Azərbaycan dünyada
iqtisadi cəhətdən dinamik inkişafda olan ölkə
kimi tanınmaqda davam edir. Təqdirəlayiq haldır ki, bu
uğurlar dünyanı qlobal maliyyə böhranının
bürüdüyü, hətta inkişaf etmiş dövlətlərin
iqtisadiyyatının tənəzzülə
uğradığı, bank-maliyyə sektorunun böhran
içində olduğu, sosial layihələrin həyata
keçirilməsinə "stop" işarəsinin verildiyi
bir şəraitdə qazanılır.
Buna görə də
dünyanın bir çox nüfuzlu beynəlxalq qurumları
Azərbaycanın əldə etdiyi uğurları yüksək
qiymətləndirir, özlərinin illik hesabatlarında
ölkəmizi iqtisadiyyatı dinamik inkişaf edən dövlət
kimi dəyərləndirirlər.
Sözsüz ki, bu
inkişafın əsasını Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən sosial-iqtisadi islahatlar təşkil
edir. Ölkə başçısı tərəfindən
sahibkarlığın inkişafına, investisiyaların qorunmasına,
azad rəqabət mühitinin yaradılmasına xüsusi diqqət
verilir ki, bu da dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən
yüksək qyimətləndirilir.
Xəbər verildiyi
kimi, Dünya İqtisadi Forumunun "2009-2010-cu illərdə
dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları
haqqında hesabat"ında da ölkəmizin son iqtisadi
uğurları yüksək qiymətləndirilib. Belə ki,
cari ildə ölkəmizin reytinqi 18 pillə yüksəlib və
iqtisadi göstəricilərinə görə bir çox
inkişaf etmiş ölkələri geridə qoyub. Sənəddə
Azərbaycan makroiqtisadi sabitlik, yüksək milli
yığımlar, böyük büdcə profisiti və
dövlət borcunun azaldılması ilə səciyyələnir.
Bu göstəricilərə görə ölkəmiz ötənilki
34-cü pillədən 13-cü pilləyə yüksəlib. Əmtəə
bazarı üzrə göstəricilərdə isə 18 pillə
- 89-cu pillədən 71-ci pilləyə
sıçrayışı qeydə alınıb. İnkişaf
göstəriciləri arasında fərdi biznesin qeydiyyatı
üçün müddətin 30 gündən 16 günə,
tələb olunan sənədlərin sayının 13-dən
6-ya endirilməsi də hesabatda müsbət hal kimi xüsusi
qeyd olunur.
Ayrıca
vurğulanmalıdır ki, ölkəmizin iqtisadiyyatı
sistemli və ardıcıl şəkildə inkişaf edir. Ötən
il də ölkəmiz üçün böyük iqtisadi
yüksəlişlə yadda qalmışdır. Xatırladaq
ki, Azərbaycan 2007-ci ilin iyul ayından 2008-ci ilin iyun ayına
qədər Dünya Bankının araşdırma
apardığı 10 sahənin 7-sində islahatlar həyata
keçirən və "Doing Business-2009" hesabatında
sahibkarlıq fəaliyyətinin əlverişliliyi
baxımından dünya reytinqində ən böyük
yüksəlişi əldə edən ölkə elan
olunmuşdur. Eyni zamanda, ölkəmiz həmin reytinqə
görə, 183 ölkə arasında bir nömrəli
islahatçı ölkə kimi qəbul edilmişdir.
Rəqabət mühiti
yaratmaq biznesin inkişafının başlıca şərtlərindən
biridir və bu baxımdan Azərbaycanda qanunvericilik
bazasında aparılan uğurlu islahatlar ölkəmizdə rəqabət
mühitinin münbit olmasına təkan verib. Bu da öz
növbəsində iqtisadiyyatın bir çox sahələr
üzrə inkişafına imkan yaradıb. Başlıcası
isə bu qanunlardan bəhrələnən sahibkarlar ölkəmizdə
qeyri-neft sektorunun inkişafında böyük uğurlar
qazanır. Qanunvericilik bazasının verdiyi imkanlardan bəhrələnən
sahibkarlar ölkənin bütün ərazisində, xüsusən,
regionlarda yeni iqtisadi uğurlara imza atırlar.
Ölkəmizin bu sahədə
yaratdığı münbit şərait beynəlxalq
qurumların da diqqətindən kənarda qalmır. Dünya
İqtisadi Forumunun "2009-2010-cu illərdə dünya ölkələrinin
rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında
hesabat"ında Azərbaycan qlobal rəqabətliliyi indeksinə
görə 133 ölkə arasında 18 pillə irəliləyib
və 2008-ci ildəki 69-cu yerdən 2009-cu ildə 51-ci yerə
yüksəlib. Bu göstəriciyə görə, ölkəmiz
bir çox inkişaf etmiş dövlətləri belə,
geridə qoyub.
Qlobal maliyyə
böhranı nəticəsində bir çox dövlətlərdə
maliyyə və iqtisadi sabitliyin pozulduğu halda, Azərbaycanda
bu sahədə də vəziyyət ürəkaçandır.
Hesabatda qeyd edilir ki, Azərbaycanda iqtisadi sabitlik və əmək
bazarında vəziyyətin yaxşılaşması
böyük nailiyyətdir. Əmək bazarının göstəricilərinə
görə ölkəmizin ötənilki 34-cü pillədən
13-cü pilləyə yüksəlməsi, makroiqtisadi sabitlik
göstəricilərinə görə 27-ci, innovasiya
potensialına görə 42-ci yerlərdə qərarlaşması
ölkəmizin kifayət qədər uğur əldə
etdiyinin nəticəsidir.
Onu da nəzərə
çatdıraq ki, beynəlxalq qurum qiymətləndirmə
apararkən 133 ölkədə 13 min sahibkar arasında
sorğu keçirmişdir. Şübhəsiz ki, ölkəmiz
barədə də məlumatlar elə iş adamlarından
alınmışdır. Deməli, onlar ölkədəki
biznes mühitindən razıdırlar və bunu yüksək
qiymətləndirirlər. Fərdi biznesin qeydiyyatının
maksimum müddətə endirilməsi, biznesə kənar
müdaxilələrin qarşısını alan qanunvericilik
bazasının yaradılması və s. həm də onunla əlamətdardır
ki, belə tədbirlər ölkəmizin beynəlxalq maliyyə
və biznes qurumları qarşısında üzərinə
götürdüyü öhdəliklərə əməl
etməsini sübut edir.
Oxucuların diqqətinə
çatdıraq ki, Dünya İqtisadi Forumu nüfuzlu beynəlxalq
təşkilatdır. 1971-ci ildə yaradılan və əsasən
iqtisadi sahədə araşdırmalar aparan bu təşkilatın
gəldiyi nəticələr dünya dövlətləri tərəfindən
obyektiv qiymət kimi dəyərləndirilir. Amma ölkəmizin
iqtisadi uğurları təkcə bu qurumun verdiyi qiymətlə
bitmir. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının
hesabatlarında da müntəzəm olaraq Azərbaycan
iqtisadiyyatı dinamik inkişaf edən iqtisadiyyat kimi xarakterizə
edilir. Həmçinin ölkəmiz karbohidrogen
ehtiyatlarının hasilatı sahəsində şəffaflığa
görə BMT-nin xüsusi mükafatına layiq
görülüb.
Dövlət başçısı
müqəddəs Ramazan ayı münasibətilə iftar
süfrəsində etdiyi çıxışında ölkəmizin
qazandığı iqtisadi uğurlara toxunaraq demişdir:
"Xüsusilə, 2009-cu ilin birinci yarısında və
keçən ilin sonunda yaşanan və davam edən maliyyə
böhranı bir daha onu göstərdi ki, kim nəyə
qadirdir. Azərbaycan o nadir ölkələrdəndir ki, öz
hesabına yaşaya və özü də yaxşı
yaşaya bilər. Bütün çətinliklərə
baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu ilin altı ayında
inkişaf etmişdir. İqtisadiyyat təxminən 4 faiz
artıbdır və bu, bir daha onu göstərir ki, ölkəmizdə
1993-cü ildən başlamış və hazırda davam
etdirilən islahatlar öz bəhrəsini verir. Biz bir daha həm
özümüzə, həm də dünyaya sübut edə
bilmişik ki, Azərbaycan qüdrətli ölkədir. Bizim
iqtisadiyyatımız çoxşaxəlidir. Baxmayaraq ki, neftin
qiyməti kəskin şəkildə aşağı
düşübdür, bizim iqtisadiyyatımız inkişaf
edir. Qeyri-neft sektoru inkişaf edir. Bütün lazımi sosial
proqramlar icra edilir. Sosial proqramların heç birinin
icrasında yubanma yoxdur. Bütün infrastruktur layihələri
icra edilir. Yəni, bir sözlə, bax, bu böhranlı aylar
bir daha onu göstərdi ki, biz doğrudan da, böyük
işlərə qadirik. Bu, bir daha bizim qüdrətimizi,
gücümüzü göstərdi".
Rüstəm KAMAL
Azərbaycan.- 2009.- 17 sentyabr.- S. 6.