Dahiliyin sədası

 

Zaman ötüb-keçdikcə xatirələr, təsəvvürlər tədricən sönükləşir. Hadisələrin əhəmiyyəti sanki kiçilir. Azərbaycan tarixində elə adlar olub ki, onların qarşısında zaman belə, gücsüzdür.

Zamanın fövqündə dayanmış, həmişə də fəxrlə yad edilən belə adlardan biri də Üzeyir Hacıbəylidir. Bəli, vaxt ötdükcə onun unudulmaz xatirəsi daha əziz, əhəmiyyəti isə daha mühüm görünür. Nədir bu paradoksun səbəbi?! Böyük bəstəkar, müasir musiqimizin banisi, Azərbaycan bəstəkarlıq məktəbinin atası, nadir istedadlı sənətkar, musiqi və ictimai xadim...

Budur Üzeyirin doğma xalqın mədəni inkişaf yolunda qoyduğu silinməz izlər. Biz hələ onun valehedici publisistikasından, alovlu dramaturji istedadından, son dərəcə nəcib və xeyirxah maarifçi, pedaqoji və təşkilatçılıq fəaliyyətindən danışmırıq. Lakin kifayətdir. Bu qədər çoxcəhətli, həm də mühüm fəaliyyət hər bir sənətkara, şübhəsiz, ölməzlik gətirər. Görünür, yuxarıda qeyd etdiyimiz paradoksun səbəbi məhz bundadır. Bu səbəbdəndir ki, ulu Üzeyirin xatirəsi qədirbilən xalqın qəlbində həmişə əzizdir.

"Sənsiz". Hər dəfə bu melodiya səsləndikcə, könül rübabımıza toxunduqca elə bil təmizlənirik, hər dəfə onun xalları vurulduqca elə bil Üzeyirləşirik. Bəli, bəli, biz təkcə "sənsizləşmirik". Bu qədər doğma, bu qədər şirin, bu qədər həzin nəğmə tap görüm, tapa bilirsənmi?!

Yox-yox! Biri də var! "Sevgili canan". "Sənsiz"lə əkiz yaranan bu nəğmə də Üzeyir gülzarından dərilib.

Üzeyir gülzarı! Onun nəğməli gülzarı! Bu gülzarın neçə-neçə qönçəsi var. Biri güldürər, biri ağladar, biri düşündürər. Hər dəfə sentyabrın 18-i gələndə Üzeyir gülzarının hüsnü daha da gözəlləşir.

Dahi bəstəkar zaman-zaman böyük sənətkarlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Böyük Azərbaycan bəstəkarı Qara Qarayev öz müəllimi haqqında demişdir: - "Ən qərəzsiz və ciddi hakim olan Üzeyir Hacıbəylinin adını əbədiləşdirib, onu mədəniyyətimizin banilərinin, tərəqqi və sosial ədalət uğrunda dönməz mübarizlərin, idrak və bilik məşəlini yandıranların, zülməti, ətaləti, nadanlığı, geriliyi, cəhalətpərəstliyi aradan qaldıranların cərgəsinə yazmışdır...

Üzeyir Hacıbəylinin nadir və fitri istedadının üzə çıxmasına, çiçəklənməsinə və ictimai məna kəsb etməsinə, müəyyən istiqamətdə inkişafına doğma yurdun zəngin musiqi folkloru gözəl şərait yaratmışdır. Axı bəstəkarın uşaqlığı hələ qədim zamanlardan görkəmli Azərbaycan musiqiçilərinin vətəni kimi şöhrət qazanmış, zəngin musiqi ənənələrilə məşhur olan Şuşada keçmişdir. O, hələ balaca ikən çeşmələrin şirin şırıltısına qulaq asar, qollu-budaqlı ağaclarda oxuyan quşların cəh-cəhini dinlərdi... Bu füsunkar yurdun əfsanəvi mənzərələri gələcək bəstəkarın təsəvvüründə sehrli musiqi alətlərinin səsləri ilə dinlənər, onun xəyalını qanadlandırar, gözləri qarşısında tamam yeni aləmlər canlanardı. Çoban tütəyinin sadə təranələri, təmiz, saf kəndli mahnıları, xanəndələrin bulud kimi çağlayan şaqraq səsi, zəngulələri, aşıq havaları istedadlı Üzeyirin hafizəsində dərin iz qoyur, onun daxili aləmində təbəddülat yaradır, gələcək həyat yolunu müəyyənləşdirir. Üzeyir Hacıbəyli sənəti ilə xalq sənətinin vəhdəti, bu vəhdətin ilham mənbəyi də burada axtarılmalıdır. Onun sanballı əsərləri məhz bəstəkar təxəyyülü ilə xalq sənətinin üzvi surətdə qaynayıb-qarışması nəticəsində yaranıb. Bəzən musiqi xiridarları belə, müəyyənləşdirə bilmirlər ki, bu və ya digər melodiya Üzeyirindir, yoxsa xalqın".

"M.F.Axundov Azərbaycan bədii ədəbiyyatı və fəlsəfi fikrində, Ü.Hacıbəyli isə musiqidə böyük inqilab yaratmışlar". Bu sözlərin müəllifi isə xalq yazıçısı M.İbrahimovdur.

- Üzeyir Hacıbəylinin adı Azərbaycan musiqi mədəniyyəti və ədəbiyyatı tarixində əbədi yaşayacaq. Bəşəriyyətin sənət məbədində onun heykəli Bethovenin, Motsartın, Şopenin heykəli ilə yanaşı ucalır. Üzeyir Hacıbəyli yaradıcılığı insanı heyrətə salacaq dərəcədə çoxcəhətlidir, rəngarəngdir, parlaqdır, kamildir. "Leyli və Məcnun", "Arşın mal alan", "Məşədi İbad" və nəhayət, operamızın şah əsəri "Koroğlu"nu yaradan sənətkarın dühası qarşısında baş əyməmək mümkün deyil. "Koroğlu" istisna olmaqla, adını çəkdiyimiz əsərlərin hamısının ədəbi mətnini Üzeyir Hacıbəyli özü yazmışdır. O, cəmiyyəti düşündürən ictimai-siyasi, mədəni, əxlaqi və estetik məsələlərə aid mətbuatda fəal çıxış etmişdir. Bu gün də öz əhəmiyyətini saxlayan canlı publisistik əsərlər yazmışdır. Həmin əsərlər dördcildlik qalın kitaba güclə sığışır. Üzeyir Hacıbəylinin bütün çoxcəhətli fəaliyyəti Azərbaycan xalqının azadlıq mübarizəsinə və tərəqqisinə kömək etmişdir. Üzeyir Hacıbəyli təşkilatçı idi. Konservatoriyanı, musiqi məktəblərini, Azərbaycanda musiqi təhsilini təşkil edən gənc bəstəkarların və musiqişünasların yetişməsində böyük xidməti olan sənətkardır. Ü.Hacıbəyli təvazökar, yoldaşlıqda səmimi və mehriban bir insan idi. Mən bu sözləri ona görə deyirəm ki, uzun müddət onunla bir yerdə işləmək, yaxın yoldaşlıq və dostluq etmək səadəti mənə qismət olmuşdur. Üzeyir Hacıbəyli, doğrudan da, xalqın ürəyində yaşayır və nəsildən-nəslə də yaşayacaqdır.

Üzeyir Hacıbəylinin yaradıcılığı dünya musiqi ictimaiyyətinin də diqqətini cəlb etmişdir. Keçmiş SSRİ məkanında tanınmış musiqi xadimləri vaxtilə Üzeyir yaradıcılığını yüksək qiymətləndirmişlər.

Üzeyir Hacıbəyli həm gözəl dramaturq, həm də gözəl publisist idi. Onun elmi əsərləri, məruzələri, çıxışları, məktubları, demək olar ki, bütün nəzəri irsi öyrənilir və öyrəniləcək. Onun musiqi və teatr sənətinə, ümumən, bədii yaradıcılığına aid yazıları və çıxışları bu gün də öz təravətini, aktuallığını itirməmişdir. "Azərbaycan xalq musiqisinin əsasları" əsəri yarandığı gündən stolüstü kitaba çevrilmişdir. Bu əsər musiqi təhsili ocaqlarının bir növ məramnaməsidir.

"Sənət və sənətşünaslıq haqqında", "Musiqidə tərcümə", "Azərbaycan musiqi həyatına bir nəzər", "Şərq musiqisi haqqında Qərb alimlərinin təfsiri", "Aşıq musiqisi", "Leyli və Məcnun"dan "Koroğlu"yadək, "Çaykovski və Azərbaycan musiqisi", "Cəsarət yaratmalı", "Məhsuldar işləməli", "Müqəddimə" adlı məqalələrini həyəcansız oxumaq mümkün deyil.

Müəllifin ikinci cilddə toplanmış "Leyli və Məcnundan Koroğluya qədər" məqaləsindən bəzi sətirləri diqqətinizə çatdırmaq istəyirik. Bu, həm də bəstəkarın yaradıcılığına bir nəzərdir.

"Leyli və Məcnun"un müvəffəqiyyəti mənim yaradıcılıq yolumu qəti müəyyənləşdirdi. 1909-cu ildə ikinci bir opera "Şeyx Sənan" operası və "Ər və arvad" musiqili komediyasını yazdım. 1911-ci ildə iki musiqili dram əsəri - "Əsli və Kərəm" və "Şah Abbas" üzərində işlədim.

Hər iki əsərin musiqi fakturası "Leyli və Məcnun"dan fərqlənirdi. "Əsli və Kərəm" və "Şah Abbas"da öz musiqim əsas yer tutur. Ən başlıca cəhət isə bu əsərlərin daha sanballı olması, orkestr üçün daha savadlı işlənməsidir. Mən müasir hadisələrə həsr etdiyim "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o zamanın Azərbaycan ziyalılarının qabaqcıl hissələrini düşündürən ideyaları əks etdirməyə çalışmışam".

Musiqi sənətinin zirvələrinə, əsl novatorluğa, yaradıcılıq və orijinallığa doğru gedən uzun və çətin yol Üzeyir Hacıbəylinin şah əsəri olan "Koroğlu" operasını yaratmağa gətirib çıxartdı.
Ölməz "Koroğlu". Təbiidir ki, Üzeyir sənətindən söz açanlar mütləq bu operaya istinad edir, əsasən, fikirlərini bu əsər üzərində qururdular.

Unudulmaz nəğməkarımız Bülbül isə vaxtilə "Koroğlu"ya belə qiymət verirdi:

"Üzeyir Hacıbəylinin "Koroğlu" operası ona görə gözəl əsərdir ki, burada bəstəkar Azərbaycanın zəngin musiqi folklorundan məharətlə istifadə edə bilmişdir. Biz müğənnilər xüsusilə bunu hiss edirik. Üzeyir Hacıbəylinin musiqisinə formal bəzək-düzək yaddır. Bu da zənnimcə, xalq musiqisindən cəsarətlə istifadə etməyin bəhrəsidir".

Dahi bəstəkarımızın özünün qənaəti isə belə idi: "Şəxsən öz həyatımda bunu deyə bilərəm ki, mən xalq musiqisini əsaslı surətdə öyrənməyincə böyük əsərlər yazmağa tələsməmişəm".
Vaxtilə məşhur bəstəkarımız Səid Rüstəmov "Üzeyir Hacıbəyli dünyaya nə üçün gəlmişdi" sualını belə cavablandırmışdı:

"Həmişə böyük müəllimimiz Üzeyir Hacıbəylini xatırlarkən mənə elə gəlib ki, o, musiqi mədəniyyətimizin hər hansı bir sahəsində atılacaq ilk addımlar üçün doğulmuşdur. Bu addımlar o qədər faydalı, uğurlu, yenilməz, inamlıdır ki, bənzəri belə, tapılmaz deyərdim. Müdriklərdən biri yazır ki, mənim üçün həyatda ən çətin şey ilk addımdır. Bu mənada Üzeyir addımlarının hər biri eyni zamanda möhnətlidir, əzablı və iztirablıdır. Narahat anların, əsəbi çağların, bəlkə də üsyankar dəqiqələrin bahasına atılmışdı bu addımlar".

Özünüz fikir verin, Azərbaycanda ilk musiqi məktəbi açmaq ilk baxışdan asan görünsə də, burada azərbaycanlı oğlan və qızların birgə təhsil alması iyirminci illərdə olduqca müşkül məsələ idi. Bildiyiniz kimi, Üzeyir Hacıbəyli bu məktəbi açdı, musiqiçi kadrların yetişməsində misilsiz qələbə çaldı. Şərq aləmində ilk notlu xalq orkestrinin yaranması, respublikamızda çoxşaxəli xorun inkişafı yuxarıda dediyimiz ilk addımların bəhrəsi idi. 1925-ci ildə birinci Azərbaycan musiqi məktəbinin hesabat gecəsində bəstəkarın "Arşın mal alan" operettası tamaşaya qoyulurdu.

Maraqlı idi ki, istər səhnədə və istərsə də orkestrin tərkibində çıxış edən ifaçıların hamısı milli kadrlardan ibarət idi. Təsəvvür edin, həmin gecə ən çox fərəh hissi keçirən pult arxasında dayanmış bizim əziz Üzeyir bəy idi. Bax, bu nailiyyət də ölməz sənətkarın adı ilə bağlı olan uğurlardan biri idi. Bu, o demək idi ki, Azərbaycanda ilk milli tərkibli simfonik orkestr fəaliyyətə başlayır. Bəs Azərbaycan folklorunu toplamaq sahəsindəki əvəzsiz xidmətlər necə?

Xalq mahnılarını, rəqslərimizi, aşıq mahnılarını toplamaq, xalqın sərvətinə çevirmək ənənəsini də Üzeyir Hacıbəyli başlamışdı. Bu bir əsrə yaxın dövrün Üzeyirsiz keçən günlərinə təəssüflənirik. Çox vaxt deyirik: "Üzeyir bəy sağ olsaydı, nələr yaratmazdı". Lakin bir təsəllimiz var. Onun çoxcəhətli, tükənməz irsi həmişə Azərbaycan professional musiqi məktəbinin davamçıları üçün örnəkdir və zəngin xəzinədir. Qədirbilən xalqımız əsrlər boyu onun musiqisindən zövq aldıqca öz sevimli sənətkarını da daim iftixarla xatırlayacaq.

Üzeyir Hacıbəylinin fikrincə, xalqımızın vokal sənətinin çoxsəsli xor kimi geniş yayılmış bir forması olmamışdır. Xalqımızın vokal sənəti ən qədim vaxtlardan tar və dəfin müşayiəti ilə, muğamların solo ifası ilə məhdudlaşmışdır. Ancaq nadir hallarda, əsasən, kənd toylarında gəlini və ya bəyi tərif edən mahnıların birgə oxunmasına yol verilmişdir. Lakin belə hallarda da xorun iştirakçıları bir səslə, yəni, unison oxumuşlar. Sonralar yaranan musiqi və komediyalarda səslənən xorlar da birsəsli olmuşdur. İlk çoxsəsli Azərbaycan xorunu da 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli yaratmışdır. Xorun tələbə və gənclərdən ibarət 70 nəfər üzvü vardı. İlk vaxtlar vokal ifaçılığının yeni formasını tətbiq etmək heç də asan deyildi.

Burjua millətçiləri bu təşəbbüsü boğmaq üçün hər cür cəhd göstərirdilər. Onların fikrincə, Azərbaycan xalqı üçün polifoniya-təksəsli xor lazım deyil. Ona görə də çox zəhmətlə yaradılmış bu xor kollektivi dağıldı. Lakin onun bu arzusu düz 10 il sonra yenidən həyata vəsiqə aldı. O, ilk Azərbaycan xorunu 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində təşkil etdi. 100 nəfəri birləşdirən həmin xorun tərkibi, əsasən, azərbaycanlılardan ibarət idi. Onlar Bakıdan və Azərbaycanın rayonlarından yığılmışdı. Həmin xor Azərbaycan xalq mahnılarının təbliğində misilsiz rol oynamışdır. Xor üçün işləyəni də Üzeyir Hacıbəyli idi.

Sənətkar haqqında ürək sözlərimi xalq şairi Səməd Vurğunun misraları ilə tamamlayıram:

 

Ölüm sevinməsin qoy. Ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər,

Şirin bir xatirə tək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

 

 

Telman QARAYEV

 

Azərbaycan.- 2009.- 17 sentyabr.- S. 7.