Alman şirkəti Nabucco kəmərinin qazla doldurulmasında problem görmür
"Azərbaycan və
Türkmənistan bir neçə dəfə Türkiyə və
Avropaya qaz ixrac edəcəklərinə hazır
olduqlarını bildirəndən sonra Nabucco kəmərinin
qazla "doldurulması problem kimi ortada yoxdur".
Bunu Nabucco layihəsinin səhmdarlarından olan (16,67 faiz) "RWE Supply & Trading" alman şirkətinin rəsmiləri bəyan edib. Şirkətin açıqlamasında bildirilir ki, Azərbaycan "Şahdəniz" yatağının istismarının 2-ci mərhələsində bu kəmərlə ildə 12 milyard kubmetr qaz ixrac edəcəyini nəzərdə tutur. Türkmənistan isə Avropaya 10 milyard kubmetr qaz satmaq istədiyini bildirib. Materialda həmçinin vurğulanır: "Azərbaycan, Türkmənistan və İraq hər biri ayrılıqda Avropa bazarının artan tələbatının bir hissəsini ödəməyə qadirdir və bu da öz növbəsində, Nabucco layihəsi üzrə gələn il investisiya qərarının veriləcəyinə zəmin yaradır.
Beləliklə, ortalıqda kəmərə lazım olduğundan çox qaz var".
İran qazına gəldikdə isə, şirkətin açıqlamasına görə, Nabucco kəməri ilə Türkiyə, Almaniya və başqa Avropa ölkələrinə qazın ixrac olunmasında o, vacib deyil. Şirkət rəsmilərinin fikrincə, hazırda İranın qaz sənayesinin investisiya qoyuluşuna ehtiyacı var və ölkədə siyasi vəziyyət dəyişməyənəcən bu, mümkün deyil.
Şirkətin açıqlamasında daha sonra qeyd edilir ki, Avropada təbii qaza ehtiyac ilbəil artır.
2030-cu ildə qitənin qaza olan illik ehtiyacının 680 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. Üstəlik, bu dövrdə Simal dənizində və Norveçdə qaz hasilatı azalacaq. Bu isə o deməkdir ki, Avropa gələcəkdə lazım olacaq təbii qazın 480 milyard kubmetrini idxal etməlidir.
Xəzər dənizi və Yaxın Şərq regionlarında qaz ehtiyatının həcmi isə 84 trilyon kubmetrdir.
Azərbaycan.- 2009.- 17 sentyabr.-
S. 6.