Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir

 

Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə əlaqədar ümumrespublika müşavirəsi keçirilmişdir.
Müşavirədə çıxış edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, partiya bələdiyyə seçkilərinə hazırdır.
Əli Əhmədov indiyədək həyata keçirilən tədbirlərin qənaətbəxş olduğunu qeyd etmişdir.

Ə.Əhmədov vurğulamışdır ki, seçkidə uğur qazanmaq iqtidarın həyata keçirdiyi siyasətə ölkə vətəndaşlarının verdiyi qiymətdən bilavasitə asılıdır. Bu mənada inamla deyə bilərik ki, qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın qələbəsi şəksizdir. Çünki ölkəmizin Prezidenti, partiyamızın sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanır. YAP sədrinin müavini nəzərə çarpdırmışdır ki, Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf təkcə statistik rəqəmlərdə deyil, vətəndaşların həyatının köklü surətdə dəyişməsində də özünü göstərir. Son illər həyata keçirilən siyasət nəticəsində Azərbaycanın simasi yeniləşmiş, müasirləşmişdir. Ölkəmizin rəhbərliyinin həyata keçirdiyi siyasət xalqımız tərəfindən tam dəstəklənir, dövlətimizin başçısına inamı daha da gücləndirir.

Azərbaycanda bələdiyyələrin on ilə yaxın bir müddətdə fəaliyyət göstərdiyini xatırladan Əli Əhmədov bildirmişdir ki, ötən dövr ərzində bələdiyyələrin işinin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılmışdır. O, həmçinin qeyd etmişdir ki, yerli özünüidarəetmə orqanlarının vəzifəsi insanlara səmərəli xidmət göstərmək və yerli sosial məsələlərin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. Bələdiyyə seçkilərinin digər seçkilərdən fərqləndiyini deyən YAP sədrinin müavini vurğulamışdır ki, bu seçki kampaniyasında əsas ağırlıq partiyanın yerli təşkilatlarının üzərinə düşür.

Hazırda fəaliyyətdə olan bələdiyyələrin tərkibində qadınların və gənclərin azlıq təşkil etdiyini vurğulayan Əli Əhmədovun sözlərinə görə, hər iki təbəqə cəmiyyətdə böyük potensiala malikdir. Ona görə də qarşıdan gələn seçkilərdə qadınların və gənclərin namizədliyinə üstünlük verilməlidir.

Müşavirədə seçki qanunvericiliyinə uyğun olaraq, YAP-ın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 sentyabr.- S. 2.