Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
16-da müsəlman ölkələrinin Azərbaycanda fəaliyyət
göstərən səfirlərini müqəddəs Ramazan
bayramı münasibətilə qəbul etmişdir.
Prezident İlham ƏLİYEV
səfirləri salamlayaraq dedi:
- Hörmətli səfirlər,
mən sizi ürəkdən salamlayıram və sizi
qarşıdan gələn müqəddəs Ramazan bayramı
münasibətilə ürəkdən təbrik edirəm. Xahiş
edirəm ki, mənim səmimi təbriklərimi təmsil
etdiyiniz ölkələrin dövlət və hökumət
başçılarına çatdırasınız.
Mən çox şadam
ki, Azərbaycanda müsəlman ölkələrini təmsil
edən səfirliklərin sayı artır. Bu çox gözəl,
əlamətdar bir haldır. Azərbaycan da öz növbəsində
müsəlman ölkələrində səfirliklərinin
sayını artırır və bu proses davam edir. Ölkələrimiz
arasında əlaqələr çox sürətlə
inkişaf edir. Əlaqələr yüksək səviyyədədir
və biz çalışmalıyıq ki, bu əlaqələri
növbəti illərdə də hərtərəfli
inkişaf etdirək, aramızdakı münasibətlər
daha da güclü olsun. Həm siyasi və humanitar əlaqələrin,
həm iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi
bizim maraqlarımıza cavab verir.
Bildiyiniz kimi, bu il
Bakı şəhəri İslam mədəniyyətinin
paytaxtı elan olunmuşdur. Bu, bizim üçün
böyük şərəfdir. Mən çox şadam ki,
Bakı bu şərəfli adı uğurla
daşıyır. Bu müddət ərzində Bakıda
İslam dünyasının həmrəyliyinin gücləndirilməsi
üçün çoxsaylı tədbirlər
keçirilmişdir.
Qeyd etdiyim kimi, ölkələrimiz
arasında əlaqələr ikitərəfli formatda uğurla
inkişaf edir. Eyni zamanda, biz beynəlxalq təşkilatlarda da
səmərəli əməkdaşlıq edirik. Xüsusilə,
BMT-də və İslam Konfransı Təşkilatında əməkdaşlığımız
bizim üçün çox önəmlidir. Biz müsəlman
ölkələrinin dəstəyini daim hiss edirik. Bildiyiniz
kimi, keçən il BMT Baş Məclisində Dağlıq
Qarabağda yaranmış vəziyyətlə bağlı qətnamənin
qəbul edilməsi müsəlman ölkələrinin
böyük dərəcədə dəstəyi hesabına
baş vermişdir.
Biz də öz növbəmizdə
bütün beynəlxalq tədbirlərdə, bütün
beynəlxalq təşkilatlarda İslam həmrəyliyinin
gücləndirilməsi üçün
addımlarımızı atırıq. Bizim üçün
qardaş olan İslam ölkələrini bütün məsələlərdə
dəstəkləyirik və bunu gələcəkdə də
edəcəyik. İslam həmrəyliyinin gücləndirilməsi
bizim üçün çox vacibdir. Azərbaycan
ayrı-ayrı vaxtlarda İslam həmrəyliyinin gücləndirilməsinə
xidmət göstərən müxtəlif tədbirlər
keçirmişdir və biz bunu gələcəkdə də
edəcəyik.
Çalışmalıyıq
ki, ölkələrimizin qarşısında duran vəzifələri
birgə səylərlə həll edək və müsəlman
ölkələri arasında əməkdaşlığı,
həmrəyliyi, qarşılıqlı dəstəyi daha da
gücləndirək.
Azərbaycan xalqı hər birimiz üçün doğma,
müqəddəs olan Ramazan bayramını bütün
dövrlərdə qeyd edirdi. Ancaq Ramazan bayramı ölkəmiz
müstəqilliyini əldə etdikdən sonra rəsmi bayram
kimi qeyd olunur. Azərbaycan xalqı müstəqilliyini əldə
etdikdən sonra öz taleyinin sahibi oldu. Azərbaycanın
müstəqilliyi bu gün daha da möhkəmlənir və
ölkə qarşısında duran bütün məsələlər
uğurla həll edilir. Mən çox şadam ki, Azərbaycan
müstəqillik dövründə qardaş müsəlman
ölkələri ilə çox səmərəli və
qarşılıqlı surətdə faydalı əlaqələr
qura bilmişdir. Əminəm ki, bu əlaqələr gələcəkdə
daha da güclənəcəkdir.
İkitərəfli
münasibətlərdə səfirlərin rolu çox əhəmiyyətlidir,
çox böyükdür. Mən sizin fəaliyyətinizi
yüksək qiymətləndirirəm və Azərbaycan ilə
ölkələriniz arasında ikitərəfli münasibətlərin
inkişafı işinə verdiyiniz töhfələrə
görə sizə öz minnətdarlığımı
bildirirəm.
Bir daha sizi bu gözəl
bayram münasibətilə təbrik edirəm və dünyada
yaşayan bütün müsəlman
bacı-qardaşlarımıza öz səmimi təbriklərimizi
göndəririk.
***
İraqın Azərbaycandakı
səfiri Ərşad Ömər İsmayıl müsəlman
ölkələrinin səfirləri adından dövlətimizin
başçısını təbrik etmək
üçün sözü Özbəkistanın ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri
İsmatilla Erqaşevə verdi.
Səfir İsmatilla
ERQAŞEV Azərbaycan Prezidenti İlham Əliyevi müqəddəs
Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin
səfirləri adından təbrik edərək dedi:
- Zati-aliləri, Azərbaycan
Respublikasının Prezidenti, cənab İlham Əliyev!
Bismillahir-rəhmanir-rəhim!
Hörmətli cənab
Prezident!
Azərbaycan
Respublikasında akkreditə olunmuş müsəlman dövlətlərinin
səfirlərinin, nümayəndəliklərinin rəhbərləri
adından və şəxsən öz adımdan Sizi müqəddəs
Ramazan ayı və Qədr-fitr bayramı münasibətilə
təbrik etmək istərdim. Hamımız üçün
müqəddəs olan bu ayda müsəlman dövlətlərinin
səfirləri adından Sizə və Azərbaycan xalqına
Tanrının göndərdiyi bütün nemətləri və
həmçinin sülh və çiçəklənmə
arzulayıram.
Fürsətdən
istifadə edərək bu müqəddəs bayram münasibətilə
Sizinlə görüşmək imkanı
yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı
bildirmək istəyirəm. Çox xoşdur ki, belə tədbirlər
ənənə halını alıb. Müsəlman dövlətlərinin
builki tədbirdə iştirak edən nümayəndələrinin
sayının artması diqqətəlayiqdir.
Bizim üçün
müasir Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə
və ənənələrə malik olan, eyni zamanda gələcəyə
yönəlmiş, sürətlə inkişaf edən,
böyük imkanlara sahib, perspektivlərini aydın görən
ölkədir.
Müasir Azərbaycan
yalnız böyük iqtisadi nailiyyətləri, beynəlxalq
aləmdə artmaqda olan nüfuzu ilə güclü deyildir. Azərbaycan
həm də ilk növbədə çoxmillətli
xalqının birliyi və əlbəttə ki, zəngin mədəni,
intellektual və yaradıcı potensialı sayəsində
qüdrətli dövlət olub və olmaqdadır.
Əminəm ki, Azərbaycanın
əldə etdiyi bütün əhəmiyyətli və nəzərəçarpan
nailiyyətlərin əsasında Azərbaycan xalqının
ümummilli lideri, bütün dünyada tanınan siyasi xadim
Heydər Əliyevin əvəzsiz rolu olduğunu söyləməklə
hamımızın ümumi fikrini bildirmiş olaram. Biz Azərbaycanda
iqtisadi və sosial sahələrdə aparılan dinamik
islahatların gedişini, uğurlu dəyişiklikləri
böyük maraq və rəğbətlə izləyirik.
Hörmətli cənab
İlham Əliyev!
Məhz Sizin
düşünülmüş, varislik kursuna əsaslanan siyasətiniz
sayəsində Azərbaycan asan olmayan şəraitlərdə
əminliklə öz gələcəyini qurur, müstəqilliyinin
və dünyada nüfuzunun möhkəmləndirilməsində
böyük uğurlar qazanır. Bu gün Azərbaycan Cənubi
Qafqaz regionunda sabitliyi və inkişafı təmin edən
dövlətdir. Biz müsəlman dünyasının
nümayəndələri olaraq Dağlıq Qarabağa
qarşı təcavüz nəticəsində ağır
sınaqlara, çətinliklərə və itkilərə məruz
qalmış azərbaycanlı qardaşlarımızın dərdlərini
bölüşürük. Müsəlman dövlətlərinin
əksəriyyətinin Qarabağ məsələsinin sülh
yolu ilə, Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində, beynəlxalq hüquq
normalarına uyğun, qaçqınların doğma
torpaqlarına qayıtması əsasında həllinin tərəfdarı
olması və Azərbaycanı dəstəkləməsi
razılıq doğurur.
İslam Konfransı Təşkilatının
əksər üzvləri bizim kimi hər zaman Dağlıq
Qarabağ məsələsində BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinin yerinə
yetirilməsini dəstəkləyib və dəstəkləməkdə
davam edir. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycan tərəfinin təklif etdiyi həll modeli hər
bir cəhətdən optimal və məqbuldur. Sizin müdrik rəhbərliyiniz
sayəsində Azərbaycan dini tolerantlığın və
sivilizasiyalararası dialoqun parlaq nümunəsi olub. Biz buna
şahidik. Biz, həmçinin Azərbaycan
Respublikasının müsəlman dövlətləri ilə
əməkdaşlığının dərinləşməsi
istiqamətində göstərdiyi səylərin, o cümlədən
İKT-nin fəaliyyətində fəal iştirakının
şahidiyik. Bilirik ki, yalnız dostluğu və əməkdaşlığı
möhkəmləndirərək müasir dünyanın
çağırışlarına müqavimət göstərmək
olar.
2009-cu ildə İSESKO
tərəfindən Bakının İslam mədəniyyətinin
paytaxtı elan edilməsi Azərbaycanın dünya
sivilizasiyasına və İslam mədəniyyətinin
inkişafına verdiyi böyük töhfəyə parlaq dəlildir.
Cənab Prezident, icazə
verin, Sizə bir daha xoş və səmimi arzularımızı
çatdıraq və hamımız üçün müqəddəs
olan Ramazan bayramı münasibətilə bugünkü
görüşə görə öz minnətdarlığımızı
bildirək. Sizə məsul dövləti işinizdə
uğurlar arzulayırıq, Allahdan qardaş Azərbaycan
xalqına və dünya müsəlmanlarına tərəqqi,
əmin-amanlıq və sülh diləyirik.
Əssəlamu-aleykum və
rəhmətullahu.
***
Prezident İlham ƏLİYEV:
Sağ olun, təşəkkür edirəm. Çox sağ
olun.
***
Sonda görüşdən
yadigar olaraq xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2009.- 17 sentyabr.- S. 3.