Neft gəlirlərini insan kapitalına çevirən uğurlu strategiya
Müstəqil Azərbaycanın
çağdaş siyasi tarixinə qızıl hərflərlə
yazılan bütövlükdə dövlətin, xalqın gələcək
taleyində, milli intibah prosesində həlledici rol oynamaqla
sabit və tarazlı inkişafa ciddi zəmin yaradan
taleyüklü bir hadisənin - "Əsrin müqaviləsi"nin
imzalanmasının 15-ci ildönümü respublikada təntənə
ilə qeyd edilir. Miqyasına görə XX əsrin analoqu olmayan
qlobal layihələrindən biri kimi müasir dünyanın
yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə
əsaslı təsir göstərən bu kontrakt Azərbaycanın
siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə,
beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli
inteqrasiyasına təkan vermişdir. 15 ildə bir çox
dövlətlərin əsrlərlə keçdiyi inkişaf
yolunu inamla qət edən respublikamızın inanılmaz
iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən
"Əsrin müqaviləsi" eyni zamanda Azərbaycanın
yüksək siyasi iradəsini, milli maraqlarını sonadək
müdafiə etmək, təbii sərvətlərinə sahib
çıxmaq əzminin təntənəsi kimi tarixiləşmişdir.
Zaman keçdikcə,
ölkə vətəndaşları müstəqil Azərbaycan
dövlətçiliyinin memarı, dünya şöhrətli
şəxsiyyət Heydər Əliyevin qətiyyəti və
uzaqgörənliyi sayəsində əfsanədən
gerçəkliyə çevrilən bu hadisənin əhəmiyyətini,
bugünkü uğurların əsasında məhz yeni neft
strategiyasının dayandığını daha aydın
şəkildə dərk edirlər. Ötən müddətdə
dəqiq iqtisadi hesablama əsasında gerçəkləşdirilən
bu strategiya Azərbaycanın bütün həyati əhəmiyyətli
sahələrdə dinamik inkişaf yolunda olan ölkəyə
çevrilməsi, beynəlxalq arenada nüfuz və mövqelərini
möhkəmləndirməsi, milli mənafeyini yüksək səviyyədə
təmin etməsi, Avratlantik məkanın enerji təhlükəsizliyinə
mühüm töhfə verməsi baxımından müstəsna
rol oynamışdır. "Əsrin müqaviləsi"nin
fövqəladə əhəmiyyəti həm də onunla
şərtlənir ki, məhz bu tarixi razılaşma əsasında
Xəzər dənizində ilk dəfə beynəlxalq əməkdaşlığın
əsası qoyulmuş, region dövlətlərinin
karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesində
müsbət presedent yaranmış, transmilli enerji və
kommunikasiya layihələrinin gerçəkləşməsinə
start verilmiş, ümumən regionun hərtərəfli
inkişafında keyfiyyətcə yeni mərhələ
başlanmışdır.
Neft sənayesində intibahın təməli
Azərbaycanın
1994-cü ilin sentyabrında ən çətin maneələrə,
kənar təzyiqlərə sinə gərərək "Əsrin
müqaviləsi"nin imzalanmasına nail olması yüksək
siyasi iradə və qətiyyətin nümayişi olmaqla, həm
də ötən əsrin 70-80-cı illərində neft sənayesində
formalaşmış enerji infrastukturuna əsaslanmışdır.
1969-cu ilin iyulunda Azərbaycanda siyasi rəhbərliyə irəli
çəkilən Heydər Əliyev keçmiş
ittifaqın iqtisadiyyatı üçün əlverişli
xammal bazasına çevrilmiş respublikanın yeni inkişaf
strategiyasını inamla işləyib
reallaşdırmışdır. Bunun nəticəsi kimi bir
sıra əsas göstəricilər üzrə geridə
qalmış Azərbaycan qısa müddətdə
inkişafının yeni mərhələsinə qədəm
qoyaraq qabaqcıl respublikalardan birinə çevrilmiş, milli
gəlir səviyyəsini əhəmiyyətli dərəcədə
artıra bilmişdir.
Bugünkü müstəqil
dövlətimizin iqtisadi-siyasi əsaslarının, milli kadr
potensialının formalaşması, respublikada strateji əhəmiyyətli
sənaye və istehsal müəssisələrinin
açılması da məhz ötən əsrin 70-80-ci illərinə
təsadüf edir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti,
iradəsi və təşəbbüskarlığı ilə
keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli
müəssisələri məhz Azərbaycanda inşa
olunmuş, bununla da respublikanın gələcək müstəqilliyinin
iqtisadi əsası formalaşdırılmışdır. Böyük
strateqin təkidi ilə keçmiş ittifaq rəhbərliyi
respublikamızda bir sıra iri müasir maşınqayırma,
kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara
metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin
tikintisinə razılıq vermiş, paralel olaraq energetika və
nəqliyyat kompleksi inkişaf etmişdir. Həmin illər
Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə
inşa olunan iri müəssisələr bugünün
özündə də iqtisadiyyatın güclü sənaye
kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməl
olmuşdur. Bütün bunlar bir daha təsdiqləyir ki,
ümummilli lider Heydər Əliyev o dövrün ən
ağır şərtləri, məhdudiyyətləri çərçivəsində
xalqının gələcək rifahı üçün əlindən
gələni əsirgəməmiş, bəzən
mümkün görünməyəni belə reallığa
çevirmişdir.
Həmin dövrdə
neft sənayesinin inkişafında keyfiyyətcə yeni mərhələ
başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın
rifahına xidmət edən vasitəyə çevrilməsi
prosesinin əsası qoyulmuşdur. Yeni yataqların kəşfiyyatı,
qazılması, işlənməsi, mütərəqqi
texnologiyalardan və üsullardan istifadədə yeniliklər
də məhz Heydər Əliyevin təşəbbüskarlığı
nəticəsində mümkün olmuşdur. Ümummilli
liderin qətiyyətli addımları nəticəsində
ölkədə neft sənayesi konsepsiyasının nəzəri
inkişafını təmin edən elmi-tədqiqat
institutları, istehsalat birlikləri və digər müəssisələr
yaradılmışdır. Heydər Əliyevin müəllifliyi
ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin
yenidən qurulması" planı əsasında bu tipli
müəssisələrin, iri komplekslərin inşası və
yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi
sürətlə başa
çatdırılmışdır. Azərbaycan məhz Heydər
Əliyevin fədakarlığı nəticəsində
keçmiş SSRİ-də neft hasilatı, emalı,
geologiyası, kəşfiyyatı ilə məşğul olan
aparıcı dövlətlərdən biri olmuş, əldə
edilən uğurlar isə bilavasitə respublikanın
inkişafına yönəldilmişdir. Bütün bunlar bir
daha təsdiqləyir ki, ümummilli lider Neydər Əliyev
siyasi və iqtisadi mühitin imkan verdiyi məqamlardan hər
zaman böyuk məharətlə istifadə edərək Azərbaycanın
gələcək müstəqilliyi üçün
etibarlı zəmin formalaşdırmışdır.
Azərbaycan Prezidenti
İlham Əliyev "Əsrin müqaviləsi"nin 15 illik
yubileyi ilə bağlı "Buta" sarayında
keçirilən təntənəli mərasimdəki nitqində
bu tarixi sənədin gerçəkləşməsində
ulu öndərin respublikaya hələ birinci rəhbərliyi
dövründə görülən işlərin əhəmiyyətini
xüsusi önə çəkmişdir: "Vaxtilə -
1970-ci illərdə Heydər Əliyev tərəfindən
göstərilən təşəbbüslər nəticəsində
yaradılmış infrastruktur kontraktın sürətlə
icra olunmasına xidmət göstərirdi. Əgər vaxtilə
dərin özüllər zavodu tikilməsə idi,
kontraktın icrası çox yubana bilərdi. Deyə bilərəm
ki, tarixdə ilk dəfə olaraq belə böyük, nəhəng
investisiya qoyuluşunu tələb edən kontraktın
imzalanmasından ilkin neftin hasilatına qədər cəmi 3
ildən az vaxt keçdi. Hesab edirəm ki, bu, dünya
miqyasında misli görünməmiş sürətdir".
"Əsrin müqaviləsi"nə aparan çətin
yol
Xalqımızın XX əsrdə
dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət,
fitri idarəçilik keyfiyyətləri və xarizması ilə
ümummilli liderlik zirvəsinə yüksəlmiş Heydər
Əliyev həm də müstəqil Azərbaycanın milli
inkişaf modelinin banisi kimi daim böyük ehtiramla anılır.
1993-cü ilin iyununda - respublikada dərin iqtisadi-siyasi və mənəvi
böhranın hökm sürdüyü bir dövrdə
xalqın tələbi ilə rəhbərliyə qayıdan
ulu öndər Heydər Əliyev qısa zamanda ölkədə
ictimai-siyasi sabitliyi tam təmin etməklə iqtisadiyyatdakı
tənəzzül prosesinin qarşısının
alınmasına xidmət edən bir sıra zəruri tədbirlər
həyata keçirmişdir. Həmin dövrdə bir
ictimai-iqtisadi formasiyadan digərinə keçid
dövrünün ciddi problemləri ilə üz-üzə
qalan Azərbaycanın hansı iqtisadi modelə
üstünlük verəcəyi ilə bağlı
çoxlu fikirlər, təkliflər irəli sürülsə
də, böyük strateq Heydər Əliyev hansısa dövlətin
təcrübəsinin olduğu kimi milli iqtisadiyyata
köçürülməsini düzgün
saymamışdır. Ümummilli lider demokratik həyat tərzinin
diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə
sadiq qalaraq Azərbaycanın özünəməxsus
sosial-iqtisadi inkişaf modelini irəli sürmüş və
onu əsaslandırmışdır. Bu zaman ulu öndər
respublikanın özünəməxsus cəhətlərini,
coğrafi-siyasi mövqeyini, təbii ehtiyatlarını,
intellektual və insan resurslarını ciddiliklə nəzərə
almış, ictimai şüur səviyyəsində bazar
iqtisadiyyatının bütün tələblərinin hələlik
tam qəbul olunmadığı faktını da diqqətdən
qaçırmamışdır.
Azərbaycanın o
zamankı məhdud imkanlarını nəzərə alan Heydər
Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel
inkişafının qeyri-mümkünlüyünü önə
çəkmiş, bu sahədə ciddi dönüşə
nail olmaq üçün respublikanın zəngin karbohidrogen
ehtiyatlarından səmərəli istifadəni vacib
saymışdır. Etiraf etmək lazımdır ki, ulu öndər
Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə
qayıdışınadək respublikamız Xəzər dənizindəki
milli sektorda neft layihələrini gerçəkləşdirmək,
bu sahədə beynəlxalq əməkdaşlığa nail
olmaq, təbii sərvətlərindən səmərəli
şəkildə bəhrələnmək baxımından
ciddi problemlərlə qarşılaşmışdı. Daxildə
qeyri-sabit vəziyyətin, xaos və anarxiyanın hökm
sürdüyü, xalqın etimad göstərdiyi siyasi hakimiyyətin
olmadığı, cəbhə bölgəsində vəziyyətin
getdikcə gərginləşdiyi bir şəraitdə xarici
neft şirkətləri Azərbaycana sərmayə
yatırmağı riskli hesab edirdilər. Birillik hakimiyyəti
dövründə uğursuz xarici siyasət yeridərək Xəzər
hövzəsinin aparıcı dövlətlərlə
münasibətləri "dalana gətirən"
AXC-Müsavat iqtidarının Qərbin nəhəng neft
şirkətləri ilə müqavilə imzalamaq istiqamətindəki
cəhdləri də tamamilə puça
çıxmışdı. Bundan başqa, iqtisadiyyatın digər
sahələri kimi, neft sənayesində də tənəzzül
prosesi güclənir, hasilatın səviyyəsi getdikcə
aşağı düşür, neftçilərin sosial
durumu ağırlaşırdı. Əgər 1990-cı ildə
12513 min ton neft hasil olunmuşdusa, 1992-1993-cü illərdə
bu göstərici 9563 min tona düşmüşdü. Ümumilikdə,
neft hasilatı 21,2, qaz hasilatı isə 36 faiz
azalmışdı.
Belə bir şəraitdə
ulu öndər Heydər Əliyevin qarşısında Qərbin
neft şirkətləri ilə aparılan
danışıqlarda yaranmış gərginliyi aradan
qaldırmaq, imzalanacaq müqaviləni maksimum dərəcədə
milli maraqlara uyğunlaşdırmaq vəzifəsi dururdu. Bu
sahədə uğurlu diplomatiya yeridən ümummilli liderin
müdrik və uzaqgörən addımlarından biri də cənab
İlham Əliyevin ARDNŞ-in vitse-prezidenti təyin edilməsi
oldu. "Əsrin müqaviləsi"nin imzalanması ilə
bağlı aparılan danışıqlarda fəal
iştirak edən cənab İlham Əliyev yüksək
diplomatik məharətlə müqavilənin milli maraqlara cavab
verən şərtlər əsasında
hazırlanmasını təmin etdi.
Nəhayət, ölkə
rəhbərliyinin o illərdə nümayiş etdirdiyi
yüksək prinsipiallıq və qətiyyət bəhrəsini
vermiş, 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan
Dövlət Neft Şirkəti ilə dünyanın
inkişaf etmiş ölkələrinin tanınmış neft
şirkətləri arasında "Xəzər dənizinin Azərbaycan
sektorunda "Azəri", "Çıraq"
yataqlarının və "Günəşli"
yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənilməsi və neft hasilatının pay
bölgüsü haqqında" müqavilə
imzalanmışdır. Beynəlxalq aləmdə yüksək
qiymətləndirilərək "Əsrin müqaviləsi"
adını almış həmin kontraktda 8 ölkənin 13 ən
məşhur neft şirkəti iştirak etmiş, bununla da Azərbaycan
MDB məkanında Qərbin iri neft şirkətləri ilə
irimiqyaslı saziş imzalayan ilk dövlət olmuşdur. Belə
bir müqavilənin ərsəyə gəlməsi təkcə
respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı
dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya
regionu üçün də strateji əhəmiyyət
daşımışdır. Xüsusi vurğulamaq
lazımdır ki, "Əsrin müqaviləsi" həm
karbohidrogen ehtiyatlarının həcminə, həm də
qoyulan sərmayələrin məbləğinə görə
dünyada bağlanan ən böyük sazişlər
siyahısına daxil edilmişdir.
Yalnız "Əsrin
müqaviləsi" çərçivəsində Qərb
şirkətlərinin respublikamıza 20 milyard dollardan
artıq investisiya yatırması Azərbaycana ən müasir
innovasiya və informasiya texnologiyalarını gətirməklə
yanaşı, demokratik proseslərin, hüquqi-siyasi
islahatların sürətlənməsinə, vətəndaş
cəmiyyətinin formalaşmasına, habelə Avropanın
nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq
xəttinin güclənməsinə ciddi təkan vermişdir.
Yeni texnologiyaların, müasir avadanlığın, maşın-mexanizmlərin
istehsalatda tətbiqi, yeni idarəetmə metodlarının mənimsənilməsi,
ən əsası Dövlət Neft Şirkətinin fəaliyyətinin
beynəlxalq standartlar səviyyəsində qurulması da
"Əsrin müqaviləsi"nin gətirdiyi dividendlər
sırasında xüsusi vurğulana bilər.
BTC - əfsanədən reallığa
"Əsrin müqaviləsi"nin
imzalanmasından sonra hasil olunacaq milyonlarla ton xam neftin tamamilə
təhlükəsiz, siyasi və iqtisadi cəhətdən məqbul
variantlarla dünya bazarlarına çıxarılması da
kifayət qədər mübahisəli və çətin məsələlərdən
olmuşdur. Amma ulu öndər Heydər Əliyevin prinsipial və
qətiyyətli mövqeyi, habelə o zaman ARDNŞ-in birinci
vitse-prezidenti vəzifəsində çalışan cənab
İlham Əliyevin nümayiş etdirdiyi diplomatik məharət,
tərəfdaşı inandırmaq bacarığı sayəsində
Azərbaycan neftinin nəqli marşrutları barədə
optimal qərarlar qəbul edilmişdir. 1996-cı ilin yanvar
ayında "Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu
ilə nəql edilməsi haqqında" Rusiya Federasiyası
ilə Azərbaycan Respublikası arasında hökumətlərarası
saziş imzalanmış, 1997-ci ilin oktyabr ayında həmin xətt
istifadəyə verilmişdir.
1997-ci ildə isə Azərbaycan
və Gürcüstan hökumətləri arasında neftin
Qara dənizə çıxarılması üçün
Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqli nəzərdə
tutan saziş imzalanmışdır. 1999-cu il aprelin 17-də
ölkə tarixində daha bir əlamətdar hadisə baş
vermiş, Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin
iştirakı ilə uzunluğu 850 km, illik
buraxılış qabiliyyəti isə 5 milyon ton olan
Bakı-Supsa neft kəməri, habelə Gürcüstanın
Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara
verilmişdir.
Əsas ixrac neft boru kəmərinin
hansı ölkələrin ərazisindən keçəcəyi
də "Əsrin müqaviləsi"ndə payı olan
dövlətlər üçün strateji əhəmiyyətli
məsələlərdən olmuşdur. Ulu öndər Heydər
Əliyev bununla bağlı müdrik və uzaqgörən qərarını
hələ ötən əsrin 90-cı illərinin
ortalarında vermiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri
ideyasını ilk dəfə olaraq gündəmə gətirmişdir.
BTC-nin üzərində israr edən Heydər Əliyev bunun
siyasi və iqtisadi baxımdan ən optimal qərar olduğunu
sübuta yetirmişdir.
1999-cu ilin noyabrında
ATƏT-in İstanbul Sammitində ABŞ, Türkiyə, Azərbaycan,
Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri
tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft
boru kəmərinin çəkilməsi haqqında dövlətlərarası
müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın
18-də Bakıda, Səngəçal terminalında
ümummilli lider Heydər Əliyevin, Türkiyə və
Gürcüstan prezidentlərinin iştirakı ilə
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli
qoyulmuş və tikintisinə başlanmışdır. Yeddi
il sonra - 2006-cı il iyulun 13-də isə Türkiyənin
Ceyhan şəhərində XXI əsrin ən böyük
enerji layihəsi olan Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təntənəli
açılış mərasimi keçirilmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyevin "Əsrin müqaviləsi"nin 15
illiyi ilə bağlı keçirilən mərasimdə qeyd
etdiyi kimi, BTC-nin işə düşməsi Azərbaycan
üçün ikinci mühüm tarixi hadisədir:
"Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə
düşməsi, istismara verilməsi ikinci tarixi hadisədir. Bu
tarixi hadisə artıq təkcə Azərbaycan
üçün deyil, region ölkələri
üçün də böyük əhəmiyyət
daşıyır. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
əhəmiyyəti daha da artır. Çünki artıq Xəzər
dənizinin şərq hissəsindən çıxarılan
neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə Aralıq dənizinə
nəql edilir. Artıq Azərbaycan başqa ölkələr
üçün tranzit ölkəyə çevrilibdir.
Düzdür, bizim çox böyük neft-qaz
ehtiyatlarımız vardır. Biz Bakı-Tbilisi-Ceyhan kəmərini
öz neftimizlə tam şəkildə doldura bilərik və
bunu edirik. Amma bununla bərabər, gələcəkdə kəmərin
genişləndirilməsi də mümkündür və bunu
etmək üçün indidən praktiki işlər
aparılır. Artıq Azərbaycan etibarlı tranzit ölkə
kimi də dünya birliyinə özünü təqdim edə
bilibdir".
İqtisadi dirçəlişə əsaslı təkan
"Əsrin müqaviləsi"nin
imzalanması Azərbaycanın siyasi müstəqilliyini
möhkəmləndirməklə yanaşı, respublikanın
iqtisadi inkişafını təmin etmiş, ölkəyə
xarici investisiya axınını gücləndirmiş, eyni
zamanda maliyyə sabitliyinin təmin olunması iqtisadi modernləşmə
istiqamətində effektiv tədbirlər həyata
keçirilməsinə imkan vermişdir. Ümummilli lider Heydər
Əliyevin bundan sonra böyük müdrikliklə müəyyənləşdirdiyi
iqtisadi inkişaf strategiyasına uyğun üç mərhələdə
həyata keçirilməsi nəzərdə tutulan islahatlara
başlanıldı:
birinci mərhələdə
güclü dövlət tənzimlənməsi ilə
böhrandan çıxmaq, ikinci mərhələdə
iqtisadiyyatın sabitliyini təmin etmək,
üçüncü mərhələdə isə iqtisadi
dirçəlişə nail olmaq. Hər bir mərhələyə
uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində
1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin
edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət
meyillər özünü göstərməyə
başlamışdır. 1996-cı ildə ümumi daxili məhsulun
artım sürəti 1,3, 1997-ci ildə 5,8, 1998-2003-cü illərdə
isə orta hesabla 10 faiz təşkil etmişdir.
İqtisadi
islahatların ardıcıl və sistemli şəkildə
aparılmasının tərəfdarı kimi
çıxış edən Heydər Əliyev yeni mərhələdə,
ilk növbədə, dövlət mülkiyyətinin özəlləşdirilməsi
vacibliyini önə çəkmiş, bu proses keçid
dövrünün bəzi xırda
çatışmazlıqlarına rəğmən, uğurla
başa çatdırılmışdır. Ümummilli lider
yaxşı başa düşürdü ki, dövlət
mülkiyyətinin xalqın mənafeyinə uyğun formada
özəlləşdirilməsi sərbəst bazar rəqabəti
prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar
olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə
inteqrasiyası, insanların şüurunda, həyat tərzində
əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata
keçirilmiş özəlləşdirmə prosesinin məqsədi
də məhz hər bir vətəndaşın iqtisadi
islahatlarda şəxsi marağını təmin etmək, əhalinin
həyat səviyyəsini yaxşılaşdırmaq,
sağlam rəqabətə əsaslanan istehsal
üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın
bütün sahələrini əhatə edən özəlləşdirmə
prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı
meyarlarının sürətlə formalaşmasına,
ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə
ciddi zəmin yaratmışdır.
Özəlləşdirmə
prosesi ilə paralel ölkədə həyata keçirilən
struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün
sahələrinin sürətli inkişafına, o cümlədən
yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə
təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli
məhsul istehsal edən müəssisələrin
yaradılmasına, infrastrukturun yeniləşməsinə,
iş yerlərinin açılmasına imkan vermişdir. Ümummilli
lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində
məhz özəl sektoru sosial-iqtisadi inkişafın
başlıca təminatçısı kimi dəyərləndirmiş,
güclü sahibkarlar təbəqəsinin
formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin
güclənməsinə nail olmuşdur.
1997-2002-ci illərdə
respublikada sahibkarlığın inkişafı
üçün zəruri maliyyə təminatı
yaradılmış, süni maneələrin aradan
qaldırılması üçün mükəmməl
qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin
bu növü ilə məşğul olanların hərtərəfli
stimullaşdırılması məsələsi diqqət mərkəzində
saxlanılmışdır. İnvestisiyaların təşviqi
üçün ölkədə daha münbit şərait
yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli
üsullardan istifadə etmək, xarici kapital qoyuluşunun
başlıca istiqamətini regionların, qeyri-neft sektorunun
inkişafına yönəltmək, habelə maddiləşən
işgüzar fəallığı gücləndirmək
üçün kompleks tədbirlər həyata
keçirilmişdir.
Ümummilli lider Heydər
Əliyev hər zaman bəyan etmişdir ki, neft Azərbaycanın
ən böyük sərvətidir və ondan son dərəcə
qənaətlə istifadə olunmalıdır. Neft tükənən
sərvətdir və bu sərvət Azərbaycanın
bütün nəsilləri arasında ədalətli şəkildə
bölünməlidir. Böyük strateq neftdən əldə
olunan gəlirlərin düzgün və səmərəli
istifadəsi məsələsini də daim diqqətdə
saxlamış, 29 dekabr 1999-cu il tarixli fərmanı ilə
Dövlət Neft Fondunu yaratmışdır. Fondun
yaradılması neft sazişlərinin həyata keçirilməsi
ilə əlaqədar əldə edilən gəlirlərin
toplanması və səmərəli idarə edilməsi
mexanizmi kimi nəzərdən keçirilmişdir. Burada
neft-qaz ehtiyatlarının işlənməsindən
qazanılan gəlirlərin istifadəsində israfçılığın,
əyintilərə səbəb ola biləcək halların
qarşısının alınması, eləcə də
şəffaflığın tam təmin edilməsi də
ön plana çəkilmişdir. Fondun fəaliyyətinin
başlıca istiqamətləri ölkə
iqtisadiyyatının inkişafına təkan vermək,
strateji əhəmiyyət kəsb edən enerji layihələrini,
eləcə də mühüm sosial layihələri maliyyələşdirmək,
neftdən qazanılan vəsaitləri indiki və gələcək
nəsillər üçün qoruyub saxlamaq, artırmaq, eyni
zamanda hasilatda şəffaflıq prinsipini təmin etməkdən
ibarətdir.
2003-cü ildə
Böyük Britaniyanın mədən sənayesində şəffaflıq
təşəbbüsünə qoşulan Azərbaycan
Dövlət Neft Fondu daxil olan və xərclənən vəsaitlər
haqqında mütəmadi olaraq ictimaiyyətə məlumatlar
verir. Dövlət başçısı İlham Əliyev
"Əsrin müqaviləsi"nin 15-ci ildönümü ilə
bağlı mərasimdə bu məsələyə də
xüsusi toxunmuş, Azərbaycanda neft gəlirlərinin
istifadəsində maksimum şəffaflığın təmin
olunduğunu bildirmişdir: "...Azərbaycanda neftdən əldə
olunan gəlirlər ədalətli şəkildə
bölünür. Azərbaycanda tam şəkildə şəffaflıq
təmin edilibdir. 1999-cu ilin sonunda yaradılmış Azərbaycan
Dövlət Neft Fondu çox müasir qurumdur, çox şəffaf
təşkilatdır. Təsadüfi deyildir ki, Azərbaycan
Dövlət Neft Fondu BMT-nin şəffaflıq üzrə
mükafatı ilə təltif edilmişdir və Hasilat Sənayelərində
Şəffaflıq Təşəbbüsünün fəal
üzvüdür.
Azərbaycan Dövlət
Neft Fondunun təcrübəsi bir çox hallarda başqa yerlərdə
də öyrənilir".
Enerji sahəsində öhdəliklərinə sadiq tərəfdaş
Azərbaycan neft-qaz sahəsində
həyata keçirdiyi düşünülmüş
strategiya əsasında son illər nəinki regionun
aparıcı dövlətinə, eyni zamanda Avropanın enerji
təhlükəsizliyinin əsas təminatçılarından
birinə çevrilmişdir. Respublikamızın bölgənin
və qitənin enerji təhlükəsizliyində
mühüm rol oynadığı hazırda istər fövqəlgüc
dövlətləri, istərsə də aparıcı beynəlxalq
təşkilatlar tərəfindən birmənalı etiraf
olunur. Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində
Azərbaycan regionda hansısa ölkədən enerji
asılılığı olmayan, tələbatını
daxili imkanlar hesabına ödəməyə qadir olan yeganə
dövlətdir.
2006-cı ilin iyulunda
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, 2007-ci ilin əvvəlində
isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə
düşməsi respublikamızın dünya enerji
bazarındakı rolunu əhəmiyyətli dərəcə
möhkəmləndirmişdir. Strateji əhəmiyyətli bu
layihələr bir çox dövlətlərin iqtisadi maraq və
mənafelərinin təminatı, habelə aktual məsələ
kimi gündəmə gələn enerji təhlükəsizliyi
probleminin həlli baxımından da əhəmiyyətlidir. Hazırda
bəzi Qərb dövlətləri Xəzər hövzəsinə
çıxış imkanı əldə etmək və neft
idxalında alternativ imkanlar qazanmaqla birqütblü enerji
asılılığından azad olmaq niyyətindədirlər.
Bu amil Azərbaycanın Cənubi Qafqazdakı strateji
mövqeyini və nüfuzunu daha da artırır,
respublikamızın Avratlantik məkana inteqrasiyası
üçün daha geniş imkanlar açır. Aparıcı
Qərb dövlətləri Azərbaycanın iştirakı
olmadan Xəzər hövzəsi regionunda hər hansı
transmilli layihənin gerçəkləşdirilməsini
mümkünsüz sayır, respublikamızın mövqeyi ilə
hesablaşırlar. Avropanın xam neft və təbii qazla təminatında
əsas söz sahiblərindən birinə çevrilməkdə
olan ölkəmizin bu coğrafi arealda cərəyan edən
siyasi proseslərə də təsir imkanları getdikcə
artır. Azərbaycan eyni zamanda qonşu Gürcüstana və
Türkiyəyə də mavi yanacaq ixrac etməklə bu
ölkələrin qaza olan ehtiyacının əhəmiyyətli
bir qismini ödəyir.
Azərbaycan neft kəmərlərinin
şaxələndirilməsi məsələsini təkcə
iqtisadi və kommersiya baxımından deyil, həm də siyasi
baxımdan vacib sayır və bəzi istehsalçı
dövlətlərin öz üstünlüyündən təzyiq
vasitəsi kimi istifadə cəhdlərinə qarşı
çıxır. Məlumdur ki, son illər dünyanın
enerji satışı bazarında dominant mövqeyə malik
olan bir sıra dövlətlərin, ilk növbədə
Rusiyanın mavi yanacağın qiymətlərində kəskin
artımlar etməsi zəminində meydana çıxan
narazılıqlar kommersiya mübahisəsi
hüdudlarını xeyli aşaraq ciddi geosiyasi məzmun kəsb
etməyə başlamışdır. Nəticədə qaz
ixrac edən Rusiya ilə bəzi istehlakçı və
tranzit ölkələr arasında gərginlik və
anlaşılmazlıqlar yaranmışdır. Azərbaycan
öhdəliklərinə sadiq etibarlı iqtisadi tərəfdaş
olaraq belə halların baş verməməsinə,
istehsalçı, istehlakçı və tranzit dövlətlər
arasında sivil, işgüzar münasibətlərin
qurulmasında maraqlıdır.
2009-cu ilin iyul ayında
Bakıda təşkil olunmuş XVI Beynəlxalq Xəzər
neft-qaz sərgi və konfransı Azərbaycanın
bütövlükdə Avropa qitəsinin əsas enerji təminatçılarından
biri olaraq qaldığını göstərmişdir. Qlobal
maliyyə böhranına baxmayaraq, Bakıda keçirilən ənənəvi
sərgi-konfransa marağın azalmaması da məhz bu
reallıqla şərtlənmişdir. Neft, qaz, neft kimyası
sahələri üçün maşın və avadanlığın
nümayiş etdirildiyi sərgidə 22 ölkədən 300-ə
yaxın şirkətin iştirakı bu marağın ifadəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev konfransdakı
çıxışında xüsusi
vurğulamışdır ki, ilk dəfə 16 il əvvəl
belə bir sərginin keçirilməsi Azərbaycanın
enerji potensialının dünyaya təqdimatı məqsədi
daşımışdır. 1994-cü ildən Azərbaycanın
yeni neft strategiyasının başlandığını deyən
dövlət başçısı bu baxımdan "Əsrin
müqaviləsi"nin müstəsna əhəmiyyətini də
xüsusi önə çəkmişdir.
Neft gəlirlərinin
iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən
qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi,
yeni müəssisələrin açılması yolu ilə
işsizlik probleminin aradan qaldırılması, bir sözlə,
əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi
Azərbaycan Prezidenti İlham Əliyevin son illər xüsusi
diqqət mərkəzində saxladığı məsələlərdəndir.
Dövlət başçısı iqtisadi inkişafa
yalnız neft amili hesabına nail olmağı məqbul
saymayaraq tarazlı və davamlı tərəqqi naminə
qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini
önə çəkir. Bu siyasət neftdən
asılığı azaltmaqla ölkədəki dinamik iqtisadi
inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların
yaradılmasını nəzərdə tutur.
Ümumilikdə, ölkə
həyatının bu və digər əhəmiyyətli sahələrində
özünü qabarıq göstərən uğurlar "Əsrin
müqaviləsi"nin xalqın taleyində
oynadığı həlledici rolu əyani surətdə
aşkara çıxarır. Azərbaycan Prezidenti İlham Əliyevin
"Əsrin müqaviləsi"nin 15 illiyi ilə əlaqədar
keçirilən tədbirdə xüsusi
vurğuladığı kimi, respublikamızın son illərdə
qazandığı bir çox böyük uğurların əsasında
məhz ardıcıl və sistemli surətdə gerçəkləşdirilən
yeni neft strategiyası dayanır: "Mən qeyd etmək istəyirəm
ki, bizim bugünkü inkişafımız, bugünkü
nailiyyətlərimiz, Azərbaycanın həqiqətən
müstəqil ölkə kimi dünya birliyinə qədəm
qoyması böyük dərəcədə "Əsrin
müqaviləsi"nin imzalanması ilə
bağlıdır... 1994-cü ildə Azərbaycan kasıb
bir ölkə idi. Bizim valyuta ehtiyatlarımız sıfır
dərəcəsində idi. Bu gün Azərbaycanın valyuta
ehtiyatları 18 milyard dollardan çoxdur. Son beş il ərzində
Azərbaycanın dövlət büdcəsi 10 dəfədən
çox artıbdır. 2003-2008-ci illərdə Azərbaycanda
iqtisadiyyat, ümumi daxili məhsul 2,6 dəfə
artıbdır. Bu, dünyada misli görünməmiş bir nəticədir.
Son beş il ərzində Azərbaycanda 800 minə qədər
yeni iş yeri açılmışdır ki, onların tam əksəriyyəti
qeyri-neft sektorundadır. Yoxsulluq şəraitində
yaşayanların sayı beş il ərzində 49 faizdən
13 faizə düşmüşdür".
Dövlət
başçısı İlham Əliyev praqmatik lider kimi neftdən
əldən olunan gəlirlərin ilk növbədə ölkədə
güclü insan kapitalının
formalaşdırılması məqsədinə yönəldilməsini
vacib sayır və bu da təsadüfi deyil. Müasir dövrdə
hər bir xalqın, dövlətin gələcək taleyini təkcə
onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm
də elmi-mədəni və intellektual imkanları,
bütün bunların da fövqündə dayanan insan
kapitalı müəyyənləşdirir. Müstəqil Azərbaycan
dövləti də qloballaşan dünyanın bərabərhüquqlu
subyekti kimi, öz inkişafını, sadəcə təbii sərvətlərin
gətirdiyi dividendlərə bağlamır və mövcud
resurslarını sırf insan faktorunun prioritetə
çevrilməsi yönümündə qurur. Prezident
İlham Əliyevin elm və təhsil sahəsində həyata
keçirdiyi davamlı islahatlar isə yaxın illərdə
insan kapitalına əsaslanan informasiyalı cəmiyyətin
gerçəkləşəcəyinə şübhə yeri
qoymur.
Müşfiq ATAKİŞİYEV,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.- 2009.- 20 sentyabr.-
S. 5.