Ramazan bayramı münasibətilə Şeyxülislamın təbriki

 

Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım!

Dünya müsəlmanlarının əziz günü - Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

Şükürlər olsun ki, Allah-Təalanın buyurduqlarına əməl edən xalqımız ildən-ilə Ramazanın təlqin etdiyi gözəl cəhətlərə daha çox vaqif olur. Əlhəmdülillah, Uca Allahın istəyini qazanmaq üçün müsəlman qardaş və bacılarımız mübarək ay boyunca ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazan bayramına qovuşurlar. Allahın vacib hökmü olan oruc ibadətini başa vurmuş xalqımıza mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun, inşallah.

Allahın yaratdıqları arasında münasibətlərdə mərhəmətin önə çəkilməsinə yol açan Ramazan bəşər övladına xeyirxahlıq və şəfqət təlqin edir. Bu müqəddəs bayram günündə valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdəndir.

İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan müsəlmanlarının Ramazan bayramında ən ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə üst-üstə düşür. Bu əziz gündə biz Uca Allaha dualar edirik ki, inşallah, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda səy göstərən dövlətimizin başçısının rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunsun, qaçqınlarımız və köçkünlərimiz öz doğma yurdlarına qayıtsınlar.

Əziz bayram - Eydül-Fitr münasibətilə bütün müsəlmanlarımızı bir daha səmimi-qəlbdən təbrik edir, xeyir-dua verir, hər birinizin ocağına rifah və əmin-amanlıq bəxş etməsini Uca Allahdan diləyirəm. Məlum olduğu kimi, Şəvval hilalının (Ay) görünməsindən asılı olaraq, Ramazan bayramı, inşallah, miladi təqvimi ilə sentyabrın 20-nə və ya 21-nə düşür. Azərbaycan hökumətinin qərarına əsasən hər iki gün bayramdır.

Dualarımız Vətənimizin xoşbəxt gələcəyi və xalqımızın səadətə qovuşması üçündür.

Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçək olsun! Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin, Vətənimizi qüdrətli və firavan qərar versin!

Amin!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!

 

 

Şeyxülislam Allahşükür PAŞAZADƏ

Qafqaz Müsəlmanları İdarəsinin sədri

 

Azərbaycan.- 2009.- 19 sentyabr.- S. 9.