Böyük musiqi diyarının möhtəşəm
Üzeyir bayramı
Qədirbilən Azərbaycan
xalqı böyük bəstəkar, dramaturq, publisist oğlu
Üzeyir Hacıbəyli ilə haqlı olaraq fəxr edir. Ona
görə ki, Üzeyir bəy əsrinin yaradıcılıq
sınaqlarından qalib çıxmaqla dünya şöhrəti
qazanmış və beləliklə də doğma
xalqının başını ucaltmış əbədiyaşar
sənətkardır. Öz xalqına, onun musiqisinə və
zəngin dilinə bəslədiyi intəhasız sevgisi
Üzeyir bəyi bütün dünyada böyük məhəbbətlə
qarşılanan ölməz əsərlər yazmağa
ruhlandırdığından millətinin zəngin musiqi xəzinəsini
daha da zənginləşdirmişdir. Onun yarım əsrdən
artıq bir müddətdə aramızdan getməsinə
baxmayaraq, şəxsiyyətinə və sənətkarlığına
xalq sevgisi getdikcə artmaqdadır. Üzeyir musiqisi əlçatmaz
zirvə hesab edilir. Uşaqlardan tutmuş böyüklərədək
hamı Üzeyir musiqisinin vurğunudur. Bu yaxınlarda
telekanalların birində təşkil olunmuş uşaq
verilişində balaca br qızcığazdan soruşanda ki, nə
oxuya bilir, o, dərhal irəli çıxaraq "Məşədi
İbad" operettasından qoçuların "Ey, kimsən
orda, aç qapını, gələk səni öldürək"
musiqi parçasını böyük şövqlə
oxumağa başladı. Çox təsirli səhnə idi.
Bu, xalqın ən kiçik övladının da
böyük bəstəkarın
yaradıcılığına vurğunluğunun əyani sübutu
idi.
Elə bir el şənliyi
olmur ki, Üzeyir musiqisi səslənməsin. Onu xalqa sevdirən başlıca
səbəb Üzeyir bəyin onunla anlaşıqlı və
nüfuzedici musiqi dilində danışa bilməsidir.
Üzeyir bəy öz musiqi yaradıcılığında
milli muğamlardan lazımi qaydada istifadə olunmasına
xüsusi diqqət yetirirdi. Hər bir muğamın
böyük əhəmiyyəti və özünəməxsus
koloriti olduğunu digər Azərbaycan bəstəkarlarının
da bilməsinin vacibliyini xüsusi vurğulayırdı.
Üzeyir bəy böyük muğam bilicisi idi. Buna görə
də bəzi "çoxbilmişlər"in səksənədək
muğam olması fikri ilə qətiyyən
razılaşmır, sərbəst muğamların səkkizdən
artıq olmadığını bildirirdi. Eyni zamanda, Üzeyir
bəy muğamların xarakteristikasını verərək
yazırdı ki, "Segah" muğamı lirik-aşiqanə
xarakterli olduğu üçün öz operalarının
aşiqanə səhnələrində bu muğamdan istifadə
etmişdir.
Məzlum xalqa hakim təbəqələrin
qəddarlığını ifadə etmək
üçün "Çahargah" muğamını əsas
götürmüşdür. Böyük bəstəkar
"Rast" muğamının mərdlik, sevinc, mübarizə
xarakterinə də önəm verir, onun muğam sistemi mədəniyyətinə
daim yeniliklər və təravət gətirəcəyinə
şübhə etmədiyini söyləyirdi. Üzeyir bəy istəyirdi ki, Azərbaycan
bəstəkarları doğma xalqın musiqi dilində
simfoniyalar yazsınlar. Digər xalqların musiqisinə nisbətən
öz ahəngdarlığı ilə seçilən Azərbaycan
xalq musiqisi simfoniyaların əsasını təşkil etməlidir
fikri ölməz sənətkarın gənc bəstəkarlar
qarşısında qoyduğu tələblərdən
birincisi idi. O, qətiyyətlə deyirdi ki, əgər bəstəkarlarımız
xalqın musiqi dilinə uyğun gəlməyən, onun
zövqünü oxşamayan simfonik əsərlər yazsalar,
heç kimin xoşuna gəlməz. Xalqın ruhunu oxşaya
bilməyən əsər yazan bəstəkar deyil.
Üzeyir bəyin bu tələbinə
musiqidə "müasirlik", "texniki bitkinlik" və
s. bu kimi bəhanələrlə əməl etməyən bəstəkarların
əsərlərinə xalqın biganəliyi anlaşılandır.
Anaların, nənələrin
muğam üstündəki laylaları ilə dünyaya
göz açan, ana südünü öz
muğamsayağı zümzümələri ilə əmərək
ərsəyə gələn azərbaycanlıların musiqi
başlanğıcının muğam olduğunu söyləsək,
heç də yanılmarıq.
Bəzi
"müasir" bəstəkarlarımız televerilişlərdə
çox sayda simfoniyaları, oratoriyaları, fortepiano və
skripka üçün süitaları barədə fəxrlə
danışırlar. Amma
çox təəssüflər olsun ki, onların bu əsərlərini
özlərindən və yaxın qohum-əqrəbasından
savayı heç kəs dinləmək iqtidarında deyil. Bu o
demək deyil ki, xalqımız simfonik əsərlərdən,
ümumiyyətlə, baş çıxarmır.
Azərbaycanlı dinləyicilər
arasında Qara Qarayevin, Cövdət Hacıyevin, Fikrət Əmirovun,
Niyazinin, Soltan Hacıbəyovun və bir çox
başqalarının, dünyanın Motsart, Bethoven, Berlioz, Hendel
və bu kimi dəyərli bəstəkarlarının simfonik əsərlərini
böyük həvəslə dinləyənlər
çoxdur.
Dediklərmizi Heydər Əliyev
Fondunun təşkilatçılığı ilə Azərbaycanın
dilbər guşəsi Qəbələ şəhərində
düzənlənən musiqi festivalında yerli camaatın
simfonik əsərlərə böyük maraq göstərməsi
ilə də sübuta yetirə bilərik. Azərbaycan
xalqı musiqi xiridarı olduğu üçün yalnız dərin
kökləri olan və insan qəlbinin dərinliklərinə
yol tapa bilən simfoniyaları sevir, kakofoniyaları yox!
Üzeyir bəy musiqili
dram və dram əsərləri yazmaqla yanaşı,
felyetonlar, elmi-publisistik məqalələr, dərsliklər də
yazmış, ən yaxşı dünya ədəbiyyatı
nümunələrini tərcümə etmiş, Azərbaycanda
musiqi təhsilini qaydasına salmış, musiqi
kadrlarının hazırlanması ilə məşğul
olmuş, geniş ictimai işlərin ərsəyə gəlməsində
fəal iştirak etmiş, müasir Azərbaycan musiqisinin nəzəri
əsaslarını yaratmışdır. Üzeyir bəy yeni
nəslin musiqi təhsili almasına var gücü ilə
çalışırdı. O, tələbələr
üçün Azərbaycan dilində ilk musiqi məktəbini,
musiqi texnikumunu təşkil etmişdi.
Azərbaycan Dövlət
Konservatoriyasının rektoru ikən əvvəlcə
konservatoriya nəzdində, sonralar isə Azərbaycan Dövlət
Filarmoniyasında ilk dəfə olaraq çoxsəsli xor
kollektivi yaratmışdı. Azərbaycanda notla çalan ilk
Xalq Çalğı Alətləri Orkestrinin yaradılması
da Üzeyir bəyin adı ilə bağlıdır. Azərbaycanda
ilk xalq mahnıları toplusu da böyük bəstəkarın
qələminin məhsuludur. Üzeyir bəy 1920-ci ildə
yazmağa başladığı "Azərbaycan xalq
musiqisinin əsasları" kitabını 1945-ci ildə
başa çatdırmışdı. O, xalqla xalqın dilində
təmasda olmağı bacaran böyük istedad sahibi idi. Dahi
bəstəkarın ötən əsrin 20-30-cu illərində
Xalq Çalğı Alətləri Orkestri üçün
"Şur" və "Çahargah" fantaziyaları,
skripka, violonçel və fortepiano üçün
"Aşıqsayağı trio"su, bütün dünyada
məşhur "Şahnamə" poemasının müəllifi
Firdovsinin 1000 illik yubileyinə həsr olunan kantataları, xor
üçün işləyib hazırladığı xalq
mahnıları Azərbaycan xalqının zövqünü
yüksək dərəcədə oxşayan əsərlər
idi. İlk dəfə mahir muğam ustası, bənzərsiz
gözəl səsli Xan Şuşinskinin səsinə
yazdığı "Qaragöz" mahnısı hazırda
da repertuarların bəzəyidir.
Dahi bəstəkar
Üzeyir bəy bütün Şərqdə ilk opera
qaranquşu sayılan "Leyli və Məcnun"
şedevrini yaradandan sonra 1909-cu ildə "Ər və
arvad" operettasını yazmaqla Azərbaycanda operetta
janrının əsasını qoymuşdur. Üzeyir bəy
bütün operettalarının ("Ər və arvad",
"O olmasın, bu olsun" və "Arşın mal
alan") libretto mətnlərini özü
yazmışdır. Üzeyir bəyin komediyalarının səciyyəvi
cəhətlərindən biri bütün hallarda
qadınların - Minnətin, Gülnazın,
Gülçöhrənin dərin ağılları sayəsində
xoşbəxt ailə qurmaq yolunda istəklərinə nail
olmalarıdır.
Üzeyir bəyin
bütün musiqili komediyaları, ən başlıcası isə
"Arşın mal alan" komik operası (bəstəkar bu əsərini
1913-cü ildə Peterburq Konservatoriyasında təhsil alarkən
yazmışdı.
Konservatoriyanın rektoru
olan böyük rus bəstəkarı Aleksandr Qlazunov həmin
komik operanın Şərq dünyasında, eyni zamanda,
bütün dünyada da böyük şöhrət
tapacağını əvvəlcədən demişdi). Qafqazın
bütün bölgələrində böyük maraqla qarşılandığından
onun sorağı Avropaya və hətta Amerikaya da gedib
çıxmışdı. Maqalyan soyadlı dələduz erməni bu operadan külli
miqdarda qazanc götürmək üçün özü
kimi digər bir dələduz erməninin (soyadı Mamulyan
olub) köməyi ilə Üzeyir bəyin əsərini
"Şərq motivləri" adı ilə Amerikada dəfələrlə
tamaşaya qoymuş və nəhayət, ötən əsrin
30-cu illərində hətta film də çəkdirmişdi.
1942-ci ildə İranda səfərdə olan mədəniyyət
xadimlərimizdən Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli,
Qılman İlkin Tehran kinoteatrlarının birində
Üzeyir bəyin bu şedevrinin erməni müəllifin
adı ilə göstərildiyi filmə baxandan sonra Bakıya
xəbər çatdırmış və şəxsən
İ.Stalinin tapşırığı ilə 1942-ci ildə
"Azərbaycanfilm" kinostudiyasında bu komik operanın
ekran əsəri kimi çəkilişlərinə
başlanmış və 1945-ci ildə tam ərsəyə gətirilmişdi.
"Arşın mal alan" komik operasının mətni
dünya xalqlarının 70-dən artıq dilinə tərcümə
olunub. Qətiyyətlə demək olar ki, "Arşın mal
alan" dünyanın ən çox sevilən musiqi əsəridir.
Bir çox illər bundan əvvəl Azərbaycanda Ukrayna
günləri keçirilən zaman bu respublikanın mədəniyyət
naziri danışırdı ki, o, konservatoriyanın tələbəsi
olan vaxt dostlarının yanına gəlibmiş. Azərbaycan
Dövlət Konservatoriyasında təhsil alan azərbaycanlı
dostları onu nahara dəvət edəndən sonra biri digərindən
soruşub: "Pulun var?" Ukraynalı qonaq dərhal
onların fikrini başa düşüb və deyib ki,
"Uşaqlar, narahat olmayın, məndə də pul
var". O, gülə-gülə danışırdı ki,
"Pulun var?" ifadəsini "Arşın mal alan"
komik operasında Telli ilə Vəlinin dueti zamanı öyrənib.
Budur sənət əsərinin gücü, onun insanların məfkurəsinə
təsiri. Hətta qeyri-azərbaycanlılar da bu sənət
şedevrinin ekran versiyasına dəfələrlə
baxmışlar.
Üzeyir bəyin "Məşədi
İbad" operettası da öz xəlqiliyi ilə
seçilir. Bu əsərə
baxdıqca baxmaq, dinlədikcə dinləmək istəyirsən.
Müəllifin həyat verdiyi personajlar xarakterlərinin
müsbət-mənfiliyindən asılı olmayaraq sevilir,
onların hər bir hərəkəti insanın
ovqatını yaxşılaşdırır. "O
olmasın, bu olsun", yaxud "Məşədi İbad"
filmindəki obrazların hər biri Üzeyir bəyin
librettosunun gücü sayəsində tiplər
qalereyasının fəal üzvünə
çevrilmişdir. Əliağa Ağayevin Məşədi
İbadı, İsmayıl Osmanlının qəzetçi
Rzası, Mövsüm Sənaninin qoçu Əsgəri,
Mustafa Mərdanovun intelligent Həsəni, Ağasadıq Gəraybəylinin
Rüstəm bəyi aktyor interpretasiyası baxımından
böyük sənət nümunələri kimi dəyərləndirilməlidir.
Üzeyir bəyin klassik
opera qanunlarına tam cavab verən bir əsər yazmaq arzusu da
vardı. Məşhur
sənət xadimi Ramazan Xəlilov danışırdı ki,
Gürcüstanın Koroğlu dağı deyilən səfalı
bir yerində istirahətdə olarkən Üzeyir bəyə
sual verdim ki, "Üzeyir bəy, "Şeyx Sənan"
operanızın partiturasını cırıb atmaqla öz zəhmətinizə
heyfiniz gəlmədi?" O, sualımı cavablandırmazdan
öncə adəti üzrə qısa
bığlarını tumarlaya-tumarlaya belə dedi:
"Şeyx Sənan"ı mən yazdığıma
görə beynimdə həkk olunub. Vaxtı gələndə
ondan istifadə edəcəyəm". Etdi də. Ramazan
müəllimin dediyinə görə, "Koroğlu"
operasını yazarkən Üzeyir bəy həmin operanın
musiqi məqamlarından da yararlanıb. Xatırladaq ki, 1909-cu
il noyabrın 30-da "Şeyx Sənan"ın ilk
tamaşası uğursuz alındığından müəllif
onun bir daha tamaşaya qoyulmasını istəməmişdi.
Uğursuzluğun səbəbi isə müəllifin bu
operanı yazarkən xalqa yaxın improvizasiyalardan imtina etməsi
idi. Onun 1910-cu ildə tamaşaya qoyulmuş
üçüncü operası "Rüstəm və
Söhrab" da uğurlu alınmamışdı.
Üzeyir bəy bundan pərt
olmayaraq dördüncü operası "Əsli və Kərəm"i
yazmışdı. Müəllif bu əsərində
tamaşaçılarda dini xurafat hallarına, məsələn,
sevgililərin arzularının həyata keçməsinə imkan
verməyən erməni keşişinə nifrət hissini
artırmaqdan ötrü onun (keşişin) partiyasına Azərbaycan
dinləyicilərinə o vaxtlar yad olan bariton tembri verməyi
lazım bilmişdi. Xalq Cəbhəsi
qaragüruhçuları müəllifin mətləbini
anlamadıqları üçün öz hakimiyyətləri
dövründə "Əsli və Kərəm" kimi
maraqlı operanın repertuardan çıxarılmasına fərman
vermişdilər. Teatr rəhbərliyindən
aldığımız məlumata görə, Üzeyir bəyin
bu baxımlı və dinlənilməli əsəri cari ildə
yenidən öz səhnə təcəssümünü
tapacaq. Fikrimizcə, Üzeyir opera irsinin "Rüstəm və
Söhrab", "Şah Abbas və Xurşudbanu" kimi digər
opera nümunələri ilə də
tamaşaçıların tanış olmaları barədə
fikirləşməyə dəyər.
Üzeyir Hacıbəyli
uzun illər xalqın sevimlisi olan qəhrəman Koroğlu
haqqında klassik opera janrının bütün tələblərinə
uyğun gələn əsər ərsəyə gətirmək
arzusu ilə yaşayırdı. Nəhayət, böyük bəstəkar
öz arzusuna çatdı. 1937-ci ildə "Koroğlu"
operası Azərbaycan Dövlət Opera və Balet
Teatrının səhnəsində tamaşaya qoyuldu və
xalq tərəfindən rəğbətlə
qarşılandı. Bu opera 1938-ci ildə Moskvada keçirilən
incəsənət ongünlüyündə
tamaşaçılara təqdim olundu. Bolşoy Teatrın
aparıcı dirijoru "Koroğlu" operası haqqında
fikrini "İzvestiya" qəzetində dərc etdirdiyi məqaləsində
belə ifadə etmişdi: "Üzeyir Hacıbəyli
dünyanın musiqi mədəniyyəti nailiyyətlərindən
bacarıqla istifadə edərək formaca milli əsər
yazmışdır. O öz yaradıcılığında
böyük klassiklərin - Bethovenin, Motsartın, Verdinin,
Qlinkanın yolu ilə getmişdir. Əsərin musiqisi
çox ifadəlidir, anlaşıqlıdır və milli
ruhda köklənmişdir. Bəstəkar Avropa major və
minoru ilə yanaşı, milli musiqi məqamlarından da məharətlə
istifadə etmişdir".
Hər il sentyabrın 18-i Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkar 1885-ci il sentyabrın 18-də dünyaya gəlmişdi. Onun bütün amalı doğma xalqına xidmət etmək olmuşdur.
O, xalq üçün yaşamışdır, bu səbəbdən də xalq onu əsrlərlə yaşadacaqdır!
Arif HÜSEYNOV
Azərbaycan.- 2009.- 17 sentyabr.- S.
7.