Tarixdən məlumdur
ki, hər bir xalq öz taleyində müstəsna rol
oynamış fenomen şəxsiyyətlərin zəngin
ömür yolunu, mükəmməl dövlətçilik və
siyasi irsini öyrənərək gələcək nəsillərə
çatdırılması istiqamətində ardıcıl
addımlar atır. Azərbaycan xalqı da tarixində misilsiz
rol oynamış ulu öndər Heydər Əliyevin xatirəsini
daim əziz tutmuş, onun əbədiləşdirilməsi
istiqamətində mühüm addımlar atmışdır.
Sağlığında
Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi
və qüdrətlənməsi naminə gördüyü
möhtəşəm işlərlə adını tarixə
yazdırmış ümummilli lider Heydər Əliyevin zəngin
dövlətçilik irsinin öyrənilməsi, onun ölməz
ideyalarının geniş təbliğ olunaraq praktik həyatda
tətbiqi və gələcək nəsillərə
çatdırılması xüsusi aktuallıq kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev
ulu öndərin əsasını qoyduğu strateji siyasi kursu
son illərdə bütün sahələrdə inamla davam
etdirməklə yanaşı, Heydər Əliyev
ideyalarının cəmiyyətdə praktik surətdə
gerçəkləşməsinə və möhkəmlənməsinə
xidmət edən mühüm işlər həyata
keçirmişdir. Dövlət başçısı
İlham Əliyevin 2004-cü il 10 mart tarixli "Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin
əbədiləşdirilməsi haqqında" fərmanı
ilə hələ ötən əsrin 70-80-cı illərində
tikintisinə əzmlə nail olduğu bir sıra möhtəşəm
saray və komplekslərə ulu öndər Heydər Əliyevin
adı verilmişdir. İctimai əsaslarla fəaliyyət
göstərən Heydər Əliyev Fondu
yaradılmışdır. Heydər Əliyev Fondu nəcib,
xeyirxah və humanist insani dəyərlərə tapınaraq
ümummilli liderin zəngin dövlətçilik irsinin
bütün dünyada tanıdılması və təbliği
istiqamətində ardıcıl iş aparır.
Cənab İlham Əliyevin
11 mart 2008-ci il tarixli sərəncamı ilə ulu öndər
Heydər Əliyevin anadan olmasının 85-ci
ildönümü nəinki respublika səviyyəsində,
ölkə hüdudlarından kənarda da geniş qeyd
olunmuşdur. Dövlət
başçısı İlham Əliyev ulu öndər Heydər
Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun
dövlətçilik fəlsəfəsi və azərbaycançılıq
ideyalarının dərindən öyrənilməsi,
inkişaf etdirilməsi məqsədilə 2006-cı il
dekabrın 29-da "Heydər Əliyev Mərkəzinin
yaradılması haqqında" da sərəncam
imzalamışdır. Sərəncamla Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsinə
mərkəzin yaradılması üçün Bakı şəhərində
müvafiq yer ayrılması və tikinti-quraşdırma
işlərinin aparılması ilə bağlı təkliflərini,
Prezidentin İcra Aparatına isə Heydər Əliyev Mərkəzinin
strukturu, idarə olunması və fəaliyyət proqramına
dair təkliflərini dövlət başçısına təqdim
etmək tapşırılmışdır. Ölkə
Prezidentinin sərəncamına əsasən, Nərimanov
rayonu ərazisində mərkəzin inşası
üçün 9 hektara yaxın yer ayrılmış, eyni
zamanda, inşaat işlərinin layihələndirilməsi
üçün beynəlxalq səviyyədə tender elan
olunmuşdur. Aidiyyəti dövlət qurumlarının, elmi təşkilatların,
yaradıcılıq birliklərinin və ittifaqların
nümayəndələrindən ibarət Heydər Əliyev
Mərkəzinin layihəsi üzrə beynəlxalq müsabiqə
komissiyası tərəfindən seçilmiş "Zaha
Hadid Architects" və "İnnova Konstrakşn and
Konstraktinq" şirkətlərinin təşkil etdikləri
konsorsiumun təqdim etdiyi layihə əsasında tikinti işlərini
"DİA Holdinq FZCO" şirkəti həyata keçirir.
Kifayət qədər unikal zahiri eksteryerə malik binanın nəinki
bölgədə, hətta dünyada analoqu yoxdur. Binanın
xarici gözəlliyi ilə yanaşı, funksional keyfiyyəti
də yüksəkdir.
Layihəyə əsasən
Heydər Əliyev Mərkəzi üç başlıca tərkib
hissədən və iki yardımçı strukturdan ibarət
olacaqdır. Mərkəzin
başlıca tərkib hissəsi nadir əsərlərdən
ibarət və ümumdünya məlumat vasitələrinə
"onlayn" rejimdə daxil olma imkanlarına malik kitabxana və
media mərkəzindən, 1284 nəfər
tamaşaçı tutumu olan konfrans zalından, milli və
dünya təsviri sənət incilərini nümayiş etdirən
sərgi-salonlar və ölkəmizin tarixi və mədəni
irsindən bəhs edən multimedia və virtual sərgilərdən
ibarət muzey və mədəni irs mərkəzindən ibarət
olacaqdır. Yardımçı struktura isə mərkəzin
iki girişi önündə yerləşən ümumi
ictimai sahə - foye, günün bütün saatlarında fəaliyyət
göstərəcək avtomobil dayanacaq-parkı və
infrastruktur obyektləri daxildir.
Heydər Əliyev Mərkəzinin
2007-ci il sentyabrın 10-da keçirilmiş təməlqoyma mərasimində
çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev
ulu öndərin Azərbaycan tarixindəki xidmətlərinə
və roluna bir daha nəzər salmışdır. Dövlət
başçısı bildirmişdir ki, ulu öndər Heydər
Əliyev istər 70-80-cı illərdə, istərsə də
müstəqillik illərində xalqın və dövlətin
inkişafı naminə misilsiz xidmətlər göstərmişdir:
"1970-80-ci illərdə Azərbaycanda güclü sənaye
potensialının yaradılması, sosial məsələlərin
həlli ilə bərabər, Bakının gözəlləşməsində
də çox böyük işlər
görülmüşdür. O illərdə Bakıda
tikilmiş binalar bu gün də öz gözəlliyi ilə
seçilir. Heydər Əliyev tərəfindən tikilmiş
və onun adını daşıyan saray, İdman-Konsert
Kompleksi, "Gülüstan" sarayı və başqa
memarlıq abidələri bu gün də öz gözəlliyi
ilə çox fərqlənir. Onu da, yəqin, bilirsiniz ki, ulu
öndərimizin memarlıq sənətinə çox
böyük marağı var idi. O, 1939-cu ildə Azərbaycan
Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil
olmuşdu və bu sənəti çox sevirdi. Həmişə
memarların işinə, onların fəaliyyətinə həm
böyük diqqət göstərirdi, həm də onlara
kömək edirdi. Burada oturan insanların böyük əksəriyyəti
bilir ki, o illərdə Azərbaycanda, Bakıda gözəl
binaların müəllifi, eyni zamanda, Heydər Əliyevin
özü idi. O, memarlarla vaxtaşırı
görüşürdü, öz fikirlərini deyirdi,
onların fikirləri ilə hesablaşırdı. Onun
dövründə tikilən bütün gözəl
binaların həmmüəllifi də ulu öndərin
özü idi. 1970-80-ci illərdə belə idi, müasir
dövrdə də belə olmuşdur. Bu gün Bakıya
çox böyük gözəllik verən Heydər Əliyev
Fondunun da memarı və müəllifi məhz Heydər Əliyev
özü olmuşdur. Bəlkə də çox adam bunu
bilmir, amma mən yaxşı bilirəm. Həmin binanın
konturlarını o, özü çəkmişdi, xarici
görünüşünü, daxili tərtibatını
özü seçmişdi və bütün memarlara və
inşaatçılara tövsiyələrini vermişdi".
2009-cu il sentyabrın 7-də
Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Nərimanov
rayonunda tikilən Heydər Əliyev Mərkəzində
aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə
yaxından tanış olmuş, dəyərli tövsiyə və
tapşırıqlarını vermişdir. Dövlət başçısına məlumat
verilmişdir ki, Heydər Əliyev Mərkəzinin tikintisi
ümumilikdə 15,25 hektar sahəni əhatə edir və
artıq avtomobil dayanacağının dəmir-beton,
elektrotexnika işləri başa
çatdırılmışdır. Mərkəzin əsas
binasının tikintisinə 2008-ci ilin əvvəlində
başlanılmışdır və burada işlər davam
etdirilir. Əsas binada dəmir-beton işləri 85 faiz yerinə
yetirilmişdir. Mərkəzin zirzəmi hissəsində
tamamlama, elektrotexnika işləri yekunlaşmaq üzrədir.
Avtomobil dayanacağını əsas bina ilə birləşdirən
dördmərtəbəli keçid tuneli, əsas binaya gedən
yol, kommunikasiya mərkəzi və təchizat qalereyasında dəmir-beton,
elektrik işləri tam başa
çatdırılmışdır. Landşaft sahəsinin
avtomobil parkı üzərindəki hissəsində
tikinti-abadlıq işləri başa çatmaq üzrədir.
Bu hissədə 5 min kvadratmetr yaşıllıq
salınmış, 2 dekorativ hovuz tikilmiş, pilləkən və
piyada yollarının dəmir-beton işləri başa
çatdırılmışdır.
Müasir Azərbaycan
dövlətçiliyinin banisi Heydər Əliyevin
adını daşıyan memarlıq abidəsi kimi ucaldılacaq
mərkəz ölkənin ictimai-siyasi və mədəni həyatında
böyük rol oynamaqla, beynəlxalq səviyyəli tədbirlərin,
konfransların, müsabiqələrin, festivalların, sərgi,
konsert və ziyafətlərin təşkilinə imkan verəcəkdir.
Belə bir möhtəşəm
tikilinin inşası, eyni zamanda, Bakı sakinləri
üçün unikal istirahət məkanının
yaradılması deməkdir.
S.ELMANOĞLU
Azərbaycan.- 2009.- 20 sentyabr.- S. 4.