Görkəmli alim, bacarıqlı təşkilatçı,
zərif qadın
Elə insanlar var ki, hər
dəfə onlar haqqında yazanda, yaxud onları xatırlayanda
yeni nəyisə tapırsan. Bu insanlar hər dəfə sənin
qarşında yeni bir görkəmdə durur, yeni bir şəkillə
canlanırlar. Şübhə yoxdur ki, bu, onların ruhən dərinliyindən,
şəxsiyyət kimi kamilliyindən, mənəviyyatının
zənginliyindən irəli gəlir. Filologiya elmləri
doktoru, professor Aida İmanquliyeva belə insanlardandır. Aida
xanım haqqında alim, təşkilatçı, ana, zərif
qadın kimi çox yazılıb və yəqin ki, bundan
sonra daha çox yazılacaq. Çünki hər şeyi öz yerinə qoyan, hər kəsə
layiq olduğu qiyməti verən, hər bir işə əncam
çəkən zaman onu bizdən daha çox ayırdıqca
biz Aida xanımın böyüklüyünü, kamilliyini və
zənginliyini daha yaxşı duyur, daha dərindən dərk
edirik. Onun hansı cəhətini daha qabarıq vermək,
hansı məziyyətini ön plana çəkmək
müşkül məsələdir. Çünki Aida
xanımdakı bu cəhətlər bir-biri ilə elə
möhkəm çulğalaşır ki, onları ayırmaq
olmur. İstər-istəməz ona hərtərəfli
yanaşmalı, ondan hərtərəfli bəhs etməli
olursan.
Bu günlər anadan
olmasının 70 illiyini böyük təntənə ilə
qeyd etdiyimiz Aida İmanquliyeva bizim üçün hər
şeydən əvvəl görkəmli ərəbşünas
alim idi.
1962-ci ildə Bakı
Dövlət Universitetinin (ozamankı S.M.Kirov adına Azərbaycan
Dövlət Universitetinin) ərəb şöbəsini bitirən
Aida xanım ərəb ədəbiyyatı üzrə
aspiranturaya daxil olub Moskvaya ezam edildi. Orta məktəbi qızıl medalla,
universiteti fərqlənmə diplomu ilə bitirmiş, ərəb
dilinin sirlərini müasir Azərbaycan ərəbşünaslığının
banisi, professor Ələsgər Məmmədovdan öyrənmiş
Aida Moskvaya boş əllə deyil, yaxşı
hazırlıqla getmişdi. Onun elmi rəhbəri dünya
şöhrətli şərqşünasımız, professor
Rüstəm Əliyev idi. Aspiranturada təhsil
aldığı müddətdə Aida xanım özü
üçün tədqiqat obyekti kimi ərəb məhcər
(mühacirət) ədəbiyyatını seçmişdi.
Qeyd etmək
lazımdır ki, Şimali Amerikada təşəkkül
tapıb formalaşmış məhcər ədəbiyyatı,
xüsusilə, 1920-ci ildə təsis edilmiş "Qələmlər
birliyi" ərəb ədəbiyyatı tarixində
xüsusi çəkisi və mövqeyi olan ədəbi məktəbdir.
Aida xanım qısa
müddət ərzində namizədlik dissertasiyasını
müdafiə etmiş, məhcər ədəbiyyatının
görkəmli nümayəndələri Mixail Nuaymə və
Cübran Xəlil Cübran haqqında monoqrafiyalar yazıb
çap etdirmişdi. Aida xanım öz istedadı və əməksevərliyi
sayəsində qısa zaman kəsiyində keçmiş
Sovet İttifaqında yeni ərəb ədəbiyyatının
ən tanınmış mütəxəssislərindən
birinə çevrilmişdi.
Ərəb məhcər
ədəbiyyatı vaxtilə bir çox mütəxəssislər,
xüsusilə, dünya şöhrətli ərəbşünas,
akademik İ.Y.Kraçkovski tərəfindən tədqiq edilsə
də, son dövrdə bu sahənin ən görkəmli, ən
səlahiyyətli nümayəndəsi məhz Aida xanım
idi. Rus tənqidi
realizmindən, ingilis romantizmindən və Amerika transsendentalizmindən
kifayət qədər təsirlənmiş, lakin bu təsiri
mexaniki şəkildə deyil, ərəb zəminində,
Şərq kontekstində qəbil etmiş məhcər ədəbiyyatı
yeni ərəb ədəbiyyatının dünya
miqyasında tanınması sahəsində böyük xidmət
göstərmişdir. Şərq ruhunu Qərb
düşüncəsi, Qərb analitizmi ilə birləşdirmiş
Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nuaymə,
İlya Əbu Mazi kimi görkəmli sənətkarlar Şərq-Qərb
ədəbi sintezi prosesində mühüm rol
oynamışlar. Bütün bu ümdə məsələlərin
tədqiqi Aida xanımın elmi
yaradıcılığında öz əksini layiqincə
tapmışdır. Aida İmanquliyevanın Şərq
müdrikliyi ilə Qərb həssaslığını
özündə cəmləşdirən ərəb məhcər
ədəbiyyatının yaranması, inkişafı, sənətkarlıq
xüsusiyyətləri, spesifikası, onun başqa ədəbi
məktəblərdən fərqli cəhətləri, məhcər
ədəbiyyatını bir ədəbi cərəyan kimi səciyyələndirən
məziyyətlər barədə mülahizə və fikirləri
bu gün şərqşünaslıq sahəsində görkəmli
mütəxəssislər tərəfindən bəyənilir
və qəbul edilir.
Aida İmanquliyeva nisbətən
qısa ömür sürməsinə baxmayaraq, özündən
sonra zəngin elmi irs qoyub getmiş, fundamental tədqiqatları
ilə təkcə Azərbaycan və əski sovet şərqşünaslığını
deyil, eyni zamanda, dünya şərqşünaslığını
zənginləşdirmiş, inkişaf etdirmişdir. Rusiyada, Ukraynada, Almaniyada,
İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda,
bir çox ərəb ölkələrində yaxşı
tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə
tez-tez istinad edilən Aida xanım yeni və müasir ərəb
ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından
biri kimi şərqşünaslıq tarixinə əbədi
daxil olmuş azsaylı mütəxəssislərdəndir. Ərəb
məhcər ədəbiyyatının, bu ədəbiyyatın
Cübran Xəlil Cübran, Mixail Nuaymə, Əmin ər-Reyhani,
İlya Əbu Mazi kimi görkəmli nümayəndələrinin
həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar
öz orijinallığını, zənginliyini, nəzəri
dərinliyini, konseptuallığını daim qoruyub saxlayan,
buna görə də mütəxəssislərin
stolüstü kitablarına çevrilmiş əsərlərdir.
Cəsarətlə demək olar ki, Aida xanım bu gün ərəb
məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən
görkəmli, ən sanballı tədqiqatçısıdır.
Bunu nəinki Azərbaycan və əski sovet ərəbşünasları,
hətta Avropa şərqşünasları və ərəblərin
özləri belə, etiraf edirlər.
Məhcər ədəbiyyatının
əsas xüsusiyyətləri, onun çoxəsrlik zəngin
ərəb ədəbiyyatı ilə oxşar və fərqli
cəhətləri, Qərb və rus ədəbiyyatları ilə
əlaqələri, bütövlükdə ərəb ədəbiyyatına
gətirdiyi yeniliklər, müasir ərəb ədəbiyyatı
üçün açdığı üfüqlər və
digər ümdə məsələlər Şərq-Qərb
sintezində öz doğru-düzgün elmi həllini məhz
Aida İmanquliyevanın çoxsaylı fundamental tədqiqatlarında
tapmış, onun gəldiyi nəticələr beynəlxalq
elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək
nüfuzlu elmi fikirlər kimi qəbul edilmişdir.
Məhz Şərq-Qərb
elmi-mədəni əlaqələrinin tədqiqində yeni mərhələ
açmış XX əsrin görkəmli şərqşünası
Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş
"Şərq və Qərb: ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr" mövzusunda oktyabr
ayının 9-dan 11-dək Bakıda keçiriləcək
beynəlxalq İbn Ərəbi simpoziumunda ABŞ,
Böyük Britaniya, Fransa, İspaniya, Rusiya, Misir, Türkiyə,
İran, Suriya, Əlcəzair, Latviya, Qazaxıstan və
başqa ölkələrin aparıcı elm mərkəzlərindən
dünyaca tanınmış alimlərin iştirakı Şərq
və Qərb sivilizasiyalarının dialoqu,
qarşılıqlı təsiri və əlaqələri sahəsində
Azərbaycan aliminin apardığı tədqiqatlara, göstərdiyi
xidmətlərə, bütövlükdə zəngin irsinə
verilən yüksək qiymətin təzahürüdür. Azərbaycanda geniş elmi
müstəvidə belə bir simpoziumun keçirilməsi
şərqşünaslıq elmimizin inkişafına verəcəyi
töhfələr və açacağı yeni imkanlar
baxımından da çox əhəmiyyətlidir.
Aida İmanquliyeva məhcər
ədəbiyyatının ən görkəmli nümayəndələri
Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin
daha çox Qərb romantizminin, Mixail Nuaymənin isə rus tənqidi
realizminin təsirinə məruz qaldığını
göstərmiş və bunun əsas səbəbini
onların dünyagörüşü, düşdükləri
mühit, ədəbi-bədii qayəsi və
yaradıcılıq istiqamətləri ilə
bağlamışdır. Müəllif çox doğru olaraq
belə bir nəticəyə gəlmişdir ki, Cübran və
ər-Reyhanidə R.U.Emersonun, U.Uitmenin, N.Toronun, Şellinin,
Bayronun, Hüqonun təsiri daha çox hiss edildiyi halda,
Poltavada təhsil almış Mixail Nuaymənin bədii
yaradıcılığında L.Tolstoyun, İ.Turgenevin,
A.Çexovun, ədəbi-tənqidi məqalələrində
isə V.Belinskinin təsiri müşahidə olunur.
Aida xanım haqlı
olaraq göstərmişdir ki, C.X.Cübran, Ə.ər-Reyhani
və M.Nuaymə özlərinin çoxcəhətli bədii
yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatlarının
nailiyyətlərini mənimsəmiş, onları ən
yaxşı milli bədii ənənələrlə üzvi
surətdə sintezləşdirmişlər.
Alimin fikrincə, yeni ərəb
ədədiyyatının təşəkkülü və
formalaşmasında əhəmiyyətli rol oynamış
"Suriya-Amerika məktəbi"nin nümayəndələri
öz yaradıcılıqları ilə yalnız ərəb
ədəbiyyatında deyil, həm də Şərq ölkələrinin
milli ədəbiyyatlarında öz davamçıları
üçün yol açmışlar. Bu, əsasən, onların əksər
əsərlərini ingilis dilində yazması ilə əlaqədar
olmuşdur. Ona görə də "Suriya-Amerika məktəbi"ni
təmsil edən yazıçıların
yaradıcılığı öz milli ədəbiyyatları
çərçivəsindən kənara çıxaraq
dünya ədəbiyyatında layiqli yer tutmuşdur.
Onların ədəbi fəaliyyəti sanki Qərb və
Şərq ədəbiyyatlarının öz mənəvi
nailiyyətlərini mübadilə etdikləri informasiya
kanalı rolunu oynamışdır (Bax: A.İmanquliyeva. Yeni ərəb
ədəbiyyatının korifeyləri. Bakı, "Elm",
2005, s.313).
Aida İmanquliyevanın
bir çox xarici dillərə tərcümə edilmiş
"Yeni ərəb ədəbiyyatının korifeyləri"
kitabı onun çoxillik elmi axtarışlarının
yekunu, ərəb məhcər ədəbiyyatı barədə
yazılmış ən sanballı tədqiqat əsəridir.
Kitab ərəb dilinə
tərcümə edildikdən sonra ərəb ədəbiyyatşünasları
arasında da geniş maraq doğurmuş, bir sıra görkəmli
mütəxəssislər tərəfindən yüksək
qiymətləndirilmişdir.
Aida İmanquliyeva həm
də keçmiş Sovet İttifaqında, vətənimiz Azərbaycanda
yeni ərəb ədəbiyyatı kursunun
yaradıcılarından biri olmuşdur. Bu gün 20-dən
artıq ərəb ölkəsində yaranmış zəngin
ədəbiyyatı araşdırıb onu ümumi tədqiqat
məcrasına yönəltmək, bu ədəbiyyatın səciyyəvi
cəhətlərini müəyyənləşdirmək,
görkəmli nümayəndələrinin həyat və
yaradıcılığını öyrənmək, əsərlərini
yüksək nəzəri səviyyədə təhlil etmək
dünya ərəbşünaslığı
qarşısında duran ən çətin, ən ümdə
vəzifələrdəndir. Aida xanım bu sahədə
böyük əmək sərf etmiş, nəticədə
belə bir çətin kursun yaradılmasına nail
olmuşdur. Onun bu haqda yazdığı məqalələr,
beynəlxalq konfrans və simpoziumlarda etdiyi
çıxışlar, uzun illər BDU-nun şərqşünaslıq
fakültəsində oxuduğu yüksək səviyyəli
mühazirələr yeni ərəb ədəbiyyatının
çağdaş dövrdə daha dərindən öyrənilməsi
üçün ən gözəl mənbələrdən, ən
mötəbər elmi vəsaitlərdəndir.
Eyni zamanda, Aida xanım
Azərbaycan oxucusunu ərəb ədəbiyyatı ilə
tanış etmək üçün xeyli iş görmüş,
bir sıra görkəmli ərəb
yazıçılarının əsərlərini dilimizə
çevirmişdir.
Professor Aida
İmanquliyeva akademik Ziya Bünyadovdan sonra AMEA-nın Şərqşünaslıq
İnstitutunun direktoru vəzifəsində
çalışarkən yüksək təşkilatçılıq
qabiliyyəti nümayiş etdirmiş, qısa müddət ərzində
institutun maddi-texniki bazasının möhkəmləndirilməsi,
aparılan elmi-tədqiqat işlərinin miqyasının
genişləndirilməsi, onların nəzəri səviyyəsinin
və əməli əhəmiyyətinin yüksəldilməsi,
bu tədqiqat müəssisəsinin beynəlxalq əlaqələrinin
genişləndirilməsi, onun fəaliyyətinin
dünyanın aparıcı şərqşünaslıq mərkəzləri
ilə əlaqələndirilməsi sahəsində
ardıcıl səylər göstərmişdir.
Aida xanım direktor
olduğu müddət ərzində Şərqşünaslıq
İnstitutunda bir sıra beynəlxalq simpozium və konfranslar təşkil
olunmuş, respublika miqyaslı elmi tədbirlər
keçirilmişdir. Sevindirici haldır ki, bu gözəl ənənə
Şərqşünaslıq İnstitutunda indi də
uğurla davam etdirilir.
Professor Aida
İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq
qabiliyyəti və pedaqoji fəaliyyəti özündə
birləşdirən bir alim idi. O, 20 ildən artıq bir müddət ərzində BDU-nun
şərqşünaslıq fakültəsində ərəb
ədəbiyyatından mühazirələr oxumuş,
xüsusi kurslar aparmış, dissertasiya və diplom işlərinə
rəhbərlik etmişdir. Aida İmanquliyevanın maraqlı
mühazirələrini dinləmiş tələbələr
həmişə onun mahir mühazirəçi olduğunu qeyd
edirlər. Aida xanımı görmək şərəfinə
nail olmamış indiki tələbələr isə onun
kitablarından, məqalələrindən, əlyazma şəklində
olan mühazirələrindən istifadə edib bəhrələnirlər.
Bütün bunlarla
yanaşı, Aida xanım gözəl həyat yoldaşı,
mehriban ana, qayğıkeş nənə, vəfalı dost,
olduqca zərif bir qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda
fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla
məhrum edə bilməmişdi. Allah-təala Aidanı
xoş saatında yaratmış, bir qadın kimi ona hər bir
gözəlliyi vermişdi. Şahanə gözəllik, qədd-qamət,
zəriflik, yüksək zəka, əməksevərlik,
mehribanlıq, qayğıkeşlik, həssaslıq,
dostcanlılıq, səmimiyyət, həlimlik, şirin dil, əliaçıqlıq,
yüksək əxlaq - bütün bunlar Aida xanıma xas olan
keyfiyyətlərin natamam siyahısıdır. Söz yox ki,
milli jurnalistikamızın patriarxlarından olan Nəsir
İmanquliyev kimi bir ziyalının evində dünyaya göz
açmış, Mir Cəlal kimi məşhur
yazıçının, alimin və pedaqoqun ailəsinə gəlin
gəlmiş, taleyini, ömrünü akademik Arif Paşayev
kimi gözəl bir insanla, dünya şöhrətli alimlə,
səmimi bir dostla bağlamış Aida xanım elə bu
cür də olmalı idi.
Aida evinin əsl xanımı idi. Ona səliqə-sahmanından qalmayan yüksək zövqlü xanımlıq da, önlük taxıb ev işlərində çalışmaq, mətbəxdə yemək hazırlamaq da çox gözəl yaraşırdı. Əli duzlu, özü də cəld idi. Beş dəqiqənin içində gözəl süfrə açar, bişirdiyi yeməkləri səliqə ilə onun üstünə düzər, arada nəvələrinə qulluq göstərər, telefona cavab verər, şirin zarafatlarından da qalmazdı. Mən onun bu qədər işi eyni vaxtda tez görə bilməsinə sözün həqiqi mənasında təəccüb edərdim.
Aida
İmanquliyeva həddindən artıq əliaçıq adam
idi. Mən onun neçə-neçə kasıb tələbəyə
əl tutduğunun, neçə-neçə xəstəyə
tapılmayan dərmanlar tapdığının, bununla da
onları ağır dərddən xilas etdiyinin şahidiyəm.
Aida xanım az
ömür yaşasa da, xosbəxt insandır. Ona görə xosbəxtdir ki, o,
böyük alimdir, əsərləri dünyanın bir
çox ölkələrində nəşr olunur, oxunur və
yüksək qiymətləndirilir, adı nüfuzlu elmi məclislərdə,
simpozium və konfranslarda hörmətlə çəkilir.
Ona görə xoşbəxtdir ki, özündən sonra
ölkənin birinci xanımı, bu gün hər bir azərbaycanlı
ailəsinin sevimlisi olan Mehriban xanım Əliyeva kimi,
tanınmış alimimiz, nadir istedadlı ziyalı
qadınımız Nərgiz Paşayeva kimi iki gözəl
övlad, bir-birindən qəşəng və
ağıllı neçə-neçə nəvə-nəticə
qoyub getmişdir. Bu fani dünyada insana bundan artıq nə
qalır ki!
Vasim MƏMMƏDƏLİYEV,
Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü
Azərbaycan.- 2009.-19 sentyabr.- S. 5.