Prezident İlham Əliyev
“Şahdağ” Elektrik Stansiyasının
açılışında iştirak etmişdir
Sentyabrın 18-də
Prezident İlham Əliyev Qubada “Şahdağ” Elektrik
Stansiyasının açılışında iştirak
etmişdir.
“Azərenerji” ASC-nin
prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, ərazisi 14 hektar
olan “Şahdağ” Elektrik Stansiyası ölkəmizin energetika
sisteminə böyük töhfələrdən biridir. İnşasına
2008-ci ildə başlanan stansiyada tikinti-quraşdırma
işlərini yerli “AZENKO” şirkəti həyata
keçirmişdir. Stansiyanın elektrik avadanlığı
İsveçrənin “ABB”, güc avadanlığı isə
Finlandiyanın “Vartsila” şirkətlərinin
istehsalıdır. Ən son elmi-texniki yeniliklərin tətbiq
olunduğu stansiyada ildə 700 milyon kilovat-saatdan çox
elektrik enerjisi istehsal etmək mümkündür. “Şahdağ”da
istehsal olunacaq enerjinin ötürülməsi
üçün 110 kilovoltluq 2-ci Quba hava xəttinin stansiyaya
giriş-çıxışının təmin edilməsi məqsədi
ilə 2 kilometr uzunluğunda yeni xətt çəkilmişdir.
Stansiyanın qaz təchizatı üçün 14 kilometr
uzunluğunda boru kəməri çəkilmiş,
qazpaylayıcı stansiya tikilmişdir.
Elektrik stansiyası
Sahdağ Qış-Yay Turizm Kompleksinin, eləcə də Quba
və Qusar rayonlarının elektrik enerjisi təchizatını
əsaslı surətdə yaxşılaşdıracaqdır.
Şahdağ Qış-Yay Turizm Kompleksinin elektrik enerjisinə
tələbatı ilkin mərhələdə 50 meqavat təşkil
edəcəkdir. Sonrakı mərhələdə bu göstəricinin
100 meqavata yüksələcəyi gözlənilir.
Prezident İlham Əliyev
stansiyanın iş prinsipi ilə tanış oldu.
Qeyd edildi ki, ümumi
gücü 105 meqavat olan bu energetika qurğusunda hər biri 8,7
meqavatlıq porşen tipli 12 aqreqat
quraşdırılmışdır. Bir kilovat-saat elektrik
enerjisinin istehsalı üçün şərti yanacaq vahidi
ilə cəmi 0,23 kubmetr və ya 267 qram təbii qaz sərf
ediləcəkdir.
Faydalı iş əmsalı
46 faiz olan stansiyanın işləməsi üçün təbii
qazın 6 bar təzyiqlə verilməsi kifayətdir. Bu,
buxar-qaz turbinlərinə verilən qazın təzyiqindən
təxminən 4 dəfə azdır.
Məlumat verildi ki,
tikintinin gedişində 500 nəfər
çalışmış, onların yarısını yerli
əhali təşkil etmişdir. Stansiyada isə 120 nəfər
daimi işlə təmin olunacaqdır.
Prezident İlham Əliyev
idarəetmə məntəqəsindən stansiyanı işə
saldı.
Dövlətimizin
başçısına bu stansiya ilə bağlı
perspektivdə görüləcək işlər barədə
də məlumat verildi. Qeyd edildi ki, “Xaçmaz” Elektrik
Stansiyası ilə “Şahdağ” Elektrik Stansiyası
arasında 40 kilometrə qədər uzunluqda 110 kilovoltluq
elektrik xəttinin və Şahdağ Qış-Yay Turizm
Kompleksinin enerji təchizatı üçün 40 kilometrlik 2
elektrik xəttinin, həmçinin müvafiq
yarımstansiyaların tikintisi nəzərdə tutulmuşdur.
Stansiyanın ərazisində
geniş abadlıq və yaşıllaşdırma işləri
aparılmış, 10 minə qədər dekorativ ağac və
gül kolu əkilmiş, 40 min kvadratmetr sahəyə asfalt
döşənmişdir. Uzunluğu 1 kilometrə çatan
daxili drenaj kanalı çəkilmiş, stansiyanı texniki və
içməli su ilə təmin etmək üçün hər
biri 120 metr dərinliyində 2 artezian quyusu qazılmış,
uzunluğu 2500 metr olan su xətti çəkilmişdir. Yanğın
təhlükəsizliyi məqsədi ilə su çənləri
inşa edilmişdir.
Prezident İlham Əliyev
ümumi sahəsi 530 kvadratmetr olan ikimərtəbəli
inzibati bina ilə də tanış oldu. Buradakı fotoguşələrdə
Azərbaycan elektroenergetikasının sürətli
inkişafında müstəsna əməyi olan ulu öndər
Heydər Əliyevin xalq və Vətən
qarşısında xidmətlərindən, energetiklərlə
görüşlərindən və müxtəlif tədbirlərdə
iştirakından bəhs edən eksponatlar vardır. Bundan
başqa, Prezident İlham Əliyevin respublikamızın
energetika potensialının möhkəmləndirilməsi və
enerji təhlükəsizliyinin təmin olunması istiqamətində
reallaşdırdığı ardıcıl və fundamental tədbirlər
də buradakı fotoşəkillərdə dolğun əksini
tapmışdır.
Dövlətimizin
başçısı respublikamızın energetika obyektlərinin
əks olunduğu xəritəyə baxdı, ətrafı
seyr etdi.
Stansiyanın iş rejimi
və avadanlığı ilə yaxından tanış olan
Prezident İlham Əliyev energetiklərlə
görüşdü, onlara uğurlar arzulayaraq dedi:
– Sizi yeni stansiyanın
açılışı münasibətilə ürəkdən
təbrik edirəm, sizə uğurlar arzulayıram.
Stansiyanın istifadəyə
verilməsi çox böyük hadisədir. Həm bu bölgə
üçün, həm də ümumiyyətlə, Azərbaycanın
elektrik enerjisi potensialının gücləndirilməsi
üçün stansiyanın çox böyük əhəmiyyəti
vardır. 100 meqavatdan çox gücü olan stansiya, eyni
zamanda, “Xaçmaz” Elektrik Stansiyası ilə birləşəcək,
Qusar rayonu, Quba rayonu, ətraf rayonların elektrik enerjisinə
tələbatını tam şəkildə ödəyəcəkdir.
Tikilməkdə olan müasir “Şahdağ” Qış-Yay
Turizm Kompleksinin dayanıqlı elektrik enerjisinə tələbatının
ödənilməsi üçün stansiyanın əvəzolunmaz
əhəmiyyəti vardır.
Çox gözəl stansiyadır. Çox qısa müddət ərzində - bir il ərzində tikilib. Son illər ərzində Azərbaycanda böyük sayda modul stansiyalar tikilibdir. Bu, sayca yeddincidir. Bununla bərabər, digər stansiyalar da tikilir və beləliklə, Azərbaycanın elektrik enerjisi potensialı tamamilə yeniləşir, güclənir, bunlar əlavə güc mənbəyidir.
Bilirsiniz ki, Azərbaycan çox sürətlə inkişaf edən ölkədir. Elektrik enerjisinə tələbat ildən-ilə artır, gələcək illərdə də artacaqdır. Çünki yeni müəssisələr, zavodlar, fabriklər, səhiyyə ocaqları tikilir, inkişaf gedir və əlbəttə ki, bütün bunlar elektrik gücü tələb edir. Bizim zəngin neft-qaz yataqlarımız vardır. Qaz istehsal edirik, neft istehsal edirik, emal edirik, yəni Azərbaycanın enerji təhlükəsizliyi daxili imkanlar hesabına tam şəkildə təmin edilir. Xüsusilə indiki şəraitdə bu, çox müsbət haldır. İndi enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində ön plana çıxır. Azərbaycan özünü tam şəkildə arxayın hiss edir.
Biz Azərbaycanda qazlaşdırma prosesini davam etdiririk. Elektrik enerjisinə olan tələbat tam şəkildə ödənilir. Son illər ərzində görülən işlər və bu gün istifadəyə verilən bu stansiyanın əhəmiyyəti bu sahədə çox böyükdür.
Mən çox şadam ki, qısa müddət ərzində, haradasa 4-5 il ərzində Azərbaycanda 7 gözəl, müasir modul tipli elektrik stansiyası tikilibdir. Bununla bərabər, digər stansiyalar, su elektrik stansiyaları tikilir. Biz alternativ enerji mənbələrini tam şəkildə işə salmalıyıq və beləliklə, Azərbaycan uzunmüddətli inkişaf strategiyasını çox böyük səmərə ilə icra edəcək. Bizim iqtisadi gücümüz gündən-günə artır və bu böhranlı aylarda, böhranlı zamanda yeni stansiyanın tikintisi özlüyündə böyük nailiyyətdir.
Mən stansiyanın tikintisində iştirak etmiş bütün mütəxəssisləri, fəhlələri bir daha salamlayıram, sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanın bütün energetiklərinə yeni uğurlar və cansağlığı arzulayıram. Stansiyanın açılışı münasibətilə sizi bir daha təbrik edirəm.
AzərTAc
Azərbaycan.- 2009.- 19 sentyabr.- S. 2, 3.