Sentyabrın
18-də Prezident İlham Əliyev Qubadakı
soyqırımı məzarlığını ziyarət
etmişdir.
Dövlətimizin
başçısına məlumat verildi ki, bu məzarlıq
1918-ci ildə ermənilərin yerli dinc əhaliyə
qarşı törətdikləri soyqırımının
danılmaz sübutudur. Məzarlığın ümumi sahəsi
514 kvadratmetrdir, 494 kvadratmetr ərazidə qazıntı
işləri aparılmışdır. Qalan hissə isə
sübutedici fakt kimi beynəlxalq tədqiqatçılar
üçün saxlanılmışdır.
Aparılan
qazıntılar nəticəsində burada insan cəsədləri
qalaqlanan iki quyu və iki arx aşkar edilmişdir. İnsanların
hamısının soyuq silah və küt alətlərlə
xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilmişdir.
Ermənilər Qubada azərbaycanlılarla yanaşı ləzgiləri,
yəhudiləri, tatları, avarları və digər etnik
qrupların nümayəndələrini də
amansızlıqla öldürmüşlər. Tədqiqat
zamanı məzarlıqda 400-dən çox insan cəsədinin
qalıqları aşkar edilmişdir. Onlardan 50-dən
çoxu uşaq, 100-dən çoxu qadın, qalanları isə
əsasən yaşlı kişilərdir.
Kütləvi
məzarlıq 2007-ci ilin aprelində ərazidə torpaq
işləri görülərkən aşkar edilmişdir. Azərbaycan
Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya
İnstitutunun əməkdaşları burada 2007-ci il aprelin 8-dən
11-dək ilkin tədqiqat işləri aparmışlar.
Məzarlığın
1918-ci ildə ermənilərin yerli dinc əhaliyə
qarşı törətdikləri soyqırımı ilə
bağlı olduğu təsdiqlənmişdir. Arxiv sənədlərindən
məlum olmuşdur ki, 1918-ci ilin aprel-may ayları ərzində
ermənilər tərəfindən təkcə Quba qəzasında
36 min 782 nəfər qətlə yetirilmiş, 122 kənd
tamamilə dağıdılmışdır.
Bu məzarlıq
erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə
çatdırılması üçün daha bir danılmaz
tarixi faktdır.
Prezident
İlham Əliyevə məzarlıqda inşa olunacaq muzey
kompleksinin layihəsi haqqında da məlumat verildi. Bildirildi
ki, şüşədən inşa olunacaq kompleksin
yaradılmasından məqsəd bura gələn turistləri
soyqırımı haqqında məlumatlandırmaqdır. Ərazini
süxur sularından qorumaq üçün drenaj sistemi
yaradılacaqdır.
Dövlətimizin
başçısı ermənilər tərəfindən
törədilmiş qırğınları sübut edən
faktlar və əşyalarla tanış oldu.
AzərTAc
Azərbaycan.- 2009.- 19 sentyabr.- S. 2.