Prezident İlham Əliyev Şahdağ Qış-Yay Turizm Kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir

 

Qusar rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Şahdağ Qış-Yay Turizm Kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir.

Kompleksin baş planı və eskiz layihəsi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Şahdağ Qış-Yay Turizm Kompleksi Qusar rayonunun mərkəzindən 30 kilometr şimalda yerləşəcəkdir. Dövlətimizin başçısı gilizi kompleksin bünövrəsinə buraxdı, beton qarışığı tökdü.

Sonra Prezident İlham Əliyev kompleksin maketinə baxdı.

Qeyd olundu ki, planlaşdırılan tikinti sahəsi Şahdağ Milli Parkının ərazisindədir. Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisi dağ xizək idmanı, digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaqdır. Kompleksin ərazisində tennis, futbol və basketbol meydançaları, örtülü idman qurğuları, aquapark və hovuzlar, əyləncə-oyun kompleksləri olacaqdır, istirahətə gələnlərə piyada və at ilə gəzinti və digər xidmətlər təklif ediləcəkdir. Kompleksdə müxtəlif uzunluqda 21 buraz yolu çəkiləcəkdir. Burada xizəkçilərin tam təchizatla xizək yolunun zirvəsinə çatdırılması üçün kürsü tipli qaldırıcı qurğulardan istifadə olunacaqdır. Xizək yolları müxtəlif mürəkkəblik dərəcələrində layihələndirilmişdir.

Ümumi sahəsi 2 min hektardan çox olan kompleksin tikintisi 4 mərhələdə həyata keçiriləcəkdir. Birinci mərhələdə vacib kommunikasiya xətləri çəkiləcək, 11 qaldırıcı, xizək yolları, süni göl və qar avadanlığı quraşdırılacaqdır. 312 yerlik beşulduzlu, 346 yerlik dördulduzlu, 282 yerlik üçulduzlu hotellərin və kiçik yaylaq evlərinin, kotteclərin tikilməsi planlaşdırılır.

İkinci mərhələdə qaldırıcılar şəbəkəsinin və mədəni-idman qurğularının, kotteclərin tikintisi və bağların salınması nəzərdə tutulur.

Üçüncü mərhələ isə, əlavə xizək yollarının salınmasını və yaşayış zonasının genişləndirilməsini əhatə edir. Avstriyalı mütəxəssislərin layihəsi əsasında bütün fəsillərdə qar yağdırmaq üçün xüsusi aparat və su anbarı yaradılacaqdır. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə tikiləcək mərkəzdə 5 min işçi çalışacaqdır.

Kompleksdə ticarət mərkəzləri, restoranlar, əyləncə, xidmət və məişət obyektləri, o cümlədən avtomobillər üçün yerüstü və yeraltı dayanacaqlar tikiləcəkdir. Məlumat verildi ki, 2011-ci ildə başa çatacaq tikinti işlərinə nəzarəti Mədəniyyət və Turizm Nazirliyi həyata keçirəcəkdir.

Prezident İlham Əliyev kompleksə gələn yolun yüksək səviyyədə tikilməsi və kommunikasiya xətlərinin çəkilməsi, tikintinin müasir standartlar səviyyəsində aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 sentyabr.- S. 5.