük nailiyyətdir. Bu onu göstərir ki, - biz bu məqsədə
çatacağıq, - məqsədimiz inkişaf etmiş
ölkələrin sırasına daxil olmaqdır. Bunu etmək
üçün islahatlarımız davam etdirilməlidir. Neftdən
əldə olunan gəlirlər təhsilə, səhiyyə məsələlərinin
həllinə, qaçqınların yeni evlərə
köçürülməsinə sərf olunur. Yeni
müasir infrastruktur, sahibkarlığa kömək, güzəştli
kreditlərin verilməsi, hərtərəfli inkişaf - budur
Azərbaycanın reallıqları. Baxmayaraq ki, dünyada
hökm sürən maliyyə böhranı Azərbaycandan da
yan keçməyib, bu ilin səkkiz ayında Azərbaycan
iqtisadiyyatı 5 faiz artıbdır. Baxmayaraq ki, neftin qiyməti
kəskin şəkildə aşağı düşüb,
bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı neft-qaz
amilindən öz asılılığını artıq
böyük dərəcədə aşağı sala
bilibdir.
Bugünkü Azərbaycan
müasir ölkədir, güclü iqtisadiyyata malik ölkədir,
sabit ölkədir, investisiyalar üçün çox məqbul
ölkədir. Xarici tərəfdaşlarla bizim əməkdaşlığımız
davam edir və bu, çox sevindirici haldır. Biz öz
sözümüzə həmişə sadiq olmuşuq,
sözümüzlə əməlimiz arasında heç vaxt
fərq olmamışdır. Ona görə Azərbaycan
dünyada etibarlı tərəfdaş və dost ölkə
kimi tanınır.
Mən bu gün bir daha
bütün Azərbaycan xalqını bu gözəl hadisə
münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
Azərbaycan neftçilərini qarşıdan gələn
peşə bayramları münasibətilə təbrik etmək
istəyirəm. Bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsidir.
İlk dəfə olaraq dünyada sənaye üsulu ilə
neft məhz Azərbaycanda çıxarılıbdır.
İlk dəfə olaraq dünyada dənizdə neft məhz Azərbaycan
neftçiləri tərəfindən
çıxarılıbdır. Yəni Azərbaycan
neftçilərinin çox böyük tarixi var,
şanlı tarixi var, çox böyük təcrübəsi
vardır. Ancaq neftçilər günü Azərbaycanda
sentyabrın 20-də qeyd olunur. Bu, "Əsrin müqaviləsi"nə
dövlət tərəfindən verilən qiymətdir.
Çünki "Əsrin müqaviləsi"nin
imzalanması Azərbaycanın neft sənayesinin
qarşısında yeni imkanlar açmışdır.
Mən bu gün həm
Azərbaycan neftçilərinə öz minnətdarlığımı
bildirmək istəyirəm, onları təbrik etmək istəyirəm.
Həm də bizim xarici tərəfdaşlarımıza, beynəlxalq
konsorsiumun üzvlərinə və xüsusilə bp şirkətinin
bütün əməkdaşlarına Azərbaycana verdikləri
töhfələrə görə, Azərbaycana
inandıqlarına, sərmayə qoyduqlarına və uzun illər
ərzində səmərəli əməkdaşlığa
görə təşəkkürümü bildirmək istəyirəm.
Əminəm ki, Azərbaycan Neft Şirkətinin gələcəkdə
bütün xarici şirkətlərlə əməkdaşlığı
uğurla davam edəcək, Azərbaycana yeni imkanlar
açacaq, ölkəmiz güclənəcək, qüdrətlənəcək
və uğurla irəliyə gedəcəkdir.
(Dövlətimizin
başçısının nitqi böyük diqqətlə
dinlənildi və hərarətli alqışlarla
qarşılandı).
***
Mərasimdə
çıxış edən Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq
ABDULLAYEV regionumuzun geosiyasi simasını dəyişən
"Əsrin müqaviləsi"nin bölgə dövlətləri
tərəfindən həmişə
xatırlanacağını bildirdi və bu layihənin
reallaşmasında ulu öndər Heydər Əliyevin xidmətlərini
xatırladaraq dedi:
- Müasir Azərbaycan
dövlətinin memarı və qurucusu, xalqımızın
ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini bu əlamətdar
gündə sonsuz ehtiram və minnətdarlıq
duyğuları ilə yad edirik. On beş il öncə bu dahi
şəxsiyyətin siyasi uzaqgörənliyi, gərgin səyləri
və dönməz qətiyyəti sayəsində
dünyanın tanınmış neft şirkətləri ilə
"Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri",
"Çıraq" və "Günəşli"
yataqlarının birgə işlənilməsi və
hasilatın pay bölgüsü haqqında" Saziş
imzalandı. Bununla da müstəqil Azərbaycanın yeni neft
strategiyasının etibarlı təməli qoyuldu.
Əziz dostlar, bu əlamətdar
gündə müqavilənin hazırlanmasında,
imzalanmasında və bugünkü səviyyəyə
çatdırılmasında ulu öndərin ən yaxın
silahdaşı olmuş, həmin kursu indi də dönmədən
davam etdirən cənab İlham Əliyevin xidmətlərini də
xüsusi qeyd etmək lazımdır. Mən bütün
neftçilər adından möhtərəm Prezidentimizə
dərin minnətdarlığımızı bildirirəm.
Rövnəq Abdullayev
bildirdi ki, "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan
iqtisadiyyatının, ilk növbədə, neft sənayesinin
çoxşaxəli inkişafına güclü təkan
verdi. Yeni texnologiyaların, müasir avadanlığın,
maşın-mexanizmlərin istehsalatda tətbiqinə, yeni idarəetmə
metodlarının mənimsənilməsinə, ən əsası
isə Dövlət Neft Şirkətinin fəaliyyətinin
beynəlxalq standartlar səviyyəsində qurulmasına imkan
yaratdı.
"İndi Dövlət
Neft Şirkəti 14 saziş üzrə işlər aparır
ki, bu layihələrdə dünyanın 14 ölkəsini təmsil
edən 24 şirkət iştirak edir", - deyən Rövnəq
Abdullayev bildirdi ki, "Əsrin müqaviləsi"
bütün dünya dövlətlərinin Azərbaycana
inamını artırdı, ölkəmizi neft-qaz sənayesində
aparılan işlərdə böyük təcrübəsi və
səriştəsi olan tərəfdaş kimi tanıtdı və
iri, tanınmış neft şirkətlərinin ölkəmizə
sərmayə qoyması üçün şərait yaratdı.
R.Abdullayev daha sonra dedi:
bu illərdə Azərbaycanın neft sektoruna 37,5 milyard
ABŞ dolları məbləğində sərmayə
qoyulmuş, neft və qaz hasilatında rekord nəticələr
əldə olunmuşdur.
Hazırda "Azəri-Çıraq-Günəşli"
yataqlar blokunda "Tammiqyaslı işlənilmə layihəsi"
həyata keçirilir. Saziş sahəsində işlənilmənin
əvvəlindən 170 milyon tona qədər neft və 38
milyard kubmetr qaz hasil edilmişdir. "Azəri-Çıraq-Günəşli"
və "Şahdəniz" yataqlarının, eləcə
də Xəzərin Azərbaycan sektorunda açıla biləcək
neft və qaz-kondensat yataqlarının imkanları bizə əsas
verir ki, ölkə üzrə neft-qaz hasilatının ilbəil
artmaqda davam edəcəyini söyləyək və 2015-ci ildə
neft hasilatının 60 milyon ton, qaz hasilatının isə
35-40 milyard kubmetrə çatdırılacağını
proqnozlaşdıraq.
Dövlət Neft
Şirkətinin prezidenti şaxələndirilmiş ixrac neft
kəmərləri sisteminin ölkəmizə böyük mənfəət
gətirdiyini, Azərbaycan qarşısında yeni perspektivlər
açdığını da dedi. Qeyd etdi ki, neft-qaz sektorunun
inkişafı Azərbaycanın neft və qaza olan tələbatını
tam ödəyir. Xəzərin Azərbaycan sektorunda ən
böyük "Şahdəniz" qaz-kondensat
yatağının işlənilməsi üzrə layihənin
müvəffəqiyyətlə həyata keçirilməsi
respublikanın daxili tələbatını ödəməyə
və xaricdən qaz idxalına son qoymağa imkan
yaratmışdır. "Azəri-Çıraq-Günəşli"
və "Şahdəniz" yataqlarından qaz
hasilatının artırılması, eləcə də
şirkətimiz tərəfindən həyata keçirilən
"Qaz proqramı" çərçivəsində
görülən tədbirlər bütovlükdə respublika
üzrə qaz hasilatı dinamikasını dəyişmiş
və nəticədə hasilat 2004-2008-ci illərdə 5 dəfəyə
yaxın artaraq 5 milyard kubmetrdən 24 milyard kubmetrə
çatdırılmışdır.
R.Abdullayev dedi ki, xarici tərəfdaşlarla
səmərəli əməkdaşlıq şəraitində
qazanılan zəngin təcrübə, maddi, texnoloji və
intellektual potensial Dövlət Neft Şirkətinin inkişafının
keyfiyyətcə yeni mərhələyə qədəm
qoyması üçün əsas olmuşdur. Yeni layihələrin
həyata keçirilməsi, Xəzər Dəniz Neft
Donanmasının gəmi parkının genişləndirilməsi
bu sırada mühüm əhəmiyyət kəsb etdi.
Məhz ötən illərdə
qazanılmış təcrübə və inkişaf etdirilmiş
infrastruktura arxalanaraq perspektivli strukturların müstəqil
işlənilməsi xətti
götürülmüşdür. Bu il biz 20 illik fasilədən
sonra ilk dəfə olaraq daxili resurslar hesabına
"Ümid" strukturunda kəşfiyyat işlərinə
başlamışıq.
Hazırda strukturda platforma
tikilmişdir və artıq ilk quyunun qazılmasına
başlanılmışdır. Digər perspektivli sahələr
üzrə də yeni layihələr nəzərdə
tutulmuşdur. Aparılan hesablamalara əsasən, Azərbaycanın
təsdiq olunmuş karbohidrogen ehtiyatları şərti
yanacaqla 5 milyard ton, proqnoz karbohidrogen resursları isə 8-10
milyard ton həcmində qiymətləndirilir.
***
"bp-Azərbaycan"
şirkətinin prezidenti Rəşid CAVANŞİR isə
qeyd etdi ki, 15 il öncə xalqımızın ümummilli
lideri Heydər Əliyevin rəhbərliyi altında həyata
keçirilən "Əsrin müqaviləsi" öz nəticələrini
verir və xalqımız bundan bəhrələnir.
Rəşid Cavanşir
demişdir ki, bu müqavilənin qiymətini verəndə 3
amildən danışmaq olar. Birinci növbədə, bunun
çox böyük siyasi əhəmiyyəti vardır. Bu
müqavilə ilk növbədə Azərbaycanın müstəqilliyini
möhkəmləndirdi. Azərbaycan siyasi güc topladı. Azərbaycan
beynəlxalq aləmdə dəstək aldı. Azərbaycan
dünya inteqrasiyasına qoşuldu və regional liderə
çevrildi. Böyük iqtisadi nəticələr əldə
olundu. Təkcə "Azəri-Çıraq-Günəşli"
yataqlar blokunun işlənilməsinə 20 milyard dollardan
artıq xarici sərmayə qoyulmuşdur. Hazırda milyardlarla
gəlir əldə olunur və bu, davam etməkdədir.
"bp-Azərbaycan"
şirkətinin prezidenti bildirdi ki, bundan əlavə, "Əsrin
müqaviləsi"nin icrası nəticəsində Azərbaycana
ən müasir, yeni texnologiyalar gətirilmiş, çox zəngin
və nadir infrastruktur yaradılmışdır. İndi
dünyanın ən müasir dəniz platformaları Azərbaycandadır.
Dünyanın ən zəngin
neft və qaz quyuları Xəzərdə fəaliyyətdədir.
Azərbaycanda dünyanın ən böyük terminallarından
sayılan Səngəçal terminalı fəaliyyət
göstərir. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanı
dünya bazarlarına bağlayıb və hazırda sutkada bir
milyon barel neft bu marşrutla Aralıq dənizinə nəql
olunur.
R.Cavanşir dedi ki, Azərbaycanda
çox bacarıqlı və müasir kadrlar yetişib,
hazırda şirkətimizin əməkdaşları həm dənizdə,
həm qurudakı müəssisələrdə rəhbər
vəzifələri də tutmağa başlayıblar. Azərbaycanda
yerli şirkətlər də çox inkişaf edib.
Hazırda bizim keçirdiyimiz tenderlərdə yerli şirkətlər
böyük uğurla iştirak edirlər və xarici şirkətlərə
qalib gələ bilirlər. Bunlar gözəl nailiyyətlərdir
və ümidvaram ki, bu, gələcəkdə də belə
olacaqdır.
Layihənin bu cür
uğurlu olmasının bir neçə əsas səbəbi
vardır. Birinci növbədə, bu səbəb Azərbaycan
xalqının, hökumətinin böyük və gündəlik
dəstəyidir. Azərbaycan hökumətinin müqavilənin
şərtlərinə sadiq qalması və ona hörmət
olunması çox vacib amildir. Ən vacibi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin bu
müqaviləyə birbaşa marağı və şəxsi
rəhbərliyi, eləcə də bizim mərhum Prezidentimiz
Heydər Əliyevin böyük marağı və rəhbərliyi
olubdur.
***
ABŞ dövlət
katibinin Avrasiya enerji məsələləri üzrə
xüsusi nümayəndəsinin müavini Daniel ŞTAYN Birləşmiş
Ştatların dövlət katibi Hillari Klintonun təbrik məktubunu
mərasim iştirakçılarının diqqətinə
çatdırdı. Məktubda deyilir:
"Hörmətli cənab
Prezident!
Sizi və Azərbaycan
xalqını 1994-cü il sentyabrın 20-də
imzalanmış "Əsrin müqaviləsi"nin 15 illiyi
münasibətilə təbrik etmək istəyirəm.
"Azəri", "Çıraq" və "Günəşli"
neft yataqlarının işlənilməsini və nəticədə
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin
yaranmasını təmin edən bu müqavilə beynəlxalq
neft və qaz sahəsinin inkişafında mühüm hadisə
və beynəlxalq enerji diplomatiyasında böyük uğur
oldu. Beynəlxalq enerji təhlükəsizliyinin gücləndirilməsi
Avrasiya regionu üçün mühüm məsələ
olaraq qalmaqdadır. Bu baxımdan iyulun 13-də hökumətlərarası
Nabukko razılaşmasının imzalanması Xəzər
qazını Avropaya daşıyacaq "Cənub dəhlizi"nin
açılmasında bizim birgə səylərimizin çox
önəmli mərhələsinə çevrildi.
Biz ümid edirik ki, Azərbaycan,
Türkiyə və digər maraqlı ölkələr bu təkanverici
addımı davam etdirəcək və "Cənub dəhlizi"ni
gerçəkləşdirərək digər qalan məsələləri
razılaşdıracaqlar. Azərbaycan enerji
inkişafının yeni və daha perspektivli bir mərhələsinin
astanasındadır. Biz Sizinlə və bu bölgədəki
digər liderlərlə yeni neft və qaz ehtiyatlarının
işlənilməsini və bu ehtiyatları bazara
çıxarmaq üçün yeni marşrutların
açılması məqsədi ilə əməkdaşlığı
səmimiyyətlə arzulayırıq.
Səmimiyyətlə, sizin
Hillari Rodam Klinton,
dövlət katibi".
Daniel Ştayn
çıxışında Azərbaycan-ABŞ əməkdaşlığının
uğurlarından danışaraq dedi ki, Birləşmiş
Ştatlar Azərbaycanı strateji tərəfdaş hesab edir
və bu, Avrasiya məkanında xüsusi əhəmiyyət
daşıyır. 1991-ci ildə müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycan demokratiya və bazar
iqtisadiyyatı yoluna qədəm qoymuşdur. Bütün bu
işlər məhz Prezident Heydər Əliyev tərəfindən
aparılmışdır və onun siyasəti sayəsində
Azərbaycana bir çox xarici sərmayələr yatırılmağa
başlandı və Azərbaycan artıq qlobal enerji təchizatçısına
çevrildi.
Siz bilirsiniz ki, ABŞ
uzun müddət ərzində Azərbaycanın bir çox
strateji enerji layihələrində tərəfdaşı
olmuşdur və Qərblə Şərq arasında layihələrin
həyata keçirilməsinə töhfə vermişdir. Azərbaycanın
apardığı enerji siyasəti uğurlu olmuşdur və
ABŞ administrasiyasının da bu sahədə həyata
keçirdiyi siyasət ardıcıl olmuşdur.
Daniel Ştayn dedi ki,
"Əsrin müqaviləsi"nin həyata keçirilməsində
ABŞ-ın məşhur enerji şirkətləri də
iştirak etmişlər. Birləşmiş Ştatlar
Bakı-Tbilisi-Ceyhan boru kəmərinə də böyük
siyasi və maliyyə dəstəyi verib. Cənubi Qafqaz qaz
boru kəmərinin reallaşmasında Heydər Əliyevin
müdrik addımlarını xatırladan Daniel Ştayn dedi
ki, bu layihə hazırda Xəzər dənizindəki zəngin
neft resurslarını bütün dünyaya açıq elan
etmişdir. Bu, eyni zamanda Azərbaycan xalqı
üçün müstəqil iqtisadi həyatı təmin
etmişdir. Hazırda Avrasiya regionu yeni inkişaf mərhələsinə
qədəm qoyur. Yeni neft və qaz yataqları gələn illər
ərzində işləniləcəkdir.
Eyni zamanda, biz əminliklə
inanırıq ki, həmin bu resurslar müxtəlif istiqamətlərdə
nəql ediləcəkdir və bir çox ölkələrin
ərazilərindən keçərək yubanmadan, dayanmadan
istehlakçılara çatdırılacaqdır. Bu
baxımdan biz hesab edirik ki, Azərbaycan və Xəzər
hövzəsi regionunda yerləşən digər dövlətlər
bu sahədə öz səylərini davam etdirməlidirlər.
Daniel Ştayn Azərbaycan
Dövlət Neft Fondunun fəaliyyətinin dünyada təqdir
olunduğunu, bu qurumun şəffaflığın təmin
edilməsində həqiqətən aparıcı rol
oynadığını diqqətə çatdırdı.
Bu, Azərbaycanı
qlobal səviyyədə əsl şəffaf ölkə kimi
nümayiş etdirdi. Bu, sözün əsl mənasında,
böyük bir nailiyyətdir. Birləşmiş Ştatlar Azərbaycanla
sıx işləməyi davam etdirəcək və regionda
onun fəal tərəfdaşı olaraq enerji nəqlinin
şaxələndirilməsinə, ölkənin müstəqilliyinə
öz dəstəyini davam etdirəcəkdir. Sağ olun.
***
Avropa
İttifaqının enerji məsələləri üzrə
komissarı Andris PİEBALQS "Əsrin müqaviləsi"nin
imzalanmasının Azərbaycan üçün yeni imkanlar
açdığını və ölkəmizi
dünyanın enerji səhnəsində aparıcı
iştirakçıya çevirdiyini bildirərək dedi: Heydər
Əliyevin uzaqgörənliyi ölkənin iqtisadi
rifahını təmin etdi. Bu siyasət Azərbaycan
xalqına xidmət etdi. Bu addım böyük imkanlar
yaratdı.
"Əsrin müqaviləsi",
eyni zamanda bizim hamımıza çox uğurlu keçdiyimiz
şanlı yolu xatırladır. Yəni bu, bir günün ərzində
əldə olunmuş nailiyyətlər deyildir. Çox ciddi səylər
tələb olundu. Çox səylər göstərildi,
müzakirələr aparıldı. 1990-cı illərdə
Azərbaycan bütün dünyaya sübut etməli idi ki,
tarixi nailiyyətlər əldə edibdir və indi bu nailiyyətlər
davam etdirilməlidir.
Beləliklə, ölkənin
potensialının gücləndirilməsi üçün bu
addımın atılması vacib idi. 15 il əvvəl
atılmış bu addım Azərbaycanı həm hasilatda,
həm tranzit məsələsində, ümumiyyətlə
neft və qaz sahəsində etibarlı tərəfdaşa
çevirdi.
Andris Piebalqs Azərbaycanın
Avropa üçün böyük və etibarlı tərəfdaş
olduğunu, ölkəmizin yerləşdiyi regionda öz
infrastrukturundan istifadə edərək enerji
ehtiyatlarının Qərb istiqamətində nəqlinə
sadiq qaldığını vurğulayaraq dedi: Azərbaycan
regionda strateji tərəfdaşlığın etibarlı
subyektidir və bu tərəfdaşlığın gücləndirilməsi
çox vacibdir. Bu məqsədlə biz Azərbaycana
"Şərq tərəfdaşlığı" təşəbbüsünü
təklif etdik. Bunun məqsədi bu ölkə ilə tərəfdaşlığın
daha da dərinləşdirilməsi və genişləndirilməsidir.
Bir çox sahələrdə Avropa İttifaqı ilə Azərbaycan
arasında əməkdaşlıq davam etdiriləcəkdir.
Biz ticarət, iqtisadiyyat, sosial məsələlər və
insan amilinin inkişafı sahələrində əməkdaşlığı
davam etdirəcəyik. Biz Azərbaycan ilə Avropa
İttifaqı arasında hərtərəfli dialoqun
aparılmasının, mühüm siyasi addımların
atılmasının tərəfdarıyıq.
***
Daha sonra "Əsrin
müqaviləsi"nin 15 illiyinə həsr olunan filmin
nümayişi oldu.
Sonda "Əsrin
müqaviləsi"nin 15-ci ildönümünə həsr olunmuş
konsert proqramı təqdim edildi.
AzərTAc
Azərbaycan.- 2009.- 17 sentyabr.- S. 1, 2.