Qubada Müalicə-Diaqnostika Mərkəzi istifadəyə verilmişdir

 

Prezident İlham Əliyev sentyabrın 18-də Qubada Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir.

Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, səhiyyə ocağında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, təməli 2006-cı ilin martında qoyulan və ümumi sahəsi 1,3 hektar olan Quba Müalicə-Diaqnostika Mərkəzi Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmişdir. Quba ilə yanaşı qonşu rayonların da əhalisinə xidmət göstərəcək mərkəzdə 150 həkim və orta tibb işçiləri işlə təmin olunmuşdur.

Dörd mərtəbədən ibarət olan mərkəzin əsas binasının sahəsi 7 min 220 kvadratmetr, yardımçı binaların sahəsi isə 805 kvadratmetrdir. Əsas binanın birinci mərtəbəsində konsultativ diaqnostika poliklinikası, qəbul otağı, laboratoriya və şüa diaqnostikası şöbələri yerləşir.

Poliklinika oftalmologiya, LOR, ultrasəs müayinə, ginekologiya otaqlarından ibarətdir. Şüa diaqnostikası şöbəsində biokimyəvi laboratoriya, qastroskopiya və kolonoskopiya otaqları fəaliyyət göstərir.

İkinci mərtəbənin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda səhiyyənin inkişafı sahəsində gördükləri işləri əks etdirən fotoguşə yaradılmışdır.

Bu mərtəbədə 20 çarpayılıq cərrahiyyə və 10 çarpayılıq hemodializ şöbələri yerləşir.

Dörd bölmədən ibarət əməliyyat bloku, reanimasiya və anesteziologiya şöbələri üçüncü mərtəbədədir. Burada sterilləşdirmə bloku da fəaliyyət göstərir.

Dördüncü mərtəbədə 164 nəfərlik konfrans zalı və texniki otaqlar vardır.

Səhiyyə ocağında Almaniyanın və Yaponiyanın istehsalı olan ən müasir tibb avadanlığı quraşdırılmışdır.

Mərkəzin ərazisində qazanxana, su anbarı, elektrik yarımstansiyası, yeməkxana və digər yardımçı binalar tikilmişdir.

Səhiyyə ocağının həyətyanı sahəsi abadlaşdırılmış, yaşıllıq zonası salınmış, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Mərkəzə gələn yola asfalt döşənmişdir.

Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra Prezident İlham ƏLİYEV səhiyyə ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onları təbrik etdi:

– İlk növbədə sizi qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Eyni zamanda, Quba Müalicə-Diaqnostika Mərkəzinin açılışı münasibətilə də sizi təbrik edirəm. Çox gözəl müəssisədir, çox gözəl səhiyyə ocağıdır. Həm xarici gözəlliyi ilə seçilir, həm də ki, burada bütün lazımi avadanlıq vardır. Müayinə və müalicə etmək, cərrahiyyə əməliyyatlarını aparmaq üçün bütün şərait vardır. Mən çox şadam ki, Qubada müasir tibbi mərkəz yaradılıb və insanlara çox yaxşı xidmət göstərəcəkdir.

Bilirsiniz ki, Azərbaycanın müxtəlif bölgələrində belə gözəl müalicə-diaqnostika mərkəzləri tikilir və insanlara çox gözəl xidmət göstərir. Çalışmalıyıq ki, Azərbaycanın hər bir yerində çox keyfiyyətli və səviyyəli tibbi xidmət göstərilsin. Bunu etmək üçün əlbəttə ki, yeni xəstəxanalar tikilməlidir, tibbi kadrlar hazırlanmalıdır. O kadrlar ki, müasir avadanlıqla işləyə bilsinlər, yaxşı tibbi xidmət göstərsinlər. Azərbaycanda son 4-5 il ərzində 300-dən çox səhiyyə müəssisəsi yaradılıb. Onlardan 120-dən çoxu xəstəxanadır. Ancaq bu ay Azərbaycanda üç çox gözəl, yeni tibbi müəssisə açılıb. Hacıqabulda, dünən isə Bakıda Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu açıldı, bu gün də Quba Müalicə-Diaqnostika Mərkəzi. Bu onu göstərir ki, səhiyyə sisteminin təkmilləşməsi sahəsində çox gözəl və praktiki işlər aparılır. Mən çox şadam ki, sosial sahənin bu istiqamətində yaxşı uğurlar vardır.

Quba da gözəlləşir, müasirləşir, gözəl binalar tikilir. Bir neçə il bundan əvvəl bu bölgədə heç nə yox idi. Birinci, 2003-cü ildə Olimpiya Mərkəzi, mehmanxana, ondan sonra bu gözəl müəssisə yaradıldı. İndi Heydər Əliyev parkında gözəl abadlıq işləri aparılır, çox böyük saray tikilir. O da yaxın zamanlarda qubalıların sərəncamına veriləcəkdir. Küçələr abadlaşır, Bakıdan Qubaya gözəl beton yol tikilibdir. İndi bu yolla çox rahat getmək mümkün olacaqdır. Hamımız yaxşı xatırlayırıq, əvvəllər yollar hansı vəziyyətdə idi. Yəni budur abadlıq - səhiyyə, təhsil müəssisələri, yollar. Bu gün “Şahdağ” Elektrik Stansiyasının açılışı olacaqdır. Bu da şimal zonasının dayanıqlı enerji ilə tələbatını təmin etmək üçün tikilibdir, 100 meqavatdan çox gücü vardır. Bu nə deməkdir? Bu o deməkdir ki, həm elektrik enerjisi ilə təchizat yaxşılaşacaq, həm də gələcək inkişaf üçün lazımi tədbirlər görülür.

Qubanın çox gözəl təbii sərvətləri, iqlimi var, turizm üçün də çox gözəl yerlər vardır. Gözəl yolun istifadəyə verilməsindən sonra Bakıdan buraya turist axını daha da çoxalacaqdır.

Beləliklə, Azərbaycan və onun gözəl guşəsi olan Quba şəhəri, Quba rayonu daha da inkişaf edəcəkdir. Mən sizi bir daha ürəkdən salamlayıram, gözəl Müalicə-Diaqnostika Mərkəzinin açılışı münasibətilə təbrik edirəm. Sizə uğurlar!

Həkim Rəhimə MƏMMƏDOVA göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi:

– Hörmətli cənab Prezident, Sizə rayon ictimaiyyəti, səhiyyə işçilərimiz adından “Xoş gəlmisiniz” deyirik.

Bu gün bizim Müalicə-Diaqnostika Mərkəzi açılır. Bu mərkəzin açılışını biz böyük səbirsizliklə gözləyirdik. Bu, bizim əhalimiz üçün böyük töhfədir. Burada açılan Müalicə-Diaqnostika Mərkəzində hər cür şərait yaradılmış, müasir avadanlıq quraşdırılmış, gözəl iş şəraiti vardır. Həkimlərimizin əhaliyə keyfiyyətli tibbi xidmət göstərmələri üçün hər cür şərait yaradılmışdır. Siz həmişə tələb edirsiniz ki, həkimlərimiz əhaliyə yüksək tibbi xidmət göstərsinlər. Bu, bizim vəzifə borcumuzdur. Biz bu gün Sizə söz veririk ki, bu vəzifənin öhdəsindən layiqincə gələcəyik.

Hörmətli Prezident, Siz Göygöl Rayon Mərkəzi Xəstəxanasının açılışındakı nitqinizdə qeyd etdiniz ki, hər bir Azərbaycan vətəndaşı ildə bircə dəfə də olsa tibbi müayinədən keçməlidir. Hörmətli Prezident, bu, çox böyük mədəniyyətdir. Bu mədəniyyəti də bizə Siz aşılayırsınız. Bu gün açılan Müalicə-Diaqnostika Mərkəzində çox gözəl şərait vardır və burada kütləvi müayinələr aparmaq üçün hər cür imkan yaradılmışdır.

Bizim əhali arasında ən çox yayılan böyrək, revmatizm xəstəlikləridir. Bu xəstəliklərin müalicəsi üçün əhalimiz çox vaxt mərkəzə getməli olurdu. Bu gün belə Müalicə-Diaqnostika Mərkəzinin açılışına görə Sizə minnətdarlığımızı bildiririk. Artıq əhalimiz elə buradaca – bax, bu Müalicə-Diaqnostika Mərkəzində müalicə ala biləcəklər.

Hörmətli Prezidentimiz, sözün açığını deyim ki, elə bir sahə yoxdur ki, Siz bizə örnək olmayasınız. Sizdə olan qətiyyət, qurub-yaratmaq həvəsi bizim hamımızı Sizin arxanızca gəlməyə səsləyir. Sizin apardığınız işlər həqiqətən də göz qabağındadır. Hara baxırıqsa yenilik, quruculuq, inkişaf görürük. Azərbaycanın bütün vətəndaşları Sizi təkcə rəhbər kimi deyil, həm də ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə xeyirxahlıq rəmzi, sağlam Azərbaycan ailəsinin simvolu kimi görür. Mehriban xanımla birlikdə apardığınız bu gözəl işlərə görə Sizə Quba camaatı adından böyük minnətdarlığımızı bildiririk. Sizə təşəkkür edirik.

Cənab Prezident, Azərbaycanın gələcəyinə Siz hamımızdan artıq inanırsınız və öz addımlarınızla, hərəkətinizlə bunu bir daha sübut edirsiniz. Biz də Sizin bu inamınıza inanırıq və həmişə Sizin arxanızca gəlirik. Biz qubalılar həmişə Sizinləyik, həmişə Azərbaycanın inkişafı yolunda Sizin atdığınız hər bir addımı dəstəkləyəcəyik. Arzu edirəm ki, həmişə möhtəşəm Şahdağ kimi qürurlu, uca olasınız. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV dedi:

– Çox sağ olun. Bu gözəl gündə öz hörmətimi ifadə etmək istəyirəm. Bir daha bildirirəm, mən çox istəyirəm ki, Azərbaycanın bütün bölgələrində belə gözəl tibbi müəssisələr olsun, insanlar vaxtlı-vaxtında tibbi müalicə alsınlar. Bir daha bütün Azərbaycan vətəndaşlarını dəvət edirəm ki, ildə bir dəfə müayinədən keçsinlər. Əgər hər hansı bir xəstəlik varsa, o, vaxtında aşkar olunarsa, tezliklə müalicə almaq mümkün olacaq. Nəzərə alsaq ki, tikilmiş müalicə-diaqnostika mərkəzlərində bütün tibbi xidmət pulsuzdur, mən hesab edirəm, hər bir vətəndaş mənim bu çağırışıma cavab verəcəkdir.

Burada, siz də qeyd etdiyiniz müəyyən xəstəliklər var ki, rayon şəraitində onları müalicə etmək mümkün olmayıbdır. Xüsusilə, böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlar məcbur qalıb həftədə bir-iki dəfə Bakıya gedib, orada dializdən keçməli olurdular. Amma bu gün burada dializ mərkəzi yaradılıb. Bölgənin böyrək çatışmazlığından əziyyət çəkən bütün vətəndaşları burada çox gözəl tibbi xidmət ala bilərlər. Qan analizləri üçün bütün imkanlar vardır.

Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə mütləq qan analizləri verməlidir və görməlidir ki, onun hansı problemi vardır. Allah eləsin ki, heç kimdə heç bir xəstəlik olmasın. Amma həyat belədir ki, bu, qaçılmazdır. Bu, sağlamlıq deməkdir. Bu, gələcək nəslin sağlam olması deməkdir. Azərbaycan xalqı - uşaqlar, yeniyetmələr, yaşlı insanlar sağlam olmalıdır. Biz ömrün uzadılması üçün işlər görürük. Uşaq ölümünün azalması üçün işlər görürük. Müxtəlif bölgələrdə yeni doğum mərkəzləri tikilir. Əfsuslar ki, uşaq ölümü bizim üçün bütün dövrlərdə ənənəvi surətdə yüksək olmuşdur. İndi bu səviyyə aşağı düşür. Artıq statistika da onu göstərir.

Mən nə üçün həmişə gənclərə deyirəm, gedin, idmanla məşğul olun? Çünki idman sağlamlıqdır. İdmanla məşğul olan pis vərdişlərdən uzaq olur, fiziki cəhətdən sağlam olur. Fiziki cəhətdən sağlam olan adam artıq özündən arxayındır, əmindir. Bax, bu gözəl olimpiya mərkəzini biz 2003-cü ildə istifadəyə vermişik və Azərbaycanda tikilən olimpiya mərkəzlərindən ən birincisi budur. Ondan sonra artıq 20-dən çox olimpiya mərkəzi tikilib.

Bu da rəmzi xarakter daşıyır. Bir tərəfdən olimpiya mərkəzi, sağlamlıq, digər tərəfdən gözəl xəstəxana. Üçüncü tərəfdən, gözəl yollar, abad şəhər, insanların rifah halının yaxşılaşması – bax, budur Azərbaycanın inkişafı və budur bizim hamımızın istəyi.

Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 sentyabr.- S. 2.