Qusarda Heydər Əliyev parkı salınacaq muzey-kompleksi tikiləcəkdir

 

Prezident İlham Əliyev sentyabrın 18-də Qusar rayonunda inşa olunacaq Heydər Əliyev parkı və muzey-kompleksinin eskiz layihəsi ilə tanış oldu.

Məlumat verildi ki, kompleks 10 hektar ərazidə yerləşəcəkdir. Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa olunacaq kompleksin gələn ilin mayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Kompleksin ərazisində ulu öndərin abidəsi qoyulacaqdır. Qranitdən hazırlanacaq heykəlin hündürlüyü postamentlə birlikdə 23 metr olacaqdır. İnşa ediləcək ikimərtəbəli Heydər Əliyev Mərkəzi 1000 kvadratmetr sahəni əhatə edəcəkdir. Burada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar, kitablar sərgilənəcəkdir. Kompleksin ərazisində əhalinin istirahəti üçün hər cür şərait yaradılacaq, musiqili fəvvarə quraşdırılacaq, dekorativ gül və bəzək kolları əkiləcək, rahat oturacaqlar qoyulacaqdır.

Prezident İlham Əliyev layihə ilə bağlı tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 sentyabr.- S. 3.