Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət naziri Lord Hantın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət naziri Lord Hantın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət naziri Lord Hant "Əsrin müqaviləsi"nin 15-ci ildönümü münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı və bu müqavilənin Azərbaycanın gələcək inkişafının təminatında önəmli rol oynadığını dedi. Lord Hant Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyul ayında Londona rəsmi səfərinin Böyük Britaniya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi.

Ölkəmizdə əldə olunan inkişaf proseslərinin başlanğıcında "Əsrin müqaviləsi"nin dayandığını deyən dövlətimizin başçısı bildirdi ki, 15 il bundan əvvəl imzalanan bu kontrakt bir çox enerji təşəbbüslərinin, o cümlədən bu gün Avropada ciddi müzakirə olunan enerji təhlükəsizliyi ilə bağlı təşəbbüslərin meydana gəlməsinə səbəb olmuşdur. Prezident İlham Əliyev Azərbaycanın Böyük Britaniya ilə energetika sahəsində əməkdaşlığa və bp-nin bu əməkdaşlıqda oynadığı rola önəm verdiyini vurğuladı. Dövlətimizin başçısı bp şirkəti ilə yeni layihələr üzrə aparılan işləri ötən dövr ərzində inkişaf edən əlaqələrimizin yaxşı göstəricisi olduğunu dedi.

Londona sonuncu rəsmi səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti ilə Böyük Britaniyanın bp şirkəti arasında imzalanan qarşılıqlı Anlaşma Memorandumuna toxunan Prezident İlham Əliyev gələcəkdə də birgə layihələr üzərində işlərin davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət naziri Lord Hant dedi: "Biz Sizin bp şirkəti ilə strateji tərəfdaşlıqla bağlı söylədiyiniz fikirləri yüksək qiymətləndiririk və bu əməkdaşlığa bundan sonra da dəstək verəcəyik". Bu tərəfdaşlığın dünyada bir nümunə ola biləcəyini vurğulayan Lord Hant əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 17 sentyabr.- S. 3.