Aida İmanquliyeva Azərbaycanda ilk şərqşünas qadın alim kimi milli tariximizdə şərəfli yer tutmuşdur

 

Sentyabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və AMEA-nın Şərqşünaslıq İnstitutunun kollektivləri, Milli Məclisin deputatları, respublikanın qadın ictimaiyyətinin nümayəndələri İkinci Fəxri xiyabana gələrək XX əsrin tanınmış ziyalılarından biri, görkəmli şərqşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın xatirəsini dərin ehtiramla yad etmiş, məzarı üzərinə əklillər və gül dəstələri qoymuşlar.

Anma mərasimində komitənin sədri Hicran Hüseynova alimin həm elmi, həm də ictimai fikir tarixindəki yerindən və rolundan danışmışdır. Bildirilmişdir ki, Aida xanım İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin korifeylərindən biri, yorulmaz tədqiqatçı, həssas, qayğıkeş, nəcib bir insan idi. Aida xanım Azərbaycanda ilk şərqşünas qadın alim kimi milli tariximizdə şərəfli yer tutmuşdur.

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva alimin bu gün də aktuallığını itirməyən zəngin ədəbi irsindən danışmış, onun mühacir ərəb ədəbiyyatını dərindən tədqiq etdiyini, şərqşünaslıq elmində silinməz iz qoyduğunu bildirmişdir: "Aida xanım İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin zəngin sərvətləridir. Qələmə aldığı bütün əsərləri bu insanın əsl elm fədaisi, cəsarətli fikir və söz sahibi, kamil şəxsiyyət olduğunu təsdiq edir. Aida xanım qısa, lakin şərəfli ömrü boyu Azərbaycan elminin inkişafı yolunda bacardığını etdi. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə bu elm ocağının təkmilləşdirilməsi üçün böyük işlər gördü".

Qeyd edək ki, Bakıda XX əsrin tanınmış şərqşünası A.İmanquliyevanın 70 illik yubileyinə həsr edilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumu keçiriləcəkdir. Milli Elmlər Akademiyasının və Böyük Britaniyanın Oksford Universitetinin İbn Ərəbi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə alimin bu istiqamətdə gördüyü tədqiqatları və araşdırmaları ətrafında müzakirələr aparılacaqdır. Oktyabrın 9-dan 11-dək davam edəcək simpoziumda görkəmli şərqşünas alim Aida İmanquliyevanın yaradıcılığında Şərq-Qərb mədəniyyətlərinin qarşılıqlı təsiri və əlaqələri, ortaq mənəvi dəyərləri, sivilizasiyaların yeni inkişaf mərhələsinin mədəni təməlini formalaşdıran amillər, İbn Ərəbinin bədii, fəlsəfi yaradıcılığı ilə Azərbaycan klassik ədəbiyyatı arasında əlaqə və digər mövzular ətrafında məruzələr dinləniləcək, bu istiqamətdə müasir dünya elmini düşündürən problemlər ətraflı müzakirə olunacaqdır. Aida İmanquliyeva Şərq-Qərb elmi-mədəni əlaqələrini nəzəri problem kimi əsaslı və sistemli şəkildə tədqiq və təhlil edərək şərqşünaslıq elminin bu istiqamətində yeni mərhələ açmışdır. Alimin 70 illik yubileyinə həsr edilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" adlı simpoziumda dünyanın humanitar və ictimai elmlər sahəsində aparıcı elm mərkəzləri olan ABŞ-ın Corc Vaşinqton və Boston universitetlərinin, Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun, Sankt-Peterburq Şərq Əlyazmalar İnstitutunun, eləcə də Fransa, İspaniya, Misir və digər ölkələrin tanınmış alimləri iştirak edəcəklər.

Azərbaycanın dünyanın siyasi, iqtisadi, mədəni həyatına inteqrasiya etdiyi bir vaxtda A.İmanquliyevanın elmi irsinin daha geniş müstəvidə, dünya səviyyəsində hərtərəfli öyrənilməsi olduqca zəruridir. Belə bir simpoziumun keçirilməsi şərqşünaslıq elminə veriləcək yeni töhfələr baxımından da əlamətdardır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 sentyabr.- S. 6.