Naxçıvan Muxtar Respublikası
Ali Məclisində görüş
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
Norveç Krallığının Azərbaycandakı səfiri
Yon Ramberq və səfərdə onu müşayiət edən
heyətlə görüşmüşdür.
Qonaqları səmimiyyətlə salamlayan Ali Məclisin sədri
Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan
Muxtar Respublikasının statusu, inzibati idarəetmə
quruluşu, coğrafi mövqeyi, əhalinin məşğulluğu,
elm, təhsil müəssisələri barədə məlumat
vermişdir.
Ali Məclisin sədri
Naxçıvan Muxtar Respublikasının 18 il əvvəl Ermənistan
tərəfindən blokadaya alındığını, 400
min əhalisi olan muxtar respublikanın Azərbaycanın digər
regionları ilə əlaqəsinin yalnız hava yolu ilə həyata
keçirildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki,
blokadanın vurduğu maddi və mənəvi zərərə
baxmayaraq, muxtar respublika özü-özünü ərzaq və
bir sıra mühüm sənaye məhsulları ilə təmin
edir. Muxtar respublika Avropa Şurası Yerli və Regional Hakimiyyətlər
Konqresində təmsil olunur.
Beynəlxalq təşkilatlarla
əlaqəsi mövcuddur, özünün parlamenti və
Konstitusiyası vardır.
Səfir Yon Ramberq Azərbaycan
Respublikası Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsi və Norveçin
"Tekna" təşkilatı tərəfindən birgə
keçirilən seminarda iştirak etmək, bu tədbirdə
sertifikatların təqdimatı, həmçinin muxtar
respublikanın təhsil sistemi ilə tanış olmaq
üçün Naxçıvana səfər etdiyini
bildirmişdir.
Azərbaycanın bu qədim
diyarına ilk dəfə Naxçıvan Muxtar
Respublikasının 85 illik yubiley tədbirlərində
iştirak etmək üçün gəldiyini xatırladan səfir
ötən qısa müddət ərzində şəhərin
daha da abadlaşmasının, gözəlləşməsinin
onlarda xoş təəssürat yaratdığını
vurğulamış, səmimi görüşə görə
minnətdarlıq etmişdir.
Qonaqlar ikigünlük səfər
müddətində Naxçıvan Dövlət Universitetinə
də gedəcək, muxtar respublikanın bir sıra sənaye-istehsal
müəssisələrinə baxacaq, Naxçıvan şəhərinin
görməli yerləri ilə tanış olacaqlar.
AzərTAc
Azərbaycan.- 2009.- 17 sentyabr.- S. 4.