XI “Şərq-QərbBakı Beynəlxalq kinofestivalının təntənəli açılış mərasimi keçirilmişdir

 

Şərqlə Qərbin qapısı hesab edilən Azərbaycan növbəti dəfə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalına ev sahibliyi etmişdir.

2009-cu ilin Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil edilmiş festival dünyanın kino ictimaiyyətini paytaxtımızda bir araya gətirmişdir.

Festivalın təntənəli açılış mərasimi sentyabrın 18-də Heydər Əliyev Sarayında keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, ulu öndərin abidəsi önünə əklil qoymuşlar.

Beynəlxalq kinofestivalına əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Ritm” nağaraçılar qrupunun ifası ilə start verilmişdir. Ötən illərdə keçirilmiş festivallar çərçivəsində hazırlanmış videofilm nümayiş etdirilmişdir.

TÜRKSOY-un baş direktoru Düsen Kaseinov bildirmişdir ki, bu gün bütün türk dünyasının bayramıdır. Ona görə ki, dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin “Koroğlu” operası TÜRKSOY-un təşəbbüsü ilə beynəlxalq layihə əsasında səhnələşdirilmişdir. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası artıq 3 ölkədə uğurla, böyük məhəbbətlə nümayiş etdirilmişdir. 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunmuş Bakıda “Koroğlu” operası bu gün böyük təmtəraqla teatrsevərlərə təqdim ediləcəkdir. Bu sənət abidəsi 6 ölkədən 250 incəsənət ustasının iştirakı ilə hazırlanmışdır. Natiq diqqətə çatdırmışdır ki, XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalında türk filmlərinə də xüsusi yer ayrılmışdır. Bu da türkdilli xalqların birliyinə, vahid amallar, ideyalar naminə bütövləşməsinə xidmət edir.
Düsen Kaseinov Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyova Koroğlunun kiçik büstünü hədiyyə etmişdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, bu gün beynəlxalq kinofestivalı çərçivəsində ölkəmizə dünyanın bir çox ölkələrindən tanınmış sənət adamları gəlmişdir. Onlar burada Prezident İlham Əliyevin Azərbaycanda mədəniyyət və incəsənətə göstərdiyi diqqət və qayğının bir daha şahidi olurlar.

Nazir vurğulamışdır ki, dövlət başçısının tapşırığı ilə indi kinostudiyanın müasir avadanlıqla təchiz olunması, “Nizami” kinoteatrının təmiri üzrə böyük işlər görülür, dövlət sifarişi ilə müxtəlif filmlər çəkilir.

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli demişdir ki, Azərbaycan xalqı Üzeyir Hacıbəylinin ad gününü iftixar hissi ilə qeyd etdiyi bir gündə belə bir beynəlxalq festivalın keçirilməsi olduqca əhəmiyyətlidir. Musiqi ilə kino daim vəhdət təşkil etmişdir. Azərbaycan filmlərində xalqımızın ölməz musiqi xəzinəsi yaşamaqdadır.

Rüstəm İbrahimbəyov indiki kinofestivalın proqramına daxil edilmiş filmlərin siyahısını açıqlamışdır. O, festivalın təşkilində kömək göstərdiklərinə görə müvafiq qurumlara təşəkkür etmiş, bildirmişdir ki, bir həftəlik festival çərçivəsində Azərbaycanla yanaşı, Rusiya, Estoniya, Polşa, Bolqarıstan, İran, Almaniya, Fransa, Türkiyə, İsrail, İspaniya, Belçika, Hollandiya, Bolqarıstandan olan kinematoqrafçılar öz filmlərini nümayiş etdirə biləcəklər. Bununla yanaşı, beynəlxalq tədbirin iştirakçıları son iki ildə MDB və Baltikyanı ölkələrdə istehsal edilən, habelə müxtəlif festivallarda uğur qazanan filmlərlə də tanış olacaqlar.

Rüstəm İbrahimbəyov diqqətə çatdırmışdır ki, festivalın coğrafiyası ildən-ilə genişlənir. Bu il “Şərq-Qərb” festivalında ənənəvi olaraq Avrasiya ölkələrində istehsal edilən, özünə kifayət qədər kinematoqrafiya ictimaiyyətini cəlb etmiş, beynəlxalq festivallarda iştirak etmiş yeni ekran əsərlərinin panoramı təqdim ediləcəkdir. Builki festivalın əsas fərqi ondadır ki, 2009-cu ildə Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Məhz buna görə də XI festivalda müsəlman ölkələrinin filmləri nümayiş etdiriləcəkdir.

İttifaq sədri qeyd etmişdir ki, builki festivalın əlamətdar hadisələrindən biri tanınmış çex kinematoqrafı, Oskar mükafatına layiq görülmüş, ssenarist və prodüsser Yan Sverakın bizimlə birgə olmasıdır.

Yan Sverak da bütün iştirakçıları salamlayaraq, festivalın işinə uğurlar arzulamış və burada nümayiş olunacaq filmlərin əhəmiyyətindən danışmışdır.

Natiq vurğulamışdır ki, artıq ənənə halını almış bu festival yeni-yeni aktyorlar nəslinin yetişməsinə təkan verəcək və sənət adamları arasında dostluq, həmrəylik körpüsünün yaranmasına kömək edəcəkdir.

Tədbirdə ölkəmizin tanınmış cazmenləri geniş konsert proqramı ilə çıxış etmiş və festival çərçivəsində nümayiş olunacaq filmlərdən fraqmentlər göstərilmişdir. XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalı açıq elan olunmuşdur.

Sonda rejissor Murad İbrahimbəyovun “Sivilizasiya” və Nikolay Dostalın “Petya o dünyaya gedən yolda” qısametrajlı filmləri göstərilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-19 sentyabr.- S. 8.