Dövlət Neft Şirkətinin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin nümayəndələri Heydər Əliyev Fondunda olmuşlar

 

Sentyabrın 19-da Dövlət Neft Şirkətinin və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbərlərindən ibarət nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun məqsədləri, fəaliyyəti barədə məlumat verildi.

Peşə bayramları ərəfəsində Heydər Əliyev Fonduna gələn neftçilər buradakı zəngin ekspozisiya ilə tanış oldular. Qonaqlara ümummilli liderin şəxsi arxivindən götürülən və fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar, fotoşəkillər göstərildi.

Ulu öndərin neft strategiyası haqda məlumatlar, bu strategiyanı əks etdirən eksponatlar böyük maraqla qarşılandı. Onlar ulu öndərin zəkasının bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketinə baxdılar. Bu layihənin nəinki regionda, həm də bütün Avropada geosiyasi vəziyyətə böyük təsir göstərdiyi vurğulandı.

Qeyd edildi ki, ulu öndərin rəhbərliyi altında hazırlanan, sonradan isə beynəlxalq aləmdə yüksək qiymətləndirilən "Əsrin müqaviləsi" Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Neft strategiyasının həyata keçirilməsinin ilk illərində Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək istismara verildi.

Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbərlərindən ibarət nümayəndə heyəti adından "Əsrin müqaviləsi"nin 15 illiyi münasibətilə hazırlanan qızıl medal Heydər Əliyev Fonduna təqdim edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 sentyabr.- S. 2.