Tolerantlığın ən mükəmməl örnəyi olan Azərbaycanda islami dəyərlər mənəvi irsin əsasını təşkil edir

 

Müstəqil Azərbaycan öz dini və milli ənənələrinə çox sadiqdir, islam dinini yaşatmaq, islam həmrəyliyini genişləndirmək üçün əlindən gələni edir. Biz bunu etməliyik və edəcəyik. İslam dini böyük bir dindir. İslam dini dostluq dinidir, qardaşlıq dinidir, həmrəylik dinidir.

 

İlham ƏLİYEV

 

Azərbaycan xalqının mənəvi irsi böyük xəzinədir. Tarixlərin ənginliklərindən yığılıb gələn bu sərvət heç vaxt itirilməmiş, müxtəlif vaxtlarda ən ali keyfiyyətlərlə, mental baxışlarımızla uzlaşan ən yüksək ümumbəşəri koloritlərlə daha da zənginləşmişdir. Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn sosial, tarixi hadisə olan islam dini ümumbəşəri mənəvi dəyərləri özündə ehtiva etdiyi, insanları sülhə, əmin-amanlığa, həmrəyliyə, kamilliyə, düzgünlüyə çağırdığı üçün xalqımızın mental baxışları ilə uzlaşaraq milli-mənəvi dəyərlərimizin mühüm tərkib hissələrindən birinə çevrilmişdir.

Ən yüksək mənəvi dəyərləri özündə birləşdirən islam dini insanların mənən yeniləşməsində və saflaşmasında, cəmiyyətdə əxlaqi meyarların, dostluq və humanizm prinsiplərinin olmasında müstəsna rol oynayır, hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır. Bu mənada islam xalqımıza səadət, xoşbəxtlik, inkişaf, müqəddəs dəyərlər gətirmişdir. Xalqımız həmişə Uca Tanrıya tapınmış, qəlbində iman və inam gəzdirmişdir. Düzdür, biz islam dinini qəbul edənə qədər də böyük mədəniyyətə, tarixə və özümüzə məxsus adət-ənənələrə malik olmuşuq. Müqəddəs kitabımız Qurani-Kərimdən gələn islami dəyərlər isə qədimdən yaranmış və inkişaf etmiş dəyərlərimizlə birgə min üç yüz ildən artıqdır ki, xalqımızın yüksək milli-mənəvi cəhətlərini təşkil edir.

İslamın da daxil olduğu milli-mənəvi dəyərlər əsrlər boyu Azərbaycan xalqının daha da formalaşmasında, dövlətçiliyimizin yaranmasında, yaşamasında və möhkəmlənməsində böyük rol oynamışdır. Azərbaycanın islam mədəniyyəti, islam dini ilə bağlı olan dahi insanları - Nizami, Füzuli, Nəsimi və digər böyük şəxsiyyətləri dünya sivilizasiyasına böyük töhfələr vermiş və islam mədəniyyətini və fəlsəfəsini öz yaradıcılıqları ilə zənginləşdirmişlər. Buna görə biz islam dininə, islam mədəniyyətinə mənsub olmağımızla fəxr edirik.

Məhz bu xüsusiyyətlərinə görə islam tariximizin müxtəlif dövrlərində inkişafa töhfə vermişdir. İstər cəmiyyətin öz inkişafını nəzərdə tutan hürufilik kimi təlimlər, istərsə də Azərbaycanın siyasi yüksəlişini təmin etmiş qızılbaş hərəkatı kimi cərəyanlar məhz islamdan qaynaqlanmış, ondan ilham almışlar. Öz azadlığımız uğrunda apardığımız mübarizələrdə də məhz islam amili mühüm rol oynamışdır. Həm əsrin əvvəllərində, həm sonlarında Azərbaycanda meydana gələn milli-azadlıq hərəkatlarında islam ideyalarının təsiri böyük olmuşdur. Tarixi kökünə, keçmişinə sadiq olan xalqımızın mərdliyinin, vətənə, torpağa bağlılığının, milli-azadlıq uğrunda sarsılmaz mübarizə əzminin və tarixən milli məfkurəmizin formalaşmasında din amili mühüm rol oynamışdır. XIX əsrin ortalarından etibarən Azərbaycanda başlayan maarifçilik hərəkatında, müxtəlif siyasi cərəyanlarda, nəhayət, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında islamın mütərəqqi ideyaları aparıcı xətt təşkil etmişdir. Bu xüsusiyyətlərinə görə islam dini tariximizin bütün dövrlərində xalqımızın inkişafının əsas leytmotivi rolunu oynamışdır. Azərbaycan, həmçinin Qafqazda islam dəyərlərinin, islam dininin, islam sivilizasiyasının yayılması və inkişaf etməsində xüsusi rol oynamışdır. Qafqazın digər xalqlarının islama yolu məhz Azərbaycandan keçib.

Azərbaycan xalqı çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, tarix boyu mənəvi dəyərlərinə, islama sadiq olmuş, heç bir quruluş yad təsirlər bunu insanların qəlbindən çıxara bilməmişdir. Sovetlər İttifaqının mövcud olduğu 70 il ərzində onun ərazisində din yasaq, qadağan edilmiş, ateizm təbliğatı aparılmışdır. Dinə qarşı çox kəskin mübarizə aparılmış, dini inkar etmək o illərdə kommunist ideologiyasının əsasını təşkil etmişdir. Fəqət məqsədyönlü addımlar, repressiyalar, şüurlu şəkildə insanlarımızı öz inanclarından, adət-ənənələrindən uzaqlaşdırmaq, mental baxışlarında dəyişikliyə edilən cəhdlər səmərəsiz qalmışdır. Azərbaycan xalqı bütün çətinliklərdən, bəlalardan, məhrumiyyətlərdən, zillətlərdən keçərək öz dininə, mənəvi dəyərlərinə daim sadiq olmuşdur və heç kim bunların məhv edilməsinə nail ola bilməmişdir. Xalqların milli ruhlarının tapdalandığı illərdə Ulu Yaradana inamını itirməyən xalqımız islamı yaşatmış, gələcək nəsillərə ötürmüş, yaddaşlardan silinməsinə imkan verməmişdir. Çünki islami dəyərlərə sadiqlik Azərbaycan xalqının daxilindən gələn bir hiss olmuşdur.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkəmizdə tarixi-mənəvi irsin, mədəniyyətin, milli mentalitetin ayrılmaz hissəsi kimi qəbul edilən islami dəyərlərimiz yenidən canlandı, hər bir azərbaycanlının həyatının mənəvi qanunu oldu. Xalqımızın onilliklər boyu ürəyində gəzdirdiyi ən müqəddəs dəyərlər cəmiyyətdə özünün layiqli yerini tutmağa başladı. Bunlar xalqımızın islamın mənəvi dəyərlərinə olan hörmət və ehtiramının nəticəsi idi. Bu gün mütərəqqi islami dəyərlərə qayıdış, milli-dini ənənələrin dirçəldilməsi cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişində, xalqımızın bütövlüyü və birliyində misilsiz rol oynayan amillərdəndir. Müstəqillik illərində islam dini bütövlükdə xalqımıza qayıtdı. Milli bayramlarla yanaşı, dini bayramlar da dövlət səviyyəsində qeyd olunmağa başladı.

Azərbaycanın inkişafının məhz dərin tarixi, mədəni və dini köklərlə sıx vəhdətdə olduğunu ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə nəzərə almış, kommunist ideologiyasının "səlib yürüşü" illərində dini-mənəvi dəyərlərə çox böyuk diqqət və ehtiramla yanaşmışdır. Heydər Əliyev çox gözəl bilirdi ki, dini dəyərlərin məhv edilməsi, mental baxışların dəyişdirilməsi yönündə həyata keçirilən tədbirlər yalnız və yalnız xalqımızın mənəvi məhvinə hesablanmış məkrli siyasətdir. Xalqın mənəvi məhvi isə onun ən böyük faciəsi ola bilərdi. Siyasi fəaliyyətinin əsas hissəsi sovet dövrü ilə bağlı olan xalqımızın ümummilli lideri kommunizm ideologiyasının şüurlara yeridildiyi bir vaxtda belə qəlbində uca Allaha olan inamını yaşatmış, islamın və xalqımızın bir-biri ilə uzlaşan mənəvi dəyərləri onun həyat amalı olmuşdur.

Dövlət müstəqilliyini qazandıqdan sonra respublikamızda dini dəyərlərin dirçəldilməsində, məscidlərin və digər müqəddəs ocaqların yenidən qurulmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu, xalqımızın dahi oğlunun milli-mənəvi dəyərlərimizə, o cümlədən islamın insanlara bəxş etdiyi ən ülvi dəyərlərə bağlılığından, onu qəlbində yaşatmasından irəli gəlirdi. 2000-ci il dekabrın 19-da Şüvəlanda Mirmövsüm ağanın ziyarətgahında çıxış edən Heydər Əliyev demişdir: "Mən Mirmövsüm ağanı görmüşəm. 1944-cü ildə onun evində olmuşam. Onda mənim bir problemim var idi, nəzir demişdim. Getdim həmin nəziri verdim, həm də ziyarət etdim. Müharibə illəri idi. Çox çətin illər idi. Ancaq o vaxt heç kəç təsəvvür edə bilməzdi ki, əgər o sistem qalsaydı, Mirmövsüm ağanın bu cür qəbri, bu cür abidəsi olacaq, bura böyük bir ziyarətgaha çevriləcək, bizim dini bir məbədimiz olacaqdır. Son illər, biz müstəqilliyi əldə edəndən sonra, keçmiş quruluşdan imtina edəndən sonra əldə etdiyimiz nailiyyətlər, bax, bundan ibarətdir".

1994-cü ildə Səudiyyə Ərəbistanına səfər edən Heydər Əliyev, özünün də qeyd etdiyi kimi, uzun illər qəlbində yaşatdığı müqəddəs niyyətini reallaşdırdı. Hər bir müsəlmanın arzusunda olduğu müqəddəs bir ziyarət etdi. Həmin ziyarət zamanı Mədinə şəhərindəki Peyğəmbər məscidinin şərəf kitabında ulu öndər özünün mənəvi duyğularını belə ifadə etmişdir: "Müqəddəs Mədinə şəhərini, islamın müqəddəs abidələrini, həzrəti Məhəmməd peyğəmbərin məqbərəsini, məscidini ziyarət etdiyim üçün bir müsəlman kimi özümü xoşbəxt hesab edirəm. Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı. Bir daha islam mənbəyinin nə qədər ümumbəşəri, fəlsəfi, elmi əsaslara malik olduğunu dərk etdim. Allahın böyüklüyünü dərk etdim".

Heydər Əliyev ölkəmizdə hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını qoymaqla yanaşı, müqəddəs dinimizə, bütün mənəvi dəyərlərə çox həssaslıqla yanaşır, xalqımızın mental keyfiyyətlərini daha uca tuturdu. Ulu öndər insanlara cürbəcür fanatizm əhvali-ruhiyyəsinə qapılmamağı, tarixin sınaqlarından keçmiş, yüksək mədəniyyəti və mənəviyyatı əks etdirən bəşəri dəyərləri tövsiyə edir, Qurani-Kərimin yüksək mənəvi amallarını hər bir insanın əsas götürməsini vacib bilirdi.

İslam dininin əlamətdar günləri münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik məktublarında, din xadimləri ilə görüşlərində, müqəddəs ocaqlarda tövsiyələrini çatdıran Heydər Əliyev islam dininin xalqımızın mənəvi sərvəti olduğunu və islam dəyərlərinin daim yaşayacağını bildirirdi: "Biz müsəlmanlar Allah-təalanın buyurduğu, peyğəmbər Məhəmməd əleyhissəlamın bizə göstərdiyi yolla, müqəddəs kitabımız Qurani-Şərifin verdiyi tövsiyələr yolu ilə əsrlər boyu getmişik, bu gün də gedirik. Bu yol sülh yoludur, bu yol mehribanlıq, dostluq, əmin-amanlıq yoludur. Bu yol insanlara səadət gətirən yoldur. Mən fəxr edirəm ki, Azərbaycan müsəlmanları öz müqəddəs dininə itaət etmək, dini ayinlərə, qanunlara-qaydalara riayət etmək üçün indi geniş imkanlar əldə ediblər".

Azərbaycan hüquqi, dünyəvi və demokratik dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətlə din arasında münasibətlər çox möhkəmdir. Bu möhkəmliyin də əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Fərəhləndirici haldır ki, ulu öndər tərəfindən mənəvi-dini dəyərlərin yüksəldilməsində və dövlət-din münasibətlərində müəyyənləşən yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ulu öndərin nəcib əməllərini, əsasını qoyduğu mütərəqqi ənənələri layiqincə yaşadır, cəmiyyətimizdə dini-mənəvi dəyərlərin möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Təbii ki, bütün bunlar dövlətimizin başçısının müqəddəs dini dəyərlərimizə son dərəcə bağlılığından irəli gəlir. 2005-ci ilin martında Səudiyyə Ərəbistanında rəsmi səfərdə olarkən xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə islam dünyasının müqəddəs şəhəri olan Məkkədə Kəbəni ziyarət edən Prezident İlham Əliyevin bölüşdüyü təəssüratlarla xalqımız öz rəhbərinin müqəddəs dəyərlərimizə həssas münasibətinin bir daha şahidi oldu: "Bu mənim həyatımda çox əlamətdar, tarixi bir gündür. Mən ikinci dəfədir ki, buranı - Məkkəni ziyarət edirəm və müqəddəs Kəbənin içərisində dualar edirəm. Birinci dəfə 1994-cü ildə Prezident Heydər Əliyev burada olarkən onunla bərabər olmuşam. Bu gün isə yenə də buradayam. Bu hissləri ifadə etmək çox çətindir. Bunu yaşamaq lazımdır. Mən hər bir müsəlmana bu gözəl hissləri yaşamağı arzulayıram. Mən bu gün çox xoşbəxtəm. Çox şadam ki, ürəyimdə olan niyyətlərimi ifadə etdim, dua etdim. Hesab edirəm ki, mənim həyatımda bu, çox böyük bir hadisədir".

Azərbaycan Prezidenti İlham Əliyevin dini-mənəvi dəyərlərin möhkəmlənməsinə xüsusi diqqət və qayğı ilə yanaşması xalq tərəfindən razılıqla qarşılanır. Dini mərasimlərdə iştirak etməsi, o cümlədən hər il Ramazan bayramı münasibətilə iftar mərasiminə getməsi, müsəlman dövlətlərinin səfirlərini qəbul etməsi, insanları təbrik etməsi, məscidlərin bərpa olunmasına dövlət büdcəsindən vəsait ayrılması üçün göstərişlər verməsi dövlətimizin başçısının mənəvi dəyərlərimizə nə qədər yüksək bağlı olmasının təcəssümüdür.

Bu gün ölkəmizin dörd bir yanında həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri müqəddəs dini ocaqlarımızdan da yan ötməmişdir. Azərbaycanın iqtisadi inkişafı, artan maliyyə imkanları həm də tarixi abidə statusunu daşıyan məscidlərdə və digər müqəddəs ocaqlarda təmir və yenidənqurma işlərinin aparılmasına imkan verir. VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə İslam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybət ziyarətgah kompleksində, Əjdərbəy və Təzəpir məscidlərində aparılan tikinti, təmir və yenidənqurma işləri deyilənlərin əyani təsdiqidir.

Xatırladaq ki, Bibiheybət ziyarətgah kompleksinə məhz ümummilli liderin milli-mənəvi dəyərlərə bağlılığı sayəsində ikinci həyat verilmişdir. 1994-cü ilin yazında ulu öndər bu müqəddəs yeri ziyarət etmişdi. O zaman Azərbaycanın maliyyə imkanları məhdud olsa da, ulu öndərin milli mənəvi dəyərlərə verdiyi önəm və qiymətin nəticəsi olaraq burada məscidin tikintisinə başlanıldı. Heydər Əliyev peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoymuş, bir il sonra isə açılışında iştirak etmişdir. Açılış mərasimində çıxışı zamanı Heydər Əliyev xalqımızın dini dəyərlərə sadiqliyi barədə demişdir: "Burada, bu müqəddəs yerdə vaxtilə ucaldılmış məscid 60 il bundan öncə vəhşicəsinə partladılmışdır, dağıdılmışdır. Bizim mənəviyyatımıza, mənəvi dəyərlərimizə, islam dininə böyük zərbə vurulmuşdur. Xalqımız, millətimiz bu zərbəni almış, yaralanmış, əzilmiş, ancaq məhv, məğlub olmamış, bu zərbələrə, yaralara, əziyyətlərə dözməyə məcbur olmuşdur. Lakin bütün bunlara dözərək bu müqəddəs yerə olan sevgisini, məhəbbətini, inamını qəlbində yaşatmış və bu müqəddəs yerdən heç vaxt ayrılmamışdır. Təsadüfi deyildir ki, bu məscid dağılandan sonra da və burada həzrəti Hökumənin qəbri bərbad olunandan sonra da insanlar bu yeri özləri üçün daimi nicat, ümid yeri etmişlər. Bu yer bir ziyarətgah kimi öz mənasını heç vaxt itirməmişdir. İnsanlar buraya daim ziyarətə gəlmişlər, burada öz arzularını yerinə yetirmişlər, yaşamaq, yaratmaq üçün bu müqəddəs yerdən dayaq, mənəvi güc, dəstək almışlar".

Ötən il iyulun 12-də isə Bibiheybət ziyarətgah kompleksi təmir və yenidənqurma işlərindən sonra yenidən istifadəyə verilmişdir. Bu məqsədlə keçirilən mərasimdə Prezident İlham Əliyev demişdir: "İslam dini Azərbaycan xalqının formalaşmasında çox mühüm rol oynamışdır və bu gün bizim dini abidələrimiz bərpa olunur. Bibiheybət məscidinin ərazisi xeyli genişləndirilmişdir. Mən qeyd etdim ki, 1998-ci ilin iyulun 12-də məscidin əsas hissəsi istismara verilmişdir. Düz 10 il sonra, 2008-ci ilin iyulun 12-də biz Bibiheybət məscid-ziyarətgahına yeni həyat veririk".

Bu il iyulun 6-da isə Təzəpir məscid kompleksi əsaslı yenidənqurma və təmir işlərindən sonra istifadəyə verilmişdir. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev dövlətimizin dini və milli ənənələrə sadiqliyini bir daha bəyan etmişdir: "Baxmayaraq ki, Azərbaycanda din dövlətdən ayrıdır, Təzəpir məscid kompleksinin yenidən qurulması üçün vəsait dövlət tərəfindən ayrılıbdır. Bir il bundan əvvəl əsaslı təmirdən və genişləndirmə işlərinin aparılmasından sonra yenidən istifadəyə verilmiş Bibiheybət məscid-ziyarətgah kompleksinin qurulmasına yenə də Azərbaycan dövləti eyni qaydada vəsait ayırmışdı. Əjdərbəy məscidinin yenidən qurulması üçün yenə Azərbaycan dövləti, Azərbaycan hökuməti vəsait ayırmışdı. Bu onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan öz dini və milli ənənələrinə çox sadiqdir, islam dinini yaşatmaq, islam həmrəyliyini genişləndirmək üçün əlindən gələni edir. Biz bunu etməliyik və edəcəyik. İslam dini böyük bir dindir. İslam dini dostluq dinidir, qardaşlıq dinidir, həmrəylik dinidir".

Əsaslı təmirdən və yenidənqurma işlərinin aparılmasından sonra hər iki məscidin ərazisi genişləndirilib, bizim milli və dini dəyərlərimizi əks etdirən gözəl komplekslər, eyni zamanda, ən müasir standartlara cavab verən yeni gözəl şərait yaradılıb. Komplekslərdə ibadətlərlə yanaşı, konfransların, simpoziumların keçirilməsi də mümkündür.

Xalqımızın tarixi mədəniyyət abidələrinin, müqəddəs məscid və ziyarətgahların, həmçinin yəhudi və xristian məbədlərinin, qədim alban kilsələrinin bərpası və təmiri, yenidən qurulması ölkədə Azərbaycan hakimyyətinin mütərəqqi baxışlarını tam qabarıqlığı ilə əks etdirən sağlam dini-mənəvi durumun təzahürüdür. Demokratik prinsiplərin və vicdan azadlığının bərqərar olunduğu Azərbaycanda bütün dini ocaqlarda yüksək səviyyədə təmir və yenidənqurma işlərinin aparılması ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır.

Ötən il Mirmövsüm ağa ziyarətgahına təşrif buyuran cənab İlham Əliyevin dindarlarla səmimi söhbət etməsi, islamın sülhpərvər, mütərəqqi və bütün zamanların tələblərinə cavab verən din olduğunu, belə bir dinə mənsub olmağın insanlara böyük xoşbəxtlik bəxş etdiyini söyləməsi də dövlətimizin başçısının dini dəyərlərimizə nə qədər böyük önəm verməsini təcəssüm etdirir.

Bu gün xalqımız cənab İlham Əliyevə etimad göstərir. Etimad isə sınaqlardan uğurla çıxan qarşılıqlı münasibətlərdən irəli gələn etibardır. O, özündə müsbət xüsusiyyətlərlə xarakterizə olunan sabit davranış formasının əlamətlərini təcəssüm etdirir. Məhz bu cür etimadın nəticəsi olaraq Azərbaycanın dövlət başçısı səviyyəsində dini dəyərlərə verilən önəm yüksək qiymətləndirilir.

İslam insanları yüksək mənəvi dəyərlər ruhunda tərbiyə edən, paklığa çağıran bir dindir. Amma təəssüflə qeyd etməliyik ki, bəzən müqəddəs dinimizlə bağlı olmayan fikirlər eşidirik. Müqəddəs kitabımız Qurani-Şərif heç vaxt fundamentalizmin əsasını qoymayıbdır.

Fundamentalizm və ekstremizm meyillərini islam dinindən istifadə edərək yaradan və inkişaf etdirənlər islamın ən əsas prinsiplərindən uzaqlaşırlar. Biz islam mədəniyyətini, islami dəyərləri müqəddəs kitabımız Qurani-Kərimdə olduğu kimi qəbul edirik. Onların təhrif olunması böyük günahdır.

Öz vətəndaşlarına tarixin sınaqlarından keçmiş və yüksək mədəniyyəti, mənəviyyatı əks etdirən ümumbəşəri dəyərləri aşılayan Azərbaycan dövlətinin həyata keçirdiyi işlər həm də islamın müqəddəs dəyərlərini bütün dünyada təbliğ edir, real vəziyyəti beynəlxalq ictimaiyyətə çatdırır. Əlbəttə, bu məsələdə müsəlman dövlətləri arasında sıx əməkdaşlığın olması da vacib şərtlərdəndir.

Əsas məqsədləri ulu öndər Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin təbliğinə və ümummilli liderin ideyalarının həyata keçirilməsinə dəstək vermək olan Heydər Əliyev Fondunun bu istiqamətdə göstərdiyi fəaliyyət bütün dünyaya bir nümunədir. Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir istiqamətini də məhz islam dəyərlərinin dünyada təbliği və islam həmrəyliyinin möhkəmləndirilməsi təşkil edir. Bu məqsədlə fondun təşəbbüsü və təşkilatçılığı ilə indiyədək bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi orta məktəbin yenidən qurulması layihəsi də məhz islam həmrəyliyinə xidmət edir.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, islam aləmində görülən işlərə böyük dəstəyinə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.

İslam Konfransı Təşkilatında daim fəallığı ilə fərqlənən ölkəmiz bu məsələdə müsəlman dövlətlərini həmrəyliyə səsləməklə yanaşı, praktik fəaliyyətini də uğurla həyata keçirir.

Azərbaycan gənc, müstəqil dövlət olmasına baxmayaraq, müqəddəs dinimizi dünyada layiqincə təbliğ etdiyinə və islam dəyərlərinə sadiqliyinə görə bütün müsəlman dünyasının dərin hörmətini qazanmışdır. 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi də bunu təsdiqləyir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2009.- 20 sentyabr.- S. 1, 2.