Ötən əsrin son
onilliyində dövlət müstəqilliyini bərpa edən
Azərbaycanın qarşısında duran əsas məsələ
bu müstəqilliyi iqtisadi əsaslarla gücləndirmək,
xalqın maddi rifah halını yüksəltmək, ölkənin
bütün sahələrdə inkişafını təmin
etmək idi. Bunun üçün Azərbaycanın zəngin
təbii sərvətləri, o cümlədən böyük
enerji ehtiyatları olsa da, çox təəssüf ki,
müstəqilliyin ilk illərində hakimiyyət
başına gələn qüvvələr nəinki ölkəni
inkişaf yoluna çıxardılar, əksinə,
bütün sahələrdə tənəzzül prosesi
sürətləndi, yeridilən naşı siyasət nəticəsində
ölkəyə xarici təzyiqlər gücləndi,
havadarlarının köməyi ilə Ermənistan Azərbaycan
ərazilərinin işğalı prosesini genişləndirdi.
Bütün bunlar Azərbaycanın müstəqilliyini sual
altına alır, ölkənin təbii sərvətlərinə
nəzarət uğrunda geosiyasi güclərin oyununu bir qədər
də qızışdırırdı. Həmin dövrdə
Azərbaycan bu geosiyasi oyunda sadəcə seyrçi kimi
çıxış etməklə mövqeyini məhdudlaşdırırdı.
Böyük qayıdış, yeni uğurlar
Belə vəziyyət
yenicə öz müstəqilliyinə qovuşan xalqı qətiyyən
qane edə bilməzdi. Bu durumda xalq nicat yolunu hakimiyyət
başına öz müdrik oğlu, ulu öndər Heydər
Əliyevin gəlməsində görür və onun
qayıdışını təkidlə tələb edirdi. 1993-cü ilin
yayında bu tələb reallaşdı.
Ümummilli liderin
hakimiyyətə qayıdışı ilə Azərbaycan nəinki
əsl müstəqilliyinə qovuşdu, həm də
bütün sahələrdə mövqeyini əhəmiyyətli
dərəcədə gücləndirməyə
başladı. Bu dövrdən etibarən, Azərbaycanın
karbohidrogen ehtiyatlarının dünya bazarlarına
çıxış yolu açıldı və bunun beynəlxalq
aləmdə ölkəmizin mövqelərinin güclənməsində
müstəsna rolu oldu. Öz təbii sərvətlərinin
artıq tam sahibi olduğunu göstərən Azərbaycanda
neft sahəsinin intibah dövrü və onun istehsalının
əsaslı şəkildə artırılması mərhələsi
başlandı.
Bütün bunlar bir
daha tarixi təcrübəni sübut etdi ki, yalnız
güclü siyasi liderlər yetişdirən xalqlar öz milli
sərvətlərinə sahib çıxmaq və zəngin təbii
resurslarını milli iqtisadiyyatın inkişafına yönəltmək
imkanı qazanırlar. Həmin təcrübə onu da göstərdi
ki, hər bir təbii sərvətdən, o cümlədən
neftdən xalqın, dövlətin mənafeyi naminə
düzgün istifadə etmək uzaq hədəflərə
hesablanmış praqmatik siyasət yeridilməsini tələb
edir. Əks halda, neftin zənginliyi dövlətlərə
xoşbəxtlik deyil, yalnız arzu olunmayan problemlər gətirir
ki, bunun da müasir dünyamızda nümunəsi kifayət qədərdir.
Ümummilli liderin
ölkənin ən böyük təbii sərvəti olan
neft sahəsində həyata keçirdiyi uzaqgörən siyasət
və onun Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi Azərbaycanın bu təbii nemətdən
bir vasitə kimi istifadə edərək sürətli
inkişaf yoluna çıxması ilə nəticələndi.
Məhz Azərbaycan ilk olaraq transmilli neft şirkətlərini
Xəzərdə birgə əməkdaşlığa dəvət
etdi, dənizin ona məxsus hissəsində yerləşən
neft ehtiyatlarını dünya bazarlarına çıxarmaq
üçün "Əsrin müqaviləsi"nin
hazırlanaraq imzalanmasına nail oldu, ilk baxışda
reallaşması utopiya kimi görünən
Bakı-Tbilisi-Ceyhan kimi tamamilə yeni bir nəhəng ixrac
marşrutuna həyat vəsiqəsi verdi. Ancaq bütün
bunlara gedən yol bir o qədər də sadə olmayıb və
kifayət qədər mürəkkəb mərhələlərdən,
keşməkeşli yollardan keçib.
Dövlət müstəqilliyi
qazandıqdan sonra Azərbaycan Xəzər dənizində
iqtisadi və strateji maraqlarını təmin etmək, öz
təbii sərvətlərindən səmərəli şəkildə
yararlanmaq baxımından ciddi problemlərlə
qarşılaşmışdı. Daxildə qeyri-sabit vəziyyətin,
xaos və anarxiyanın hökm sürməsi, xalqın etimad
göstərdiyi siyasi hakimiyyətin olmaması, eləcə də
cəbhə bölgəsində vəziyyətin getdikcə gərginləşməsi
xarici investorları Azərbaycanla hər hansı müqavilə
imzalamaqdan və əməkdaşlıq etməkdən çəkindirirdi.
Elə bunun nəticəsi idi ki, "Azəri"
yatağının xarici şirkətlərlə birgə
işlənməsi üçün tender elan olunsa da, sonradan
bununla bağlı aparılan danışıqlar uğursuz
alındı. Bunun əsas səbəblərindən biri neft
sektoruna yatırılacaq xarici investisiyanın gələcək
taleyinə dövlət tərəfindən heç bir zəmanətin
olmaması idi.
1993-cü ilin əvvəllərində
xarici şirkətlərlə imzalanması nəzərdə
tutulan müqavilə layihəsi isə nə dövlətin, nə
də xalqın maraqlarını nəzərə
alırdı. "Əsrin müqaviləsi"nin
imzalanmasının 5-ci ildönümü münasibətilə
bağlı çıxışında cənab İlham Əliyev
həmin layihəyə belə qiymət vermişdir:
"1993-cü ilin yazında Azərbaycanın əvvəlki rəhbərliyi
tərəfindən elə bir müqavıilə variantı
hazırlanmışdır ki, əgər o imzalansaydı,
ölkə iqtisadiyyatına böyük zərər gətirmiş
olardı. Xalq Cəbhəsi rejimi öz acınacaqlı vəziyyətini,
heç olmasa, bir qədər yaxşılaşdırmaq
üçün müqaviləni hər cür şərtlərlə,
ən yararsız, hətta milli mənafeyə zidd olan şərtlərlə
imzalamağa hazır idi. Onlar anlamırdılar, heç
anlamaq belə istəmirdilər ki, müqavilənin şərtləri
Azərbaycanın iqtisadi inkişafı üçün nə
deməkdir".
Belə durumda
iqtisadiyyatın digər sahələri kimi, neft sənayesində
də tənəzzül prosesi güclənir, hasilatın səviyyəsi
getdikcə aşağı düşür, vəziyyət
günü-gündən ağırlaşırdı. Bu
cür çətinliklərin hökmranlıq etdiyi bir
dövrdə hakimiyyət başına gələn
ümummilli liderin səyi nəticəsində ölkə daxilində
möhkəm təməllərə əsaslanan siyasi sabitliyin
bərqərar olması, qanunçuluğun gücləndirilməsi,
xarici sərmayələrə dövlət təminatının
verilməsi Azərbaycanın yeni neft strategiyasının
işlənib hazırlanması və həyata keçirilməsi
üçün də möhkəm zəmin hazırladı. Xarici
neft-qaz şirkətlərinin Azərbaycana baxışı dəyişməyə
başladı ki, bu da onların ölkəmizdə profilləri
üzrə sahələrə investisiya
yatırımlarını əhəmiyyətli dərəcədə
stimullaşdırır və "Əsrin müqaviləsi"nə
gedən yeni bir yol açılırdı.
Çətin yollarla
1994-cü il fevralın
4-də ulu öndər Heydər Əliyevin "Azərbaycanda
dəniz neft və qaz yataqlarının işlənməsinin
sürətlənməsi haqqında" verdiyi sərəncam
isə bu istiqamətdə mühüm rol oynadı. Məhz bu
strateji sənəd dünyanın aparıcı neft-qaz
şirkətləri ilə həyata keçirilən
danışıqların əsasını təşkil
edirdi.
Düzdür, "Əsrin
müqaviləsi"nin imzalanması ilə bağlı rəsmi
Bakının o zaman bəzi Qərb dövlətləri ilə
apardığı danışıqların uğurla nəticələnəcəyinə
şübhə ilə yanaşanlar da az deyildi. Cəbhə
bölgəsində atəşkəs rejiminin kövrək
olduğu, dövlət idarəetmə mexanizmlərinin hələ
tam formalaşmadığı, bəzi qonşu dövlətlərlə
münasibətlərdə ciddi siyasi gərginliyin hökm
sürdüyü, Xəzərin hüquqi statusu ilə
bağlı mübahisələrin kəskinləşdiyi bir
vaxtda "Əsrin müqaviləsi"nin imzalanması bir
çoxlarına inandırıcı görünmürdü.
Qərb şirkətlərinin Xəzərlə bağlı
hansısa layihənin gerçəkləşməsində
iştirakı təkcə iqtisadi deyil, həm də
strateji-siyasi məsələ kimi nəzərdən
keçirilirdi. Azərbaycana kənar təzyiqlərin getdikcə
artması fonunda bu danışıqları davam etdirmək
ölkə iqtidarından ciddi siyasi iradə, əzmkarlıq tələb
edirdi. Lakin prinsipial xarakterə malik ümummilli lider kənar
maneələri mətinliklə dəf etdi və Qərbin
aparıcı şirkətlərini bu müqavilənin
perspektivinə inandıra bildi. Həmin dövrdə "Əsrin
müqaviləsi"nin imzalanması ilk növbədə
iqtisadiyyatın gücləndirilməsi baxımından Azərbaycana
çox lazım idi. Bundan başqa, neft sənayesinin yenidən
qurulması, modern texniki təchizatla təmini, eləcə də
yeni kəşf edilən yataqların istismarına nail olmaq
üçün irimiqyaslı maliyyə kapitalına ehtiyac
yaranmışdı. Həmin dövrdə Azərbaycanın
maddi imkanları məhdud olduğundan sadalanan məsələlərin
həyata keçirilməsi üçün xarici kapitalın
buraya cəlb edilməsi zəruri idi. Ümummilli lider Heydər
Əliyev neftlə bağlı transmilli müqavilələrin
imzalanması zamanı Azərbaycan xalqının
maraqlarının yüksək tutulmasının əsas şərt
olduğunu hələ ilk dövrlərdə ölkəmizə
sərmayə yatırmaqda tərəddüd edən şirkətlərə
açıq şəkildə bəyan edirdi. Ulu öndər
ABŞ-ın aparıcı mətbu orqanlarından biri olan
"Çikaqo Tribun" qəzetinə verdiyi müsahibədə
bununla bağlı bildirirdi: "Başa düşürəm
ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin
öz maraqları var. Bu, tamamilə təbii məsələdir.
Ancaq, eyni zamanda, biz də ölkəmizin maraqlarını neft
şirkətlərinin mənafelərindən yüksək
tutmalıyıq".
Həmin dövrdə
xarici neft şirkətlərinin Azərbaycana cəlb edilməsini
təmin etmək üçün ümummili lider beynəlxalq
səviyyədə danışıqlar aparmaq
bacarığında olan, neft sahəsində ölkəmizlə
əməkdaşlığın perspektivinə xarici şirkətləri
inandıra bilən, eyni zamanda ölkənin mənafelərini
daim ön planda tutmağı bacaran peşəkarların bu
işə cəlb edilməsi istiqamətində də bir
sıra həlledici qərarlar qəbul etdi. Həmin
mühüm qərarlardan biri də cənab İlham Əliyevin
Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin
olunması oldu. Hadisələrin sonrakı gedişi isə bu
təyinatın nə dərəcədə doğru və
vaxtında atılmış addım olduğunu göstərdi.
Məhz cənab İlham Əliyev danışıqlar prosesində
fəal iştirak etməklə yanaşı, yeni neft
strategiyasının hazırlanmasının, uğurla həyata
keçirilməsinin ən aparıcı
iştirakçılarından oldu və beləliklə də
xarici şirkətlərlə uzun sürən
danışıqların müvəffəqiyyətlə
yekunlaşmasında misilsiz xidmətlər göstərdi. O da
xüsusi olaraq qeyd edilməlidir ki, bəzi transmilli neft
şirkətləri Azərbaycanın düşdüyü
çətin durumdan istifadə edərək neft müqavilələrini
özlərinin xeyrinə olan qaydada imzalamağa
çalışır, ölkə üçün qəbuledilməz
şərtlər irəli sürürdülər. Cənab
İlham Əliyev üzərinə bütün bu çətinliklərin
öhdəsindən gəlmək, neft müqavilələrində
Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə
qorunmasına nail olmaq kimi tarixi missiya
götürmüşdü.
Təyinatından az
sonra neft müqaviləsi layihəsinin hazırlanması
üçün cənab İlham Əliyev Türkiyəyə,
daha sonra isə yeni danışıqlara başlamaq
üçün ABŞ-ın Hyuston şəhərinə
yollandı. Elə bu səfərlərdə cənab İlham
Əliyev yüksək səviyyədə öz diplomatik
bacarığını nümayiş etdirdi, özünə,
ümumilikdə Azərbaycana qarşı böyük inam və
etimad formalaşdırmağa nail oldu. Həmçinin
danışıqlar prosesinin bir o qədər də asan
olmadığı üzə çıxdı. Aparılan
danışıqların nə dərəcədə çətin
olduğunu cənab İlham Əliyev belə xatırlayır:
"Təyinatımdan bir gün sonra bizim nümayəndə
heyəti danışıqlar üçün İstanbula
yollandı. İstanbulda biz iki dəfə olduq, birinci dəfə
iyirmi gün, ikinci dəfə bir aya yaxın. Danışıqlar
aparıldıqdan sonra belə hesab edirdik ki, bütün məsələlər
artıq həll olunub. 1994-cü ilin iyulunda
danışıqların sonuncu mərhələsi
üçün Hyustonda olarkən fikirləşirdik ki, burada
bir həftə olacağıq, müqavilədə hər
hansı üslub xətalarını, kiçik mübahisəli
məsələləri yoluna qoyaraq Bakıya
qayıdacağıq. Lakin gözləntilərimizin əksinə
olaraq, danışıqlar zamanı çoxsaylı mübahisəli
məsələlər meydana çıxdı və biz
Hyustonda 45 gün keçirməli olduq".
Zamanla yarış
Çoxsaylı
mübahisəli məsələlərin meydana
çıxmasının səbəblərindən biri də
bu dövrdə bəzi kənar qüvvələrin hadisələrin
gedişinə müdaxiləsi nəticəsində Xəzərin
hüquqi statusunun öz həllini tapmadığı dövrə
qədər Azərbaycanın xarici şirkətlərlə hər
hansı bir müqavilə imzalamasının
mümkünsüzlüyünə dair məsələnin
gündəmə gətirilməsi idi. Bu isə Hyustonda "Əsrin
müqaviləsi"nin imzalanmasına dair aparılan yekun
danışıqların yarımçıq kəsilməsi
ilə müşayiət olundu. Azərbaycanla neft müqaviləsi
imzalamağa hazırlaşan xarici şirkətlər bəyan
etdilər ki, Xəzərin hüquqi statusu öz həllini
tapmayanadək onlar danışıqlarda iştirak etməyəcəklər.
Bu da "Əsrin müqaviləsi"nin
reallaşmasının fiasko ilə sonuclana biləcəyindən
xəbər verirdi. Digər tərəfdən, xarici şirkətlər
onların mənafeyinə cavab verən AXC-Müsavat hakimiyyətinin
qəbul etdiyi şərtləri yeni iqtidarın da
tanımasını təkid edirdilər. Belə mürəkkəb
vəziyyətdə xarici şirkətləri əməkdaşlığa
inandıra bilmək əsl diplomatik məharət tələb
edirdi.
Məhz bu cür çətin
durumda cənab İlham Əliyev təşəbbüsü ələ
aldı və təcili Vaşinqtona getdi. Bu dövrlə
bağlı yaşanan hadisələri cənab İlham Əliyev
belə xatırlayır: "Xəzər dənizinin statusunun
həlli problemi kəskin qoyulmuşdu və Azərbaycana təzyiqlər
çox güclü idi. Bütün bunlar diplomatik notalar və
bəyanatlarla da müşayiət olunurdu. İmzalanacaq
müqavilələrin Xəzərin hüquqi statusu həll
edildikdən sonra qüvvəyə minməli olduğu
bildirilirdi. Bu isə, faktiki olaraq, o demək idi ki, müqavilə
imzalanacaq, ancaq qüvvəyə minməyəcək və
müvafiq olaraq həyata keçirilməyəcək. Əlbəttə
ki, biz bununla razılaşa bilməzdik. Onda Azərbaycan
Respublikasının Prezidenti mənim yekun
danışıqların keçirildiyi Hyustondan Vaşinqtona
ezam olunmağım barədə qərar qəbul etdi". Məhz
cənab İlham Əliyevin Vaşinqtonda keçirdiyi
görüşlərdən sonra ABŞ hökumətinin
müdaxiləsi ilə Xəzərin statusu barədə bəndin
müqavilədən çıxarılması ilə xarici
şirkətlər razılaşdılar.
Beləliklə, cənab
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
nümayəndə heyəti Qərbin aparıcı neft
şirkətlərinin yüksək vəzifəli təmsilçiləri,
həmçinin ABŞ administrasiyasının üzvləri,
o cümlədən ABŞ Energetika Nazirliyinin məsul təmsilçiləri
ilə keçirilən görüşlərdə onları
Xəzərin Azərbaycan sektoruna sərmayə qoymağa və
əsassız şərtlərdən imtina etməyə
inandıra bildi. Azərbaycanın üzərinə
götürdüyü bütün öhdəliklərə əməl
edəcəyinə transmilli neft şirkətlərini
inandıra bilən cənab İlham Əliyev müqavilənin
reallaşması zamanı yarana biləcək hər hansı
narazılığın həllinin məsuliyyətini ölkəmizin
öz üzərinə götürdüyünü bildirərək
bununla da həmin dövr üçün kifayət qədər
riskli, ancaq cəsarətli, zərurətdən doğan bir
addım atdı. Zaman isə bu riskin nə dərəcədə
doğru olduğunu və ölkəmizin sonrakı
inkişafında əvəzsiz əhəmiyyətə malik
olduğunu əyani şəkildə sübuta yetirdi. Elə də
asan keçməyən o vaxtkı danışıqlar prosesi
barədə cənab İlham Əliyev qeyd edirdi:
"Danışıqların gedişi zamanı bəzən
böhran anları olurdu və Azərbaycan tərəfi
danışıqları dayandırmağa yaxın idi. Çünki
biz bəzi şərtləri ölkənin milli maraqları
üçün qəbuledilməz hesab edərək onlarla
razılaşa bilmirdik. Biz xarici şirkətlərə
deyirdik: siz ayrı-ayrı şirkətlərin
maraqlarını müdafiə edirsiniz, biz isə ölkənin
və Azərbaycan xalqının maraqlarını müdafiə
edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin
şirkətin yalnız bir layihəsində öz əksini
tapacaq, əgər biz səhv etsək, bu səhv bütün
Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir.
Başqa sözlə, biz heç cür heç bir səhvə
yol verə bilmərik".
Beləliklə də cənab
İlham Əliyev "Əsrin müqaviləsi"nin imzalanması
ilə bağlı apardığı danışıqlarda
prinsipiallıq, qətiyyət və əsl iradə
nümayiş etdirirdi. Təcrübəli diplomat kimi onun
İstanbulda və Hyustonda apardığı
danışıqlar "Əsrin müqaviləsi"nin
imzalanması ilə bağlı prinsipial
razılaşmanın əldə olunması ilə nəticələndi.
Bir daha təsdiqləndi ki, cənab İlham Əliyev ən
ekstremal situasiyalarda belə ölkənin milli mənafelərini
layiqincə müdafiə etmək əzmindədir. Bununla
bağlı cənab İlham Əliyev bildirirdi: "Bizim məqsədimiz
təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait
əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz
neftdən gələn bütün mənfəətləri -
həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri
Azərbaycan xalqının gələcək mənafeyinə,
rifahına yönəltməkdən ibarətdir".
Cənab İlham Əliyevin
Azərbaycanın yeni neft strategiyasının uğurla həyata
keçirilməsi üçün böyük əzmkarlıqla
və səylə çalışdığı o dövrdə
ölkəmizi istəməyən bədxah daxili və xarici
qüvvələr bəyan edirdilər ki, neftdən gələn
bütün gəlirlər xarici şirkətlərə qismət
olacaq. Lakin cənab İlham Əliyevin belə bədxah
qüvvələrə cavabı çox qısa və sərt
oldu: "Əsrin müqaviləsi"ndən əldə edilən
gəlirin 80 faizini 30 il ərzində Azərbaycan, 20 faizini isə
iştirakçı xarici şirkətlər alacaq". Zaman
kimin haqlı olduğunu ötən dövr ərzində bir
daha əyani şəkildə üzə çıxardı.
Yuxarıda göstərilən
çətinliklər fonunda, nəhayət, 1994-cü il
sentyabrın 20-də Bakıda dünyanın aparıcı
transmilli neft şirkətlərinin iştirakı ilə
müasir tariximizə "Əsrin müqaviləsi"
adı altında daxil olan neft kontraktının təntənəli
imzalanma mərasimi keçirildi. Bununla da Azərbaycan MDB məkanında
Qərbin iri neft şirkətləri ilə böyük
miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində
beynəlxalq əməkdaşlığın əsasını
qoydu. Həmçinin ulu öndər Heydər Əliyev o
dövrün böhranlı sosial-iqtisadi şəraitində
növbəti dəfə böyük siyasi iradə, dəqiq
iqtisadi hesablama və müdriklik nümayiş etdirərək
müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli
sürdü. Heydər Əliyev böyük uzaqgörənliklə
bu strategiyanın mahiyyətini açıqladı, əvəzsiz
təbii sərvətimiz olan neftin ölkənin iqtisadi
inkişafındakı rolunu düzgün müəyyənləşdirdi:
"Azərbaycan dövləti 1994-cü ildən
özünun yeni neft strategiyasını həyata keçirməyə
başlayır. Bu strategiyanın əsas mənası, mahiyyəti
və prinsipləri ölkənin təbii sərvətlərindən,
o cümlədən neft və qaz yataqlarından Azərbaycan
xalqının rifahı naminə daha səmərəli istifadə
etməkdən ibarətdir".
Bütün bunlardan
sonra Xəzərin Azərbaycan sektorundakı yataqlarından
hasil olunacaq milyonlarla ton xam neftin dünya bazarlarına hansı
ixrac boru kəməri ilə nəql ediləcəyi uzun
müddət mübahisəli məsələlərdən
biri oldu. Lakin ümummilli liderin müdrikliyi, uzaqgörənliyi
və prinsipiallığı nəticəsində bu problem də
Azərbaycanın milli mənafelərinə, maraqlarına
uyğun həllini tapdı. Onun baş memarı və ideya
müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac
neft kəməri strateji və siyasi baxımdan ən optimal
variant kimi seçildi.
18 noyabr 1999-cu il tarixdə
ATƏT-in İstanbulda keçirilən zirvə
toplantısında Azərbaycan, Türkiyə və
Gürcüstan prezidentləri Bakı-Tbilisi-Ceyhanın
reallaşması barədə saziş imzaladılar. Həmin
sazişə, həmçinin, ABŞ və Qazaxıstanın
dövlət başçıları da imza atmaqla üzərlərinə
müəyyən hüquqi və siyasi öhdəliklər
götürmüş oldular.
2002-ci ilin avqustunda
Londonda BTC boru kəmərinin tikintisini və gələcək
istismarını aparmaq üçün "BTC Ko"
şirkəti yaradıldı. Ümummilli liderin
iştirakı ilə 18 sentyabr 2002-ci il tarixdə isə
Bakıda BTC-nin təntənəli təməlqoyma mərasimi
keçirildi və inşasına start verildi. 2005-ci il mayın
25-də əsas ixrac boru kəmərinin Azərbaycan ərazisindən
keçən hissəsinin istifadəyə verilməsi mərasimi
keçirildi və Səngəçal terminalından boru xəttinə
ilk neft vuruldu. Elə həmin ilin oktyabrında kəmərin
Gürcüstan hissəsi istifadəyə verildi. Nəhayət,
2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan
limanına çatdı və həmin il iyunun 4-də Xəzər
nefti ilə yüklənmiş ilk tanker Ceyhan limanından
Avropaya yola salındı. Həmin ilin iyulun 13-də Ceyhanda
sözügedən kəmərin təntənəli
açılış mərasimi keçirildi.
Azərbaycan rəhbərliyi
bu kəmərin gələcək perspektivini artırmaq
üçün sadalananlarla kifayətlənmədi. Orta
Asiyanın karbohidrogen ehtiyatlarının da bu kəmər
vasitəsilə ixrac edilməsi istiqamətində konkret
addımlar atılmağa başlandı. Bu mənada
2006-cı il iyunun 16-da Qazaxıstanın paytaxtı Astanada
"Azərbaycan Respublikası ilə Qazaxıstan
Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər
dənizi və Azərbaycan Respublikasının ərazisi ilə
Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara
nəql edilməsinə dəstək verilməsi və şərait
yaradılması haqqında" imzalanan müqavilə
xüsusi əhəmiyyət kəsb edir. Müqaviləni Azərbaycan
Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nazarbayev
imzalamışdılar. Bu, həm də Xəzərdə hər
iki dövlətin geniş əməkdaşlığına münbit
şərait yaradırdı.
"Əsrin müqaviləsi" Azərbaycana nə
verdi?
XX əsrin ən
böyük sövdələşmələrindən biri olan
"Əsrin müqaviləsi" ilk olaraq böyük iqtisadi
dividendlər gətirdi ki, bunun da ölkəmizin sonrakı
inkişafında kifayət qədər mühüm rolu oldu. Lakin
sözügedən müqavilənin iqtisadi tərəfləri
ilə yanaşı, vacib geosiyasi əhəmiyyətə malik
olması və Azərbaycanın strateji nüfuzunun yüksəlməsində
müstəsna rol oynaması tarixi bir reallıqdır. Belə
ki, "Əsrin müqaviləsi" ilə Xəzərdə
maraqları gerçəkləşən aparıcı Qərb
dövlətlərinin, o cümlədən ABŞ-ın Azərbaycanla
bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa
marağı artdı. Beynəlxalq maliyyə qurumları ilə
əməkdaşlıq sahəsində də tamamilə yeni mərhələ
başlandı, ölkəmizə külli miqdarda bonuslar,
kreditlər ayrıldı. Bundan əlavə, yeni neft
strategiyasının uğurları Azərbaycanın Avratlantik
məkana inteqrasiyasını sürətləndirdi,
respublikanın NATO, Avropa İttifaqı və digər
aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlığına
əlavə təkan verdi. "Əsrin müqaviləsi"
çərçivəsində qazanılmış
böyük uğurlar regionda beynəlxalq miqyaslı digər
mühüm enerji və kommunikasiya layihələrinin
gerçəkləşməsini də
stimullaşdırdı. 12 noyabr 1997-ci il tarixdə isə
"Əsrin müqaviləsi" üzrə
bağlanmış kontrakt əsasında
"Çıraq-1" platformasında ilk neft quyusu istismara
verildi.
"Əsrin müqaviləsi",
eyni zamanda, Azərbaycanın iqtisadi müstəqilliyinin məhək
daşına çevrilərək azad iqtisadi mexanizmlərin tətbiqini
və dünya iqtisadiyyatına dinamik inteqrasiyasını, yeni
iş yerlərinin açılmasını təmin etdi,
ölkəyə investisiya axınını sürətləndirdi.
Sözügedən müqavilə həm də Azərbaycanın
öz təbii sərvətlərinə sahib çıxmaq,
iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində
olduğunu bir daha təsdiqlədi. Bu müqavilə dünyada
ən böyük enerji layihələrindən birinin həyata
keçirilməsini təmin etməklə yanaşı, Azərbaycanın
ciddi elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf
strategiyasının əsasını qoydu, dayanıqlı
siyasi sabitliyə, iqtisadi və milli təhlükəsizlik
maraqlarının beynəlxalq səviyyədə təminatına
real zəmin yaratdı, beynəlxalq nüfuzunu artırdı. Regionda
digər qlobal enerji və kommunikasiya layihələrinin
gerçəkləşdirilməsi anlamında müsbət
presedent yarandı, Azərbaycanın Qərb dövlətləri
ilə münasibətləri strateji müstəvidə
inkişaf etməyə başladı. Respublikamız Cənubi
Qafqazda sülhün, sabitliyin, iqtisadi tərəqqi və
inkişafın başlıca təminatçısına
çevrildi.
O da məlum
reallıqdır ki, "Əsrin müqaviləsi" əsasında
Azərbaycan təbii sərvəti olan neft gəlirlərinin əldə
edilməsi prosesinə başladıqdan sonra ölkəmizdə
iqtisadiyyat, o cümlədən qeyri-neft sektorunda inkişaf
sürəti xeyli dərəcədə artdı. Bu onu
göstərdi ki, neft, sadəcə, Azərbaycanın
inkişafı üçün bir vasitə rolunu
oynamaqdadır. Dünya miqyasında da açıq etiraf olunur
ki, həqiqətən Prezident İlham Əliyev neft müqavilələrindən
əldə olunan gəlirlərin iqtisadiyyatın digər vacib
sahələrinə yönəldilməsini, qeyri-neft sektorunda
yeni istehsal müəssisələrinin açılması
yolu ilə yeni iş yerlərinin yaradılmasını, bir
sözlə, əhalinin sosial müdafiə tədbirlərinin
daha da gücləndirilməsini özünün iqtisadi siyasətində
prioritet vəzifə kimi nəzərdən keçirir. Cənab
İlham Əliyev hər zaman bəyan edir ki, neft Azərbaycan
üçün son məqsəd deyil, sadəcə,
iqtisadiyyatı inkişaf etdirmək üçün bir vasitədir.
Azərbaycanın iqtisadi inkişaf göstəriciləri də
həqiqətən neftin bir vasitə olduğunu və
iqtisadiyyatın inkişafının heç də tam bu təbii
sərvətdən asılı olmadığını əyani
sübut edir. Prezident İlham Əliyev bununla bağlı
bildirir: "Bəzən iqtisadi göstəricilərimizi neftə
və neft qiymətlərinə bağlayırlar. Lakin bu, belə
deyil, çünki neft digər ölkələrdə də
hasil olunur. Qonşularımızdan bir neçəsi bizdən
də çox neft hasil edir. Eyni zamanda, əgər siz
rayonlarımızın iqtisadi inkişafına nəzər
yetirsəniz, eyni vəziyyəti görəcəksiniz. Neft
rayonlarımızda deyil, Bakıda, Xəzərdə hasil
edilir. Buna görə də iqtisadiyyatın şaxələndirilməsi,
sahibkarlığa dəstək və iqtisadi islahatlar yalnız
neftdən asılılığı aradan qaldırır. Bu,
bizim əsas məqsədlərimizdən biri olmuşdur: neftdən
asılılığı azaltmaq; böhran və
aşağı neft qiymətləri, hətta hasilatın
azalması zamanı sabit olacaq güclü iqtisadiyyat
yaratmaq".
Eləcə də neftdən
əldə olunan gəlirlərin düzgün idarə edilməsi,
hasilatda şəffaflığın təmin edilməsi də
dövlət başçısının xüsusi diqqət
yetirdiyi məsələlərdəndir. Azərbaycan hasilat sənayelərində
şəffaflıq təşəbbüsünə
qoşulmuşdur. Ümummilli liderin "Azərbaycan
Respublikası Dövlət Neft Fondunun yaradılması
haqqında" 29 dekabr 1999-cu il tarixli Fərmanı da məhz
bu məqsədlərin həyata keçirilməsinə xidmət
edirdi. Fond neft sazişlərinin həyata keçirilməsi ilə
əlaqədar əldə edilən gəlirlərin
toplanması və səmərəli idarə edilməsi
mexanizmidir. Belə bir qurumun yaradılması dövlətin
neft-qaz ehtiyatlarının işlənməsindən əldə
edilən gəlirlərin istifadəsində israfçılığa,
əyintilərə səbəb ola biləcək halların
qarşısının alınması, eləcə də
şəffaflığın tam təmin edilməsi istəyi
ilə əlaqədardır. Fondun fəaliyyətinin
başlıca məramı neft və qaz hasilatından əldə
olunan maliyyə vəsaitlərinin indiki və gələcək
nəsillərin mənafeyi naminə səmərəli idarə
edilməsidir.
Hazırda Prezident
İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyası
milli iqtisadiyyatın inkişafına ciddi təkan verməklə
yanaşı, Azərbaycanı qlobal miqyasda əsas söz
sahiblərindən birinə çevirmişdir. Elə bunun nəticəsidir
ki, nəinki Cənubi Qafqazda, hətta daha geniş
coğrafiyanı əhatə edən bir regionda yeni enerji layihələrinin
reallaşdırılması üçün Azərbaycanın
burada iştirakı və öz razılığını
verməsi əsas şərtlərdən biri hesab olunur.
Zahid CƏFƏROV,
Bakı Dövlət Universitetinin Mülki proses,
əmək və ekologiya hüququ kafedrasının
dosenti,
hüquq elmləri namizədi
Azərbaycan.- 2009.- 20 sentyabr.- S. 3.