Azərbaycanın bütün bölgələri
inkişaf edir, abadlaşır, müasirləşir
Prezident İlham Əliyev Bakı- Quba-Rusiya
Federasiyası dövlət sərhədi avtomobil yolunun
16-134-cü kilometrinin açılışında iştirak
etmişdir
Sentyabrın 18-də
Prezident İlham Əliyev Bakı-Quba-Rusiya dövlət sərhədi
avtomobil yolunun 16-134-cü kilometrinin
açılışında iştirak etmişdir.
Yolun yenidən
qurulmasına “Akkord” şirkətlər qrupu 2008-ci ilin
mayında başlamışdır. Ötən ilin avqustunda
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi
avtomobil yoluna daxil olan Bakı-Sumqayıt yolu, bu ilin
fevralında isə yolun 11-ci kilometrində tunel tipli
yolütörücüsü və 16-cı kilometrində
körpü tipli yolötürücüsü dövlətimizin
başçısının iştirakı ilə istifadəyə
verilmişdi.
Bakı-Quba-Rusiya
Federasiyası dövlət sərhədi avtomobil yolunun
16-134-cü kilometri beton örtük tikilməklə yenidən
qurulmuşdur. Ötən dövrdə 118 kilometrlik yola 28-30
santimetr qalınlığında beton döşənmiş,
yolla kəsişən kommunikasiya xətləri dəyişdirilmiş,
suötürücü qurğular, körpü və
keçidlərin tikintisi layihə üzrə həyata
keçirilmişdir.
Ümumilikdə, 14,1
milyon kubmetr torpaq, 2,1 milyon kubmetr beton işləri
görülmüşdür. Burada 20 körpü, 9 heyvan
keçidi olacaqdır. Hərəkətin intensivliyindən
asılı olaraq yol 2, 3, 4 və 6 zolaqlıdır.
Dövlətimizin
başçısı yolun açılışını
bildirən lenti kəsdi.
İnşaatçıları
salamlayan Prezident İlham ƏLİYEV onları təbrik edərək
dedi:
–Yeni yolun istifadəyə
verilməsi münasibətilə sizi təbrik edirəm. Gördüyünüz
işlərə görə sizə minnətdaram. Bu yol
tikintisi hələ Rusiya sərhədinə qədər davam
edəcəkdir. Əminəm ki, yaxın zamanlarda biz bu yolun
tam istifadəyə verilməsinı qeyd edəcəyik. Sizə
yeni uğurlar arzulayıram.
Sağ olun.
Hazırda yolun Dəvəçi
şəhəri ərazisindən keçən hissəsində
- Dəvəçi çayı üzərində
uzunluğu 544 metr, eni 23 metr, hündürlüyü 21 metr
olan körpünün tikintisi sürətlə davam etdirilir.
Prezident İlham Əliyev
körpüdə aparılan tamamlama işləri ilə də
tanış oldu.
Bildirildi ki, Azərbaycanda
tikilən 16 aşırımlı bu ən uzun və ən
hündür körpünün tikintisi üzrə işlərin
əsas hissəsi müvəffəqiyyətlə həyata
keçirilmişdir. Körpünün hər bir
dayağının altında müvafiq olaraq 22 metr dərinliyində
30 svay vurulmuşdur. Körpünün
quraşdırılmasında 33 metr uzunluğunda beton atmalardan
istifadə edilmişdir. Körpü 8-9 ballıq antiseysmik
sistemlərlə hesablanmışdır. Gələcəkdə
baş verə biləcək sel və daşqın
sularının tənzimlənməsi üçün burada dəmir-beton
istinad divarları sistemi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev
körpüdə işlərin vaxtında və keyfiyyətlə
başa çatdırılması ilə bağlı
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2009.- 19 sentyabr.- S. 1.